Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Yaradıcı insanlara qayğıkeşlik ənənəsi - ədəbiyyatımıza verilən böyük dəyər

10-10-2023 [ 15:16 ] [ oxunub:1443 ]
printerA+ | A-
103766

Azərbaycan Prezidenti İlham Əliyevin ədəbiyyat sahəsinə diqqət və qayğısı 44 günlük Vətən müharibəsindəki Qələbədən sonra özünü bir daha göstərdi. Qələbədən dərhal sonra Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün “güllələnmiş heykəllərinin” Şuşaya aparılaraq əvvəlki yerlərinə qoyulması, 2021-ci ildən “Xarıbülbül” festivalının bərpası və Vaqif Poeziya Günlərinin dövlət səviyyəsində keçirilməsi ölkə başçısının Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verdiyi böyük dəyərin nümunəsidir.

Bu fikirləri açıqlamasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Səma bildirib. O qeyd edib ki, Azərbaycan yazıçılarının 2004-cü ildə XI, 2014-cü ildə XII, 2022-ci ildə XIII qurultayının dövlət səviyyəsində keçirilməsi, həmçinin hər il müxtəlif şair və yazıçıların Prezident təqaüdünə layiq görülməsi də bu addımlardan biridir. Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarına, Mövlud Süleymanlıya məhz Prezident tərəfindən “Xalq yazıçısı” adı verilib. Dünyaşöhrətli yazıçımız Çingiz Abdullayev 2009-cu ildə 50 yaşı tamam olarkən Prezidentin Fərmanı ilə həm “Şöhrət” ordeninə, həm də “Xalq yazıçısı” fəxri adına, 2019-cu ildə isə Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsuda “Xalq yazıçısı” adına layiq biliniblər ki, bunlar da yaradıcı insanlara diqqət və qayğının təzahürüdür.

Alim diqqətə çatdırıb ki, bundan başqa, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib. Bir çox yazıçılarımızın 100 illik yubileylərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən sərəncamlar imzalanıb. Mir Cəlal Paşayevin 100 illik yubileyi 2008-ci il noyabrın 10-da Parisdə UNESCO-nun iqamətgahında keçirilib. Məhsəti Gəncəvinin, Mirzə Fətəli Axundzadənin, Xurşidbanu Natəvanın, Mirzə Ələkbər Sabirin yubileyləri barəsində verilən sərəncamlar da klassik irsin təbliği baxımından çox əhəmiyyətlidir.

“Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən bütün Türk dünyasında “Nizami Gəncəvi İli” elan edildi, onun yubileyi TÜRKSOY-da beynəlxalq səviyyədə qeyd olundu. Şairin 880 illiyi ilə əlaqədar ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 2021-ci il yanvarın 5-də Sərəncam imzalayıb. İmadəddin Nəsiminin Şamaxıda heykəlinin açılış mərasimi 2005-ci il aprelin 26-da olub və dövlətimizin başçısı bu möhtəşəm tədbirdə iştirak edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il Azərbaycanda “Nəsimi İli” kimi qeyd olunub. Ölkə başçısının bu sərəncamları onun klassik ədəbiyyatımıza sevgisi və verdiyi dəyər kimi qiymətləndirilə bilər. 2022-ci ildən isə Türk dünyası ədəbiyyat və kitab festivalının yüksək səviyyədə keçirilməsinə başlanılıb. Prezidentin Sərəncamı ilə klassik irs 100 cilddə böyük tirajla nəşr olunaraq kitabxanalara paylanılıb, “Dünya ədəbiyyatı kitabxanası” seriyasından isə 150 cilddə dünya yazıçılarının əsərləri tərcümə və çap olunaraq yayımlanıb. Bu prosesin daha təkmil və sürətli həyata keçirilməsi üçün Prezidentin 2014-cü il 16 may tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılıb”, - deyə alim bildirib.

G.Səma əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi böyük işlər danılmazdır. Ədəbiyyat sahəsi üzrə Azərbaycan Respublikası Dövlət mükafatının təsis edilməsi söz adamlarına ən böyük etimad kimi qiymətləndirilə bilər. Ədəbiyyat İnstitutunun hazırladığı “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabı (2010-cu ildə), Elmira Axundovanın 6 cildlik “Heydər Əliyev: şəxsiyyət və zaman” publisist romanı (2014-cü ildə), Fikrət Qocanın 10 cildlik əsərləri (2016-cı ildə) bu mükafata layiq görülüb. Xalq yazıçısı Anarın “Unudulmaz görüşlər” kitabı isə Heydər Əliyev mükafatı ilə dəyərləndirilib.

AzərTac 

SİZƏ MARAQLI OLA BİLƏR