Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Bayraq dalğalandı - Tehran Əlişanoğlu

25-12-2023 [ 10:24 ] [ oxunub:513 ]
printerA+ | A-
104105

2023-cü il Azərbaycanın ərazi bütövlüyünün, torpaqlarımız üzərində tam suverenliyin bərpası ili oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan Respublikasının Bayrağını göylərə yüksəltdi.

 

Dalğalan, bayrağım, dalğalan!

Üstünə ay-ulduz əks edən,

Qoynunda ürəklər rəqs edən

ey sonsuz okean, dalğalan!

Parla, yan!

Köksündə şəhadət nurları parlayan,

cənnətdən bir parçam, dalğalan!

Ruhumun libası,

Bu dünyada geyinəcəyim

kəfənim - son parçam,

Dalğalan! (Arzu Əsəd)

 

Dalğalandı! 15 oktyabr 2023-cü il. Ulu Öndər ilində, Ulu Heydər Əliyevin 100 yaşına, Ulu Öndər yolunun inamla və inamlı davamçısı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa rəhbərliyi və prezidentliyinin 20 illiyi gününə Üçrəngli Bayrağımız Xankəndi səmasında dalğalandı!

"- Əziz həmvətənlər.

Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm... Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı "Allaha şükür" deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək..." (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərində nitqi.- İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib. 15 oktyabr 2023 // Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi (president.az)

Otuz il ərzində Azərbaycanın müstəqilliyi üçün ən böyük təhlükə - həmişə Qarabağ münaqişəsi olmuşdur; mənfur qonşular üzündən Azərbaycanın müstəqiliyi qarşısına dünyanın qlobal gücləri tərəfindən diyirləndirilmiş bu maneəni aradan qaldırmaq nəinki vacib-zəruri idi, xalqın sabah taleyi büsbütün bu problemin həllinə sığışmışdı. Xalq yazıçısı Elmira Axundova mövzuya geniş yer verdiyi roman-tədqiqatında bu məqamı xüsusi vurğulayır: "Heydər Əliyev Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan problemi ilə sutkada 24 saat məşğul olurdu. Bir dəfə prezident qeyri-formal söhbət zamanı bizə, bir qrup jurnalistə etiraf etdi: -Ay Allah, necə də çətindir! Gecələr gözümə yuxu getmir, hey fikirləşirəm. Gedirsən ABŞ-a, Klintondan xahiş edirsən, o, tənzimlənmə işində daha fəal olmağa söz verir, gedirsən Moskvaya, Yeltsinlə danışırsan, o, münaqişə ilə yaxından məşğul olmağa söz verir. Sonra hər ikisi soyuyur və məsələ təzədən saqqız kimi uzanır..." (Elmira Axundova.  Heydər Əliyev.  Şəxsiyyət və zaman. Qayıdış. VI (1) cild, Bakı, Ozan, 2013, s. 280). Böyük insani ağrıları ifadə edən bu məqamın arxasında nəhəng fəaliyyət dururdu: "Parlamentdə Dağlıq Qarabağ problemi ilə bağlı ictimai dinləmələr zamanı (fevral, 2001) Heydər Əliyev öz nitqində aşağıdakı rəqəmləri səsləndirir: 1993-cü ildən başlayaraq o, müxtəlif dövlətlərin 68 başçısı ilə 485 görüş keçirmişdir!" (Yenə orada, s.280)

Bütün bunlar Sülh naminə, işğalçı Ermənistan ordusunu Azərbaycan torpaqlarından dinc yolla, beynəlxalq ictimaiyyətin və böyük dövlətlərin təzyiqi ilə çıxarmaq üçün atılan addımlar idi və sülhpərvər Azərbaycan prezidentini dünyada prinsipial, usanmaz haqq və ədalət tərəfdarı kimi tanıdırdı.

Üstündən 30 il ötəcək, yeni Azərbaycanın lideri İlham Əliyev də xalqın öz gücünə qazandığı Qələbənin müqabilində həmin bu məqamı bir daha anacaq: "Azərbaycan xalqı yaxşı bilir və əminəm ki, dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsini sülh yoluyla həll etmək istəyirdik... Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər..." (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərində nitqi.- İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib. 15 oktyabr 2023 // Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi (president.az) - məqalədə digər sitatlar da Azərbaycan Prezidentinin həmin Xankəndi nitqindəndir - T.Ə.)

Vaxtilə şair uzaqgörənliklə yazırdı:

 

Sülhə qurban kəsərəm, mən də qan istəmirəm!

Təzə-tər qərənfilli xiyaban istəmirəm!

Tükənir səbrim fəqət, sazişlər,

Qətnamələr, bəyanatlar kifayət!

Zyafətlər kifayət!

Ziyafət dumanında nəzakətlər kifayət!

Yurdsuzlara yurd olan biyaban istəmirəm!

Yellənsin sülh bayrağı!

Bu bayrağa kəm baxan,

Həm baxmayan, həm baxan

Bədgüman istəmirəm!

Sevindirsin milləti qoy sülhün şad xəbəri,

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!! (Qabil)

 

Böyük siyasi nüfuzu və böyük dövlətlərin müdaxiləsi ilə Heydər Əliyev 1994-cü ilin yazında müharibə cəbhəsində atəşkəsə nail olmuşdu. Bu nəfəs dərimi Azərbaycana lazım idi. Atəşkəs heç də müharibənin bitməsi demək deyildi. Müharibə - diplomatik danışıqlar müstəvisinə, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, beynəlxalq aləmdə tanıdılması işinə, dövlətin iqtisadi və hərbi potensialının gücləndirilməsi sahəsinə, eyni zamanda ideologiya və mənəviyyat cəbhəsinə keçirdi.

Müharibə qəlblərdə, şüurlarda, cəmiyyətin və həyatın bütün sahələrində, ilk növbədə əqidə və amalda gedirdi - sarsılmış xalqın özünə-inamını qaytarmaq lazım idi...

 

Biz illərlə gözlədik,

çıxmadıq qınımızdan,

Zəkanla, əməyinlə

dirçəldi Azərbaycan.

Gəldi o müqəddəs an,

Sən Ali Baş Komandan!

Əmrindədir bu yurdun,

bu torpağın ərləri,

Ver, ver bizə zəfəri! (Arzu Əsəd)

Hər zaman "nəyi, necə, nə vaxt etməyi yaxşı bilən" Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi nitqində yada salır:

"...İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır..."

2020-ci il 27 sentyabr günü. Tarix Azərbaycan xalqına bu şansı verdi. Torpaqlarımızı geri qaytarmaq şansını. Qələbə şansını! 1990-cılardan, Ulu Öndər Heydər Əliyevdən sonra bir daha "Xilaskar!" missiyası, Azərbaycan torpaqlarının azad olunması, Qarabağın xilası şansı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adına yazıldı. Həm də daha böyük miqyasda, daha gərgin cəbhələrdə; söhbət beynəlxalq diplomatik cəbhələrindən, dünyanın böyük siyasi güc mərkəzlərindən gedirdi...

44 günlük Vətən müharibəsinin ilk günündən son qələbə nidasınacan xalqımız, cəmiyyətimiz, insanlarımız kimi, Ədəbiyyatımız da döyüşən ordumuzun yanında oldu, informativ, emosional, ruh və mövqelər savaşında cəbhədən cəbhəyə qələbələrimizin və son böyük Zəfərimizin yanında oldu. 44 gün sərasər və hətta daha çox, düşmən üzərində Qələbə təntənəsini bayram edən Zəfər paradınacan Azərbaycan Prezidentinin "Qarabağ bizimdir və nida!" şüarına kökləndi.

 

Milyonlar ayaqdadır, milyonlar hazır durub,

Milyonlar qurban gedir o günün gəlməsinə.

Azərbaycan - çırpınan əlli milyon nidadır

Ali Baş Komandanın bir "Hücum" kəlməsinə! (Arzu Əsəd)

 

II Qarabağ savaşı, Vətən müharibəsində Azərbaycan Ordusu dastan yazdı. Bunu dünya bildi, dünya mətbuatı bu haqda danışdı. Azərbaycan xalqının, əsgərinin hünəri, şücaəti, şöhrəti dünyaya yayıldı. Azərbaycan bayrağı cəbhədən cəbhəyə, qələbədən qələbəyə Cəbrayılın, Füzulinin, Hadrutun, Zəngilanın, Qubadlının, Ağdamın, Kəlbəcərin, Laçının ardınca Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə dalğalandı!

 

Addımından yer titrəyən,

nərəsindən göy sallanan,

İnsan oğlu idrakının

son gücüylə silahlanan,

Vətən, torpaq sevdalısı

bir müəzzəm, modern ordu

"Bilsin dünya, varlığımla

qoruyacam mən bu yurdu..." (Arzu Əsəd)

 

Azərbaycan torpağının bağrında qara bir yara olan erməni separatizminə, açıq-gizli rişələnmiş, kök atmış 300 illik qurnaz bir sevdaya son qoyaraq Üçrəngli Bayrağımız Qarabağ göylərində dalğalandı!

Azərbaycan Prezidenti, Ali Baş Komandan məğrur bir məmnunluqla Vətən müharibəsində qeyd-şərtsiz Qələbə aktı və paktını anıb deyirdi: "Xatırlayıram o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt -  noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax burada durarkən bir daha bildirmək istəyirəm ki, hər şeyi biz vaxtında etməlyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax burada dalğalanan Azərbaycan bayrağıdır..."

İctimai-siyasi və dövlətçilik tariximizdə həmən bu vazkeçilməz, təkrarsız, cəsarətli tarixi hünər-missiya-əməl dastanı şəksiz və şəriksiz olaraq Azərbaycan Prezidenti, Ulu Öndər yolunun qətiyyətli varisi İlham Əliyevin adına yazıldı!

Şair sözüdür:

 

Qəlbən xəbərdaram el sevgisindən -

millət "Heydər" deyib, "İlham" eşidib,

ruhu bağışlayar Öndərin, desəm:

"Atadan bir addım da irəli gedib!"  (Vahid Əziz)

 

Azərbaycan göylərində Müstəqillik, Suverenlik, haqq-ədalət və Qələbə bayrağı dalğalandıqca Azərbaycan Prezidenti, Xilaskarlıq missiyasından başlayan Ulu Öndər yolunun rəmzi mənalarına diqqət çəkirdi: "Bu il Heydər Əliyev ilidir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Mən Ulu Öndərin ad gününü Şuşada keçirdim. Bilirəm, o vaxt bəziləri sual verirdi ki, təntənəli iclas harada keçiriləcək, təntənəli iclasda kim çıxış edəcək, hansı xarici qonaqlar gələcək? Sonra da gördülər ki, heç bir təntənəli iclas keçirilməmişdir. Nə üçün? Ona görə ki bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir..."

Ali Baş Komandan Ulu Öndərin ruhu qarşısında amal və əməl imtahanına çağırır: "Ona görə də atamın 100 illiyini bizim üçün böyük rəmzi məna daşıyan, hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etməli idim. Orada Azərbaycan xalqına müraciət edərək, öz ürək sözlərimi dedim. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub. Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır..."

Ulu Öndər deyirdi: "Müstəqilliyimiz əbədidir!"

Ən nəhayət, Müstəqilliyimizin 30-cu ilində Azərbaycan Prezidentinin qürur dolu nitqi ilə, alnı açıq, ürək genişliyi ilə deyə bilirik:

"...biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik..."

Azərbaycan Prezidentinin dilindən səslənən alqışlar yüz il əvvəl yüksəlib bir daha enməm deyən üçrəngli Bayrağımızın haləsində daha da əks-səda qoparır, işıqlı sabahlar dolu xoş müjdələr, əbədiyyət vəd edirdi:

"Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq.  Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Ədəbiyyat qəzeti. 24.12.23.