Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA-da “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” adlı tədbir keçirilib

12-01-2024 [ 11:21 ] [ oxunub:22 ]
printerA+ | A-
104196

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda unudulmaz şairə Nurəngiz Günün 85 illik yubileyinə həsr olunmuş “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” adlı tədbir keçirilib.

Tədbir çərçivəsində Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusiflinin şairə həsr etdiyi “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabının təqdimatı da olub.

Mərasimdə elm və mədəniyyət xadimləri, Milli Məclisin deputatları, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar şairin yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ədəbiyyata “Tanrı” povesti ilə gələn Nurəngiz Günü istedadlı şairə, publisist və dəyərli insan kimi xarakterizə edib. O, “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabının təqdimatının görkəmli sənətkar, şairə Nurəngiz Günün 85 illik yubileyinə təsadüf etməsini əlamətdar hadisə kimi qiymətləndirib.

AMEA rəhbəri müstəqillik dövrü ərəfəsi və müstəqillik dövründə Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan tanınmış şairə Nurəngiz Günün poeziyasının əsas xüsusiyyətlərindən bəhs edərək ədibin Azərbaycan şeirinin orijinal nümunələrini yaratmış böyük sənətkar olduğunu vurğulayıb. Bildirib ki, Nurəngiz Günün yaradıcılığında xalis lirika ilə yanaşı, ictimai motivlər də paralel şəkildə yer almış və bir-birini tamamlamışdır: “Hələ Sovet hakimiyyəti illərində Nurəngiz Günün yazdığı “Qəfəs Respublikası” adlı dərin ictimai məzmuna malik şeir böyük vətəndaşlıq misiyasının ifadəsinə malik olan qiymətli əsərdir”.

Akademik İsa Həbibbəyli qeyd edib ki, çoxcəhətli yaradıcılığa malik olan Nurəngiz Gün peşəkar yazıçı missiyasını həm lirikasında, həm də poemalarında yüksək səviyyədə yerinə yetirmişdir.

Onun sözlərinə görə, “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabında şairənin yaradıcılığı bütün istiqamətlər üzrə dərindən təhlil olunmuş, elmi təhlillər aparılmışdır. AMEA prezidenti dörd hissədən ibarət olan, Nurəngiz Günün mükəmməl ədəbi portretinin yaradıldığı bu kitabda şairənin qızı, Milli Məclisin deputatı Jalə Əliyevanın da Nurəngiz Günlə bağlı müsahibəsinin yer aldığını və bu müsahibənin kitabda irəli sürülən müddəaları tamamladığını diqqətə çatdırıb. O, kitabda Nurəngiz Günün ömür yolunu, yaradıcılığını əks etdirən fotosalnamənin təqdim olunduğunu da vurğulayıb.

Sonra AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli “Şairə Nurəngiz Gün haqqında söz” mövzusunda məruzəsini təqdim edib. Ədibin 85 illiyi münasibətilə “Nurəngiz Günün güney poeziyası” adlı məqalə yazdığını deyən akademik Teymur Kərimli şairənin poeziyasının bəşəri problemlərin işığında qlobal mahiyyət daşıdığını, Vətən sevgisi, torpaq aşıqliyi, el vurğunluğu kimi məsələlərin onun yaradıcılığında prioritet təşkil etdiyini bildirib. Şairənin güney sevgisindən söz açan məruzəçi Nurəngiz Günün “Qəfəs bülbülü” şeirindən parça səsləndirib, ədibin şeirdə qlobal haqq-ədalət tələb etdiyini diqqətə çatdırıb. 

Akademik Teymur Kərimli qeyd edib ki, Nurəngiz xanım Güney Azərbaycanın əsas simvollarından biri olan Ərk qalasına həsr etdiyi şeirində vətənpərvərlik, məğrurluq, əyilməzlik ehtivaedən bədii obraz yaratmışdır. Həmçinin şairənin yaradıcılığındakı ana obrazı da tamamilə yenidir. Yenilik isə ondadır ki, o, anaların hiss və duyğularını özü yaşayırmış kimi şeirə gətirmişdir.

“Nurəngiz Gün poeziyasının işığında” adlı məruzə ilə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili akademik Nizami Cəfərov ədibin yaradıcılığından, şeirlərinin özünəməxsusluğundan danışıb. O, Nurəngiz Günün müasir poeziyada xüsusi bir yer tutan, düşüncələri, ideyaları və şeirləri ilə ədəbiyyat tarixində əbədi yaşayacaq görkəmli şair olduğunu diqqətə çatdırıb.

Akademik Nizami Cəfərov ictimaiyyətə təqdim olunan “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabının üstün cəhətlərindən bəhs edərək, nəşrin ədibin poeziyasının mahiyyətini dərk və izah etdiyini vurğulayıb.

“Nurəngiz Günün yaradıcılığı Azərbaycan poeziyasının tərkib hissəsidir”, - deyə bildirən məruzəçi təqdim edilən kitabın şairin zəngin yaradıcılığının daha dərindən öyrənilməsi baxımından müfəssəl məlumat-mənbə xarakteri daşıdığını və sanballı bir qaynaq olduğunu söyləyib.

Daha sonra Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli “Nurəngiz Gün sənətinin özəllikləri” məruzə ilə çıxış edib. O, “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabının ərsəyə gəlməsindən və hazırlanmasından söz açıb, ədibin sənət yolunun özəlliklərinə toxunub.

Tədbirdə, həmçinin filologiya elmləri doktoru Esmira Fuadın “Nurəngiz Gün nəsrində “qırmızı qaranlıq”larla poetik üzləşmələr”, filologiya üzrə fəlsəfə doktoru, dosent Bahar Bərdəlinin “Nurəngiz Günün poetik yaradıcılığı” və filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlının “Nurəngiz Gün poeziyasında insan-cəmiyyət və insan-təbiət münasibətlərində harmoniya axtarışı” adlı məruzələri dinlənilib.

Məruzələrdə Nurəngiz Günün əsərlərinin məziyyətlərindən, fəlsəfi şeirlərindən, sənətkarlıq xüsusiyyətlərindən söz açılıb, ədibin əsərləri təhlil olunub. Diqqətə çatdırılıb ki, çoxçəhətli yaradıcılıq fəaliyyətinə malik olan şairə yaradıcılığı, alicənablığı və yüksək mədəniyyəti ilə həmişə insanları özünə cəlb edib.

Sonra Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseyenova, Xalq şairi Vahid Əziz, Xalq yazıçısı Elmira Axundova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Urud və digərləri çıxış edərək Nurəngiz Günün Azərbaycan ədəbiyyatındakı müstəsna yeri və müstəsna xidmətlərindən danışıb, ona olan böyük sevgi və ehtiramdan bəhs ediblər.

Tədbirdə məktəblilərin ifasında Nurəngiz Günün şeirlərindən nümunələr səsləndirilib.

Sonda çıxış edən şairənin qızı, Milli Məclisin deputatı filologiya elmləri doktoru Jalə Əliyeva anasının xatirəsinə göstərdikləri ehtiram üçün tədbirin təşkilatçılarına və AMEA-nın rəhbərliyinə minnətdarlığını bildirib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR