Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Müzəffər Ali Baş Komandanın dövlətçilik siyasəti - Mərziyyə Nəcəfova

15-01-2024 [ 17:07 ] [ oxunub:311 ]
printerA+ | A-
104211

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dövlətçilik siyasəti əslində ona soy-kökündən, Ümummilli Lider Ulu Öndər Heydər Əliyev məktəbindən miras qalmışdır, desək, daha doğrudur, ata-oğulun vəhdət təşkil edən həmin siyasətinin canlı şahidi olduğumuz üçün nə qədər fəxr etsək azdır. Ümumimilli lider Heydər Əliyevin Azərbaycan Dövlətinin inkişafı və Dünya miqyasında tanıdılması missiyası atadan-oğula ötürülən əvəzsiz siyasətin bir parçasıdır ki, illərdir bu siyasi istiqamət üzərində irəliləyən cənab İlham Əliyev bu  dövlətçilik siyasətini yerinə yetirməklə yanaşı, Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, yeniləşdirmək və modernləşdirmək üçün bütün qüvvəsi ilə mübarizə aparmaqdadır.

        Cənab İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti  seçilmişdir. Cənab Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə  rasional idarəçilik nümunəsidir. İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional  siyasi davranış modeli, məntiqi mühakimələrə və analtik təhlilə əsaslanan mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi xidmət nümünəsi bəxş etdi. Cənab Prezidentin öz  fəaliyyəti və davranışı ilə siyasi sistemimizə yüksək siyasi mədəniyyət və milli mənəviyyatımıza uyğun, siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Cənab İlham Əliyevin dövlətçilik siyasəti müasir Azərbaycanın daha da güclənməsinə, inkişaf edərək dünya səviyyəsində tanınmış və qəbul edilmiş dövlətlər səviyyəsinə çıxarılmasına xidmət edir. Bu əvəzsiz siyasi model sayəsində Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi tanındı, eyni zamanda  mədəniyyətlərarası və sivilizasiyalararası dialoqların baş tutduğu strateji əhəmiyyətli məkana çevrildi.  Azərbaycanda aparılan yüksək islahatlar, yeni və əvəzsiz  təkliflər nəinki Azərbaycan daxilində, eyni zamanda Azərbaycandan xaricdə də böyük bir sevgiylə qarşılanır və Azərbaycan xalqının nəyə qadir olduğunun göstəricisinə çevrilir. Bütün bunlar öz təsdiqini Azərbaycanın dünyanın 10 ən islahatçı dövləti siyahısına  daxil edilməsi məsələsində sübuta yetirilir. Hər birimizə məlum olduğu kimi, Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi kimi qəbul edilib.

      Azərbaycanda Ulu Öndərdən bizlərə miras qalan gənclərə dəstək və qayğı məsələsi Cənab İlham Əliyev siyasi kursunun  öndə gedən məsələlərindən biri  kimi diqqəti cəlb edir. Ulu Öndər Azərbaycan gəncləri haqqında böyük sevgi və rəğbətlə danışaraq qeyd edirdi ki, “Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini  ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənəmizi göz bəbəyi kimi indi də qoruyub yaşadır”. Cənab İlham Əliyev  ata mirasını, ata nəsihətini qorumaqla yanaşı, daha da mükəmməl şəkildə inkişaf etdirir. Ölkəmizdə gənclərimizə diqqət və qayğı günü-gündən artır, bu da öz növbəsində Azərbaycan xalqının ərazi bütövlüyünün qorunmasında və azad Qarabağ torpağına qovuşmaqda mühüm rol oynamışdır. Cənab İlham Əliyevin gənc kadr siyasəti xalqın ümumi rifah halının yaxşılaşmasına gətirib çıxarır. Bu gün İlham Əliyev Ulu Öndərdən miras qalan gənclər siyasətini dəstəkləyir və ölkənin idarə olunmasında gənclərə yer verir, onların ən vacib məsələlərdə fikirlərinə etimad göstərir, çətin işlərin öhtəsindən gəlmək üçün dəstəyini əsirgəmir. İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatının yaxşılaşmasına yönələn tədbirləri dövlət siyasətinin göstəricisi kimi dəyərləndirilməlidir.

    Cənab İlham Əliyevin uzaqgörən siyasətinin ən bariz nümunəsi onun Azərbaycan ziyalısına, aliminə verdiyi böyük dəyərdir. Azərbaycan  alimi dövlətin döyünən qəlbidir. Və bu müqəddəs siyasət  Ulu Öndərin Azərbaycan xalqına miras qoyduğu ən qiymətli ərmağandır. Bu dəyərli siyasət Cənab İlham Əliyev tərəfindən çox möhtəşəm şəkildə davam və inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 3 noyabr tarixli fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi təsdiq edilmişdir. Nizamnamədə Azərbaycan alimlərinin bir çox hüquq və imtiyazları öz əksin tapmışdır.  Hər bənddə dövlətimizin ziyalısına hörmət və sevgi ilə yanaşması diqqət çəkir.  İlham Əliyev Cənabları alim və ziyalılarımıza diqqət ayırır və dövlətçiliyimizin inkişafında alimlərimizin xidmətlərini yüksək şəkildə dəyərləndirir. 

     Prezident İlham Əliyevin ən dəyərli dövlətçilik siyasəti 30 illik Qarabağ həsrətinin 44 günlük savaşla qalibiyyət qazanmasıdır. Ali Baş Komandan 27 sentiyabr 2020-ci il tarixində xalqın gözlədiyi əmri verdi və “Qarabağ Azərbaycandır nida” ifadəsi ilə oğullarımızın bir olub, torpaqlarımız uğrunda mübarizəyə qalxmağa səslədi. 44 gün davam  edən, işğal altındakı ərazilərimizin azadlığı ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə və xalqımızın qürur mənbəyinə çevrildi. Azərbaycan oğulları başda Ali Baş Komandan olmaqla tarix yazdılar. Bu zəfər bir də ona görə baş tutdu ki, bütün xalq Ali Baş Komandanın əmri və “Dəmir yumruğu” altında birləşdi. Şair gözəl deyib “Bu gözəl söz, el-obanın dilindədir, Dəmir yumruq dəmir kimi bir kişinin əlindədir!” (Zahid Xəlil). O, “Dəmir yumruq” Azərbaycan ordusunun tək-tək cəmləşən barmaqları idi  və elə ona görə də  bir yumruq altında birləşincə  dünyaya səs saldı. 44 gün ərzində Azərbaycan xalqının yeni tarixi yazıldı. Bu illər ərzində diplomatik səviyyədə tariximizi yazan və hər zaman öz siyasi mübarizəsi ilə düşməni susdurub yerində oturdan Ali Baş Komandan mübarizlik və qəhrəmanlıq rəmzinə çevrildi. Cənab Ali Baş Komandanın ən mükəmməl siyasəti onun məhz Azərbaycan xalqı ilə birlikdə olması oldu. Hər zaman xalqının içərisində olaraq, onları bir vəhdət halında birləşdirməyə qadir olan dövlət başçımız torpaqlarımızın azadlığı xəbərini televiziya vasitəsi ilə xalqa xəbər verəndə keçirdiyi sevinc və qürur hissini xalq ilk dəfə onun simasındakı səmimi iftixar hissində görürdü və daha da sıx şəkildə cənab prezidentin ətrafında birləşməyə can atırdı.  Hər bir vətəndaş gücü çatdığı şəkildə könüllü olaraq cəbhə bölgəsinə yardımlar edirdi. Bu birlik, bu ittifaq əsgər və zabitlərimizə, müzəffər ordumuza güc verir və onları mübarizəyə səsləyirdi. Orduda olan döyüşçü öz ailəsi üçün narahat olmurdu. Azərbaycan döyüşçüsü bilirdi ki,  onun ailəsinin yanında Ali Baş Komandan və Azərbaycan xalqı dayanıb. Məhz elə ona görə də tez bir zamanda  Azərbaycan bəşəriyyətə varlığını bir daha sübut etdi. 44 günlük müharibə bir xalqın baş ucalığına və şah qamətinə çevrildi. 44 günlük müharibə bir oğulun ata vəsiyyətini yerinə yetirməsinə səbəb oldu. Torpaqlarımız bir-birinin ardınca düşmən tapdağından azad edildi. Rəşadətli ordumuz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini, Tərtər rayonunun  Suqovuşan kəndini, Xocalı və Laçın rayonunun bir neçə kəndini və s. ümumilikdə 300-dən çox yaşayış məntəqəsini və Ağdərə, Murovdağ, Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Ali Baş Komandanın və Azərbaycan ordusunun əsas məqsədi Şuşa üzərində qələbə çalmaq və vətənimizin mədəniyyət beşiyi Şuşanı azad etmək  məsələsi idi. Şuşa üzərində qələbə qazanmaq tariximizə atılan ən qiymətli imza oldu. 8 noyabır 2020-ci il tarixində Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu. Şuşa azad oldu!  Bu zəfər dünya hərb tarixinə düşən hərbi əməliyyat kimi yaddaşlara köçdü. Ali Baş Komandanın “Şuşa, sən azadsan, Şuşa, biz səni dirçəldəcəyik!” - deyə verdiyi söz tez bir zamanda həyata keçirildi. Şuşaya yollar salındı, Şuşaya gələn qonaqların ardı-arası kəsilmədi. Şuşa yüksəkliklərindən baxan hər kəs şəhidlərimizin əziz xatirəsini unutmadı. İşğaldan azad olunan torpaqlarda dövlətimizin yaratdığı hər bir gözəllik şəhidlərimizin ruhuna müqəddəs duadır. Prezidentimiz tərəfindən 2022-ci ilin “Şuşa ili” elan edilməsi bütün xalqımızın sevincinə və qüruruna səbəb oldu. Bu il işğaldan azad olunan torpaqlarımızda yeni quruculuq işləri aparılıb, “Ağıllı kənd” kimi gözəl layihələr həyata keçirilib, kəndlərimiz abadlaşıb. Kəndə qayıdış layihəsi xalqımıza ən gözəl töhfədir. Xalq və Ali Baş Komandanın birliyi  dövlətçiliyimizi zəfərdən-zəfərə aparır. Bu birlik və bərabərliyimiz 7 fevral 2024-cü il tarixində reallaşacaq, Prezident seçkilərində bir daha özünü təsdiqləyəcək. Seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Ali Baş Komandanımızı dəstəkləyəcək, qürur və sevgi hissi ilə ona səs verəcəyik.