Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Akademiya əməkdaşlarına təbriki

29-12-2023 [ 10:48 ] [ oxunub:106 ]
printerA+ | A-
104147

Hörmətli həmkarlar!

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iki əsrə yaxın bir müddətdə öz qohum-əqrabalarından, soydaşlarından ayrı düşməyə məcbur edilmiş, bütün təzyiqlərə baxmayaraq öz milli kimliyini qoruyub saxlamış xalqımızın tarixinə ən əlamətdar günlərdən biri kimi düşmüş, müasir dövlət müstəqilliyimizə gedən yolda önəmli rol oynamışdır.

Hər zaman olduğu kimi, həmin dövrün hadisələrinə də ilkin siyasi qiyməti məhz Ümummilli Lider Heydər Əliyev vermiş, görkəmli dövlət xadiminin təşəbbüsü ilə 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən dekabrın 31-i tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edilməsi haqqında qərar qəbul edilmişdir. Çünki Ulu Öndər dünya azərbaycanlılarının birliyinin təmin edilməsinin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və gücləndirilməsi istiqamətindəki rolunu hər kəsdən gözəl anlamış, 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncam imzalamış, Qurultaydakı geniş nitqində Azərbaycançılıq ideyası ətrafında birləşməyin vacibliyini vurğulamışdır.

Ulu Öndərin Azərbaycan xalqı üçün bütün arzularını müasir dövrdə reallaşdıran Prezident İlham Əliyev də daim dünya azərbaycanlılarının birlik və həmrəyliyinin möhkəmləndirilməsinə çalışmış, dövlət başçısının “Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” Sərəncamına əsasən, 2006-cı il mart ayının 16-da Bakı şəhərində II Qurultay baş tutmuşdur.

Həm Ümummilli Lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birlik və həmrəyliyinə yönəlmiş ardıcıl siyasəti, eyni zamanda Azərbaycançılıq ideologiyasının cəmiyyətimizin aparıcı ideyasına çevrilməsi Vətən müharibəsində tarixi Zəfərimizin əsas faktorlarından biri olmuş, bütün dünya xalqımızın “Dəmir yumruq” kimi dövlət başçısının ətrafında birləşməsinin canlı şahidi olmuşdur.

Həmçinin ordumuzun 2023-cü ilin sentyabrında Qarabağda bir gündən də az müddətdə həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə Dövlət Bayrağımızın ucaldılması ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Prezident İlham Əliyevin adı çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, xalqımız isə başıuca, Qalib xalq ünvanı əldə etdi.

Mövcud qlobal şəraitdə Prezident İlham Əliyevin liderliyində əldə etdiyimiz həmrəylik və birlik xalqımızın, dövlətimizin tarixi nailiyyətidir və bunu qoruyub saxlamaq hər bir azərbaycanlının mənəvi və vətəndaşlıq borcudur.

Hörmətli Akademiya əməkdaşları, Sizi əlamətdar günlər - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, Yeni ildə hər birinizə sağlam və firavan günlər, elmi fəaliyyətinizdə uğurlar arzulayıram.

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

akademik

SİZƏ MARAQLI OLA BİLƏR