Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası: məsuliyyət və vəzifələrimiz - Elnarə Akimova

16-01-2024 [ 10:25 ] [ oxunub:439 ]
printerA+ | A-
104209

Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə...

İlham Əliyev

 

Qərbi Azərbaycana məxsus ədəbiyyatın, bu böyük ədəbi-tarixi irsin öyrənilməsi ədəbiyyatşünaslığın ciddi problemi və predmeti olsa da, əslində, onun sədlərini aşan bir mövzudur. Məsələn, “Zəngəzur Azərbaycanın zəngin guşəsidir” ifadəsi gəlişigözəl söz olmadığı kimi, onun metafizik etimalogiyası təəssüf ki, bu günə qədər geniş təbliğ olunmamış, lokal hüdudları qıraraq geniş düşüncə ərazilərinə adlamamışdır. Bu qədim və tarixi əraziyə məxsus gözəlliklərin arxasında dayanan hekayələr (!) sənət dili ilə geniş və panoramlı təsvirini tapmamışdır.

O hekayətlər ki, İrəvanla, Zəngəzurla bağlı tarixin canlı şahidləridir, danışan abidələrdir, böyük mənəvi irsdir, tarixi məxəzdir. Ötən il, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycan İcması ilə görüşdə etdiyi çıxışında vurğunu məhz bu amillərin üzərinə salaraq bildirmişdir: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.

Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsini, bu tarixi torpaqlara qayıdış konsepsiyası ilə müəyyən çağırışlar səsləndirməsinin əsasında yeni milli təfəkkürün, təzələnən diskursun və məfkurə dalğasının düşüncədə və əməldə ifadəsini görmək istəyi dayanır. Çünki ədəbiyyat hər zaman ideoloji işin əsas tərkib hissəsi sayılıb. Hər bir tarixi hadisə ideoloji və siyasi fakt olaraq yalnız tarixi şəraitin məhsulu olmayıb, həmçinin milli siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsi olaraq meydana çıxıb. Məsələn, bizdə milli dövlətçilik ideyasının tarixi uzağa getməsə də, milli mənlik şüurunun yaranmasının aspektləri bədii düşüncəyə söykənib. Bu mənada, Qərbi Azərbaycana qayıdışla bağlı Prezidentin təşviq etdiyi işlər sadalanacaq faktların bir kontekst daxilində araşdırılması üçün metodoloji zəmin rolunu oynaya bilər:

Qərbi Azərbaycanın tarixi yolunun: yaranmasından - işğal dönəminə; qurtuluşdan - bərpa dönəminə; deportasiya olunmuş insanların taleyindən - qayıdış qismətinə qədər hər məqam hərtərəfli tədqiq və ehtiva olunmalıdır.

Qərbi Azərbaycana məxsus ədəbiyyat, sənət ümumən Azərbaycan ədəbiyyatının axarına öz kökləri, tarixi təcrübəsi, estetik bazası ilə daxil olub. Bu estetik dərinliyin cəmiyyət, mədəniyyət, ədəbiyyat və sənətdə kəsb etdiyi məna baxımından sərhədlərini təyin etməyə ehtiyac var. Ermənilərin bu torpaqları neçə sahiblənməyə çalışmaları, dağıdıcılıq faktoru, insanların öz ərazilərindən sürgün olunması kimi acı reallıqla üz-üzə qalması yaxın tariximizin fəci proseslərindən biridir. Bu ağrını yaşayan insanların, sənət adamlarının həyatı, şüuru və davranışında hansı dəyişmə və çevrilmələr qərar tapıb... - ədəbiyyat və sənətin, bütövlükdə humanitar təfəkkürün, o sıradan sosioloji, psixoloji, kulturoloji, sənətşünaslıq, filoloji və bu kimi digər sahə araşdırmalarının da əsas predmetini təşkil etməlidir. Sadalanan məsələləri dövriyyəyə gətirməklə bu istiqamətdə yeni estetik dönəmin başlanacağına rəvac verə bilərik. Qeyd edək ki, bu məsələni daim diqqətdə saxlayan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsü ilə artıq bir çox elmi-mədəni-ictimai işlərin icrasına başlanılmışdır.

Əsas məqsəd nə olmalıdır?

- Azərbaycanın qədim mədəniyyət mərkəzi olan İrəvanın tarixi-etnoqrafiq özəlliklərinə diqqət yönəltmək;

- İrəvanın folklorunu, dil özəlliklərini tədqiq etmək;

- Burada yetişən məşhur şairlər, nasirlər, elm və mədəniyyət xadimlərinin irsini dövriyyəyə gətirmək;

- Azərbaycanlıların İrəvandan - öz dədə-baba torpaqlarından deportasiya olunduqdan sonra Zəngəzurla bağlı yaşadıqları həsrəti, onların yaşam fəlsəfəsini, mənəvi tutunma məqamlarını bədii təcəssümün predmetinə çevirən mətnlərin meydana çıxmasına təşviq etmək;

- Belə bir zərurəti həmçinin, Qayıdışla bağlı görüləcək işlər sırasında - Ədəbiyyat və Sənətin qarşısına məsuliyyət yükü, borc olaraq qoymaq;

- Qərbi Azərbaycana məxsus ərazi-inzibati bölgələrin tarixi coğrafiyasının, onlara aid toponimlərin linqvistik açılışını vermək, ədəbi-mədəni abidələri tarixi nöqteyi nəzərdən tədqiq predmetinə çevirmək;

- Qərbi Azərbaycanda doğulub yetişən insanların adət-ənənələrini, Zəngəzurun özü və insanlarının taleyini zamanın reallıqları əsasında qiymətləndirmək;

- Ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngəzura qayıdışla bağlı gördüyü konseptual işləri ideoloji təməl olaraq prioritetə çevirmək və s.

Artıq Zəngəzura qayıdışla bağlı xalqın içindəki ümid işartıları görünməkdə, inamlı gələcəyə yön almasına rəvac verilməkdədir. Bu inamı qazandıran 44 günlük Zəfər savaşı, bir günlük antiterror əməliyyatı zamanı nail olduğumuz üstünlüklər oldu. Bu proseslərdən sonra Zəngəzur amilinin ədəbi fikirdə inikası necə reallaşdı? Neçə onillik təqib və təzyiqlər altında inildəyən, yurdundan perik düşməyə vadar olan insanların ovqatında hansı təbəddülatlar baş verdi? Onun məğlub və kədərli tərənnümündən, pessimist ruh halından sevinc, fərəh işartıları necə boy göstərməyə başladı? Baş verənləri ədəbiyyat hansı səviyyədə bədii təcəssüm predmetinə çevirəcək? Bir model olaraq Azərbaycan nəsri, poeziyası, elmi-nəzəri fikri, yaxud digər sənət sahələri bunu necə ifadə eləyəcək?

Ölkə başçısının çıxışında səsləndirdiyi fikirlər qələmin müqəddəs vəzifəsini yenidən bizim yadımıza salır. Nələr etməli olduğumuzla bağlı istiqamətlər verir, hansı yöndə işləmək, faydalı olmaq lazımlığını ali məram olaraq qarşımıza qoyur: “Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Necə ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi. Halbuki iki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürük.

Bir tərəfdən, o vəhşilikləri, dağıntıları, qanunsuz məskunlaşmanı etiraf etməyə məcbur oldular, digər tərəfdən yenə də balanslı yanaşaraq işğalçı ilə işğala məruz qalanı necə deyərlər, bir müstəviyə qoydular. Ona görə Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək”.

Məlumdur ki, Qərbi Azərbaycan nisgili ötən əsrdən bu yana tək həyatımızda deyil, yaddaşımızda, ədəbi təfəkkürümüzdə də davam etmişdir. Biz bu mövzunun müxtəlif sahələr üzrə mənzərəsini, inkişaf dinamizmini izləmiş, Zəngəzur mövzusunda yazılan mətnlərə daim həssaslıqla yanaşaraq fikir həyatımızın predmeti eləmişik. İndi, son baş verən əlamətdar hadisə - Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması kimi tarixi faktın bizə yaşatdığı qürur Vətən amilinə həssaslığımızı bir qədər də artırdı. Zənnimcə, bu konsepsiyanın məsuliyyəti bütün istiqamətlərdə geniş araşdırmalar aparıb mövzunun tarixi dərkini verməyə, həmçinin yeni təfəkkür işığında təqdimatına, onun səviyyə və mənzərəsini dəyərləndirməyə, eləcə də Qərbi Azərbaycan faktoru ilə bağlı ictimai fikrin, estetik düşüncənin tarixiliyi və müasirliyini görməyə imkan yaradacaqdır.

Zəngəzur dəhlizinin üfüqləri...

Qeyd edək ki, Qərbi Azərbaycanla bağlı tarixdə yaşananlara, deportasiya və soyqırımına hüquqi-siyasi qiyməti Ümummilli lider Heydər Əliyev vermişdir. Ulu Öndər Azərbaycana ikinci dəfə hakimiyyətə gəldikdən sonra bu məsələ onun diqqətdə saxladığı problemlər sırasına keçmişdir. Hələ 1994-cü il fevralın 23-də Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışında Heydər Əliyev bildirirdi: “Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisinin bir hissəsi də vaxtilə Azərbaycan torpaqları idi. Mən həmin ərazini sizə göstərə bilərəm. O, Zəngəzur adlanır. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik”.

Törədilən faciəyə sonralar Heydər Əliyevin imzaladığı fərmanlarla hüquqi-siyasi qiymət verilməyə başlandı, bu hadisələrin geniş miqyasda ictimailəşdirilməsi üçün ciddi addımlar atıldı. Bunu dekabrın 24-də Prezidentlə görüşdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də vurğuladı: “Əslində, bu mübarizənin təməlini 1997-ci il dekabrın 18-də imzaladığı “Deportasiya haqqında” və 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” tarixi fərmanları ilə Ulu Öndər Heydər Əliyev qoymuşdur. Bu mübarizəni davam etdirmək, sona çatdırmaq hər birimizin vətəndaşlıq borcu və Ulu Öndərin ruhu qarşısında övladlıq borcumuzdur”.

Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev o şəxsiyyətlərdən, ölkə başçılarından olmuşdur ki, hakimiyyətdə olduğu bunca zaman kəsimlərində yada, rəqibə bir metr də olsun torpaq güzəştə getməmişdir.

Belə güzəştsiz mövqe Ali Baş Komandan İlham Əliyevin də siyasətinin əsas xəttini təşkil edir. Qərbi Azərbaycan İcmasındakı çıxışında ölkə başçısının Zəngəzurla bağlı sərgilədiyi əsəbi notların arxasında dayanan amil də məhz bu idi! Torpaqdan pay olmaz! Qeyd edirdi ki, “Görün, cəmi iki il ərzində xalqımızın başına nə qədər böyük bəlalar gətirildi. Əgər kimsə hesab edirdi ki, 1918-ci ildə İrəvanı Ermənistana verməklə biz hansısa daha böyük bəlalardan özümüzü sığortalamış ola bilərdik, bax, Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi. Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan”.

İlham Əliyev erməni fitnəsinə qarşı hər zaman ayıq, dəqiq və qətiyyətli ideoloji mövqe sərgiləyib. Tarixdəki bir ibrətamiz faktı xatırlatmaq istəyirəm. Məlumdur ki, ermənilər öz mənfur niyyətlərini zamanla gerçəkləşdirmək üçün onlara buraxılmış İrəvan ərazisində təşkilatlanıb böyük düşmənə çevrildi və üstündən bir əsr keçəndən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu acı gerçəklərin siyasi təsnifatını tarixdə ilk dəfə 2011-ci il iyulun 5-də Dünya Azərbaycanlılarının III qurultayında verdi: “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur.

Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki, sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır. Əgər onlar öz xalqının gələcəyi haqqında düşünürlərsə, öz siyasətində dəyişiklik etməlidirlər. Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdırlar və Türkiyəyə qarşı əsassız ittihamlardan əl çəkməlidirlər. Əks təqdirdə, Ermənistanın özünün müqəddəratı sual altına düşə bilər...”

Həmçinin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı zamanı Prezident İlham Əliyev çox mühüm məqamlara toxundu. Ermənilərə məxsus ənənəvi dini və irqi ambisiyanın konkret-tarixi səbəblərinə diqqət yönəldən ölkə başçısı dünya ictimaiyyətinə bu dövlətin nə qədər cinayətkar və cani olduğunu çatdırdı. Beynəlxalq Hüququn bütün normalarını, BMT Nizamnaməsində qeyd edilmiş İnsan Haqlarını, Cenevrə Konvensiyasının bütün qərarlarını pozan Ermənistan dövlətinin daxili mahiyyətini bütün tərəfləri ilə meydana qoydu. Ölkə başçısı dünyanın gözü qarşısında konsepsiya səviyyəsində ifadəsini tapmış diplomatik səriştəsinin gücünü sərgilədikcə, bu güc qarşısında erməni mifi və onların bədnam Daşnaktsutyun, Nemesis, Andranik, Şaan Natali kimi qum heykəlləri ovulub tökülürdü.

Bəli, zamanı gəldi, əsassız ittihamlardan əl çəkməyən erməniləri xalq öz Ali Baş Komandanının əzmi və ordusunun gücü ilə öz torpaqlarından çıxarmağa nail oldu. Həm də heç bir qeyri-humanist yanlışlığa yol vermədən, mənəvi-əxlaqi dəyərləri tapdamadan.

İlham Əliyev hər zaman sülhün tərəfində olduğunu bəyan edib. Çıxışları hər zaman, sülhə, barışığa dəvət çağırışları ilə zəngindir. Bu gün İlham Əliyevin qətiyyəti, əzmi bütün dünya üçün örnəkdir. Hərçənd, dünya belə qətiyyətli, güclü lider obrazını, xüsusilə prinsipial, beynəlxalq dəngələri qoruyan idarəedicini o qədər də asan qəbullana, həzm edə bilmir. Amma olsun, onsuz da başqa yolları yoxdur. İlham Əliyev bu gün min cür mürəkkəb, xaotik, gizlin, məkrli siyasi oyunların çevrəsində Dövlət qurur. Son hadisə ilə isə yalnız son otuz ilin yox, iki yüz illik bir dövrün yaraları bütövlənir. Parçalanan, talan olan Azərbaycan hələ Ümummilli lider Heydər Əliyevin zamanında kor Edip kimi ayağa durub qalxmağa özündə qətiyyət tapmışdı. İlham Əliyev isə Azərbaycanı ona tarixən dəymiş bütün zərbələrin altından zədəsiz çıxarmağı bacardı. Gələcəyə bütöv Azərbaycan ərməğan etmək üçün.

Bu gün dünyada öz siyasi ambisiyası, mənfəəti naminə xalqının qanı və müsibətini tərəziyə qoymağa hazır olanlar var. İlham Əliyev isə şərəf və suverenliyi, humanizm və insaniyyəti liderlik fəaliyyətinin ana xəttinə çevirib. İlham Əliyev nəyə çalışır? Yalnız Qarabağı bütöv şəkildə geri almağa, Azərbaycanın bütün torpaqlarında Konstitusiya quruluşunu bərpa etməyə deyil, həm də müharibələrə son qoymağa, sülhə nail olmağa çalışır. Azərbaycan hakimiyyətinin, Ordumuzun Qarabağda apardığı bütün əməliyyatların, eləcə də son lokal antiterror tədbirlərinin kökündə bu amil dayanırdı. Müharibəyə son qoymaq! Çıxışlarında bu hərəkatların mülki əhaliyə qarşı olmadığını dönə-dönə bəyan edir, bunun əyani sübutlarını mütəmadi ortaya qoyur, dünyaya sübut etməyə çalışır ölkə başçısı. Qarabağdakı ermənilərə öz vətəndaşları kimi müraciət edilməsi, onlara düzgün yol göstərilməsi də həmin bu missiya daxilində dərk ediləsi prosesdir. Sülh və əmin-amanlığın tam bərqərar olmasına çalışmaq əzmi bu gün İlham Əliyevin bəşər tarixinə verdiyi böyük töhfədir! Misir yazıçısı Nəcib Məhfuzun Nobel alarkən etdiyi çıxışda belə fikirlər yer alırdı: “Bizim sivil dövlətlərin rəhbərlərindən və onların sahibkarlarından əsl sıçrayış etməyi, müasir dünyaya yeni, qərəzsiz baxışla baxmağı tələb etməyə haqqımız və borcumuz var. Əvvəllər hər bir lider yalnız öz millətinin mənafeyi naminə hərəkət edirdi, qalanlarına rəqib və ya istismar obyekti kimi baxır, öz üstünlüyündən və şəxsi şöhrətindən başqa bütün digər dəyərlərə etinasız yanaşırdı. Bunun adı ilə əxlaq dağıdılıb, prinsiplər pozulub, ləyaqətsiz üsullara haqq qazandırılıb, saysız-hesabsız insan ölümə məhkum edilib. Yalan, hiylə, xəyanət və qəddarlıq bəsirət möcüzəsi kimi ehtiram edilir, böyüklüyün sübutu kimi görülürdü. Bu gün yanaşma kökündən dəyişməlidir. Bu gün sivil liderin böyüklüyü onun dünyagörüşünün qlobal xarakterinə və bütün bəşəriyyət qarşısında məsuliyyət hissinə görə qiymətləndirilməlidir. Danışmaq yetər, hərəkət etmək vaxtıdır. Beynəlxalq soyğunçuların və vicdanı pis insanların dövrünü bitirməyin vaxtıdır. Biz bütün dünyanın yaxşılığını düşünən liderlər dövrünə qədəm qoymalıyıq”.

Hər halda bu gün qürur duymalıyıq ki, kimlərinsə utopik şəkildə arzuladığı sivil lider obrazı - böyük şəxsiyyət, güclü siyasi rəhbər, tək ölkəsinin deyil, dünyanın yaxşılığını arzulayan, bunu bəşəriyyət qarşısında məsuliyyət kimi dərk etdirməyə çalışan insanın rəhbərlik etdiyi ölkədə yaşamaq bizim nəsibimiz olub və Ali Baş Komandan İlham Əliyev bu ali dəyərləri, mənəvi-əxlaqi keyfiyyətləri özündə ehtiva edən şəxsdir! Ölkə başçısının ötən günlərdə, oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Zəngəzurla bağlı Ulu Öndərin fikrinə, mövqeyinə istinadən səsləndirdiyi fikir bunun bir daha sübutu oldu: “Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq”.

Ölkə başçısının Zəngəzurla bağlı mövqeyi əvvəldən elə bu olub. Bir il öncə Qərbi Azərbaycan İcmasında çıxışında vurğulayırdı ki, “Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq.

Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik”.

Göründüyü kimi, İlham Əliyev fərqli yol tutur və tutduğu yolla əslində xalqın əsrlərlə qazandığı nəcib xalq statusunu də təhdid və zərbələrdən qorumuş olur, onu erməni daşnakları, faşist təfəkkürlü terrorçularla eyniləşdirmir. Onlar kimi davranmamalı, onlar kimi danışmamalı olduğumuzun ən böyük örnəyini Ali Baş Komandan İlham Əliyev birinci elə özü meydana qoyur. Bu mənada İlham Əliyev bu gün insanlığın, bütövlükdə bəşəriyyətin düşmənlərinə qarşı vuruşur. Onun hədəfi yalnız mənfur düşmən deyil, həm də bütün insanlığa qənim kəsilən qüvvələrdir, silahı yalnız hərbi texnika deyil, həm də insani, humanist ideyalardır. Böyük Mirzə Ələkbər Sabirin dediyi kimi, “Kim ki, insanı sevər, aşiqi-hürriyyət olur, / Bəli, hürriyyət olan yerdə də insanlıq olur”!

Sülh istəyi və insanlıq ləyaqətini bir araya cəm edib öz liderlik tərcümeyi-halının əsas xəttinə çevirməyi bacaran Azərbaycanın gücü - İlham Əliyev bu əzmlə ən uzaq tarixləri yaxına gətirir, ən əlçatmaz arzuları reallığa çevirir. Və bu yaxınlaşan uzaqlıqlardan bir də açılacaq Zəngəzur dəhlizinin üfüqləri görünür...

"Ədəbiyyat qəzeti", 2024, 12 yanvar

https://edebiyyatqazeti.az