Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Oxu Günü-10” sərgi-festivalı keçiriləcək

26-04-2024 [ 14:33 ] [ oxunub:126 ]
printerA+ | A-
104499

Azərbaycan Naşirlərinin I Forumu çərçivəsində “Oxu Günü-10” sərgi-festivalı baş tutacaq.

Bu il “Oxu Günü-10” layihəsi “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, AMEA, Təhsilin İnkişafı Fondu, Mədəniyyət Nazirliyi, Yunus Əmrə İnstitutu və “Hədəf Nəşrləri”nin birgə təşkilatçılığı ilə AMEA parkında keçiriləcək.

27 - 28 aprel tarixlərində baş tutacaq sərgi-festival otuza yaxın nəşriyyat, ondan çox kitab mağazası, onlarla ədib, ziyalı, incəsənət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Sərgi-festivalda Varis, Rüstəm Behrudi, Elxan Elatlı, İlqar Kamil, İlham Tumas, Elay, Tamerlan İsmayılzadə, Aynur Cavid, Ramil Əhməd, Məsudə Cabbar, Erix Qauzer, Fidan Cəfərzadə və başqa tanınmış yazıçıların təqdimat və imza mərasimləri olacaq.

Bundan başqa, Çinarə Məlikzadə, Röyal Musa, eləcə də digər gənc ifaçılar festivala rəng qatacaqlar.

Əlavə məlumat üçün bildirək ki, III və IV “Kitabqurdu” Oxu Marafonunun müəllifləri – Şəmil Sadiq, Amin Sükut, Sevinc Elsevər, Elgüsel, Zahid Xəlil, Xəyalə Murad, Rövşən Abdullaoğlu, Rafiq İsmayılov, Fatimə Alxaz, Rəşad Bayramov və Gülüş Xəlilova da festivalda iştirak edəcəklər.

“Oxu Günü” 2015-ci ildə “Hədəf Nəşrləri” MMC tərəfindən təsis edilib. Layihənin məqsədi ölkədə kitabçılığı inkişaf etdirmək, gənclərin intellektual mühitə adaptasiyasını aktual saxlamaq, oxucu-yazıçı görüşlərini stimullaşdırmaq, endirimli kitablar təqdim etmək və bununla kitabın əhəmiyyətini cəmiyyətə aşılamaqdan ibarətdir.

“Oxu Günü” sərgi-festivalı 2015-ci ildə Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına parkda, 2016-cı ildə Nəsimi rayonu ərazisindəki Zorge parkında, 2017 – 2023-cu illərdə isə Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, “Hədəf Nəşrləri”, Elm və Təhsil və Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə keçirilib.

Elm və təhsil nazirinin 4 mart 2019-cu il tarixli qərarına əsasən hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə bütün ölkə ərazisində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi “Oxu Günü” tədbiri keçirilir.

Qeyd edək ki, sərgi-festivalın dəstəkçiləri “Badamlı”, “MUSİAD Azərbaycan”, “Oyal” Şirkətlər Qrupudur.

İki gün davam edəcək tədbir 10:00-dan 20:00-dək davam edəcək.

© www.science.gov.az 

SİZƏ MARAQLI OLA BİLƏR