Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycanın ilk satirik jurnalının yaranmasından 118 il ötür

08-04-2024 [ 11:21 ] [ oxunub:21 ]
printerA+ | A-
104433

Azərbaycanın ilk satirik jurnalı olan "Molla Nəsrəddin"in yaranmasından 118 il ötür. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində çıxıb.

AZƏRTAC xəbər verir ki, XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi mühitində mürəkkəb hadisələr baş verməkdə idi. Bu hadisələr “Şərqi-rus”, “Həyat” və “İrşad” kimi ciddi üslublu mətbuat orqanlarında öz əksini tapsa da, aktual problemləri geniş kütlələrə daha sadə, aydın, hər kəsin anlayacağı dildə çatdıran mətbuat orqanına ehtiyac duyulurdu. “Molla Nəsrəddin” jurnalı ictimai-siyasi zərurətin nəticəsi kimi meydana gəldi; nəşrin müəllifi və redaktoru, görkəmli yazıçı C.Məmmədquluzadənin dediyi kimi, “Molla Nəsrəddin"i təbiət özü yaratdı, zəmanə özü yaratdı”. Jurnalın bu cür adlandırılması da maraqlıdır. Məlumdur ki, Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı qəhrəmanıdır və həmişə də nadanlığa, haqsızlığa gülə-gülə münasibət bildirib. C.Məmmədquluzadə də Molla Nəsrəddinin dili ilə xalqın istək və arzularını açıqlayır, onu güldürür, düşündürür, həm də yol göstərirdi.

Nəşrin 1-ci nömrəsində əhatə olunmuş ədəbi, ictimai-siyasi məsələlər sonralar da dövrün tələbinə uyğun şəkildə davam və inkişaf etdirilib. Jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. İyirmi beş il ərzində 748 nömrəsi çıxıb.

Jurnal öz "lüğət"lərində, "tapmaca"larında, "mükalimələr"ində, "hesab məsələləri"ində, felyeton və satirik şeirlərində mütərəqqi ideyaları təbliğ edib. Dərgidə müstəqil dövlətçilik ideyaları, xalqın maarifləndirilməsi, milli-mənəvi özünüdərk prosesləri, cəmiyyətin demokratik inkişafı məsələləri mühüm yer tutub. Sosial-siyasi problemlər sadə xalq dilində, düşündürücü şəkildə, orijinal satirik vasitələrlə əks etdirilib.

Dövrünün tanınmış sənətkarları Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri, Əzim Əzimzadə, Oskar Şmerlinq və başqaları mollanəsrəddinçi tənqidi-realist ədəbiyyatın inkişafında böyük xidmətlər göstəriblər.

Jurnalın nəşri ilə Azərbaycan mətbuatında yeni istiqamət - "Molla Nəsrəddin" adlı fikir cərəyanı və ədəbi məktəb yaranıb, satirik jurnalistikanın və karikatura sənətinin əsası qoyulub.