Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Gənc şairlərə məktub - Cavanşir Yusifli

25-04-2024 [ 14:35 ] [ oxunub:81 ]
printerA+ | A-

Sözün ayağı dəyməyən yerlər

Niyə hər əsrin başlanğıcında, ya da tən ortasında əsas motiv kimi şeirin olmamasından şikayətlər eşidilir? Molla Pənahı qoyuruq kənara, onun "Görmədim"i bu nalələrdən sonra və ucadan gəlir, bu, hardasa həyat, ölüm, tanrı, ədəbiyyat gerçəkliyi ilə bağlı olan və onları sorğulayan nəsnədir.

Bəlkə ona görə ki, ən gözəl şeylər, gözlədiyimiz gözəlliklər elə yoxun içindədi, hər halda, insan belə hesab edir və bu zaman nə qədər yeni və gözəl şeyin onun yanından səssizcə ötüb keçdiyinin fərqində olmur? Bu şeylərsə dünyaya ikinci dəfə gəlmir. Bütün gözəl şeylər təkrarsızdı, bunlar olsun ki, sübh tezdən hansısa təbiət mənzərəsinə gözlərimiz açılanda ani yada düşür və tez də sovuşub gedir. Bunlar ömrün, həyatın tanrıyla bağlı, onun içindən (tanrı hər halda kosmosdu) damcı-damcı qopub gerçəkliyə damcılayan məsnələrdir və bir gün, heç şübhəsiz ki, ölüm təşrif gətirəndə onlar yenə gözümüzə görünər, bizi son dəfə müşayiət edər. Vurğunun ən gözəl şeirləri bəlkə bu unikal anların təcəssümüdür. Dünyada çoxmudur belə şairlər? Yaxud Əli bəy Hüseynzadənin vətənə dair o nadur şeiri.

Necə ki Reynar Maria Rilke "Gənc şairə məktublar"da deyirdi: "...Heç də bütün şeylər, adətən bizə aşılandığı qədər aydın və ifadəli deyil; bir çox hadisələrin ümumiyyətlə ifadəsi yoxdur, onlar elə bir sahədə baş verir ki, ora hələ indiyəcən bircə sözün də ayağı dəyməyib və ömrü bizim müvəqqəti həyatımızla müqayisədə əbədi olan bu sənət nümunələrinin, bu müəmmalı varlıqların ifadəsi mümkünsüzdür.. " Hə. Ora indiyəcən bircə sözün də ayağı dəyməyib...

Şeir açılışdır, təsəvvür edin, dünyanın hansı bucağındasa, yerindəsə gözləmədiyin halda yüzlərlə bulaq qaynayır, fontan vurur, Rilke demişkən, "son dərəcə şəxsi olan bir şeyin ucadan səslənmək istəyi"dir bu... Həm də, daxili ehtiyacdan doğan şeir, insanın özünə, içinin dərinliklərinə qapandığı, ordan Tanrıya səslənib dediyi sözsüz şeirlər...

Bu mənada, əsl şeir sözün artıq arxada qaldığı, dəf olunduğu şeirdir.

Şeirin yazıldığını yox, doğulduğunu bilmək üçün "test" aparmaq olar, onu oxuyursan, sakit şəkildə, təklikdə, onun içində oynanılan dram, yəni şeirin hekayəsi sənin xəyalında canlanıb gözünə görünə bilirsə, bu şeir, hardasa sənin bir parçan olur, bizdəki şeirlərin bir çoxunun hekayəsi yoxdu, hansının ki içində dediyimiz dram oynanılır, yaddaşımızda giliz kimi qalır, başımıza nəsə gələndə, qəfil nəynənsə rastlaşanda, ya da qeybdən bir səs eşitmiş kimi olanda... yaddaşdakı o giliz oyanır, yaddaş ağrısı insanı yaşadan nəsnədir, Vaqif Səmədoğlunun əksər uğurlu parçalarında bu hekayə var, amma həm də ilğım içində, ona görə ki, nəsrdən fərqli olaraq şeir dünyada hekayə olmaq istəyən bütün əhvalatları xəyalın içində, təxəyyül sularında batırır, nəsrdə isə əksinə, şeir ola bilən bütün xəyalların əynindən ilğım libasını soyundurur, vurğunu məhz bunun üstünə salır...

Dünyada, bəlkə də heç şeir yazmamış adam yoxdur, varsa da, adı Qırmızı Kitaba yazılmağa layiqdir. Siyasətçilər də yazıb, indinin özündə də yazırlar. Bu onlar üçün təhlükəli şeydir, çünki şeir əvvəl-axır taleyə təsir edir. Şairin siyasətə qurşanması da təhlükəlidir, çünki siyasət şairi öldürür. Dostoyevski də, Rilke də gənc şairlərə bircə fundamental məsləhət verirdilər: şeirdə "dünyanın ilk adamı kimi danışmaq..." Sonra: "...Sevgidən şeirlər yazmayın..." Bu tonda biz də əlavə edə bilərik: yazdığınız mətnləri itirin, sizə adi olan əvvəl-axır qayıdacaq. Şair demişkən: "Əgər sevirsə, qayıdıb gələr"...

Şair var, özü də bilmədən oxuduğu şeirləri yazır, mövcud olanların üstüylə gedir; öz ruhunu başqasının kitabı kimi vərəqləyir və bundan qurtula bilmir...

Şar var, gecənin sakit vaxtında, "dünyanın tək adamı" olduğu zaman gördüklərini yazır, yaza bildikcə. Bir şeirin yazılması, illərlə, bəlkə əsrlərcə davam edir. Füzulinin, Şəhriyarın yazdıqları hələ "bitməyib"...

Bir də, tale kimi yanımızdan ilğım olub keçən şeirlər var, onlar heç kimin yuxusuna girməzlər...

https://edebiyyatqazeti.az/news/edebi-tenqid/11591-genc-sairlere-mektub

SİZƏ MARAQLI OLA BİLƏR