Hörmətli Hamlet müəllim!
Qədim Gəncənin möhtəşəm Dövlət Filarmoniyasında dahi Nizaminin, Məhsəti Gəncəvinin, Xalq şairi Nigar Rəfibəylinin, akademik Həmid Araslının, Xalq yazıçısı Anarın ana vətənində yaradıcılığınıza və ad gününüzə həsr olunmuş qeyri-adi ədəbi-bədii gecədə iştirak etmək qürur doğururdu.
Gəncə, sanki bayram içində idi. Gəncəlilər yaxınlaşıb Bakıdan gələn qonaqları: Xalq yazıçısı Anarı, professorlar Asif Rüstəmlini, Şahin Fazil Fərzəlibəylini, Xalq artistləri Alim Qasımovu, Azər Zeynalovu, İlqar Muradovu, bəstəkar Sərdar Fərəcovu, tanınmış rejissor Ramiz Həsənoğlu və başqalarını sevinclə salamlayır, hal-əhval tuturdular.
Xan bağında Xalq şairi Nigar Rəfibəylinin abidəsini ziyarət edəndə də, "Dünya məktəbi"nin dünya standartlarına cavab verən filialına baş çəkəndə də belə oldu. Qürur duyuram ki, 12 cilddən ibarət "Seçilmiş əsərlərim" bu nümunəvi təhsil ocağının kitabxanasında yer aldı.
Möhtəşəm ədəbi-bədii gecədə çıxış etmək, qədirşünaslıq əlaməti olaraq haqqınızda söz demək mənə də qismət oldu.
Yaradıcı adamlar yaxşı bilir ki, elə insan var ki, haqqında danışanda ona layiq sözləri diqqətlə seçir, ifrata varmaqdan, dinləyicilərin qınağına tuş gəlməkdən çəkinirsən.
Elə şəxsiyyətlər də var ki, haqqında ən mötəbər sözləri deməkdən belə çəkinmirsən. Bilirsən ki, verilən qiymət onlara ana südü kimi halaldır. Siz belələrindənsiniz.
Deyirlər ki, kamil insan olmaq üçün şəriət, təriqət, mərifət, həqiqət adlanan dörd mərhələni keçmək vacibdir.
Sizin hansı mərhələni fəth etdiyinizi bilmirəm. Məlum olan odur ki, siz zəngin ensiklopedik bilik sahibisiniz. Elm fədaisisiniz, fenomensiniz.
Hamlet müəllim, Sizinlə təmasda olanda sadəliyinizə, təvazökarlığınıza heyran olmamaq olmur. Qənaətim budur: sadəlik də səhhət kimi bir ilahi töhfədir. Sizin bəsitlikdən uzaq, dahiyanə sadəliyinizi, təvazökarlığınızı yalnız həmkarınız, professor Hafiz Paşayevlə müqayisə etmək olar. Hər ikinizlə söhbət etmək yaxşı bir kitab oxumağa bərabərdir. Lakin sizi fərqləndirən bir cəhət də var. Siz şairsiniz. Sizin görkəmli riyaziyyatçı alim kimi yetişməyinizə şairliyiniz təkan verib. Sizdən eşitmişəm: Riyaziyyat özü də poeziya kimi ilhamla bağlıdır. Albert Eynşteyn təsadüfi yazmamışdır ki, "Poeziya ruhu daşımadan əsl riyaziyyatçı olmaq mümkün deyil".
Hamlet müəllim, Xalq yazıçısı Anardan eşitmişəm: "Vaxt və baxt insanın taleyində və inkişafında böyük rol oynayır". Sizin təhsil aldığınız vaxtlarda təhsilə və elmə böyük istək, mən deyərdim, hərislik vardı. Orta məktəbi qızıl medalla, elm və təhsil məbədi ADU-nu fərqlənmə diplomu ilə bitiribsiniz. Fitri istedadınız sayəsində riyaziyyat elmi üzrə Azərbaycan hüdudlarını yararaq beynəlxalq aləmə çıxıbsınız. Xarici ölkə elm ocaqlarında tədqiqat aparıbsınız, dərs deyibsiniz. O ki, qaldı Anar müəllimin dediyi baxt məsələsinə, bu sahədə də tale üzünüzə gülüb.
Bundan əlavə, xarici ölkələrdə elm ocaqlarında tədqiqat aparmaq imkanı yaranmışdı.
Bəxtiniz gətirib ki, Nailə xanım kimi nəcib bir xanımla ulduzunuz barışıb.
Ömür-gün yoldaşınız Nailə xanımla möhtəşəm bir iş görübsünüz. Nəhəng "Xəzər Universiteti"ni, "Dünya məktəbi"ni yaradıbsınız. Nailə xanım sizə qol-qanad verib, arxa olub. Türklərin bir kəlamı var: "Qadın kişini vəzir də edər, rəzil də".
Nailə xanım layiq olduğunuz mərtəbəyə yüksəlməkdə sizə dayaq olub. İndi Siz Anar müəllimin haqlı olaraq dediyi kimi, Firudin bəy Köçərli, Rəşid bəy Əfəndiyev kimi şəxsiyyətlərin gördüyü misilsiz maarifçilik işini uğurla davam etdirmək gücündəsiniz.
Hamlet müəllim, Nailə xanımla birgə yazıçı və şairlərə, elm adamlarına, ziyalılara həsr etdiyiniz ədəbi-bədii gecələr toy-bayrama çevrilirdi. Burada Nailə xanımın mükəmməl musiqi təhsili, bəstəkarlığı böyük rol oynayırdı. Təkcə Sizin sözlərinizə Nailə xanım 8 mahnı bəstələyib. Onun mahnılarını görkəmli müğənnilərimiz oxuyub və oxuyurlar. Yaxşı yadımdadır, 2009-cu il dekabrın 28-də mənə həsr olunmuş ədəbi-bədii gecə 3 saat davam etdi. Sanki bir an kimi keçdi. Müğənnilər Nuriyə Hüseynova, Zakir Əliyev, Almaz Orucova, aşıqlardan Gülarə və Fəzail Miskinli, kamançaçalan Munis Şərifov iştirak etdilər. Təəssüf ki, o gecənin təşkilatçıları - Nailə xanım və Bəhlul Abdulla, eləcə də qardaşım qızı Qənirə Paşayeva, Nahid Hacızadə, Əlibala Hacızadə, İlyas Tapdıq, Hacı Mirəziz, Həsən Mirzəyev, Tale Həmid, Maarif Teymur, Vaqif Arzumanlı, yeznəm Əsgər Kərimov və başqaları sıralarımızı vaxtsız tərk etdilər.
Lakin görülən iş unudulmur. Nə yaxşı ki, ənənəni davam etdirirsiniz. Nailə xanımla birgə yaratdığınız "Elm və Sənət Məclisi" bir aləmdir. Nailə xanım bütün təşkilatçılıq işini boynuna götürürdü. Siz isə yalnız məclisi aparırdınız. Nə gizlədim, məclisdə çıxışlarınızdan, televiziyada "Ustad dərsləri"nizdən pay götürüb zənginləşməmək mümkün deyildi.
Onu da deyim ki, Nailə xanım elə əhval-ruhiyyə yaratmışdı ki, hamı "Elm və Sənət Məclisi"nin yığıncaqlarına həvəslə gəlirdi.
Nailə xanım, sanki, əlində fanar uğurlarınıza işıq tuturdu. Bu, mənim yadıma ilk avtomobil düzəldən amerikalı mühəndisin sözlərini salır. O, maşın düzəldəndə yoldaşı həmişə yanında olub. Gecələr o, fanar tutar, əri işləyərmiş. Bir gün qonşular görür ki, gecələr yuxularına haram qatan qonşularının qarajından özüyeriyən araba çıxdı. Sonralar onun necə şöhrətləndiyini təsəvvür etmək çətin deyil. Bir gün ondan müsahibə götürəndə soruşurlar: "Yenidən dünyaya gəlsəniz, hansı sənəti seçərdiniz. Cavab düşündürücü olur: "Fərq etməz, təki yoldaşım yanımda olsun!"
İnanıram ki, Nailə xanımlı günlərdə belə bir sual Sizə yönəldilsəydi, Siz də belə bir cavab verərdiniz. Çünki nəcib ziyalı, örnək şəxsiyyətsiniz. Nə edəsən ki, həyatın dözülməz imtahanına dözmək Sizə də qismət oldu.
Hamlet müəllim, vəfalı kişilər sevimli həyat yoldaşlarını vaxtsız itirəndə onların adını əbədiləşdirmək üçün kimi Tac Mahal ucaldır, kimi məscid tikdirir, kimi Fəxri Xiyabanda halalca yeri olduğu halda, adi qəbiristanlıqda həyat yoldaşının yanında dəfn olunmağı vəsiyyət edir (məsələn, həmkarınız, akademik Bəhram Əsgərov), kimi adına bulaq düzəltdirir, kimi su kanalı çəkdirir, yollar saldırır, dəli-dolu axan çayların üstündən körpülər saldırır.
Siz burada da fərqlənibsiniz. Nailə xanımı vaxtsız itirəndən sonra evə başqa qadın gətirib onun ruhunu incitmədiniz, övladlarınızın qəlbinə xal salmadınız. Təkcə bununla kifayətlənmədiniz. Nailə xanımın adını əbədiləşdirmək üçün "Dünya məktəbi"ndə adına muzey düzəltdirdiniz. Nailə xanımın adını daşıyan "Dünya məktəbi"ndə Xalq şairi Nigar Rəfibəylinin 110 illiyinə həsr olunmuş qeyri-adi ədəbi-bədii tədbirdən sonra həyat yoldaşım və professor Telman Vəlixanlı ilə muzeyə getdik. Təəssüratımız çox böyük oldu. Xatirə dəftərində fikirlərimizi bölüşdük. Bütöv bir divarı xalqın həyatında müstəsna xidmətlər göstərmiş, dünyasını dəyişmiş azərbaycanlı qadınların portretləri bəzəyirdi.
Nailə xanımın arzusunu yerinə yetirərək "Tarixdə iz salan, Azərbaycan mədəniyyətinə töhfə verən qadınlar" silsiləsindən onlara həsr olunmuş portret kitablar hazırlayıb çap etdirirsiniz.
Gələcəyin gözü ilə baxanda aydınca görmək olur ki, Azərbaycan mədəniyyətinə zəngin bir səhifəni ortaya qoyubsunuz.
O da diqqətəşayandır ki, Nailə xanımın əmanət qoyub getdiyi "Xəzər Universiteti" və "Dünya məktəbi"ni inkişaf etdirirsiniz. "Xəzər Universiteti" deyəndə, nədənsə göz önünə ulu öndərin dostu, iraqlı soydaşlarımızın dünya şöhrətli alimi və pedaqoqu İhsan Doğramacının "Bilkənd Universiteti" gəlir. Bu iki özəl Universiteti fərqləndirən bir cəhəti xüsusi vurğulamaq istəyirəm. Bu universitetlərdə təhsilə xaricdən mütəxəssislər dəvət etməyə, təhsili yeniləməyə vəsait əsirgəmirlər. Odur ki, ad-san, uğur qazanıblar.
Hamlet müəllim, "Oğuznamələr"in birində ibrətamiz bir hekayət ilə rastlaşmışam. "Uzun həsrətdən sonra padşahın oğlu olur. Toy qurulur. Qorqud Ata uşağın adını Duman qoyur. Bir ay gecə və gündüz yaxşılar da, pislər də şənlənirlər. Qocalar öz yaşlarını, yoxsullar yoxsulluqlarını, varlılar ölümü unudurlar".
Siz o qədər diqqətlisiniz ki, heç nəyi unutmursunuz. Siz professor Camal Mustafayev kimi neçə-neçə saf, pak elm adamlarına, imkansızlara qayğı göstəribsiniz. Bu işi bu gün də davam etdirirsiniz.
İnanıram ki, imkansız adamları illərlə həsrətində olduğu Həcc ziyarətinə də göndərəcəksiniz.
Hamlet müəllim, Sizdən eşitmişəm, Moskvada çox görkəmli riyazıyyatçı alimin 80 yaşını təntənə ilə qeyd edirlərmiş. Gənc alimlərdən biri ona 100 yaş arzulayır. Alim yarıgerçək, yarızarafat riyaziyyatçı dili ilə deyir: "Sizə kim səlahiyyət verib, mənim yuxarı yaş həddimi təyin edəsiniz?"
Siz riyaziyyatçısınız, ona görə Sizə yuxarı yaş həddi qoymaq fikrindən uzağam. Odur ki, səmimi qəlbdən arzu edirəm ki, qalan ömür payını da gümrah, sağlam yaşayasınız.
Dərin hörmət və ehtiramla...