Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Bizə və Bizdən yazırlar

Bizi yaşadan xoş arzular... (Professor Vüqar Əhmədlə müsahibə)

25-04-2024 [ 10:39 ] [ oxunub:106 ]
printerA+ | A-
104492

Filologiya elmləri doktoru, ədəbiyyatşünas alim, şair Vüqar Əhmədin «Əsrin Aydınları» jurnalına müsahibəsini təqdim edirik.

— Vüqar müəllim xoş gördük, istərdik sizi yaxından tanıyaq.

— Mən 1963-cü il aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyalı ailəsində anadan olmuşam. Soykökümüz Sultan Əhməd xanədanına mənsubdur. Ulu babam doktor Kərbəlayi Mahmud bəy, öz babam həm həkim, həm də ilhiyyatçı Məşədi Soltan Əhməd, ana babam isə ictimai xadim Kərbəlayi Əzim olmuşlar. 1980-ci ildə Bakıdakı M.Müşfiq adına 18 saylı orta məktəbi, 1984-cü ildə indiki ADPU-nu «Fərqlənmə» diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını bitirmişəm. 1992-ci ildə filologiya elmləri namizədi, 2005-cü ildə isə filologiya elmləri doktoru elmi dərəcəsi almışam.
 İlk pedaqoji fəaliyyətimə Şamaxı rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi olaraq başlamışam. Müxtəlif illərdə «Novruz» qəzeti və «Azərbaycan dünyası» nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri həmkarlar komitəsinin sədr müavini vəzifəsində, 1987-ci ildən-2005-ci ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışmışam. Eyni zamanda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycan Müəllimlər İnstitutunun professoruyam. «Rus uşaq ədəbiyyatı və Azərbaycan» (Bakı, 1992), «Mircəfər Pişəvərinin həyat mühiti və yaradıcılığı» (Bakı, 1998), «Azərbaycan uşaq ədəbiyyatı» (Bakı, 2006), «Ədəbiyyatşünaslıq» (Bakı, 2007) və s. kimi 25 kitab və 300-dən çox elmi, publisistik məqalə müəllifiyəm. Əsərləri İran, Türkiyə, Yunanıstan, Almaniya və digər ölkələrdə çap olunub. Nəğməkar şair kimi 500-dən çox mahnının söz, eləcə də musiqilərin müəllifiyəm. Filologiya elmləri doktoru, professor, Nyu-York EA-nın həqiqi üzvü, eləcə də Azərbaycan Yazıçılar və Jurnalistlər birlikləri, «Muğam» assosiasiyasının, Bakı şəhəri icra hakimiyyəti ali mədəniyyət şurasının üzvüyəm.

 — Yubileyinizdə aldığınız ən dəyərli hədiyyə nə olub?

— Bu yaxınlarda 60 illik yubileyimdə çoxlu təbriklər aldım. Türkiyədən, Özbəkistandan, Avropa ölkələrindən təbrik edirdilər. Xatırlayan, yada salan hər kəsə təşəkkür edirəm. Beynəlxalq Elmlər Akademiyasının üzvü və eləcədə akademikiyəm. Oranın akademiki Bakıya gələrək, mənə diplom təqdim etdi. Dünya Söz Akademiyasının başkanı professor akademik Hayreddin İlkin, Turan xalq şairi Hayderbek Bababekov, Turan Elmlər Akademiyasının akademikləri təbrik göndərmişdilər. Daşkənddə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi, Azərbaycanda Ağsaqqallar Şurasının sədri deputat Eldar Quliyev mənə Ağsaqqal Ordeni verdi. Akademiyanın prezidenti fəxri fərmanla təbrik etdi. Çoxu yadımdan çıxıb, amma heç bir yerdə yubiley qeyd etmədim. Ona görə qeyd eləmirəm ki, rəhmətlik anama deyirdim, «Ana, gəl sənə yubiley edim». Deyirdi, «düşər-düşməzi var». Deyirdi ki, «70-də edərsən». Sonra 70 yaşı olanda da qoymadı, dedi, «75-də edərsən». Gəldik 80-nə dedim, «Ana, sənə yubiley edim». Dedi, «İndi elə, daha yaşamaqdan yoruldum». Bir il sonra rəhmətə getdi. İndi necə deyərlər, mən hələ yaşamaqdan yorulmamışam. Yaxşı günlər hələ öndədi. Yubileyi də nə vaxt yorularam, onda edərəm. 

— Vüqar müəllim, yadınızda qalan ən xoş xatirələrdən hansını bizimlə bölüşməyinizi istərdik…

— Sualınıza acı hekayə ilə başlasam da, həyatımda çox xoş xatirələrim olub. Bir bacım bu yaxınlarda dünyasını dəyişdi. O, ömrünü bizə həsr etmişdi. Ailə qurmamışdı, özünü şam kimi bizim yolumuzda əritdi və 64 yaşında dünyasını dəyişdi. Xatirəm odur ki, işdə ikən birdən öz-özümə dedim ki, sabah  bacımı ziyarətə gedərəm. Elə bil hansısa qüvvə dedi ki, bu gün get. Getdim, daha sonra bacım məni yola salanda gözümün içinə baxdı. Özüm də qəribə oldum. Bu, həyatımda ən acı xatirədir. İnanıram ki, məkanı cənnətdir. Ürəyimə elə bil, nəsə dammışdı. Günorta mən işdə olanda zalda məndən danışırdılar. Mən ağlayırdım. Sən demə, ürəyim mənə xəbər veribmiş.

— Vüqar müəllim, arzularla bağlı şeiriniz diqqətimi çox çəkdi. Arzularınızı  reallaşdıra bilmisinizmi?

Dəyərli sənətkarımız Briliant xanımın ifa etdiyi musiqidəki yazdığım sətrlərdə deyilir:

«Bizi yaşadan xoş arzulardır, 

«Ruhdan da salan boş arzulardır».                   

— Naşükürlük etmirəm, Allaha qarşı çıxmıram, səbir edirəm, şükür edirəm. Salamatıq, əlimiz də, ayağımız da yerindədir. 19-cu əsrdə Qarabağda aşıq Bəşir olub, onun gözəl qoşması var, bir beytini deyirəm: 

Qoca cadugərdi, aldadar səni

Cavanlıq donunda qalan bu dünya…

Sonra mən o vaxt bir beyt deyirdim:

Zaman bir qəmçidi, biz də fırfıra,

Fırlada-fırlada aparır gora…

— Demək istəyirəm ki, onsuz da hamımızın hansısa arzusu yarım qalır. Naşükürlük edə bilmərəm. Qarabağın işğaldan azad olunması, Prezidentimizin yenidən seçilməsi ən böyük arzularımızın qəbuludu. İlk dəfə «sevimli prezidentim» sözünü mən istifadə etmişəm və Cənab Prezident İlham Əliyevə ilk mahnını mən yazmışam. Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyi ilə bağlı kitab da hazırladıq. Kitabın ideya müəllifi, ön söz yazarı AMEA-nın prezidenti İsa Həbibbəylidir. Kitabı hazırlayıb Ulu Öndərin 100 illiyinə hədiyyə etmişdik. Eyni zamanda şöbənin işçilərini də kitaba həmmüəllif etdim. Həmçinin kitabın möhtəşəm təqdimat mərasimini keçirdik.  Hamı bilir ki, həmişə mədəniyyət nazirlərimizdən narazı olmuşam. Amma hazırkı nazirimiz  Adil Kərimlidən çox razıyam. Dövlətinə və xalqına sədaqətlə xidmət edən dövlət məmurlarımız da var. Mədəniyyət naziri Adil Kərimli 60 illik yubileyimdə məni Fəxri Fərmanla təltif etdi. Başda Müzəffər Ali Baş Komandan, Qarabağ fatehimiz cənab Prezident İlham Əliyev olmaqla qüdrətli ordumuza təşəkkür edirəm. 2003-cü ildən bu günə kimi ölkəmiz, dövlətimiz daim inkişaf   edib.  İllərlə düşmən tapdağında olan torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli ordumuzun gücü-qüdrəti ilə işğaldan azad edildi. Bu Zəfəri bizə yaşadan cənab Prezident İlham Əliyevə, Ordumuza, əziz Şəhidlərimizə və qazilərimizə sonsuz minnətdarıq. Allah Şəhidlərimizə rəhmət eləsin.

— Vüqar müəllim, gənc yazarlarımıza nə demək istərdiniz?

— Gənc yazrlarımızın içində çox istedadlı, tərbiyəli şairlərimiz, yazıçılarımız var. Onları da oxuyuram. Çox vaxt şeirlərini göndərirlər. Yüksək qiymətləndirirəm. Amma bəziləri tanınandan sonra bizi bəyənmirlər. Əlbəttə, çox istedadsızları da var. Gənclərə əsas tövsiyəmiz odur ki, Vətəni, ananı sevsinlər. Sevdikləri yara dəyər verib, hörmət etsinlər. Həmçinin yazdıqları yazılarda vulqar sözlərdən uzaq olsunlar və qeyri etik ifadələrdən qaçsınlar. Yəni belə şeylər etmək olmaz. 

 

— Vüqar müəllim,  Məhəmməd Füzulini sözün peyğəmbəri adlandırmısınız. İstərdik bir qədər Füzuli məktəbindən danışaq. 

— 2024-cü il yanvarın 25-də Cənab Prezident İlham Əliyev dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. 

O vaxt Məhəmməd Füzuli haqqında şeir də yazmışdım:

Ya Məhəmməd Füzuli, 

Ərəb, fars, həm türk dili,

Sənin qəzəl dilindi, bu il sənin ilindi.

Ya müqəddəs Kərbəla,  Azərbaycan torpağı birdə görməsin bəla.

— Məhəmməd Füzuli ədəbi məktəbi heç vaxt unudulmaz. Füzulidən əvvəl və sonra böyük şair tanımıram. Rəhmətlik xanəndəmiz Hacıbaba Seyidov deyərdi ki, Füzulini sevməyən türk deyil, Azərbaycanlı deyil. Bəziləri deyir ki, klassiklər toxunulmaz deyil. Mən deyirəm ki, klassiklər toxunulmazdır. Füzulidən sonra Seyid Əzim   və Əliağa Vahid bizə verilib. Azərbaycan muğamını Əliağa Vahidsiz təsəvvür etmək mümkün deyil. Qadağan olunsa muğamımız lal olar. Biz Vahidə Füzulinin yadigarı deyirik. Çünki Füzulidən sonra ən gözəl qəzəl ustası kimi onu görürük.  O, öz qəzəllərindən birində yazır:

Deyirəm əhli-qələm, Vahid, əfv edərsə məni,

Böyük Füzulimizin yadigarı mən özüməm.

Yaxud bir Vahid ki, Füzulinin xakü- payı, ayaq tozuyam

 

Əliağa Vahid yazır ki…

O gün olsun ki, səni məclisi-səhbadə görüm,

Gənə dəstində qədəh, meylüvi minadə görüm.

O gün olsun ki, səri-kuyivə, düşsün güzərim,

Özümü izzət ilə cənnəti-məvadə görüm.

Seyid Əzim də Füzuli məktəbidir. Seyid Əzim Şirvani başqa bir qəzəlində də belə yazır:

Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

 

 

— Müasir Azərbaycan ədəbiyyatında daha çox tarixi romanlar müəllifi kimi tanınmış yazıçı Əzizə Cəfərzadə «Aləmdə səsim var mənim» romanı Seyid Əzim Şirvaninin həyatından bəhs edir. 

Əliağa Vahid yazır:

Dünyaya gözəllik verən, əlbəttə, günəşdir,

Ondan da gözəl xəlqə təcəllayi vətəndir.

-Vahid bənzətmə edir və Vətəni Günəşdən gözəl hesab edir. Bu böyük dahi fikirdir. Sevgiyə aid çox şeirlər var. Amma Əliağa Vahid kimi sevgiyə poetik dəyəri heç kim verməyib. 

Vahid eşq haqqında yazır:

Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir, 

Eşqdən məhrum olan insanlığa biganədir. 

Sevgidir, yalnız məhəbbətdir həyatın cövhəri, 

Bir könül ki, eşq zövqün duymasa, qəmxanədir. 

 

Şeirin axırında isə bunu deyir:

Vahidəm mən, sevgilim, məndən xəyanət görməsən, 

Şairəm, eşqim də öz qəlbim kimi mərdanədir.

— Məhz onlar buna görə Füzuliyə borcludurlar. Necə ki, heca yazanlar Səməd Vurğuna borcludur. Səməd Vurğun ədəbi dilin inkişafında çox böyük xidmətləri olmuşdur. İllərdir ki, şeir yazan şairlər Səməd Vurğunun şinelindən çıxıb. 

Mirzə Ələkbər Sabir yazır:

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!

— Vüqar müəllim, hər şairin, yazarın öz məhsuladar fəsli olur. Sizin üçün elə fəsil varmı?

— Əsas yaz fəslində məhsuldar oluram.  Yayda əsasən elmi işlərlə məşğul oluram. Təbim gələndə şeir də, roman da yazıram. Doğrudur, yazda yazının poetikliyi daha da artır. 

Hüseyn Arif  yazır:

Məndən təzə şer xəbər alan dost,

Bəs yazın gəlməsi şer deyilmi?!

Gəzməyə çıxanda — çölün, çəmənin

Üzünə gülməsi şer deyilmi?!

— Ona görə də yaz fəsli çox önəmlidir. Həm də ona görə önəmlidir ki, özüm də yazda, aprelin 17-də doğulmuşam. 

— Vüqar müəllim, uğur tale işidir, yoxsa insanın əzmindən asılıdır?   

— Allah deyir ki, «səndən hərəkət, məndən bərəkət». Hər bir insana Allah istedad verib. Hələ deyirlər ki, insan beyninin bir faiz istedadını üzə çıxarsa, o dahi olar. Bəlkə bu mübaliğədir, amma içində böyük həqiqət var. İnsan çalışmalı, özünü inkişaf etdirməli, biliyini artırmalı, işinin peşəkarı olmağı bacarmalıdır. Bu gün istedadlı və uğurlu gənclərimiz çoxdur. Hər biri Vətənimizin inkişafına böyük töhfələr verirlər. Ölkə daxilində, ölkə xaricində kifayət qədər Vətənimizi yüksək səviyyədə təmsil edirlər. Ona görə çalışaraq onun bərəkətini görürlər.   

— Hörmətli Vüqar müəllim, maraqlı müsahibəniz üçün təşəkkür edir, sizə möhkəm cansağlığı və fəaliyyətinizdə daima uğurlar arzu edirəm.

— Məndə sizə və jurnalınızın rəhbərliyinə, əməkdaşlarınıza təşəkkür edirəm. Arzu edirəm ki, sizin bu jurnal Azərbaycan mətbuatında öz dəsti xətti ilə yadda qalsın və geniş oxucu kütləsi toplayasınız. Uğurlar!

 

© Əsrin Aydınları jurnalı

Tədqiqatçı Jurnalist: Günel Şəmilzadə

SİZƏ MARAQLI OLA BİLƏR