Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Bizə və Bizdən yazırlar

Musiqi qanadlı sözlər şairi Vüqar Əhmədə

10-05-2023 [ 16:34 ] [ oxunub:484 ]
printerA+ | A-

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən şair, professor Vüqar Əhmədin 60 illik yubileyi ilə bağlı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna təbrik göndərilib.

 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor, yazıçı-publisist, şair Vüqar Əhmədə

 

Musiqi qanadlı sözlər şairi

 

Görkəmli ziyalı, şair, yazıçı, ədəbiyyatşünas, ssenarist, filologiya elmləri doktoru, professor, Vüqar Əhməd çağdaş Azərbaycan ədəbiyyatında zəngin və çoxşaxəli yaradıcılığı ilə seçilən sənətkarlardan biridir. Müstəqillik dövrü ədəbiyyatının tanınmış nümayəndələrindən olan Vüqar Əhmədin ədəbi fəaliyyəti mövzu, ideya, janr və üslub rəngarəngliyi baxımından diqqət cəlb edir və Azərbaycan incəsənəti ilə çox bağlıdır. Çünki Vüqar Əhməd şeirləri ruh ilə canın birləşdiyi kimi Azərbaycan musiqisi ilə birləşərək xalqımızın dilində əzbərə çevirilmiş nəğmələrə dönmüşdür. İslam aləminin tanınmış filosofu Əbu Turxan yazır ki, “Poeziyanın missiyası ilahi gözəlliyi onun təzahürlərində görməkdir və poeziya saf, incə könül duyğularının toplumudur”.

Ədəbiyyat həyatın güzgüsüdür. Şair və yazıçı nədən yazırsa yazsın, onun əsərinin obyekti və subyekti mütləq məhz insan olur. Vüqar Əhməd öz əsərlərində yaşadığı mühitdə baş verən hadisələri, ağrıları, həyatın işığını və qaranlığını, xeyirini və şərini, sevincini və kədərini, yaxşılığı və pisliyi oxucunun ruhunu oxşamaqla ona səmimi, poeziyanın dili ilə çatdırır. Vüqar Əhmədin çoxşaxəli yaradıcılığında müxtəlif mövzularda qələmə aldığı ana dilinin saflığını, bədii təsvir və ifadə vasitələrinin zənginliyini özündə əks etdirən poeziyası xüsusi yer tutur. Şairin yaradıcılığının ana xəttini vətən torpaqlarının bölünməzliyi, Qarabağ, Şuşa, Güney

ağrıları, Göyçə nisgili, ana məhəbbətinin ülviliyi, 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun qəhrəmanlıqları, Şanlı ordumuzun rəşadəti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörənliyi sayəsində düşmən üzərində tarixi qələbənin tərənnümü və başqa mövzular təşkil edir.

40 ilə yaxın zəngin və məhsuldar yaradıcılıq yolu keçən Vüqar Əhməd yaradıcılığı təkcə Azərbaycanla sərhədlənmir, onun qanadlanan poeziyası nisgilli bütün Türk dünyasındakı qardaş türk ellərinə pərvazlanır.

Təsadüfi deyil ki, Vətən eşqi ilə döyünən soydaşlarımız şair Vüqar Əhmədin hər dəfə Azərbaycanımızda çap olunan yeni şeirləri ilə təskinlik tapırlar. Vüqar Əhməd yaradıcılığının şah əsəri sayılan və anaya həsr etdiyi çoxsaylı şeirlərinin zirvəsində dayanan “Anam mənim” nəğməsində ana məhəbbətinin ülviliyi ön plana çəkilir, ana sevgisinin, ana nəvazişinin, ana qayğısının övlada bəxş etdiyi xoşbəxt anların, günlərin bir məlhəmə çevrilməsi, övlada yenidən ikinci həyat verməsi yüksək sənətkarlıqla mənalandırılır. Onun şeirində təcəssüm olunan və bütün bu keyfiyyətləri özündə əks etdirən Ana isə əsl Azərbaycan qadınlarının ümumiləşmiş simvolu kimi qəlblərdə heykəlləşir, əbədilik qazanır.

 

Şairin “Balaların xətrinə” şeiri isə mərd Azərbaycanlı atanın daxili təlatümlərini əks etdirən söz mücəssəməsidir:

 

Hərdən oldu haqsızlığa göz yumdum,

Acı sözü, hər zəhəri mən uddum,

Dinc oturub şər-böhtandan gen durdum,

Balaların, balaların xətrinə...

 

Vüqar Əhməd yaradıcılığının möhtəşəmliyi yalnız onun zəngin lirikası, istedadı ilə bağlı deyil, həm də yaradıcı bir insanın daxili narahatçılıq çırpıntılarındadır:

 

Çoxluq içində təkəm,

Necə tənhayam, təkəm.

Bu dünyanın qəmini

Sən çəkəsən, mən çəkəm...

 

Hörmətli Vüqar müəllim,

 

Sizi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kollektivi və şəxsən öz adımdan 60 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir və Sizə bu dünyanın qəmindən kədərindən uzaq sağlam, xoşbəxt və uzun ömür arzulayıram. Yazın, yaradın və qələminiz daim can Azərbaycanımızın rifahı, gənclərimizə Vətən sevgisi, onlarda öz keçmişinə, dəyərlərinə hörmət və milli-qəhrəmanlıq hisslərinin güclənməsinə, Türk dünyasının həmrəyliyinə xidmət etsin.

Hörmətlə,

Direktor, Fəxri mədəniyyət işçisi

Samir Abbasov

SİZƏ MARAQLI OLA BİLƏR