Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Cümhuriyyətin milli yaddaş xəzinəsi - "Azərbaycan" - Asif Rüstəmli

16-10-2023 [ 10:05 ] [ oxunub:163 ]
printerA+ | A-
103814

Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri cinayətlərin tarixi vərəq-vərəq araşdırılmalıdır

"Azərbaycan" qəzeti 105 il əvvəl Bakının daşnak-bolşevik irtica qüvvələrindən azad edilməsi uğrunda Qafqaz İslam Ordusunun apardığı mübarizənin son günündə - zəfər, qurtuluş coşqusu yaşayan xalqımızın ən əlamətdar tarixi dönəmində Gəncə şəhərində təsis edildi. 

Erməni-daşnak barbarlarının 1918-ci ilin mart ayında törətdikləri insanlığa sığmayan soyqırımı günlərində günahsız insanlarla yanaşı, mədəniyyət abidələri, nəşriyyatlar, mətbəələr də vəhşiliklə yandırıldı və məhv edildi. Belə bir ağır və böhranlı durumda isə qəzet ölkə ərazisində cümhuriyyətin ilk rəsmi mətbu orqanı kimi fəaliyyətə başladı. "Azərbaycan" qəzeti yeni yaradılmış eyniadlı dövlətin ideya-quruculuq istiqamətlərini, fəaliyyət yönümünü, daxili və xarici siyasət aspektlərini, dövlətlərarası münasibətlər kompleksini, prioritet məsələlərini gündəlik səhifələrində əks etdirən mötəbər salnaməyə, ensiklopedik məlumatlar toplusuna, dəyərli və unudulmaz yaddaş kitabına çevrilməkdə idi. Bu mətbuat orqanının Gəncə şəhərində nəşr edilən dörd sayında müəllif imzasına rast gəlinməsə də, qəzetin texniki və yaradıcılıq məsələlərinin həllində yerli ziyalı qüvvələrin dəstəyini istisna etməməklə görkəmli siyasət adamı və publisistlərdən Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüstəmbəylinin müstəsna xidmətləri danılmazdır.
Xalq Cümhuriyyətinin 23 aylıq yığcam və mübarizələrlə zəngin, keşməkeşli fəaliyyəti dövründə ilk sayından iki dildə çıxan, heç bir partiya orqanını bilavasitə təmsil etməyən "Azərbaycan"ın doğma dilimizdə 443 və rus dilində 438 nömrəsi işıq üzü görmüşdür. Hər sayında gənc Cümhuriyyətin prioritet mövzularını önə çəkən qəzet səhifələrində "erməni məsələsi" deyilən və süni şişirdilən problemin fərqli yönlərinin öz əksini tapması razılıq hissi doğurmaqla yanaşı, o bu gün müxtəlif tədqiqat sahələri üzrə geniş və sistemli araşdırılmasına hər zamankından daha çox ehtiyac duyulur.
Bakının daşnak-bolşevik silahlı qüvvələrindən təmizlənməsindən sonra "Azərbaycan" qəzetinin rus dilində çıxan ikinci sayında dərc edilən isti informasiyalar içərisində bir məlumat xüsusilə diqqəti cəlb edir: "Şəhər (Bakı) ermənilərinin arximandriti (baş monarxı-A.R.) Levonun başçılığı, İ.N.Xocayevin və G.M.Şahnazarovun iştirakı ilə 6 nəfərlik nümayəndə heyəti 15 sentyabr Bakının alınması münasibətilə Heyəti-Vükəla rəisi (Baş nazir) F.X.Xoyskini və onun müavini Nuru paşanı təbrik etmişlər. Ruhanilər adından arximandrit Levon, şəhər (erməni) əhalisi adından isə İ.N.Xocayev və G.M.Şahnazarov təbrikləri çatdırmışdır" ("Azərbaycan" qəzeti, 1918, 19 sentyabr,  № 2).
Məlumatda adları vurğulanan, məzlumluq libası geyinib 15 sentyabr Cümhuriyyət paytaxtının qurtuluşu münasibətilə Fətəli Xan Xoyskini və Nuru paşanı təbrik etməyə tələsən Bakıdakı erməni icmasının nümayəndə heyətinin üzvlərindən  İsaak Nikitiç Xocayev və Georgiy Şahnazarov antitürk məsləyə malik qatı millətçi, erməni komitəsinin üzvləri idilər. Onlar 1918-ci il mart soyqırımı zamanı Bakıda azərbaycanlılara qarşı törədilən barbarlıqda, vəhşilikdə erməni-daşnak bandalarına maddi və mənəvi dəstəkləri ilə birbaşa iştirak etmişlər. Mart soyqırımına görə qisas əməliyyatının başlanacağının xofunu yaşayan erməni icmasının arximandriti Levonun başçılığı ilə 6 nəfərlik nümayəndə heyətinin məqsədi, təbii ki, yalnız "dost"larını qələbə münasibətilə təbrik etmək deyildi, eyni zamanda "kəşfiyyat"a - Nuru paşanın zəfərdən sonrakı planları, ermənilərə bəslənəcək münasibət, təhlükəsizliyin təminatı ilə tanış olmaq niyyətindən irəli gəlirdi... Erməni icmasının nümayəndə heyətinə Cümhuriyyət rəhbərliyi adından duydurulan loyal münasibət onları ümidləndirdi, hətta təsəvvürə gətirə bilmədikləri humanistliyin şahidi oldular. Azərbaycan türklərinə qarşı  rəvac verdikləri yaramazlıqlara rəğmən erməni icmasından İsaak Xocayev və Georgiy Şahnazarov mənsub olduqları fraksiyadan Azərbaycan Cümhuriyyəti Parlamentinin deputatı statusuna yiyələndilər.
Arximandrit Levon isə ənənəvi ampluasında idi - başçılıq etdiyi erməni kilsəsi türklərə qarşı düşmənçiliyin, nifrətin, qərəzin, qəddarlığın, kəmfürsətliyin ideoloji mərkəzi və maliyyə qaynağı, silah-sursat arsenalı təminatına sahib idi. Bununla belə gənc Cümhuriyyətin məsul şəxsləri erməni nümayəndə heyətinin təkliflərinə "yamanlığa yaxşılıq" prinsipi ilə yanaşırdılar. Gözləmək olardı ki, erməni icması qonşularına qarşı zaman-zaman törətdikləri mənfur əməllərdən geri çəkilib, düz yola qayıdacaqlar. Onlara göstərilən etimad limitindən münasibətlərin yaxşılaşması, sülh və əmin-amanlıq üçün faydalanacaq, hüquq və azadlıqlardan mədəni və mənəvi tərəqqiləri üçün güc, enerji alacaqlar...
"Azərbaycan" qəzetinin 1918-ci ilin noyabrında, 33-cü sayında dərc edilən bir informasiya da xüsusi diqqət çəkir: "Silah tutulması. Təşrini-saninin (noyabrın-A.R.) 3-də Təhərri (axtarış-A.R.) polis müdiri Erməni İnsaniyyətpərvər (xeyriyyə) Cəmiyyəti mülkündən 23 süngülü tüfəng, əl bombaları, 
5 çərx səhra telefonu məftili, 165 fişəng və qeyri (sursatlar) tapılmışdır.
Malakanski və Tramvaynı caddələrinin küncündə, sabiq 279-cu Ehtiyat alayının 15 və 16-cı bölükləri olan evdən 13 düymə topa məxsus 3 mərmi, 26 mərmi pistonu, 6 düyməlik mərmi, 4 ədəd əl bombası, tüfəng və 650 ədəd fişəng kəşf edilmişdir" ("Azərbaycan" qəzeti, 1918, 3 təşrini-sani (noyabr),  № 33, səh. 4).
Bakı şəhərində fəaliyyət göstərən Erməni İnsaniyyətpərvər Cəmiyyətinin nizamnamə və məramnamə şərtlərinə zidd olaraq sahibləndiyi mülkləri silah-sursat cəbbəxanasına çevirməsi təəccüblə qarşılanmamalıdır. Çünki erməni kilsələrinin, xeyriyyə cəmiyyətlərinin kündəsi qan ilə yoğrulmuş bu mərkəzləri yaradıldığı gündən qonşu xalqlara qarşı terroru, müharibəni, düşmənçiliyi, xəyanəti, satqınlığı, qəddarlığı dəstəkləmiş, sülhsevərlik və insanpərvərlik pərdəsi altında onun qayəsinə, amalına və ideallarına zidd əməllərdə bulunmuşlar.
"Azərbaycan" qəzeti bütün fəaliyyəti dövründə İrəvan quberniyasında yaşayan müsəlmanların (azərbaycanlıların) vəziyyətini davamlı olaraq işıqlandırmış, rəsmi sənədlər və yerli əhalinin göndərdiyi şikayət məktublarını  "Ermənistanda", "Ermənistan Cümhuriyyətində", "Ermənistanda müsəlmanların halı" və digər rubrikalar altında mütəmadi yayımlamışdır. İrəvan quberniyasının Yeni Bəyazid mahalında olan 29 Azərbaycan kəndi adından Məşhədi Talıb Rüstəm oğlu, Məşhədi İsmayıl Hacı Əli oğlu, Məşhədi Əsədulla Məşhədi Əli Əkbər oğlunun Azərbaycan Nazirlər Kabinetinin rəisi Fətəli Xan Xoyskiyə ünvanladığı şikayət ərizəsi qəzetdə də dərc edilmişdi. Orada yazılırdı: "... ermənilər silahsız olan müsəlmanlara hücum edib Zağalı, Subatan, Qızılvəng və Çuxurlu namlı dörd ədəd kəndin bütün əhalisini - kişi, arvad, uşaqlarını kəsdilər, sonra bu kəndləri atəşə tutdular ki, imdi də onlar yanmaqdadır. Biz kamali-məmnuniyyət ilə öz doğma yurdumuzu buraxıb, bütün əmlakımızı onlara tərk edib gedirdik. Fəqət iş ondadır ki, qışın böylə soyuq zamanında, qarların içində 29 ədəd böyük kəndin əhalisi dağların təpəsi ilə necə gedə bilərlər?" ("Azərbaycan" qəz. 1919, 14 şübat (fevral), № 114, s.4).
Bu qanlı hadisələrin barbarlıqla həyata keçirilməsindən təxminən 70 il sonra Kəlbəcər, Xocalı, Bağanis-Ayrım, Meşəli, Qarakənd, Başlıbel və digər yaşayış məntəqələrində erməni-daşnak cəlladlarının Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər göz önündə canlanır... XX yüzilliyin əvvəlində (...və sonunda) bir milyondan çox azərbaycanlının öz isti ocağından, doğma vətənindən zorla didərgin salınması, onların acı taleyi, dözülməz müsibəti, yurd, torpaq göynərtiləri, etnik təmizləmə faktları gerçək tarix olaraq "Azərbaycan"ın yaddaşına həmişəlik həkk olunmuşdur.
Qəzetin digər bir məlumatında Zəngibasar dairəsinin Uluxanlı, Yuxarı Nəcili kəndlərində Aslan Qəhrəman(yan)ın quldur dəstələrinin at oynatdığının, tələbləri yerinə yetirilməyəndə dinc əhalini qətl və qarət etdiyinin, insanların alçaldıldığının, amansız işgəncələr ilə öldürüldüyünün şahidi oluruq. Hətta quldur dəstələrinin mümkünsüz tələbləri yerinə yetirildikdə belə, insanlara qarşı qəddarcasına və namərdcəsinə törədilmiş erməni cinayətləri insanlığa, bəşəri dəyərlərə uyğun gəlmir, sərhəd tanımır. "İrəvan müsəlmanlarının halı" adlı bir yazıda adında və soyadında "Aslan", "Qəhrəman" məfhumlarını birləşdirən, ləyaqət və şərəf hissindən uzaq, rəzil bir erməni quldurbaşının mənfur əməlləri sərgilənir. Yuxarı Nəcili kəndini erməni təcavüzündən, basqınlarından xilas etmək, əhalini qorumaq üçün yerli sakin, nüfuz sahibi Məmiş Məşhədi Rəhim oğlu düşmənlərə qarşı güzəştlərə gedir, onlara qarşı qonaqpərvərlik nümunəsi göstərir. Lakin nəticədə... Qəzetdə yazılır: "Əhaliyi Məmiş Məşhədi Rəhim oğlu namlı bir sərvətli müsəlman fəlakətdən xilas etdi. 
İşbu şəxs pul toplayıb ətrafından tüfəng alıb "Böyük Ermənistan" nümayəndələrinə verdi. "Qəhrəman" Aslanı və onun quldur dəstəsini öz xərcinə qonaq etdi. Böyləliklə bir çox silah cəm edildi. Aslan zəhməthaqqı olaraq hər kənddən 20 000 rublə olmaq üzrə 180 000 rublə pul, bir neçə min put da düyü və buğda aldı. 
Məmiş erməni başçısı olan Aslanı qomşu icmayadək ötürüyor və qayıdarkən Aslan ona 3 saldat qoşub geri qaytarıyor. Saldatlar yolda Məmişi soyundurub qətl etdikdən sonra "zanğa"ya atmışlar" ("Azərbaycan" qəzeti, 1919, 4 mart, №128, s.3).
Duz-çörəyə, insanlığa, torpağa, müqəddəs dəyərlərə xəyanət edən, şərəfsizliyi, namərdliyi, qəddarlığı, kəmfürsətliyi həyat kredosu seçən "aslan qəhrəmanyan"lar və onların xələfləri təəssüf ki, son yüz ildə tarixin ibrətamiz dərslərindən lazımlı və layiqli nəticələr əxz etməyi bacarmadılar.
Qəzetin 1920-ci il yanvar sayında "M.B." imzalı müəllifin "Zəngibasar və İçmiadzin mahalı müsəlman kəndlərinə ermənilərin hücumu" adlı analitik yazısında quldur dəstələrinin müsəlman əhaliyə qarşı bacarmadıqlarını Erməni hökumətinin müsəlləh qoşunları tərəfindən törədildiyini ürək ağrısı ilə bəyan edirdi.
Mötəbər faktlara, etibarlı məlumatlara əsaslanan məqalə müəllifi yazırdı: "İrəvan quberniyasının İçmiadzin uyezdində 1-ci uçaskada erməni hücum və təxribatında ancaq 4 müsəlman kəndi salamat qalmışdı ki, bunlar da: Rəncbər, Xaraba Kolanı, Qarğabazar və Kolanı kəndlərindən ibarət idi. 
Ermənilər Xaraba Kolanı və Rəncbər Salman kəndlərini adətən mühasirəyə alıb yerlərindən qaçırtmaq üçün təzyiqat altına salmışlardır. 
...Erməni hökuməti bu müsəlmanları öz kəndlərindən çıxarıb qovmaq üçün bunların üstünə silah işlətməgi lazım görmüşdür. Dekabrın ortalarında Erməni hökumətinin əmrilə müsəlləh qoşun məfrəzələri Qarğabazar və Kolanı müsəlman kəndləri üstünə hücuma başlamışlar. Top və pulemyot bombardımanı nəticəsində kəndlər xərabə edilmiş və bir qədər təlafat verdikdən sonra da cəmaət kəndlərini buraxıb qaçmağa məcbur olmuşlar. M.B." ("Azərbaycan" qəz., 1920, 9 kanuni sani (yanvar), № 8, s.3).
"Azərbaycan" qəzetinin 1920-ci il 1 kanuni-sani (yanvar) tarixində dərc edilən bir elan bugünkü Azərbaycan - Ermənistan siyasi-tarixi gedişatı üçün də çox aktualdır və müstəsna əhəmiyyət kəsb edir.
"Ermənistanda.
Ermənistan Heyəti-Vükəlasının (Nazirlər Kabinetinin) Qətnaməsilə Ermənistan şəhərləri, köyləri (kəndləri), irmaqları (bulaqları), dağları və qeyri yerlərinin tarixi isimlərini (adlarını) ehya (bərpa) etmək üçün Daxiliyyə Nəzarəti (Nazirliyi) cənbənində (yanında) xüsusi bir komissiyon təşkil edilmişdir."
Qərbi Azərbaycanda şəhərlərin, kəndlərin, dağların, çayların, göllərin, bulaqların, maddi-mədəniyyət abidələrinin tarixi adlarının dəyişdirilməsi, türk toponimlərinin saxtalaşdırılmasının, erməniləşdirilməsinin tarixi Ermənistan Heyəti-Vükəlasının (Nazirlər Kabinetinin) vurğulanan 1919-cu il qətnaməsindən başlanır. Tarixi Azərbaycan adlarının saxtalaşdırılması prosesi sovet dönəmində də dayandırılmamış, son 30 ildə də həyasızlıqla və qəsbkarcasına davam etdirilmişdir.
"Azərbaycan" qəzeti sözün geniş mənasında müstəqil olduğu qədər də dövlətə bağlı mətbuat orqanı idi. Qəzetin "Azərbaycan" adlı hökumət mətbəəsində kitablar, afişalar, açıqcalar, çap məmulatları da nəşr edilirdi. Nə qədər qəribə olsa da "Azərbaycan" qəzetinin və mətbəəsinin əməkdaşları əməkhaqlarının artırılması tələbilə 1920-ci il yanvar ayının 26-dan fevral ayının 1-dək tətil elan etmiş, qəzetin nəşrini təxminən bir həftə dayandırmışlar. "Azərbaycan" qəzeti kollektivinin tələbi ilə yanvar ayının 30-da Azərbaycan Heyəti-Vükəlasında (Nazirlər Kabinetində) tətilin səbəbləri araşdırılmış, təkliflərə baxılmış, qəzetin redaksiyası hökumətin İşlər idarəsinin balansına keçirilmiş, əməkdaşların əməkhaqları onların tələblərinə uyğun olaraq əlli faiz artırılmışdır.
Azərbaycan Cümhuriyyətinin taleyüklü hadisələri, parlament mübahisələri, sevincli və kədərli günləri, dini bayramları, birinci ildönümü, beynəlxalq birlik tərəfindən "De-fakto" tanınması, Qarabağ məsələləri, təhsil, elm, mədəniyyət, incəsənət yenilikləri  və s. istisnasız, demək olar ki, "Azərbaycan"ın yaddaşına həkk edilmişdir. Cümhuriyyət dövrü "Azərbaycan" qəzeti milli mətbuatımızın eyni zamanda erməni saxtakarlığına, barbarlığına, mənəviyyatsızlığına qarşı davamlı, dönməz mübarizəsində uzaq vuran "artilleriya"sı idi. 

 

SİZƏ MARAQLI OLA BİLƏR