Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Müasir Azərbaycan ədəbiyyatı oçerkləri: Səyyad Aranın sosial didaktikası - Tehran Əlişanoğlu

16-01-2024 [ 11:51 ] [ oxunub:293 ]
printerA+ | A-

Səyyad Aran (1952) Azərbaycan ədəbiyyatının tanınmış simalarından, nasir, publisist, Azərbaycanın əməkdar jurnalistidir. Yaradıcılığında iki ayrılmaz xətti: ədəbi və ictimai-siyasi fəaliyyəti üzvi şəkildə birləşdirmiş, paralel olaraq uğurla davam etdirir.

Səyyad Aranın ilk mətbu əsərləri tələbə ikən 1968-1972-ci illərdə ADPİ-nin "Gənc müəllim" qəzetində Səyyad Sadiq imzası ilə mütəmadi dərc etdirdiyi publisist yazılarıdır. Bədii yaradıcılıqda debütü 1978-ci ildə "Ulduz" jurnalının 11-ci sayında nəşr olunmuş "İbiş dayı" hekayəsidir. Daha sonra əsərləri "Azərbaycan", "Literaturnıy Azerbaydjan", "Qrakan Aderbecan", "Gənclik", "Azərbaycan qadını", "Pioner" jurnallarında, "Ədəbiyyat və incəsənət", "Səs", "525-ci qəzet", "Yol", "Dədə Qorqud" və s. qəzetlərdə dərc olunur. "Səyyad Salahlı" imzası ilə nəşr etdirdiyi "Körpü" adlı ilk kitabı 1983-cü ildə işıq üzü görür və ədəbi ictimaiyyətin diqqətini cəlb edir. Azərbaycan Yazıçılar Birliyinin 1985-ci ilin yekunlarına həsr olunmuş illik konfransında tənqidçi Akif Hüseynov "Körpü" hekayəsini ilin ən uğurlu hekayələrindən biri kimi təqdir edir.

 

 

 

 

 

 

Səyyad Aranın həyatında və ictimai fəaliyyətində əsl dönüş nöqtəsi müstəqillik illərində baş verir. Bədii əsərlərində milli-mənəvi mövqelərdən görüb ifşa elədiyi sovet quruluşu çökür və milli ideal uğrunda birbaşa mübarizə aparmaq üçün meydan açılır. Səyyad Aran 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransının təşəbbüskarlarından və təsisçilərindən biri olmuşdur. YAP-ın I, II, III qurultaylarının nümayəndəsi olmuş; 21 noyabr 1992-ci ildən - YAP-ın təsis konfrasında seçilmiş ilk 50 nəfərlik YAP Siyasi Şurasının üzvlərindən biri, 1995-1999-cu illərdə YAP ideologiya şöbəsinin müdiri, daha sonra YAP Partiyalararası Əlaqələr şöbəsinin müdiri olmuşdur.

Səyyad Aran deyir: "Həyatdakı bütün uğurlara, şana-şöhrətə görə Heydər Əliyevə borcluyam!" Yazıçının ictimai-siyasi publisistika ilə aktiv məşğul olduğu dövr məhz 1990-cı illərdir. Onun Ulu öndər Heydər Əliyevdən bəhs edən onlarla məqaləsi dövri mətbuatda dərc edilmiş, 1990-cı illər proseslərini əks etdirən "Xaosdan sabitliyə" kitabı (Bakı: 1999) işıq üzü görmüşdür. Heydər Əliyevi iki tarixi səfərdə - Çində (7-11 mart, 1994) və ABŞ-da (26 iyul-7 avqust, 1997) müşaiyət edən nümayəndə heyətinin tərkibində Səyyad Aran da təmsil olunmuş, "Çinə səfər çin olanda" və "Heydər Əliyevin Amerika fəthi" əsərlərini qələmə almışdır. Bu illərdə bədii yaradıcılığını da davam etdirən yazıçı povest və hekayələrdən ibarət "Soyuq günəş" adlı kitabını (1996) çap etdirmişdir.

Müstəqillik illərində Səyyad Aranın ictimai və ədəbi fəaliyyəti ölkədə gedən dövlət və mədəniyyət quruculuğu proseslərindən heç vaxt kənarda olmamışdır. "Üfüqdə Nobel sülh mükafatı görünür" (Bakı: 2003), "Haydar Aliyev ve Azerbaycanın devlet petrol stratejisi" ("Heydər Əliyev və Azərbaycanın dövlət neft strategiyası" - İstanbul: 2009), hekayə və povestlərini daxil etdiyi "Aklanma kağıdı" ("Təmizlik kağızı" - İstanbul: "Milenyum", 2010), "Sandıqda qalan muştuluq" (Bakı: "Qanun", 2012), "Sazaq" (Bakı, "Vektor", 2016) kitablarını, "Başdaşı" (Bakı, "Elm və təhsil", 2020), "İrəvana gedən yollar" (Bakı, "Elm və təhsil", 2021), "Tacın qaytarılması" (Bakı, "Elm və təhsil", 2022) romanlarını çap etdirmişdir.

Səyyad Aranın ədəbi-ictimai fəaliyyəti diqqətdən kənar qalmamış, dövlət tərəfindən "Şöhrət" ordeni (2022), "Tərəqqi medalı" (2005), "Əməkdar Jurnalist" (2015) adına layiq görülmüşdür.

***

Səyyad Aran çağdaş ədəbiyyatımızda məxsusi yeri, sözü, mövqeyi olan ünlü imzalardan biridir. Bunu yazıçının mənəvi gözəlliyini, estetik təravətini, ictimai kəsərini heç zaman itirməyən yaradıcılıq dünyası təsdiq edir; hekayələri, povestləri, romanları, publisist əsərləri, elmi və ədəbi tənqid yazıları təcəssümləndirir.

Səyyad Aran ilk növbədə nasirdir, realist nəsrin ardıcıl təmsilçilərindən biri, sosial-psixoloji nəsr ustası kimi tanınmışdır. Yazıçı əsərlərində daima elə mətləblərə toxunur ki, cəmiyyətdə, mühitdə, ətraf aləmdə məhz insan ağrılarının mənbəyidir; insanı insan olmağa qoymayan, mənəvi əzablara, sarsıntılara düçar edən səbəbləri açıb-göstərir.  Belə ki, Səyyad Aran nəsrinin ideya-mövzu istiqamətini sosial-mənəvi problematika diktə edir. Bu baxımdan nasirin hekayələri, povestləri, romanlarının mövzu aktuallığı bir sıra məqamlarla şərtlənir: 1) sabiq sovet dönəmində milli insanın uğraşdığı sosial-mənəvi ağrılar; 2) milli-mənəvi dəyərlərin müstəqillik dövrü həyatında sınağı; 3) müstəqillik dəyərləri və Qarabağ savaşı.

Səyyad Aran nəsrində hekayə janrı önəmli yer tutur. Həyatdan zövq və şövq duyan qəhrəmanlar, ağlayan qəhrəmanlar, halal qəhrəmanlar, sosial aktuallanmış qəhrəmanlar, mənəviyyat sahibi qəhrəmanlar, müdrik qəhrəmanlar... - yazıçı hekayələrində Azərbaycan insanını ən müxtəlif sosial-psixoloji situasiyalarda, sərt həyat həqiqətləri ilə üz-üzə təqdim-təsbit-kəşf edir; mənəvi varlığını ortaya qoyur, şərh edir. Zamanlar dəyişsə də, sosial qaydalar-oyun şərtləri bir-birini əvəzləsə də, mühit amansız boz sifətini göstərsə də, Səyyad Aranın baş qəhrəmanı -Azərbaycan insanı mental saflığına, sadəzəmirliyinə, türk sayalığına sığınıb yaşamağına yenə davam edir.

1970-ci illərin sonu, 1980-ci illərdə ədəbiyyata gələn Səyyad Aranın əsərlərində kəskin zaman hissi var. Yazıçının son sovet dönəminin mənzərələrini cızan hekayələrində adi əhvalatlarda böyük bir ölkənin çökməsi tarixçəsini, milli cəmiyyət həyatında metastazlarını, ardıyca gətirdiyi insan faciələrini izləmək olur.

"Küdrüdə tennis oyunu" (1976) hekayəsində sevgi dolu bir ailənin xoşbəxt olmaq haqqı və sərgüzəştləri və əksinə, "Bayramdan bir gün qabaq" (1976) hekayəsində nə qədər də ailənin bu haqdan bəhrələnə bilməməsi çürüyən ictimai quruluşun fonunda təcəssümlənir. Eyni xəstə mühit, mənəvi deqradə dünyası - "Əfəl" (1978), "Qarpız" (1979), "Ziyahimin peşmançılığı" (1980), "Sandıqda qalan muştuluq"  (1986), "Ay Simurq quşu" (1988),  "Brak" (1988), "Uyuq" (1988-1990) hekayələrində də ən müxtəlif əhvalatlar və insan talelərində əks olunur.

Səyyad Aranın bir çox hekayələrində böyüklərin saxta, ikiüzlü, sırf pul münasibətləri üzərində qurulmuş dünyası "uşaq prizması"ndan ifşa olunur. Bu zaman yazıçının bir qayda olaraq "ağlayan", göz yaşı tökən, mənəvi zərbə alan qəhrəmanları önə çəkməsi təsadüfi deyil. İstər uşaq, yeniyetmə nəzərlərindən, ya da cəmiyyətin bu və ya digər məqamda incitdiyi insanların taleyində, yazıçının diqqəti hər yerdə məhz - "ağladan" sosial mühit mənzərələrinə, "qayğıları"nadır. Həm də zamanla bu ab-hava daha da qatılaşır, sabiq cəmiyyətin sanki son, ölüm əsəri-əlamətlərindən xəbər verir.

Səyyad Aranın nəsrində zamandan da, zəmanədən də üstdə duran insandır, yazıçının əksər qəhrəmanları dərin mənəviyyat sahibidirlər; amma sosiumda əksinə bunun bədəlini çəkməli olurlar. "Külçə" (1980), "Gül iyi" (1982), "İlin axır çərşənbəsi" (1984), "Şeytanın qurbanı" (1984), "Yay gecəsinin qəziyyəsi" (1987) hekayələrinin qəhrəmanları cəmiyyətdə ən müxtəlif naqisliklərə - harınlığa, pul əxlaqına, patriarxallığa, laqeydliyə, xudbinliyə, şeytani nəfsə qarşı halallıq fəlsəfəsi ilə durur, mənəviyyat dərsi verirlər.

Səyyad Aran qəhrəmanlarının yadlaşmış mühitə qarşı davamlığı təsadüfi deyil. Yazıçının mənəviyyat qəhrəmanları torpaq əxlaqına, yurd sevgisinə söykənirlər. Vaqif Yusifli yazır: "...onun təsvir etdiyi kənd çağdaş Azərbaycan nəsrində məxsusi koloriti, adət-ənənələrinin, insan xarakterlərinin canlı sərgisi ilə seçilir. Bu kəndin konkret bir adı, ünvanı olmasa da, təsvirlərin hədəfindən, detalların konkretliyindən hiss edirsən ki, bura Aran kəndidir".

Ümumən, Səyyad Aranın birinci dövr yaradıcılığında - sovet dönəmində qələmə aldığı hekayələr - "kənd hekayələri"dir; bu mətnlərin aurasında Aran torpağının istisi, insanlarının istiqanlığı aşkardır. Həm də məsələ yalnız hekayələrin ideya-məzmununda, xarakterlərin pozitiv, ya neqativ mündəricəsində deyildir. Hər bir Azərbaycan kəndi kimi, burda da icma-daxili münasibətlər, sosial mühitin rəngləri, insanlar-fərdlər arasında qohumluq-qonşuluq, dostluq-hampaçılıq, şadlıq-yadlıq notları-çalarları həyat yüklüdür. "İstilik" bu auraya həyatdan, həyatın mündəricəsindən, insanların nə baş verir-versin, hansı əməlin sahibi olurlarsa-olsunlar: yaşamaq həvəsi-ehtirası, həyat mücadiləsindən sızır; soyuqluq isə ətraf mühitin, rejimin basqısından gəlir.

Müstəqillik illərində yazıçını cəmiyyətdəki sosial ziddiyyətlər düşündürməkdə davam edir. "Qeybullanın qazancı" (2000-2001), "Dərs" (2011),  "Havalar soyuyanda" (2015) hekayələrində dəyişən zamanın təkərləri altında qalıb əzilən insan taleyindən bəhs olunur. Fəvvarələr bağında fotoqraf kimi çalışan Balağa və onun naturaçı Şaxta baba kimi çalışdırdığı Qeybulla bir qarın çörəyin əsiridirlər. Yaxşı qazanc üçün təbiətdən qar diləyən qəhrəmanlar eləcə saf təbiətlərinə bənzər qarın da qurbanı olurlar. "Havalar soyuyanda" (2015) hekayəsində problem daha kəskin qoyulur. Süjet belədir ki, hekayənin qəhrəmanı Fuad küçədə qəribə tərzdə əlini açıb dilənən bomju restorana aparıb, onunla dərdləşir və düşüncələrində "qonağı" ilə özü arasında paralellər aparır. Ailədə, məişətdə, cəmiyyətdə bu paralellərin məğzi ora aparıb çıxarır ki, insan hər yerdə insandır; onu mənəviyyat birləşdirir, ictimai quruluş, cəmiyyət münasibətləri isə parçalayır, ayırır.

Səyyad Aran hekayəçiliyinin sosial-psixoloji məxrəcində ictimai motivlər də, insan içinin özünü-təhlili, psixologizm də qabarıqdır. Yazıçının qəhrəmanları kifayət qədər özünü tanıyır, lap əvvəldən mənən süslənmiş olurlar; situasiyadan "yaranmır", situasiyanı yaradırlar. Yaşar Qarayev yazır: "Səyyad Aran... bədiiliyi maraqlı həyat hadisəsi hesabına deyil, adi həyat hadisəsini bədiiliyin, istedadın hesabına həm maraqlı, həm də ibrətamiz etmək bacarığı ilə diqqəti cəlb edir..."

Bu mənada Səyyad Aran üçün hansısa mövzu məhdudluğu yoxdur. "Günün günorta çağı" (2012) hekayəsi sanki bədii oçerki xatırladır. Hekayədə reportajvari üslubda bugünə dair informasiyalar: ölkənin inkişaf tempi də, "Avroviziya-2012" keçirən cəmiyyətin aşkar mədəni boyartımı da, özgələrin gözgötürməzliyi fonunda gerçək ictimai geo-politika da, toplumun rifah halı, rahat-qane-patriotik duyğusallığı da görünür. Amma bütün bu ürəkaçan mozaikanı bir yerə yığan heç də Vətənimin seyrinə çağırıram elləri! - deyə qürrələnmək istəyən sənədli qələm deyil; məhz mənəvi diskursdur. Hekayədə cərəyan edən hadisələr iki gəncin sevgi görüşü fonunda panoram olunur, başlıca diqqət isə insanlar-arası münasibətləri hədəf alır. Yazıçını şəhərin isti mənzərələri müqabilində insanların bir-birinə qarşı soyuqluğu-biganələyi, hətta açıq bir acıqla mənəviyyatsız davranışı narahat edir, insanların içindəki aşkar ictimai soyuqluq onu qayğılandırır. Xalq yazıçısı Mövlud Süleymanlı yazır: "Səyyad Aran bütün olanlara-olacaqlara - yəni bizi əhatə edən hadisələrə yaxın olan yazıçıdır. Heç nəyi - ən xırda detalları belə uzaqdan-uzağa yazmır. Özündən keçirməsə, yaxınlığı yaratmasa qələmə almır. Yaratdıqlarının da belə canlı, sağlam olması ona görədir".

Səyyad Aran cəmiyyətdəki mənəvi böhranın səbəbini kökdən uzaqlaşmaqda görür. Olmuş əhvalat əsasında qələmə alınmış "Girov" (2012) hekayəsində bir zamanlar kişilərin bir-birinə inamı-etibarından söz açılır; o qədər ki, hətta bütöv mənəvi varlıqlarını, "saqqal girovu" şəklində risk edər və ona xəyanət etməzmişlər. Mənəvi dünyamızda yaranmış böyük boşluqlar yanında yazıçı tarixi dəyərlərə önəm verir: Babalarımız belə olub, bəs biz nədən özgə olmalıyıq?! - qənaətindən çıxış edir.

Səyyad Aran moralist deyil, realist qələmə malik nasir olaraq mənəvi ideyanı təsdiqləməyin yollarını dürüst bilir. Ümumən, Səyyad Aranın yaradıcılıq stixiyası, yazıçılıq kredosu hər yerdə mənəvi olanı sosial dünya ilə toqquşdurmaqdan və birincinin haqqını təsbit etməkdən keçir. Yazıçının nəsrinin adekvat xronotopu da (zaman-məkan müstəvisi) bu cür təşəkkül tapmışdır. Hər əsərində "ömür qatarı"nı qəfil bir dayanacaqda əylədib-saxladıb (məkan planı) "mənəvi olan"ın işığına tutur; "mənəvi" isə əbədi olandır, il, ay, gün yox, əbədiyyət müstəvisidir (zaman planı). Səyyad Aran nəsrində konkret sosial əlamətlər - məkanda; və əbədi mənəvi vurğular - zamanda,  hər anlamda cəmiyyətin abhavasını (mühit, ovqat, durum, iqlim, ruh...) bildirərək təhkiyənin ritmini, nisbətini, müxtəlifliyini müəyyən edir.

Səyyad Aran hekayəçiliklə yanaşı, həm də təsirli, sirayətedici povestlər - uzun hekayələr ustasıdır. "Təmizlik kağızı" (1988-1990) povestində 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlləri üçün aktual bir mövzudan, sovet dövrü repressiyalarından bəhs açır. Yazıçı mövzuya orijinal bir tərzdə toxunur; repressiyaya uğramış insanların ailələrinin cəmiyyətdə yaşadığı basqılar, bunun uşaq dünyasında inikası, doğurduğu ağrı-acılar təsvirə gəlir. Povest oxucuya 1940-1950-ci illərin repressiya havasını yaşadır; bütün itkilərə, ölümlərə rəğmən əzizlərinin, yaxınlarının bəraətini gözləyən, "təmizlik kağızı"ndan sevinc duyan insanların ağlasığmaz durumunu, stalinizmin öldürdüyü və Stalin uğrunda ölən cəmiyyətin absurdluğunu tanıdır. Repressiya həqiqətlərini sadəcə bugünün tənqidi nəzərlərindən deyil, romantikası da, illüziya və aldanışları da olmaqla dövrün öz içindən canlı və "qanlı" hadisələrdə təqdim edir. Bugünün uzaqlığından baxanda "təmizlik kağızı" tarixin qara ləkəsi, günahsız insanlara "pay" verilən bəraət sənədidir. Yeniyetmə Eldarın köynəyini qanlı bayrağa çevirib, atasının günahsızlığını ölümüylə bayram etməsinin faciəvi sonluğu düşündürür: "təmizlik kağızı" nəyin bəraətidir, günahsızlığınmı?! Eldarın taleyində ədəbiyyatımızın dərinlərindən, nazik bir xətlə keçən "Ey dərbədər gəzib, ürəyi qan olan çocuq" motivinin, Baharın (Mir Cəlal, "Bir gəncin manifesti"), "Şor cüllütü"nün (Süleyman Vəliyev) mabədini oxumaq olur.

Səyyad Aran uzun hekayələrində elə bir ölçülü-biçili, ardıcıl, amansız süjet gərginliyi yaradır ki, hadisələrin finalında baş verənlərə, qəhrəmanın halına və daha da çox cəmiyyətin ümumi durumuna oxucu acıyır, etiraz ovqatı oyanır. Yazıçının hər bir qəhrəmanının uzun hekayəsi - katarsis əhvalatlarıdır. Repressiya hadisələrini yaşadıb, atasının bəraətinə belə doyunca sevinə bilməyən balaca qəhrəmanın qəfil ölümü ilə də ("Təmizlik kağızı"); milis idarəsinə düşmüş ziyalı qəhrəmanı - müəllimin sosial gərginlik, basqı və istintaq içrə "rüsvayçılıq" ağrıları ilə də ("Soyuq günəş", 1991); balıqçı qəhrəmanın ailə deyingənliyiylə başlanıb, kənd dəyərlərini çözələyib, Qarabağ müharibəsinə baş vurub, zəhmət halallığı üzərində qərar tutmuş dünyasının bir şəhər məhəlləsində "qonşu dava"sında çiliklənməsi ilə də ("Balıq günü", 2014-2016) - yazıçı oxucunu sanki "ictimai təmizlənmə" ritualına dəvət edir.

Səyyad Aranın yaradıcılığında müstəqillik və yeni həyat uğrunda mübarizə motivləri, Qarabağ müharibəsi mövzusu ümdə yer tutur. Hələ 1991-ci ildə qələmə aldığı "Qətl" hekayəsində qanlı yanvar gecəsindən tükürpədici bir səhnənin yaxından, bütün vəhşəti ilə təsvirilə o, bir qələm sahibi olaraq, müstəqilliyin bizə necə baha başa gəldiyini təsbit etmiş, ictimai-siyasi və bədii publisistikasında bu xəttə daim önəm vermişdir. Yazıçının xüsusən Qarabağ mövzusunda romanları yaradıcılığında yeni üfüqlərin açıldığını xəbər verir.

2020-ci ildə Səyyad Aran Qarabağ müharibəsi mövzusunda iki roman yazmış, çap etdirmişdir. "Başdaşı" romanında Birinci Qarabağ müharibəsinin acı nəticələri, cəmiyyətdə ağır sosial-mənəvi kataklizmləri aktuallandırılmış, "İrəvana gedən yollar" romanında əksinə, II Qarabağ müharibəsində qələbəyə aparan yolun başlanması - 2016-cı ilin aprel döyüşləri hədəf seçilmişdir. Hər iki roman yazıçının mövzuya yaxından bələdliyi ilə, analitik idrak və fəal vətəndaşlıq mövqeyindən qələmə alınmışdır.

"Başdaşı" romanında  başdaşı simvoldur, şəhid ucalığının şərəfini qoruyub-saxlaya bilməyən cəmiyyətin labüd məhvini eyhamlaşdırır. Hadisələr I Qarabağ savaşından olmazın əzab-əziyyətlər çəkən bir qaçqın ailəsinin ətrafında ümumiləşir. Cəbrayılın Sirik kəndindən Səməndərin ailəsi qəfil düşmən basqını səbəbindən köç edərkən, böyük şücaət göstərib şəhid olmuş oğlu "topçu Qürbət" üçün sifariş etdiyi başdaşını da tezliklə qayıdıb ucaldacaqları ümidilə özü ilə götürür. Bu motiv ailənin övladları Səlahət, Camal, Münəvvər, Minarəyə, Nübar anaya ağır tale yaşatmaqla yanaşı, köç etdiyi yerlərdə başdaşıya münasibət fonunda cəmiyyət mənzərələrini də görükdürməyə imkan verir.

Romanda hadisələr 1992-ci ildə cərəyan edir və hər cür gözlənilməz, absurd mənzərələr yanaşı gəlir. "Yaxınlıqlarındakı erməni kəndinin bir-iki kilometrlikdə" olması Siriki istər-istəməz özünü-müdafiəyə sövq edir; "Yerevandan gələn saqqallılar"ın vəhşilikləri; xaraktercə uşaq, əməlcə hünərvər topçu Qürbətin, qardaşı Səlahətin döyüş şücaətləri; qəfil erməni hücumu, kəndin köç etməsi, Beyləqan hərbi hospitalının həyətindəki mərəkə, yuxarı komandanlığın əmri ilə "Hiltəpədəki çox vacib mövqelərini tərk etməyə" məcbur əsgəri hissələrlə "onlara görə arın-arxayın, əkin-biçinlə məşğul olan, heyvanlarını ürəklə örüşə buraxan kənd camaatı"nın üz-üzə gəlməsi, orduda özbaşınalıq və s. epizodlar mətnə bilavasitə müharibə səhnələrini gətirir. Habelə arxa cəbhədə qaçqın düşərgəsinin qeyri-rəsmi hakimi Xasayın harınlığından irəli gələn ədalətsiz səhnələr böyük etiraz yaradır.

Səyyad Aran idealı düşünüb, reallığı yazmağa önəm verən yazıçıdır. Sosial təzadlardan doğan mənəvi ağrıları, insan iztirabını yazmaq Səyyad Aranın yazıçı stixiyası olaraq qalır və "Başdaşı"nın uğurunu da başlıca olaraq məhz bu keyfiyyət təmin edir. Romanda yalnız Səməndərin, Nübarın, Səlahətin deyil, əksərən təfərrüatlara sığınmış, az qala otuz ildən belə yurdundan-torpağından-yaşayışından olub bitməz-tükənməz sosial bəlalara əsir-yesir bir xalqın acı taleyi görünür, məğlubiyyət acıları üzə durur: "Onların suallarına cavab vermək olmurdu. Onlara təskinlik verirdilər, səbr etməyə çağırırdılar, amma sərt sözlərlə, söyüşlə, təhqirlə qarşılaşırdılar. Məmurlar yola verirdilər. Qaçqınların dərd-sərləri ilə yükləndiklərindən, onlar da ağırlaşırdılar, yüklənirdilər. Bu yükə heç kim davam gətirə bilmirdi..."

O zamana kimi ki, qalibiyyət ruhu yenidən qayıdır, 2020-ci ilin sentyabr ayının 27-dən Azərbaycan xalqı II Qarabağ müharibəsinə başlayır və 44 günlük döyüşlərdə Ali Baş Komandanın başçılığı ilə müzəffər ordu düşmən üzərində tam qələbə çalaraq, otuz il ərzində düşmən tapdağı altda qalmış torpaqları azad edir. Səyyad Aranın "İrəvana gedən yollar" romanı bilavasitə müharibə günlərində "Ədəbiyyat qəzeti"nin oktyabr- dekabr saylarında dərc olunmuş, Ali Baş Komandan ətrafında bir yumruq kimi birləşən xalqı, cəmiyyəti şəksiz qələbəyə inam hissilə daha da ruhlandırmışdır.

Romanda ilk qələbə sevinclərini müjdələyən 2016-cı ilin dörd günlük Aprel döyüşləri təsvir predmetidir və Lələtəpənin alınması uğrunda uğurla bitən zəfər döyüşləri ilə birgə, həm də ilk Qələbədən doymazlıq, tam Qələbə ehtirası və intizarı, Qələbə draması və nikbin faciə notları, əhvalı, fakturasını da təcəssüm etdirir. "İrəvana gedən yollar" romanı II Qarabağ müharibəsinin Proloqu, habelə döyüş təsvirlərinin, qələbə addımlarının, o cümlədən xalqın, cəmiyyətin və ordunun mənəvi birliyi, qələbə əzmi və Qələbəsinin öncəgörümü baxımından Vətən müharibəsinin təntənəli Üvertürası kimi səslənir:

"- Nə görürsən?

- Nə görəcəm? Dağılmış evlərimiz, tüstülənən ocaqlarımız, bizi gözləyən vətən torpaqları...

- Daha nə görürsən?

- Heç nə... elə dağılmış evlər, adamsız yollar...

- O yollar bilirsən hara gedir?

- ...?

- O yollar İrəvana gedir, qədim dədə-baba torpaqlarımıza. Rauf, səni əmin edirəm ki, biz bir vaxt o yollarla gedib qədim ellərimizə sahib çıxacağıq. Sabah, birisigün, bir aydan, bir ildən, beş ildən sonra - onu dəqiq deyə bilmirəm. Amma adıma əmin olduğum kimi, səni də əmin edirəm ki, o torpaqlar bizim olacaq. Qədim Oğuz elimizi düşmən əlində qoymayacağıq. Həmin vaxt heç kim qabağımızı kəsə bilməyəcək. Kimsə bizdən döyüşü dayandırmaq barədə xahiş etməyəcək. Etsə də, heç kimi eşitməyəcəyik. Mütləq torpaqlarımızı azad edəcəyik. Sən buna qəlbin kimi əmin ol!

- Haçan bə, komandir? Haçan bə?!." 

Roman milli şüurda kök salmış böyük zaman konflikti üzərində qurulmuşdur: Zaman o zamandırmı? Zamanı yetişməmişmi? 25-30 il işğala dözməyimiz bəs deyilmidir? Əsər bir dərs zamanı hərbçi əsgərlərin böyük maraqla izlədiyi çavuş Raufla "zampolit" Cəfər müəllim arasında polemika ilə başlayır. "Bu gün o gündür!" mövqeyini Rauf ifadə edir və bütün enerjisi, döyüş ehtirası, çağırış ruhu ilə gəncliyi, yeni nəsilləri təmsil edir. Səbrlə Zamanı gözləmək, anında fəaliyyətə keçmək mövqeyində olan Cəfər müəllim də yanılmır. Hər iki xəttin təmsilçiləri arasında prinsipial ziddiyyət yoxdur. Təzad romandan kənar ictimai-siyasi Zamanın özündədir; topluma da, qəhrəmanlara da sirayət edir, həyatlarını, düşüncələrini, mənəvi və ruh dünyalarını sarır. Ali Baş Komandandan döyüş əmri gələn kimi real həllini tapmağa başlayır; qəhrəmanlara qələbə vəcdi və hünər dastanı yaşadır.

Səyyad Aranın nəsrində həm toplum obrazları yaratmaq, kollektivin sosial psixologiyasına nüfuz etmək, həm də fərdi xarakterlərin iç dünyasına varmaq, altşüur psixologizminin təsviri eyni dərəcədə səciyyəvidir. Müharibə romanlarında bu keyfiyyət məxsusən özünü göstərir. Bütövlükdə, "İrəvana gedən yollar" romanı Aprel döyüşlərində xalqımıza qələbə qazandırmış insanların həyatı, mübarizəsi, hünər və qəhrəmanlığı üzərinə qələmə alınmışdır. Romanın personajları, döyüşçü qəhrəmanlar - Birlik komandiri polkovnik Mayis Barxudarov, onun birinci müavini Bəkir Orucov, "zampolit" mayor Cəfər Səfərov, mayor Səməd Nəsibov, kəşfiyyat qrupunun komandiri kapitan Ağayev, mühəndis-istehkam bölüyünün komandiri Hüseynov, mayor Elnur Əliyev, bölük komandiri  Qasımov, baş leytenant Elşən Mirzəyev, gizir Rüstəmov, "Şair" təxəllüslü çavuş Rauf və döyüşçü yoldaşları Səlim, Rövşən, Akif, Üzeyir, Ruhin, Şahin, Orxan, döyüşçü atası Əşrəf kişi, məktəb direktoru Cəlal müəllim və b. obrazlar cəmisi bir yerdə və hər biri ayrılıqda, fərd olaraq görünür. Aydın görünür ki, birbaşa sənədli olmasa da, romandakı surətlərin hər birinin arxasında prototipləri vardır.

Roman qələbə müjdəsini gətirsə də, Zamanın konflikti qalır: "-Sevinirik ki, Lələtəpəni aldıq. Sevinc çox nisbi ifadədir.... Vurub düz İrəvana gedərdik...

...Cəfər müəllim ehtiyatla gah sağ, gah da sol əlini Raufun çiyninə qoyub nə isə deyirdi. Uzaqdan eşitmək mümkün olmasa da, sakitləşdirici, ümidverici sözlər dediyi duyulurdu...

"Sən hələ bir az gözlə..."

Çox gözləmək lazım gəlmədi; 2020-ci ilin Vətən müharibəsi xalqın 2016-cı ilin Aprel döyüşlərində başladığı Qarabağın azad olunması əzmini sübuta yetirdi. "İrəvana gedən yollar" romanında hakim publisist ruh Vətən müharibəsinin özündən gəlir.

Səyyad Aran aktiv ictimai xadim, məhsuldar yazıçıdır. Yaradıcılıq kredosuna sadiqliklə milli müstəqillik yollarında yorulmaz fəaliyyətini uğur və şərəflə davam etdirir. İlk hissələrini "Ədəbiyyat qəzeti"ndə dərc etdirdiyi (15 yanvar 2022), Vətən müharibəsinin zirvə məqamı - Şuşanın alınmasından söz açan "Tacın qaytarılması" romanı (Bakı, "Elm və təhsil", 2022) bunu bir daha təsdiq etdi.

"Tacın qaytarılması" müharibə romanıdır, amma qəribə bir tərzdə başdan-başa major tonallıq üzərindədir. İlk səhifələrindən təkcə məzmun-mündəricəsində deyil, eləcə də təhkiyə ritmi, hadisələrin aurası, mətn atmosferi birbaşa 44 günlük Vətən müharibəsi günlərini gətirir, daxil edir romana. Həmin günlərdə Azərbaycan xalqı, bütün cəmiyyət bəlkə də zamanı, günləri-həftələri, saatları-dəqiqələri yaşamırdı, nəfəsini çəkib cəbhədə, cəbhə ilə, təpələrdən yel, dərələrdən sel olub düşmən üzərinə yeriyən ordumuzla bir idi. Ordumuz, romanda başlıca olaraq Xüsusi Təyinatlı Qüvvələrlə (XTQ) təcəssümlənən əsgər və zabit heyəti elə bil heç döyüşlərə yox, böyük vəcd, şadyanalıq içində, deyə-gülə, təbii ki, ayıq-sayıqlığı da itirmədən, təmkin, məharət, şücaət göstərərək birbaşa nə vaxtdır həsrətində olduqları Qələbəyə doğru şığıyırlar. Roman hissələrə, fəsillərə bölünmədən yüksək tempdə, həmin anları, zəfərdən zəfərə, sevincdən sevincə qələbə addımlarını Şuşaya doğru irəliləyən ordumuzla birgə izləyir, bir daha oxucuya yaşada bilir.

"Şuşa Qarabağın tacıdır!" - Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərindən epiqraf alaraq, roman "Tacın qaytarılması"nın sadəcə hərfini, faktlar-epizodlar-döyüş səhnələri- əsgər hünərləri- ordu nizamı- zabit səriştəsi- Ali Baş Komandan müdrikliyi- xalq inamı- cəmiyyət birliyi lövhələrini əks etdirməklə qalmır; bu məqamda bəlkə də ədəbiyyat Vətən müharibəsindən bu yana oxucuların əzbərə bildiyi "44 günün xronikası" ilə, tele- və kino-süjetlərin, sənədli filmlərin təsvir və təsir gücü, tüm effektləri ilə bəhsə girə də bilməz. Roman bütün bu bəzən tanış, bəzən məlum, bəzən adi, bəzən heyrətamiz görünən xronikallığın arxasında duran ilahi gücü-mənzərələri göstərmək, Tacın qaytarılmasının lap əvvəldən majora köklənmiş havasına-ruhuna, sirrinə-sehrinə girmək, şahidlik etmək qəsdində-əzmindədir.

Buna görə də əsərdə onlarla surət, personaj, əsgər, zabit, qəhrəman, həkim, tibb bacısı, qoca, qarı, uşaq, cəmiyyət obrazları keçsə də, cəmisinə diqqət ayıran mətn heç birisinin üzərində ayrıca dayanıb-durmur. Doğrudur, romanda: "Baş leytenant Teymur Hüseynovun gündəliyindən", "XTQ kapitanı Fuad Əliyevin gündəliyindən", "XTQ kapitanı Seymur Məmmədovun gündəliyindən", "XTQ polkovniki Kənan Seyidovun gündəliyindən", "XTQ kapitanı Turqut Əliyevin gündəliyindən", "Tibb baş leytenantı Şakir Qasımovun gündəliyindən", "XTQ polkovniki Tehran Mənsimovun gündəliyindən"... - deyə ali niyyətə doğru döyüş yolunu işıqlandıran xatirə-yaddaş notları da yer alır, real sənədlilik məqamları və eyni səmtdə işləyən yazıçı təxəyyülü də; ip-isti ön cəbhə təfərrüatları da, burdaca tele-ekran qarşısında coşqun xalq təsvirləri də; romanda didaktik çalarlar, düşmənə aman, qocaya-qadına-uşağa qarşı həmişə tolerant, Azərbaycan əsgərinə xas əbədi humanizm də qabarıq görünür, heç bir müharibənin üstündən xətt çəkmədiyi, çəkə bilməyəcəyi sevgi motivi, gündəlik həyat və insan həqiqətləri də... Amma bütün bu növbənöv faktura, çoxsəsli-çoxçalarlı mətn gerçəkləri heç də "müharibə draması" yaratmaq üçün deyil də, qələbə ruhunun hər yerdə sirayətedici əks-sədası, bəlirlərini göstərmək, təsbit etmək naminədir.

Bəlkə buna görə "Tacın qaytarılması" - "müharibə romanı"ndan da çox, "qələbə romanı"dır deyə bilərik. Başlıca məqsəd: Tacın qaytarılmasının fəlsəfəsini - otuz illik həsrəti, 44 günün sevinci, xalq birliyi, millət bütövlüyü, İnsan qürurunu notlara köçürmək, səsləndirməkdədir: "Millət xoşbəxt idi! Otuz ilə yaxın müddətdə qəhəri, kədəri içində qalan xalq dirçəlmişdi, illərdən bəri həsrətində olduğu qələbəyə qovuşmuşdu, özü öz içindən böyümüşdü..."  

Romanın didaktik ruhunu tarixdən aldığımız dərslər diktə edir: "Ali Baş Komandanın Şuşanın azad edilməsiylə bağlı təbriki və çıxışı monitorlarda təkrar-təkrar göstərilirdi: -Bizim Zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlarımız var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab vermirsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin..."

Romanın sonluğu sadəcə yazıçı öncəgörümünün ifadəsi olmayıb, realda strateji düşünən Ali Baş Komandanın uzaqgörən siyasətinə ayna tutur. Yazılmasından bir il keçməmiş, 2023-cü ilin 20 sentyabrında bir günlük antiterror əməliyyatı nəticəsində Qarabağ torpaqlarının tam azad edilməsi ilə Azərbaycan xalqı Vətən torpaqları üzərində suverenliyini bərpa etdi.

SİZƏ MARAQLI OLA BİLƏR