Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Bu vüsalın əbədidir, Kəlbəcər! - Dilarə Adilgil

29-12-2023 [ 10:44 ] [ oxunub:282 ]
printerA+ | A-
104146

...O yerlər 27 il bizi gözlədi. Sinəsi yaralı, bağrı dağlı olsa da, gözlədi və biz qovuşduq. Qəlbində 27 ilin sirləri var o yurdun. Danışacaq yavaş-yavaş... Fəqət onun yaşadığını dinləməyə gücümüz çatacaqmı?..

93-cü ilin görüntülərinə baxıram... Kəlbəcərin süqutu... Odlu halqada olduğu, ara qarışıb, məzhəb itən vaxtlar... Jurnalist yerli sakindən rayondakı vəziyyəti xəbər alır... "Kəlbəcərin vəziyyəti çox ağırdır, özü də indi yox, dünəndən, daha əvvəldən ağırdır. 90 faiz boşdur. Qaçanların xilas olmaq şansı da çox azdır. Murov ətrafında tıxaca düşüblər, köməyin gəlmə imkanı da yoxdur, nə o tərəfə getmək mümkündür, nə bu tərəfə"...

Görənlər deyirlər ki, yalnız Tərtərçayın sahillərini, Çaykəndi görməyən İsveçrəyə heyran ola bilər. Deyilənə görə, Tərtərçayın zümzüməsi də fərqlidir.

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur, dəniz səviyyəsinə istinadən 1500-3800 metr hündürlükdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir. "Divarları silsilə dağlar, bürcləri dağ zirvələri olan", hər qayası sirli Kəlbəcər özü təbii "səngərli-qalalı" bir istehkamdır, Qarabağın qala qapısıdır. Bu yerlərin o qədər əzəmətli təbiət abidələri, ilk yaşayış məskəni olan mağaraları, erkən orta əsrlərə aid qalaları, məbədləri var ki, bilmirsən, hansından başlayasan, danışasan. Kəlbəcər qalalarının ən yüksəyi "Comərd qala", dəvə boynunu xatırladan Lex qalası, 3260 m. hündürlüyü olan, uğrunda yüzlərlə igidimizin qanı tökülən "Ömər aşırımı", "Bir qalanın sirri" filminin çəkildiyi "Dirək qayalar", "Baş-başa gələn" Qamışlı qaya və yenə də qayalar, qalalar, qırçınlı dağ keçidləri... Gözəlliyi ilə qan donduran Laçınqaya gözəlliyi olub da, bəxti olmayan yüksəkliklərdəndir. Laçınqaya hələ 120-ci ildə monqollar tərəfindən dağıdılmış, əhali qılıncdan keçirilmiş, insan qanı qayalar arasından sel kimi axıb Tərtər çayını qırmızıya boyamışdı.

Mezozoy suxurlarından ibarət olan Dəlidağın yamaclarında qədim buzlaqların izlərinə hələ də rast gəlinir. Ən yüksək zirvəsində alp və subalp çəmənlikləri var. Səməd Vurğunun məşhur "Yada sal məni" qoşmasında adıkeçən, sözügedən Dəlidağ Laçın və Kəlbəcər rayonları sərhədindədir.

Az qala Dəlidağdan da bir şey qalmamışdı... Yaylaqlardan da, oylaqlardan da, buzlaqlardan da. Şairin də, ozanın da xatirəsi önündə üzümüz qara idi. Üz ağardanlarımızın haqqı ödənməz! "Torpağı qanları ilə suvarıb, sümükləri ilə bərkidən" oğulların sayəsində bu gün Vətənli olmuşuq.

Kəlbəcəri "dünyanın tavanı" adlandırılan Tibetə bənzədirlər.

Vəngdəki "Xudavəng" monastırı, eləcə də Vəngli kəndində yerləşən Gəncəsər məbədi dünya alban irsinin əhəmiyyətli nümunəsi və Azərbaycan ərazisində ən böyük monastır kompleksidir. Allahın şəninə tikilmiş Xuda-vəngin (Tanrı məbədi) kimə məxsus olduğu adından məlum. Bunun üçün dilçi, araşdırmaçı olmaq lazım deyil. "Allahverdi"yə bir "yan" əlavə edib özünə soyad düzəldən oğru qonşularımız Xudavəngə də özlərinə oxşayan iyrənc ad qoyub guya ziyarətgaha çevirmişdilər. İşğal nəticəsində əlinə düşən fürsəti fövtə verməyən məkrli düşmən monastır üzərində qlobal manipulyasiya aparandan, öz aləmində onu guya tam gavurlaşdırandan sonra özünün yalan makinasını işə saldı. 1000 ildən artıq yaşı olan Xudavəngi 1993-cü ildən bəri min cür hoqqa ilə özlərininkiləşdirə biləcəklərini sanmaq - daşın tərkibindən yaşının müəyyən edildiyi innovasiya  dövründə çox bisavad düşüncə idi. Fikirləri vaxtilə Qarakilsənin (Sisyan) alban mədəniyyətinə məxsus abidələrinin, kitabə və təsvirlərinin İrəvana daşınıb erməniləşdirilməsinə, dünyaya guya ermənilərin daş dövrü abidəsi kimi təqdim edilməsinə getmişdi. Lakin əlyazmalar yanmır... "Ən qədim zülmətdən dillənər yazılar və kitabələr!" (İvan Bunin) Bəli, hələ "xaçlılar"ın tarixi faktları falsifikasiya edib monastırı erməni apostol kilsəsi kimi təqdim etməklə 1954-cü il Haaqa konvensiyasının şərtlərini kobud şəkildə pozmasını demirəm. "Plagiat" fransız sözü olub, qeyri-maddi irsin oğurlanmasına deyilir. O, birinci növbədə paxıllıq, sonra da bacarıqsızlıq, bəxti gətirməmə hallarında baş verir. Burada söhbət nə kiminsə kimdənsə oğurladığı bir-iki cümlədən gedir, nə mahnıdan nə soyaddan... Alban tarixinin total şəkildə saxtalaşdırılıb oğurlanması əslində heç plagiatın təyinatına da sığmır. Ümumiyyətlə, ermənilər iki məsələdə ixtisaslaşıblar, iki sahə üzrə "məhsul" istehsal edirlər. Bir xaç "usta"sıdırlar, bir də mina. Kəlbəcərdə xaç sexləri var idi, "hünərvər xalq" sirkə ilə tarix ştamplayırdı. Bir də hələ sovet dövründən İrəvanda mina zavodu fəaliyyət göstərirdi. Ermənistanın 30 il ərzində Azərbaycan ərazisinə  döşədiyi mina 340 milyon dollar məbləğində qiymətləndirilir. Sonra da deyirlər niyə uduzduq? Əllərinə düşəni ya xaç düzəldib daş-kəsəyin arasında dürtüblər, ya minaya verib torpağın altında basdırıblar.

9 tikilidən ibarət olan bu külliyə dağlar qoynunda, yaşıllıqlar içərisində, axar-baxarlı, mənzərəli bir yerdə, yüksək təpəlik üzərində yerləşib böyük ərazini əhatə edir və təbiətin gözəlliklərinin fonunda daha da möhtəşəm görünür. "Məzlum" erməni xalqı əllərindən alınan "ibadətgah"larından, əslində isə 27 il silah anbarı kimi işlətdikləri Alban kilsəsindən heç cür vidalaşıb "ayrıla bilmir", bir az da artıq qala bilmək üçün bəhanə axtarırdı. Nəyi var sökmüşdülər, quru divarlardan da əl çəkmirdilər. Guya haradan öz xoşları ilə çıxdılar? Şuşa alınanda bir erməni qızı paltarını başına çəkib səsinin də cır yerinə salmışdı ki, bəs Qazançılar kilsəsində mənim toyum olacaqdı? Bizimkilər də qatı açılmamış "xeyir-dua"nı bol etdilər... "Ata, oğul, müqəddəs ruh heç kömək etməsin" və sair. Amma bizim insanlar dağlarda parça-parça olanda da bu abırsızlığı eləməmişdilər.

Nə cırtdan da olsa, tarixləri boyu, nə 27 illik işğal sürəsi Qarabağda, bu tayfa kilsədən, xaçkardan savayı, heç nə qurub-yaratmayıb. Elə onu biliblər ki, özlərinə, adlarına "layiq" surroqat bir şey düzəldib göz qabağına, yol ayrıcına qoysunlar və sonra bu əldəqayırmanı min hoqqa ilə əskildib dinozavrlardan qalmış xaraba kimi bizə sübut etməyə çalışsınlar. Daha başa düşmürlər ki, daşın elə yaddaşı var ki, onu əsrlər silə bilməyib. Onilliklər, yüzilliklər keçir. Dünya tanınmaz dərəcədə dəyişir... Bunlar isə süni surətdə yaratdıqları ampluada ilişib qalıblar,  özlərini oradan çıxmağa qoymur, dünyəviyə adaptasiya ola bilmirlər.

Torpaqlarımız işğal altında olanda mən həmin ərazilərin köhnə kadrlarına baxmırdım, baxa bilmirdim. Yəqin elə siz də. Azadlığa çıxandan sonra internet səhifələrində videogörüntülər paylaşıldıqca Kəlbəcərin əzəmətli təbiətini görüb "dəhşətə" gəldim... Başlanğıcını bilmirəm, dağların harasındansa götürən, yerə qaynayan şəlalə kimi tökülüb çaya çevrilən dirilik suyu İstisu... Bizi dünyada "loğman" kimi tanıdan İstisu...

Keçilməz dağların içindən keçən təbii tunelləri... Sovetin çiçəklənən dövründə inşa edilən məşhur Laçın-Kəlbəcər arteriyasının uzunluğu cəmi 200 m. idi. İşğaldan qabaq əsas problemi yolsuzluq olan Kəlbəcərdə bu gün 5 km və 11 km uzunluğunda tunellər inşa edilir. Xeyirliyə işlənsin! Elə yolsuzluq səbəbindən də düşmənin hücumu zamanı nə qədər insanımız tələyə düşüb məhv olmuşdu. Düşmən Kəlbəcəri boşaldanda bu tuneli də partlatmaq istəyib. Lakin başı yandırmağa, dağıtmağa, sökməyə qarışdığı üçün vaxtı çatmayıb, daşıhadaşı idi... Mənim ağlım kəsən, qədir-qiymət anlayan vaxtımda Kəlbəcər işğal olundu. Bu əsrarəngiz bölgəmiz haqqında onu bilirdim ki, heç kim təyinatla ora işləməyə getmək istəmirdi. "Uzaqdır, dağlıqdır, soyuqdur, şəraitsizdir" -  deyirdilər...

Çox da uzaq olmayan 70-ci illərdə bibim 3 uşağını musiqi məktəbinə qoymuşdu. İkisi yüksək bal toplayıb fortepiano bölməsinə, biri isə daha az yığdığı üçün kamançaya düşmüşdü. Valideynləri "hələlik oxu, sonra pianinoya keçirdərik" - deyə nə illah elədilərsə, uşaq çalğı alətinə ögey münasibəti görüb razılaşmadı... Erməni də gördü ki, yiyəsiz qalıb, götürdü özünə... Deməyim odur ki, özümüzdə də olub. Mədəni dəyərlərə həssaslığı qismən azaldan kimi maddiyyat da əldən gedir.

Kəlbəcərin fakturasını videolardan mənim kimi indi görənlər elə bilirdilər, bura İsveçrədir, Nepaldır... Mən o görüntüləri şöbəmizin kəlbəcərli əməkdaşına göstərəndə "bəli, Kəlbəcərdir" - dedi. Özüm isə 2018-ci ildə ziyarət etdiyim Petranı xatırladım...

2020-ci il noyabrın 15-də çıxmalıydılar Kəlbəcərdən. Amma çıxmadılar. Əlavə 10 gün də verdik. İnsanlıq naminə. Amma onlar bu 10 günü də dağıtmadıqlarını dağıtmaq, yandırmadıqlarını yandırmaq, talamadıqlarını talamaq üçün istifadə elədilər. 27 il 20 faiz torpağımız haramıolmuşları yedirdib-içirdib. Gərək nə qədər dibdən-dibə düşəsən ki, su içdiyin quyunu murdarlayasan. 30 il yeməklə doymadılar, guya indi yalamaqla doyacaqdılar. Ağacları kəsirdilər ki, bizə qalmasın. Hər ağacın ahı dolanır üstlərində! Yandırmaq kimi bir maniakal həvəsi də var "qədim xalqın"... Məktəb direktorunun məktəbi yandırması kimi şərhə belə gəlməyən perfomansı...

"Çəkdirdiklərini yaşamayınca bu dünyadan köçməyəcəksən!" Şirindən şirin həqiqət! Ən ağır aqoniyanı Kəlbəcərdən çıxanda yaşadılar işğalçılar. Bucağa sıxışdırılıb torpaqlarımızdan çəkilməyə məcbur edilən hazıranazir düşmən bir anda hər şeyin əlindən çıxdığını görüb nə edəcəyini bilmir, hirsini əlinə keçən hər şeydən - daşdan, ağacdan, elektrik dirəklərindən, arı yeşiklərindən, heyvanlardan çıxırdı.

Adam da özünün olana çalın-çarpaz dağ çəkərmi?! Yəqin ki, tarixdə belə şey olmayıb. Deməli, özünün olmadığını bilirdi işğalçı düşmən. Maddi, materiya olan bir tərəfə, təbiətə də ölümünə divan tuturdu elə buna görə. Özü də bu gözəllikdə təbiətə! Kəlbəcərdəki "Ayı fındığı meşələri"nin yerində indi boş ərazi qalıb. Bacarsaydılar, sıldırımları qum kimi üyüdərdilər, xarabalıqları dallarına çatıb aparardılar. Amma bu sıldırımlar əsrlərdir burda dayanıb, durduqca da, duracaq.

İşğal vaxtı Füzulidə, Cəbrayılda yaşamayıblarsa, Kəlbəcərdə yaşayıblar. Kəlbəcərlilər də eynən zəngilanlılar kimi danışırlar ki, işğaldan qabaq bizim rayonda ermənini çıraqla da tapa bilməzdin. Çünki yerli-dibli olmayıblar. Prezidentimiz də açıq-aşkar,  yumşaltmadan, ümid yeri qoymadan dedi: "Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur!" Onların saxta iddiası Prezidentin hökmünə qarşı dura bilmir və təbii ki, dünyanın gözündə yüzdə yüz uduzurlar!

(Ardı var)

SİZƏ MARAQLI OLA BİLƏR