Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Çingiz Aytmatov-95: Ədəbiyyatın Tanrı dağı - Akademik İsa Həbibbəyli

17-01-2024 [ 10:46 ] [ oxunub:392 ]
printerA+ | A-

 "İlham Əliyev qloballaşan dünyanın lider etalonudur"

Çingiz Aytmatov, 2008

İlk növbədə qeyd etmək lazımdır ki, Çingiz Aytmatov qırğız xalqının yetirməsi, onun zəngin yaradıcılığı isə qırğız mənəvi ruhunun möhtəşəm bədii ifadəsidir. O, qırğız ellərinin və çöllərinin ruhunu bütün reallıqları və özünəməxsusluqları ilə dahiyanə şəkildə təsvir etməklə ədəbiyyatda doğma Qırğızıstanın, geniş mənada isə Orta Asiya coğrafiyasının möhtəşəm və ümumiləşdirilmiş obrazını yaratmışdır. Dünya xalqları Çingiz Aytmatovun əsərləri vasitəsilə Qırğız xalqını və Orta Asiyanı xəritədəkindən də yaxından tanımaq imkanı əldə etmişlər. Bu mənada Çingiz Aytmatovun çoxcəhətli və zəngin yaradıcılığı, hər şeydən əvvəl, qırğız ruhunun böyük ədəbiyyat heykəlidir. O, mənsub olduğu xalqı və ölkəni ana torpaq, ana tarla miqyasında təsvir etmək istedadı ilə dünya ədəbiyyatına daxil olmuşdur. Rus dilində yazılmasına, dünyada xarici dillərdə yayılmasına baxmayaraq, Çingiz Aytmatovun əsərlərindən qırğız çöllərinin rəmzi olan kövşən və yovşan ətri gəlir. Çingiz Aytmatovun "Cəmilə", "İlk müəllim", "Ana tarla", "Əlvida, Gülsarı", "Qırmızı yaylıqlı Qovağım mənim", "Ağ gəmi", "Dəniz kənarı ilə qaçan Alabaş" və s. kimi əsərləri qırğız ədəbiyyatının yazılı nağılıdır. Lui Araqonun "Dünyanın ən gözəl eşq hekayəsi" adlandırdığı "Cəmilə" povesti təhkiyəsinə və macərasına görə unudulmaz eşq nağılıdır. Bu povesti "Cəmilə ilə Daniyarın nağılı" da adlandırmaq olar. "İlk müəllim" povesti Qırğızıstanın ucqarlarındakı dağ kəndinin ilk müəlliminin hekayətidir. "Ana tarla" qırğız kövşənin nəğməsi və sadə əkinçinin rəvayətidir. Təsvirlərindəki lirizm, təhkiyəsindəki nağılvarilik, təqdim etdiyi hadisələrdəki macəra, obrazlarının daxil dünyasını açarkən nümayiş etdirdiyi dərin və incə psixologizm vasitəsilə Çingiz Aytmatov sanki yazılı ədəbiyyatın nağılını, şifahi ədəbiyyatın əfsanə və rəvayətlərini ədəbiyyata gətirmişdir. Çingiz Aytmatovun əsərlərində ictimai məzmun bədii gərçəklik kimi təqdim olunur. Oxucu yazıçının əsərlərindəki qəhrəmanların taleyinə o qədər qapılır ki, ictimai məzmun haqqında əsəri oxuyub bitirdikdən sonra düşünməli olar. Bu yolla Çingiz Aytmatov sovet dövründə bəzi əsərlərindəki ictimai mətləbi cəmiyyətə yox, insana aid etməklə senzurun diqqətindən yayındıra bilmişdir. Məsələn, hələ 1956-cı ildə yazılmış "Əlvida, Gülsarı" povestinin mahiyyəti etibarilə "Əlvida, kommunizm" demək olduğunu tənqidçilər yalnız sovet hakimiyyətinin süqutundan sonra açıq deyə bilmişlər. Bu baxımdan "Əlvida, Gülsarı" povesti sanki "Gün var əsrə bərabər" romanının proloqudur. "Ağ gəmi" povestində də soykökü qorumağın zərurətindən söz açan Çingiz Aytmatov "Əsrə bərabər gün" romanına doğru mühüm bir addım atmışdır. Beləliklə, Çingiz Aytmatov Qırğızıstan çölünün nəğməkarı, qırğız elinin bələdçisi və müdafiəçisidir. Çingiz Aytmatovun əsərləri qırğız xalqının taleyinin ədəbi-mənəvi salnaməsidir.

Özünü Manasın oğlu kimi bəyan edən Çingiz Aytmatov əsərlərinin ideya bədii xüsusiyyətlərinə, dərin fəlsəfi mahiyyətinə və müasirliyinə görə XX əsrin Manasıdır. O, həm mənsub olduğu qırğız xalqının, həm də dünyanın qayğıları ilə yaşayan böyük sənətkar kimi əsərlərində milli maraqlarla bəşəri mənafeləri üzvü surətdə birləşdirməyi bacarmışdır. Çingiz Aytmatov XX əsr qırğız ədəbiyyatının Manası, ən yeni dövr dünya ədəbiyyatının Tanrı dağıdır. Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanı sözün böyük mənasında ədəbiyyatın ibadət yeridir.

Çingiz Aytmatov ümumtürk ədəbiyyat təfəkkürünün əfsanəsidir. O, ümumtürk tarixi və ədəbi-mədəni ənənələri əsasında formalaşmış nəhəng yazıçıdır. O, qırğız xalqının simasında geniş mənada türk xalqlarının taleyini əks etdirmişdir. Çingiz Aytmatov bolşevizmin türk xalqlarının üzərində yaratdığı mənəvi əsarətin dəhşətli bədii təzahürlərini "Əsrə bərabər gün" romanındakı repressiya və manqurtlaşdırma süjeti ilə çox böyük cəsarətlə göstərə bilmişdir. Çingiz Aytmatov sovet rejiminin SSRİ-də yaşayan türk xalqlarına ikili standartla yanaşdığını aydın şəkildə görmüş və böyük məharətlə təsvir etmişdir. Əsərlərində qırğız xalqının timsalında Sovet Türküstanı xalqlarının daha çox repressiya cəzasına məhkum edilmələrinin göstərilməsi bolşevik hökumətinin ikili standartlarının diqqət mərkəzinə çəkilməsinin ifadəsi idi. Çingiz Aytmatov Manqurt anlayışı ilə mövcud hakim rejimin türk-müsəlman xalqlarına qarşı yeritdiyi əridilib tarixdən silmək siyasətinin faciəli təzahürlərini Nayman Anamın dili ilə səsləndirmişdir. "Əsrə bərabər gün" romanındakı Nayman Ana ilə övladının dialoqu manqurtlaşdırılmış insan obrazının dahiyanə bədii ifadəsini meydana qoymağa xidmət edir:

"Otur, danışaq, deyə Nayman Ana dərindən bir ah çəkdi. Nayman Ana soruşdu: - Məni tanıyırsan? Manqurt başı ilə "Yox" dedi.

- Bəs adın nədir?

- Manqurt!

- Səni indi belə çağırırlar, əvvəlki adın yadındadır?

Manqurt danışmırdı. Anası görürdü ki, o, adını yada salmağa çalışır. Amma görünür oğlan qalın bir divara rast gəlmişdir, divarı keçə bilmirdi.

- Bəs atanın adı nədir? Bəs özün kimsən, kimlərdənsən, doğulduğun yeri heç olmasa bilirsənmi? Yox, heç nə bilmir, heç nə xatırlamırdı.

- İlahi, gör səni nə günə salıblar?!

Heyhat, heç manqurtun tükü də tərpənmirdi. Onda Nayman Ana qərara gəldi ki, onun kim olduğunu soruşmaqla yox, təlqinlə başa salsın".

Bundan başqa, Çingiz Aytmatov mərkəzdə yaşayıb, atası Qazanqapın dəfn mərasiminə gəlmiş Sabitcanın timsalında isə cəmiyyətdə təmsil olunan müasir manqurtların da mükəmməl bədii obrazını yaratmışdır. Atasının yas mərasimində də radio direktoru kimi standart ifadələrlə danışan Sabitcan da manqurtlaşdırıldığının səbəbini anlamayan və həyat tərzi etibarilə manqurtluqdan kənara çıxması mümkün olmayan manqurtdur. Çingiz Aytmatov manqurtlaşdırmanın Sabitcan modelinin formalaşdırılmasının səbəblərini aşağıdakı kimi izah etmişdir. "Boranlı Yedagey peşman idi ki, bu söhbəti niyə saldı? Məgər Sabitcan söz deməli, kömək ummalı adamdır? Faydası nədir? Neçə-neçə kurslarda, institutlarda oxuyub. Bəlkə də ona elə-belə olmağı öyrədiblər. Kim bilir, bəlkə də hardasa İblis kimi uzaqgörən bir adam var, Sabitcanın üstündə o zəhmət çəkib ki, Sabitcan başqa cür yox, Sabitcan kimi olsun. Məgər Sabitcan deyildimi, o radio ilə idarə olunan adamlar haqqında cəfəngiyyatı bəzəyib qoşan? Demirdimi ki, o vaxt gələcək! Bəlkə də o elə gözə görünməz tam ixtiyar sahibi olan kəs artıq onu radio ilə idarə edir.

- Manqurt ki, manqurt! Xalis manqurtsan!"

Çingiz Aytmatovun "Əsrə bərabər gün" romanındakı Manqurt Sabitcan Cəlil Məmmədquluzadənin ondan altmış il qabaq 1923-cü ildə yaratdığı Zırrama obrazının yeni tarixi şəraitdəki orijinal təzahürüdür. Cəlil Məmmədquluzadənin kinayə ilə bizim gözəl vətənimizin meyvəsi" adlandırdığı Qurbanqulu bəy də Çingiz Aytmatovun Sabitcanı kimi yoldan keçənlərin qabağını kəsib, sanki əzbərlədiyi və mahiyyətini çox da yaxşı bilmədiyi eyni sözləri ardı-arası kəsilmədən tutuquşu kimi onlara sırımaqda davam edir "Zırrama" hekayəsində oxuyuruq: "...Dostum məni xeyli yordu. Sanki beş dəqiqənin içində bəlkə min beş yüz söz danışdı. Qağbaqca genə hamin mətləbdən başladı ki, Novruz ağanın qardaşı oğludur, əmisini atlı sultanı eləyiblər, özünü qubernator öz yanında baş sekretar eləyib, böyük qardaşı Vəlilağa teleqraf naçalniki olub. İrəvandan Meşədi Cəfər gəlib gedir Moskvaya, Məşədi Qurbanəli gəlib Tiflisə özünə diş qayıtdırsın. Rus ilə Osmanlının Qars üstə ...arası sərinləyib... Naxçıvanda pendir bir az bahalaşıb və daha belə-belə xəbərləri barmaqları ilə saymaqda idi.

...Haman gecənin səhəri elə bildim ki, yuxuda mənə eyni sözləri deyirlər... Gözlərimi açdım, gördüm hava təzə işıqlanır... Rəfiqim Qurbanqulu bəyin səsini haman saat tanıdım.... Gəldim akoşkanın qabağına və gördüm ki, Qurbanqulu bəy genə əlləri belində durub küçənin ortasında və mənim kimi bir üzüyola Allah bəndəsi ilə qarın-qarına verib ucadan deyir: "Rus isə Osmanlının arası sərindir. Qaçaq Pirverdiyə 8 il iş kəsiblər...

...O biri gün genə ... küçəmizə yetişən kimi ürəyim xırp düşdü. Qurbanqulu bəy genə əlləri belində, küçənin ortasında var-gəl eləyirdi və yoldan keçən bir rusla uzaqdan-uzağa bilmədim nə danışırdı".

Göründüyü kimi, Çingiz Aytmatovun təqdim etdiyi manqurtluq Cəlil Məmmədquluzadənin təsvir etdiyi zırramalığın dərinləşdirilmiş bədii təzahüründən ibarətdir. Manqurtluğun mənasını tam başa düşməyən adama onun zırrama olduğunu deməklə manqurt obrazını əyani surətdə göstərmək olar. Və ya tərsinə, zırrama nə deməkdir sualına konkret bir sözlə cavab vermək mümkündür: manqurt? Bu məqamda Çingiz Aytmatovun haqqında xüsusi ehtiramla söz açdığı böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin əsərlərindən bəhs edərkən dediyi "Bax, hekayəni belə yazarlar" sözlərini "Bax, zırramalığı (manqurtluğu) belə yazarlar (təsvir edərlər)" kimi oxumaq olar. Manqurtlaşdırma həm də sovet dövlətinin, SSRİ-nin baş ideoloqu Mixail Suslovun irəli sürdüyü vahid sovet xalqı yaratmaq siyasətinə Çingiz Aytmatovun vətəndaş-yazıçı etirazının kəskin ifadəsi idi. Nəticə etibarilə Manqurtluq Çingiz Aytmatovun dahiyanə kəşfidir.

Manqurtlaşdırılmış adamın törədə biləcəyi faciələri Çingiz Aytmatov "Kassandra damğası" romanında təsvir etdiyi iks hibrid insanların simasında əyani şəkildə göstərmiş, manqurtlaşmanın bəşəriyyət üçün də böyük təhlükə olduğunu bütün reallıqları ilə diqqətə çatdırmışdır. "Kassandra damğası"ndakı hibridi insan obrazı "Əsrə bərabər gün" romanındakı manqurtlaşdırılmış adam obrazının cəmiyyətə transfer edilmiş fərqli modeldir. Çingiz Aytmatov bəşəriyyətin manqurtlaşdırma əsarətindən və hibrit insanların törədə biləcəyi fəlakətlərdən qurtarmaq idealına xidmət edən qüdrətli yazıçıdır.

"Kassandra damğası" bəşəriyyətin məhv olmaq təhlükəsi haqqında səmadan kosmik rahib Filofeyin vasitəsilə göndərilmiş xəbərdarlıqdır. Filofeyin kosmosdan göndərdiyi məktub ictimai-siyasi mahiyyətinə görə Vilyam Şekspirin Hamletin dilindən səsləndirildiyi məşhur "Olum ya ölüm", monoloqu ilə müqayisə edilə bilər. Daha doğrusu, Felofeyin kosmosdan Roma Papasına ünvanlayaraq Yer planetinə göndərdiyi məktub XXI əsrin "Olum ya ölüm" monoloqudur. Fikrimcə, Çingiz Aytmatov bəşəriyyətin həyatla ölüm arasında dilemma qarşısında qaldığını göstərmək baxımından Vilyam Şekspirdən də qabağa getmişdir. Belə ki, Vilyam Şekspirin mənəvi münasibətlər müstəvisində irəli sürdüyü "Olum ya ölüm" sualını Çingiz Aytmatov ciddi ictimai-siyasi səviyyəyə qaldırmışdır. Filofeyin məktubu Zamanın Yer kürəsinin insanlarına ünvanlanmış xəbərdarlığıdır. Bu, 22 səhifədən ibarət olan xəbərdarlıq məktubu dünya ədəbiyyatında ən geniş həcmə malik məktub, yaxud ən uzun monoloqdur. Monoloqlar adətən əsərin sonlarında verilərək onu tamamladıqları halda, Filofeyin məktubu "Kassandra damğa"sının əvvəlində verilmiş proloqdur. Bu mənada Filofeyin kosmik rabitə stansiyasından "Tribun" qəzeti vasitəsilə Yer Kürəsinə yayılmaq üçün Roma Papasına göndərdiyi 22 səhifəlik məktub sadəcə bir əsərin, "Kassandra damğası"nın deyil, bütövlükdə bəşəriyyətin yeni tarixi epoxadakı özünü xilasetmə manifestidir: "Sizin vasitəmizlə bəşəriyyəti xilas etməyə borcluyam. Çünki insanlığa əvvəllər məlum olmayan bir bəla üz verib. Məlum olub ki, embrionlar (ana bətnində uşaq əmələ gətirən toxumalar - İ.H.) bizə müraciət edir. Kassandra damğası - ana bətnində gərcin və ümidsiz halda dünyanın (həm də özünün - İ.H.) sonunu gözləyən embrional estaun kadrarxası səsidir. Bu onda təbii həyat meylini, yaşamaq istəyini öldürür... Biz şüurumuzda baş verəcək yeni sıçrayış ərəfəsindəyik... Nəhayət, açıq şəkildə etiraf etmək lazımdır: subyekt tərəfindən (dövlətlər səviyyəsində - İ.H.) reallaşdırılan pislik onun yer üzündəki yaşamının bitməsi ilə, yəni onunla birlikdə yox olmur. Genetika meşəsində varlığını istənilən an büruzə verə biləcək qurulmuş mina kimi, labüd tocum kimi ehtimal edilən "İXS" öz saatım gözləyir".

Futuroloq alim Robert Borkun təyyarə ilə okeanın üzərindən uçarkən balinaların yaşamaq istəməyib, sürü ilə kütləvi şəkildə süni intihara doğru getdiyi bir mənzərəni müşahidə etməsi ilə Filofeyin ana bətnindəki süni embriomun iks hibrid insana çevrilməsi prosesi bir-birini tamamlayır. Hələ ki, dünya ədəbiyyatında bəşəriyyətin taleyi haqqında bu səviyyədə yazıçı narahatlığını ifadə edən ikinci bir bədii əsər meydana çıxmamışdır. "Kasandra damğası" bəşəriyyətin taleyi haqqında Çingiz Aytmatov narahatlığının alternativi olmayan bənzərsiz şəkildə ifadə edən nadir bədii əsərdir. "Kassandra damğası" - bəşəriyyəti və insanlığı kütlə psixologiyasından, nəinki mənəviyyatını, bütövlükdə soykökünü itirmiş, robotlaşmış, manqurtlaşmış, dövlətlər tərəfindən məqsədli surətdə və süni şəkildə yaradılmış hibrid adamların törədə biləcəkləri faciələrdən qorumağa, xilas etməyə axırıncı çağırışdır. Bu, kütlə psixologiyasının təhlükəsinə və hibrid iks insanların yaratmaq istəyə biləcəyi fəlakətlərə qarşı Çingiz Aytmatovun sonuncu xəbərdarlığı və üsyanıdır. Bu, bəzilərinin yanlış olaraq düşündükləri kimi, kosmopolit yazıçı baxışının deyil, özünü bəşəriyyətin taleyi üçün cavabdeh sayan Çingiz Aytmatov miqyasında planetar bir yazıçının harayıdır. 

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatov dünya ədəbiyyatının axırıncı magikanıdır. O, milliliklə bəşəriliyin üzvü sintezini, ortaq altun balansını tapıb, əsərlərində böyük istedadla əks etdirən dahi yazıçıdır. O, Cəmilə, Daniyar, Toqunay, Qazanqap, Aysel və şair kimi kiçik adamların taleyinin timsalında həyatın və insanlığın böyük həqiqətlərini açıb göstərmişdir. Kiçik adamı xalqın əsas simasını əks etdirən obraz səviyyəsinə qaldırmaqla böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin XX əsrin əvvəllərində gördüyü işi Çingiz Aytmatov keçən yüzilliyin ikinci yarısından etibarən geniş planda həyata keçirmişdir. Çingiz Aytmatovun yaratdığı Boranlı Yedigey dünya ədəbiyyatında kiçik adamın ən böyük obrazıdır. Vaxtilə Cəlil Məmmədquluzadə də Məmmədhəsən əmi, Novruzəli, Usta Zeynal obrazları ilə kiçik adamı böyük ədəbiyyata gətirmişdir.

Cəlil Məmmədquluzadənin kiçik adamları mənsub olduğu xalqı müstəmləkəçilik əsarətindən qurtarmaq ideyasına xidmət edirdi. Çingiz Aytmatovun kiçik adamı isə xalqı və ümumən insanlığı məhv olmaqdan xilas etməyə çağırışın ifadəsidir. Bu mənada Cəlil Məmmədquluzadənin ayıldaraq müstəmləkə əsarətindən xilas etmək istədiyi, lakin sovet hökumətinin qurulması ilə yenidən əvvəlki zülmət aləminə qaytarıldığı Məmmədhəsən əminin sonrakı qırmızı terror dövründəki acı aqibəti Çingiz Aytmatovun Manqurt obrazı ilə dahiyanə şəkildə təsvir edilmişdir. Bu mənada Çingiz Aytmatov Cəlil Məmmədquluzadənin təsvir etdiyi çarizmin qurbanı olmuş Məmmədhəsən əminin və Novruzəlinin ardıcıllarının bolşevizm əyyamındakı məhv edilmək təhlükəsini bütün reallığı ilə əks etdirmişdir. "Dağlar çökəndə" romanında da Çingiz Aytmatov təkcə SSRİ-nin deyil, dünyanın çökmək təhlükəsi ilə üz-üzə qaldığını əvvəlcədən xəbər vermişdir.

Bütün bunlara görə Çingiz Aytmatov planetar miqyaslı görkəmli qırğız yazıçısıdır.

Çingiz Aytmatov SSRİ-də yaşayıb, əsərlərində sovet gerçəkliyinin sədlərini aşmağı bacaran qüdrətli sənətkardır. Nobel mükafat olmasa da, Çingiz Aytmatov Nobelüstü zəngin bir ədəbi irs yaratmışdır. Əsərlərini oxuduğum Nobel mükafatı laureatı olan yazıçılardan heç biri nə uzaqgörənliyinə, vətəndaşlıq cəsarətinə və nə də bədiilik xüsusiyyətlərinə görə Çingiz Aytmatov səviyyəsini aşa bilməmişdir. Çingiz Aytmatov qaldırdığı bəşəri problemlərə, əsərlərinin müasirliyinə, vətəndaşlıq cəsarətinə və orijinal sənətkarlıq xüsusiyyətinə görə Nobel mükafatının sərhədlərini aşmağı bacarmışdır.

Çingiz Aytmatovun 95 illik yubileyinin Azərbaycanda geniş şəkildə keçirilməsi tamamilə təbiidir. Ədibin bundan əvvəlki butün yubileyləri də Azərbaycanda təntənəli şəkildə qeyd olunmuşdur. Çingiz Aytmatovun Qırğızıstanda akademik Abduldacan Əkmətəliyevlə, Qazaxıstanda Xalq şairi Muxtar Şaxanovla, Azərbaycanda isə Rəsul Rza, Qara Qarayev, Mirzə İbrahimov, Anar, Bəxtiyar Vahabzedə, Toğrul Nərimanbəyov, İmran Qasımov, Cəmil Əlibəyov, Şahmar Əkbərzadə, Hüseynbala Mirələmov, Adil Cəmil və başqaları ilə sözün əsl mənasında məslək və sənət dostu olmuşdur. Azərbaycan Çingiz Aytmatovşünaslığın da əsas mərkəzlərindən biridir. Çingiz Aytmatovun əsərlərinin hamısı Azərbaycan dilinə tərcümə edilmişdir.

Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev Çingiz Aytmatovun xidmətlərinə yüksək qiymət vermişdir: "Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir".

Çingiz Aytmatov da tarixi və əfsanəvi bir şəxsiyyət kimi Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmişdir. "Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu sovet dövründə də belə idi, bu günkü MDB məkanında, xeyli çətinləşmiş müasir dünya dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur.

Heydər Əliyev onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti - müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ildə Çingiz Aytmatovu "Dostluq" ordeni ilə təltif etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çingiz Aytmatovun xidmətlərini aşağıdakı kimi yüksək qiymət vermişdir; "Siz həmişə, bütün dövrlərdə Azərbaycanın dostu olmuşsunuz. Bu, sovet dövründə də belə olub, ... müstəqillik dövründə də... Çətin anlarda Siz həmişə ədalətin, sülhün, əməkdaşlığın tərəfdarı kimi öz qətiyyətli sözünüzü demişsiniz."

Çingiz Aytmatovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqqındakı 2008-ci ildə dediyi aşağıdakı müdrik sözləri yeni tarixi epoxanın siyasi reallıqları qəti şəkildə təsdiq etmişdir: "İlham Əliyev qloballaşan dünyanın lider etalonudur."

Çingiz Aytmatov Ümumdünya tarazlığı nəzəriyyəsinin yaradıcısıdır. Onun hələ çox illər bundan əvvəl bəyan etdiyi "Müharibə kultunun yerinə mütləq mədəniyyət gəlməlidir" ideyası XXI əsrin epiqrafı sayıla bilər.

Qırğız ədəbiyyatının Manası olan Çingiz Aytmatov dünya ədəbiyyatının Tanrı dağı, türk dünyasının Çingiz xanıdır. Bununla belə, Çingiz Aytmatovun əsərləri böyük monqol imperatoru Çingiz xanın dünyada fəth etdiyi ölkələrin sədlərini aşmışdır. YUNESKO-nun ən son məlumatına görə Çingiz Aytmatovun əsərləri yer kürəsində 173 xalqın dilinə tərcümə olunmuşdur. Əsərlərinə fılmlər çəkilmiş, haqqında qiymətli tədqiqatlar yazılmışdır. Dünya ədəbiyyatının bənzərsiz şedevrlərini yaratmış Çingiz Aytmatov əbədi yaşamaq haqqı qazanmışdır. Qırğızıstanda Ana Beytdəki məzarı ilə Çingiz Aytmatov Manasın vətənindəki Tanrı dağlarına qovuşmuşdur.

Çingiz Aytmatovun ölməz əsərləri əsl ədəbiyyat faktı və böyük mədəniyyət hadisəsidir. Çingiz Aytmatov XX əsrdə yazdığı əsərləri ilə XXI əsr dünya ədəbiyyatının yeni standartlarını yaratmışdır. Müasir dövrdə dünya ədəbiyyatı həm də Çingiz Aytmatovun idealları uğrunda mübarizə aparmaqda davam edir. Bu mənada Çingiz Aytmatov əsərləri ilə dünya ədəbiyyatının əbədi mogikanı olmaq miqyası nümayişi etdirir.

SİZƏ MARAQLI OLA BİLƏR