Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

İqbal Nəhmət - Dağlarda yaşayan şair - Vaqif Yusifli

18-01-2024 [ 09:36 ] [ oxunub:311 ]
printerA+ | A-

Qara kölgələrin içinə düşüb,

Çoxu hələ bilmir hara Vətəndir.

Mən nəyi oxşadım şəhid qanına?

Harda lalə görsəm, ora Vətəndir.

 

Döy məni, söy məni, bil, uda billəm,

Silib, gözlərimi quruda billəm,

Bütün yaraları unuda billəm,

Ağrısı keçməyən yara - Vətəndir.

 

Bu şeirin müəllifi Yardımlıda dağlarda yaşayan İqbal Nəhmətdir. 48 yaşı var və dörd şeirlər kitabının müəllifidir. İqbal Nəhmət, mənim fikrimcə, ədəbi aləmdə hələ tam etiraf olunmayan, şeirləri barədə demək olar ki, çox az fikir, rəy eşitdiyim bir şairdir. Mən iddia eləmirəm ki, bu boşluğu aradan qaldırım və Yardımlıda yaşayan bir şairi yetərincə sizlərə tanıdım. Bakıdan baxanda Yardımlıdakı dağlar görünmür, amma İqbal Nəhmətin şeirləri çağdaş poeziyamızın ərazisində heç də bizə uzaq görünmür.

Öncə misal gətirdiyim "Mən nəyi oxşadım şəhid qanına?" şeirində bir misraya diqqət edin: "Harda lalə görsəm, ora Vətəndir". Şəhidlərimizə həsr olunan elegiyalarda qərənfil və lalə adi gül-çiçək deyil, insan ağrılarının rəngi, simvoludurlar. Amma Vətəni laləyə bənzətməyi ilk dəfə İqbalın şeirində gördüm.

İqbal Nəhmətin "Bizdən irəlidə bir ümid vardı" şeirlər kitabında onun şairlik istedadına (adi sözlərin poetik sözlərə çevrilməsi, fikrin obrazlı ifadəsi, bədii təsvir vasitələrinin orijinallığı, ənənəvi mövzularda yeni söz demək bacarığı və s.) dəlalət edən şeirlər və ayrı-ayrı şeirlərdə nəzərəçarpan parçalar gördüm. Demək istəyirəm ki, İqbal Nəhmət dahi Füzulinin "Ver sözə ehya ki..." tələbinə riayət etməyə çalışır və çox şeirlərində buna nail ola bilir. Vaxtilə, 70-80-ci illərdə o zamankı gənc şairlərin (hansı ki, kənddən şəhərə gəlmişdilər) şeirlərində bir qəriblik, bir sıxıntı hiss olunurdu, onlar şəhərdə özlərinə yer tapa bilmirdilər, kənd üçün darıxırdılar. Təbii hisslər idi bu qəriblik də, bu sıxıntılar da. Və illər keçdi, kəndlərdə cavanların sayı azalmağa başladı və bu proses indi də davam edir. İqbal Nəhmət bu "qaçaqaç"a etiraz edib deyir:

 

Təndir çörəyinin ətrinə dönün,

Bu kəndi yiyəsiz qoyub getməyin!

Qoca nənələrin xətrinə dönün,

Bu kəndi yiyəsiz qoyub getməyin!

Ağlayar o güllü beşikləriniz,

Darıxar eviniz-eşikləriniz,

Ac qalar itiniz, pişikləriniz,

Bu kəndi yiyəsiz qoyub getməyin!

Kəndin kənd ləzzəti, şəhərin şəhər,

Çalışır, dolanır, hərə birtəhər,

Babanız şəhərdə yaşayıb məgər?

Bu kəndi yiyəsiz qoyub getməyin!

Şəhərli şəhərdə, kəndli kəndində,

Tüstüsü meşədə, toyuğu hində,

Azca kənddə qalıb iman da, din də,

Bu kəndi yiyəsiz qoyub getməyin!

 

İqbal Nəhmətin şeirlərində "mən" deyiminə çox da aludəçilik yoxdur, amma o, bir nəslin adından danışmağı sevir. Bəzən də bir şeirdə, öncə, fərdi duyğulardan söz açılır, sonra bu fərdi duyğular ictimailəşir. Şairin yaşı əlliyə yaxındı, dünyada, yaşadığı mühitdə çox olayların, insan münasibətlərinin şahidi olub, Azərbaycanda baş verən hadisələr - sovet dövrü, müstəqillik uğrunda gedən azadlıq hərəkatı, Qarabağ müharibəsi, 20 Yanvar, Xocalı qırğınları onun da içindən keçib və təbii ki, bütün bunlar bir şair kimi onu da həyəcana gətirib. O da Vətəndən yazır, vətənpərvərlik hissi onun da canında, qanındadır. Dağıstan şairi Rəsul Həmzətov yazırdı: "Mənim üçün Vətən yaşadığım, doğulduğum o kiçik auldan başlanır". Azərbaycanın 48 yaşlı şairi İqbal Nəhmət üçün də böyük Vətən onun doğulduğu Yardımlıdan başlanır:

 

Gecələr Ay dayanar, ulduzları

yarışar,

Quzeyin küləkləri güneyimə

qarışar,

Hər daşı, hər kəsəyi Şəhriyardan

danışar,

Mənliyim, qürurumdur,

qeyrətimdir Yardımlı.

 

İ.Nəhmət ənənəvi mövzulara ənənəvi şəkildə yanaşmağı sevmir, məsələn, Vətənin gözəlliklərini tərənnüm edən şeirlərində təzə ifadələr tapır: "Yurdumuzun gülə dönən qonçasına qurban olum. Bulaq üstə gələn qızın dolçasına qurban olum. Anamızın toxuduğu xalçasına qurban olum". Bu sırada "Biz Təbrizdən, Təbriz bizdən nigaran" şeirini ayrıca qeyd etməliyəm. Kitabdakı şeirlərin birinci bölümündə Qarabağa, Şuşaya həsr olunan şeirlərlə qarşılaşırıq. "Gözünün yaşını sil, Azərbaycan! Gəldi, Qarabağın baharı gəldi!. Suallara nöqtə qoyduq Şuşada. Qələbədən Azərbaycan doğuldu". Kitabdakı bir neçə şeirdə ustad Məmmədhüseyn Şəhriyarın adı ehtiramla çəkilir. İqbal Nəhmət də bizim şairlərin bütöv Azərbaycan ideyasına qoşulur:

 

Kimsə kəsə bilməz yazan əlimi,

Bütöv Azərbaycan deyən dilimi,

Ölümü öldürüb, bax, sənin kimi,

"Vətən!" deyə-deyə öləcəyəm mən!

İndi isə İqbal Nəhmətin şair səciyyəsi haqqında. Ən əvvəl qeyd edim ki, hər hansı şairin, o cümlədən, İqbal Nəhmətin şeirlərindən söz açırıqsa, ilk növbədə, belə bir suala cavab verməliyik - onu bir şair kimi başqalarından fərqləndirən xüsusiyyətlər nədir? Hansı mövzuda yazırsa-yazsın, bu fərqli xüsusiyyətlər  özünəməxsusluqda təzahür etməlidir. Bu baxımdan yanaşdıqda onun şeirlərində kifayət qədər şair "mən"inin çalarlarını izləyə bilərik. O çalışır ki, hər hansı predmeti, hadisəni, maddi, ya mənəvi anlayışları özünün poetik düşüncəsində nəzərə çarpdıra bilsin. Məsələn, üşümək anlayışı. Şair niyə üşuyür? "Hansı bağçamızdan gül verim sənə, İçində sən boyda qışım üşüyür?" Niyə şair deyir ki, səni anam qədər sevə bilmərəm? "Sevgilim, adına şeir qoşaram, Səni anam qədər sevə bilmərəm". Çünki anamdan cənnətin qoxusu gəlir, mənim ilk laylamı o çalıb axı. Və şeirin sonunda: "Qolları qırılan vətəndir anam, Səni anam qədər sevə bilmərəm".

Şair səciyyəsi bir də onda təzahür edir ki, şeirin bəzəyi, yaraşığı, əlvan rəngləri sayılan bənzətmələr, metaforalar, epitetlərlə zəngin olsun, həm də bu bədii təsvir vasitələri orijinal, təzə-tər olsun, heç bunlar olmasa belə, şair sözü adilikdən sıyrıla bilsin, onu urvata gətirsin. İqbal Nəhmətin, mənim fikrimcə, bir özünəməxsusluğu da bu iki amillə ilgilidir. Baxın: "Səni sevmək, Səndən mənə gəlməkdir. Məndən sənə getməkdir. Səni sevmək, Zülmət kimi qaralmaqdır, qışa doğru yol almaqdır, yorulmaqdır, yox olmaqdır". Sevgi şeirlərində də bir kimsəni təkrar etmir. Uğursuzluğu belə ifadə edir: "Gəldim, qapınızı döyə bilmədim, Sözlərin hamısı keçdi dilimdən, Səni sevdiyimi deyə bilmədim". Sevgilisinə deyir: "Payız boyda bir sarı gül göndərərəm sənə, qalanım, olanım bu, məni gözləmə". Və bir də: "Sən yağışdan çıxan göy qurşağısan, Rənglərin elə gözəl, elə özəl ki".

İqbal Nəhmətin qoşmaları bu şeir formasına yeni təfəkkür tərzini gətirən nümunələrdir, deyirəm.

 

O qədər qaçasan, yorulanacan,

Geriyə baxanda izin olmaya.

Dönəsən hamıya salam verəsən,

Özünə dönməyə üzün olmaya.

 

Qarışqa gözündə filə dönəsən,

Tikan ortasında gülə dönəsən.

Dərdə bax, yanasan, külə dönəsən,

Özün qızınmağa közün olmaya.

 

Əlbəttə, Yardımlıda yaşayan bu 48 yaşlı şairimizə bəzi iradlarımı da çatdırmaq istəyirəm. Kitabdakı çox şeirlərinə iradım yoxdu, bura qədər onu sizə tanıtmağa çalışdım, bir şair kimi özünəməxsus deyim və duyum tərzini nəzərə çarpdırdım. Amma elə şeirləri var ki... baxırsan, hər şey yerindədir, dostum Nizami Cəfərovun ifadəsiylə desəm, o şeirlərdə bütün poetexniki elementlərə riayət edilib. Bəs nə çatışmır? - Poetik ruh. "İncitməyin bu xalqı" - publisist ritorika. "Şairə milləti, xalqı ad verir" - bu şeir də əvvəlkinin tayı. "Canım Lənkəranım, Xan Lənkəranım" - bu şeirdə Lənkəranın "xanlığı" bilinmir, xeyli dost adları sadalanır. Bəzi satirik şeirlərində Sabir nəfəsi duyulmur.

Bu iradları söyləməyə bilməzdim. Amma mən sizə Yardımlıda dağlarda yaşayan istedadlı bir şairi təqdim etdim.

https://edebiyyatqazeti.az/news/edebi-tenqid/11216-iqbal-nehmet-daglarda-yasayan-sair

SİZƏ MARAQLI OLA BİLƏR