Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

"Qətl günü"ndən əvvəl - Vaqif Yusifli

26-12-2023 [ 11:05 ] [ oxunub:393 ]
printerA+ | A-
104139

"Dərd də azar kimi gələndə batmanla gəlir"

 

Xalq yazıçısı Yusif Səmədoğlunun "Qətl günü" romanı haqqında istər onun sağlığında, istərsə də vəfatından sonra xeyli yazılar çap olundu, bu roman neçə dilə tərcümə olundu, yayıldı, Azərbaycandan çox uzaqlarda yazıçını tanıtdı. Amma mən bir daha bu romandan yox, onun üç hekayəsindən söz açmaq istəyirəm.

"Qətl günü"nə qədər Yusif Səmədoğlunun cəmi iki hekayələr kitabı ("220 №-li otaq - 1960, "Qalaktika" - 1973) çap olunmuşdu. İki kitabda cəmi 11 hekayə... Amma "Astana", "Bayatı-şiraz", "İncə dərəsində yaz çağı" hekayələri də yazıldı... Sözümə "İncə dərəsində yaz çağı" hekayəsinin sonluğundan başlamaq istəyirəm.

"Sayalı arvad... elə bu vaxt başı üzərində səhərki uğultunu eşitdi. Başını yuxarı qaldırıb seyrək buludlardan aşağıda uçan səhərki vertolyotu gördü. Əgər Qara dağ yerindən qopub Sayalı arvadın üstünə gəlsəydi belə qorxmazdı. İçi-içalatı, sümükləri birdən don tutub, onu qara qızdırmalılar kimi titrəməyə saldı. Əlini qoynuna salıb pulları çıxartdı. Vertolyotun yönəldiyi səmtə sarı qaçmağa başladı. Sayalı arvadın müsibətli səsi vertolyotun uğultusuna qarışdı:

- Əylə, başına dönüm, əylə, ay doxtur! İncəli Çərkəz ölüm ayağındadır. Başına dönüm, ay doxtur. O da hökumət adamıdır, kolxoz qurub, bandit tutub! Əylə!..

Sayalı arvad çox qaçdı, amma vertolyota çata bilmədi. Üzüqoylu çəmənliyə yıxıldı".

Bu səhnə mənim fikrimcə, analoqu olmayan bir səhnədir. Hekayə yetmişinci illərin sonlarında dərc edilib. Elə bir vaxtda ki, sovet quruluşu hələ ən böhranlı çağına gəlib çatmamışdı. Doğrudur, daha Xuruşşov dövründə olduğu kimi kommunizm illüziyaları, ideal cəmiyyət arzuları insanları məşğul eləmirdi, amma sosializm deyilən quruluşa inam hələ sarsılmamışdı. Sosializm bir SİSTEM kimi dünyaya meydan oxuyurdu. Ancaq bu sistemin və quruluşun gec-tez dağılacağına, hətta yerlə-yeksan olacağına inananlardan və bunu gözləyənlərdən biri də Yusif Səmədoğlu idi. "Böyük kommunizmin sabahına mən, Sadə xatirə tək gəlməyəcəyəm" deyən böyük Səməd Vurğunun oğlu Yusif Səmədoğlu...

Cəmiyyət artıq qütbləşməyə doğru gedirdi. "Bakıda bütün ölü dirildənlərin ən böyüyü" rayonun "ağası" Salahovun bircə zəngi ilə vertolyotla onun baldızını sağaltmağa gəlir. Amma kolxoz quran, bandit tutan "hökumət adamı" Çərkəz kişi unudulur. Söhbət ondan getmir ki, Çərkəz kişinin dərdinə, xəstəliyinə əlac yoxdur, bu gün-sabahlıqdır, söhbət ondan gedir ki, sosializm idealları puç olmuş və indi özünə qarşı çevrilmişdir.

Yusif Səmədoğlu cəmiyyətdəki hərcmərcliyi, xaosu, təbəqələşməni və bütün bunların doğulduğu fəlakətləri bir yazıçı kimi hiss edir və görürdü. O, işıqlı ideallardan" yaza bilmirdi və yazmadı da...

"İncə dərəsində yaz çağı", "Bayatı-şiraz", "Astana"... Bu üç hekayə "Qətl günü" romanından öncə yazılıb və əgər belə demək mümkünsə, onlar "Qətl günü"nün çox yaxşı - professional məşqləridir. Hətta mənə elə gəlir, bu hekayələrin hər birinin romanın yazılmasında müəyyən rolu olmuşdur. Onların hər biri müstəqil hekayədir, amma bu hekayələrin üçünün də bir-biri ilə bu və ya digər dərəcədə bağlılığı var. 

Yusif Səmədoğluya məxsus təhkiyə tərzi, təsvir ustalığı, nəsr ahəngi həm hekayələrdə, həm də romanda davam etdirilir. İdeya-məzmun planında yanaşıldıqda isə bu bağlılıq daha çox hiss olunur. İnsan faciələri: ləyaqətin alçaldılması, mənəviyyat böhranı, cəmiyyətin çıxılmazlığa yol alması, ölüm və qətllərin labüdlüyə çevrilməsi romanda da, hekayələrdə də diqqəti cəlb edir.

Yusif Səmədoğlunun "Astana" hekayəsi belə bir proloqla başlayır: "Ölüm var ölümdür, ölüm də var zülmdür". Bu fikrin yazıçının əsərlərində tez-tez təsadüf olunan ölümlərə, qətllərə bilavasitə dəxli var.

Ümumiyyətlə, Ölüm faktoru insan həyatının danılmaz və qaçılmaz məqamıdır. Bütün yollar ölümə aparır, amma bu yollar da müxtəlifdir və sonu şərəfli ya şərəfsiz şəkildə başa çatır. "Astana"dakı ölüm labüd və qaçılmazdır (intihar olsa da, başqa çıxış yolu yox idi), "Qətl günü"ndəki ölümlərin də bir çoxu məntiqi sonluqla başa çatır.

"O, çamadanı açdı. Ordaydı: səkkiz dənə gülləsi, biri də ayaqda. Tapançanı çıxarıb ucadan, lap ucadan dedi:

- Ay apardınız ha!

Soyuq lüləni ağzına soxdu və tətiyi çəkdi.

Həmin anda - gecəydimi, səhərdimi, gündüzdümü, bilmirdi - həmin anda gözlərinin işartısından irəli düşən işıq dairəsində öz növbəsini gözləyən nizə vıyıltı ilə havanı yarıb harasa uzağa süzdü, həmin anda Bakının müsəlman qəbiristanında qara torpaq altında kəfənə bürünmüş bir qarı elə ufuldadı ki, o biri meyitlər də eşitdi".

"Başları üzərində mis qabdanda yanan zəif çırağın işığında divarlardakı buz qatı da, dizdən yuxarı iki bədəni örtmüş sal buz da qırmızımtıl rəngə çalırdı və qırmızımtıl buz, bədən boyu, su kimi yuxarı axıb hülqumlarına çatanda, hökmdar daha heç bir şey görmədi.

"Astana" və "İncə dərəsində yaz çağı" hekayələrində mənəvi depressiya problemi də diqqəti cəlb edir. Doğrudur, ikinci hekayədə kolxoz qurub bandit tutan hökumət adamı Çərkəz kişinin ölümünü görmürük, ancaq onun ölümü və qalımı heç bir əhəmiyyət daşımır. Çünki Çərkəz kişinin mənsub olduğu köhnə qvardiyanın - bandit tutan, kolxoz quran hökumət adamlarının çoxunun indi bir qara qəpik qiyməti yoxdur. Onlar indi az qala gülüş və məsxərə hədəfinə çevrilmişlər, uzaq başı orden və medallarını taxıb hansı bir iclasdasa rəyasət heyətində mürgüləyirlər, onların öz qanı bahasına qurduqları hökuməti indi qətiyyən onlara oxşamayan xələfləri idarə edir. Onların çoxu talançı, rüşvətxor və hər cür pis əməllərin sahibidirlər. "Astana"dakı obraz kimi.

Bu mənada "Astana" hekayəsi "İncə dərəsində yaz çağı"nın məntiqi sonluğudur.

Sanki bir nəfəsə yazılmış bu hekayədə cəmi bir saatın əhvalatı nəql edilir -obrazın keçirdiyi psixoloji sarsıntılar, ölümqabağı düşüncələr və gözlənilən ölümün - intiharın labüdlüyü, qaçılmazlığı təsvir olunur. Amma bu bir saatın içində obrazın həyatı, ömür yolunun xarakterik səhifələri, mənəvi dünyası, düşdüyü mühiti də diqqətdən yayınmır. Yusif Səmədoğlu nəsrində zamanlar arasında əlaqə və keçidlər çox məharətlə bir-biri ilə qovuşur, sanki bir zamana çevrilir. Bu retrospektiv üsul obrazın tam və bütöv qavranılmasına xidmət edir. Əməllərinə görə ən müdhiş təsir bağışlayan insanın içində də hələ öləziməyən işıq boylanır...

Ümumiyyətlə, Y.Səmədoğlunun heç bir nəsr əsərində kəskin, lap elə mülayim şəkildə bölgülənən, qütblərə ayrılan "mənfi-müsbət" obrazlara təsadüf olunmur. O, tarixi keçmişə müraciət edəndə də, müasirlərinə üz tutanda da "müsbət"i müsbət, "mənfi"ni mənfi kimi qabartmağa və... bunların hər birisinə mövqe ifadə etməyə ehtiyac duymamışdır. Təsvir olunan hər bir obraz doğulduğu gündən son anınacan yaxud oxucuya təqdim edilən son durumunacan real və təbii şəkildə: malik olduğu düşüncə tərzi, həyata və gerçəkliyə özünəməxsus münasibəti baxımından təsvir obyektinə çevrilir.

"Qalaktika" hekayələr kitabından sonra Yusif Səmədoğlunun nəsr yaradıcılığında fasilə yaranır. Bu arada o ancaq bir hekayə yazır ("Bayatı-şiraz"). Ancaq onu çap etdirməyə müvəffəq olmur. Yalnız 1987-ci il "Ulduz" jurnalının 2-ci sayında hekayə işıq üzü görür. O zaman çoxları Y.Səmədoğlunun belə bir hekayə yazdığından xəbərdar idi. Bu, o zamana görə çox "xatalı" hekayə idi. Çünki hekayədə QLAVLİT-in asanlıqla imtina edə biləcəyi, çapına icazə verə bilməyəcəyi məqamlar az deyildi. Həmin hekayədə söhbət heç də bir cümlə, bir neçə cümlə və yaxud bir neçə abzas üstündə getmirdi, söhbət və mübahisə bu hekayənin məzmununda idi, mahiyyətində idi. Unutmaq olmaz ki, o zaman ədəbiyyatda sovet ideologiyası hələ çox güclü idi, sistemin arzulamadığı ədəbi qəhrəman heç cür qəbul oluna bilməzdi.

Əsərin "qəhrəmanı" Səbzəli dayı nə 30-cu illərin inqilabçı obrazlarına, nə "kolxoz quran, bandit tutan" personajlara, nə də zərbəçi əmək qəhrəmanlarına bənzəyirdi. Səbzəli dayı - bu bədbəxt insan restoran çalğıçısı idi. Hər gün tavada bir yumurta qayğanaq edib, öz mənasız çalğısı ilə (kontrabasda) yeyib-içənləri əyləndirən, çox zaman gülüş və ironiya hədəfinə çevrilən bu qoca zavallı müharibə illərində "Hitleri təriflədiyi üçün" (bunu zorla onun boynuna qoyurlar) üç-dörd il qazamatda yatır. Belə bir zavallı insan ədəbiyyatın qəhrəmanı ola bilərdimi? Təbii ki, sovet ədəbiyyatının "ənənələri" belə bir qəhrəman tipini inkar etməli idi. Əgər "Bayatı-şiraz" yazıldığı dövrdə - 60-cı illərin sonlarında, 70-ci illərin əvvəllərində çap edilsəydi, belə bir möcüzə baş versəydi, sovet ədəbi tənqidi onu öz artilleriyasını gur atəşlərinə qərq edəcəkdi.

Ancaq gəlin, həmin dövrü xatırlamayaq. "Bayatı-şiraz" hekayəsinə sadəcə olaraq bir ədəbi əsər kimi yanaşaq və hesab edək ki, elə bu hekayə 80-ci illərin sonlarında qələmə alınmışdır. Belə olan təqdirdə də "Bayatı-şiraz" hekayəsi öz bədii-estetik dəyərin itirmir, çünki bir hekayə nümunəsi kimi o, kamil bir əsərdir. Klassik hekayələrə xas olan "xarakterik bir hadisə, yığcam bir süjet, ümumiləşdirici bir mətləb, müxtəsər, şirin, sadə söyləmə, nəqletmə üsulu" (Mir Cəlal) bu hekayənin də məziyyətlərin təşkil edir, yəni klassik hekayələrə məxsus olan bütün komponentlər "Bayatı-şiraz"da cəmlənmişdir. Ancaq "Bayatı-Şiraz" həm də sırf müasir hekayədir. Onu müasir hekayə kimi səciyyələndirən cəhətlər isə bunlardır: dil materialının bugünkü ədəbi dilimizin durumunu özündə əks etdirməsi, psixoloji effektin ön plana çəkilməsi (fərdin daxili aləminin bütün icəliklərinə baş vurulması ) və əlbəttə, Y.Səmədoğluya məxsus sənətkarlıq priyomlarının nəzərə çarpması...

"Bayatı-şiraz" hekayəsi 60-7ci illər nəsri üçün çox səciyyəvi olan bir mövzuda yazılmışdır - bu da adi, sıravi insanın həyatıdır. Müəllif bu sadə və zavallı insanın necə təmiz və saf olmasını bədii tədqiq obyektinə çevirmişdir. Bu əsərlə Anarın "Dantenin yubileyi" hekayəsi arasında oxşarlar, paralellər tapmaq olar. Belə ki, hər iki hekayənin qəhrəmanı sənətdə çalışırlar, lakin istedadsız və bacarıqsızdırlar, həm də həyatda öz yerlərini tapa bilməmişlər. Hər iki hekayə gözlənilməz sonluqla - novellavari tərzdə başa çatır. Ancaq fərdi insan tipi kimi Səbzəli dayı da, Feyzulla Kəbirlinski də özünəməxsusluğu ilə seçilirlər.

"Bayatı-şiraz" mürəkkəb struktura malik hekayədir. Bir anlığa yenə "Qətl günü" romanını xatırlayırsan. "Qətl günü" əslində, üç mikroromanı özündə birləşdirir, amma vahid süjet xəttinə malik bir roman kimi qavranılır, roman içində "romanlar" onun bütövlüyünə qətiyyən xələl gətirmir. Maraqlıdır ki, "Bayatı-şiraz"da da hekayə içində kiçik "hekayələr" görürük. Belə bir süjetə hekayələrində çox nadir hallarda təsadüf olunur. Yusif Səmədoğlu bu hekayədə obrazın demək olar ki, bütün həyatını qələmə alıb (heç də uzun-uzadı təfsilatlara gedilmədən) vahid sujet xəttinin dörd kiçik şaxəsi, nəticədə Səbzəli dayının bitkin obrazını gözlərimiz qarşısında canlandırır.

Haqqında söz açılan bu üç hekayə Yusif Səmədoğlunun ona bir yazıçı kimi böyük şöhrət qazandıran "Qətl günü" romanına professional giriş idi.