Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Şəxsi təcrübə təxəyyül mənbəyi kimi, yaxud yazıçının işi həyatladırsa... - Elnarə Akimova

07-01-2024 [ 09:51 ] [ oxunub:316 ]
printerA+ | A-
104156

Yazıçı Novruz Nəcəfoğlunun bədii mətnləri ilə tanışlıq zamanı bir məqam xüsusilə diqqətimi çəkdi. Onun Qarabağla bağlı zamanında sərgilədiyi uzaqgörən notlar, hadisələri və prosesləri qabaqlamış nasir fəhmi! Ədəbiyyyat nə zaman öz missiyasını, gücünü tam mənasilə dərk etdirir? Hadisələrin ardınca sürünməyib həyata fəal müdaxilə yolunu tutanda! Novruz Nəcəfoğlunun 2019-cu ildə çap olunan "Yuxuya gedib gecə" kitabı müharibə, son yaşananlarla bağlı fərqli baxış, düşüncə planı gətirə bilir, Qarabağ mövzusunun dərkində milli-tarixi və fəlsəfi qatlara qədər uzun yol keçmiş ədəbiyyatın önünə zamanı qabaqlayan fikirlərlə çıxır. "Yuxuya gedib gecə" povestində Zəngəzurla bağlı görünən ümid işartıları oxucunu xalqın qüdrətinə 44 günə qazanılmış zəfər qədər inandırır. Dərələyəzdə Qoytuləli körpüsünün tikilməsi hekayətini təsvir edən yazıçı əsəri bu sözlərlə bitirir: "Qoytuləli körpüsü"nü görüb bilənlər, bir vaxt üstüylə addımlayanlar, eləcə də onların xələfləri əmindilər ki, hələlik düşmən tapdağında qalan o körpü yenə cövhəri həmin torpaqda yoğrulanların əzəli yurdda görüşüb-qucaqlaşmasına tezliklə bir daha şahid olacaq və igidlərimizin "Qoytuləli körpüsü"ndən, başlarının üstündə üçrəngli Azərbaycan bayrağı, vüqarla keçəcəkləri gün lap yaxındadı..."

Bir də "Ağ qayadan atılan güllə" kinopovestindəki açar detalı! Yurda dönüşə inamın heç zaman tükənməməsi, ən çətin, ən çıxılmaz situasiyada belə insanın qopduğu yerə yenidən qayıtmaq sevdası: "Sənəm son nəfəsində əlini yastığının altına salıb oradan bir topa açar çıxararaq Rəhmana vermiş, səsi qırıla-qırıla: "Al bunları, səndə qalsın," - demişdi. - Bir gün evimizə qayıda bilsəniz, gərəyiniz olar...

O vaxtdan bəri özündə saxladığı bu əmanəti Rəhman hərbi xidmətə yola düşən oğlu Şahinə uzadaraq:

- Al bunları, oğlum, - dedi, - Qarabağdakı, kəndimizdəki evimizin açarlarıdır. - Sonra da inam dolu bir səslə, qətiyyətlə əlavə elədi. - Gedib yurdumuzda evimizin qapısını açarsan!.."

Bu əsər müharibənin yaratdığı ziddiyyətləri bədii təcəssüm predmeti edən, insan təbiətini ekstremal situasiyada araşdıran mətndir. Müharibənin, onun törətdiyi faciələrin görünməyən, gizli tərəflərini təsirli şəkildə göstərməyə qadir ədəbi nümunədir. Müharibə fonunda insanın davranışı, ən eksremal məqamda belə insanın inam hissinə sığınması "Ağ qayadan atılan güllə" kinopovestində əsas ideyadır. Burada müharibə bütün psixoloji-fizioji aksiomatikliyi ilə insan təbiətini üzə çıxardan məhək rolunu oynayır. Ən mürəkkəb situasiyada belə göstərilən ilkin reaksiya yurda dönüş ahəngi üstə qərarlaşır.

***

Nobel ödüllü Peru nasiri Mario Varqas Lyosanın maraqlı bir fikrini xatırlatmaq istəyirəm: " o yazıçını dürüst və doğruçu adlandırmaq olar ki, taleyin hökmünə dəqiq və itaətlə əməl edərək, yalnız müəyyən bir qrup mövzunu qələmə alsın, şəxsi təcrübəsindən qaynaqlanmayan, şüuruna labüd bir şəkildə hakim kəsilməyən digər mövzulara yaxın durmasın. Başqa sözlə, yazıçının dürüstlüyü öz başındakı "cinlər"lə dil tapıb, gücü çatan qədər onlara xidmət etməsində təzahür tapır". Novruz Nəcəfoğlunun mətnlərində də keçmişinin yaddaş lövhələri daim diridir. Müəllif onları özü ilə bütün əsərlərinə daşıyır. Ümumiyyətlə, yazıçının mətnləri onun tərcümeyi-halının ən yaddaqalan elementlərini simvolizə edir. Uşaqlığı, dostluqları, doğulub böyüdüyü kənd həyatının nostaljisi və s.

 

Novruz Nəcəfoğlu realistdir, daha çox milli insanın xarakteri onu məşğul edir, milli həyatın mənzərələrinə fokuslanır, hətta deyə bilərik ki, ədəbiyyatımızda olan realist təcrübə onun qələmində yenilənməklə oxucuya açılır. Nəsrinin əsas poetik amillərini mətnaltı məzmun, daxili səs dinamikliyi və epizoddan epizoda, hadisədən hadisəyə böyüyən özünüdərketmə amili təşkil edir. Yazıçının təhkiyə predmeti qəhrəmanın psixoloji tərəddüdləridir, əsas struktur bu nöqtədən qurulur.

Onun əsərlərində əsasən, ənənəvi təhkiyə aparıcıdır. Klassik nəqlə əsaslanan əsərlərin hər biri reallığı əks etdirmə gücü ilə əhəmiyyətlidir. Amma qeyd edək ki, "Yuxuya gedib gecə" modernist nəql texnikası üzərində qurulan əsərdir. Modernizmin əsas cəhətlərindən biri kimi bu əsərdə xronotop anlayışına fərqli yanaşılır, retrospeksiya amili əsas götürülür, dünən-bu gün, səbəb-nəticə əlaqələri bilərəkdən sındırılır.

Bu əsərdə modernist təhkiyə modelinə uyğun olaraq, Həbibin daxili dünyası daha öndə qərarlaşır. Onun iç yaşantıları, ruhsal durumu, beynində sayrışan irəli-geri zaman dönümləri əsas ovqatının çalarları qismində əyaniləşir. Yazıçı təsvir elədiyi bunca hadisə bolluğunda, danışdığı insan həyatlarının mozaikasında daha çox Həbibin daxili dünyasına fokuslanır. Qəhrəmanın ünsiyyət çətinliyi, həyatındakı boşluğun, tənhalığın, ruhi yorğunluğun səbəbi nələrdir? Oxucu mətn boyu qəhrəmanla birlikdə bu sualın cavabını tapmağa yönəlir.

Bu əsərdə xatirə, yaddaş, səs simvolikası aparıcıdır. Retrospeksiya bədii mətnin strukturuna birbaşa zaman ünsürü kimi daxil olur. Səs, yuxu qəhrəmanın keçmişilə bu günü arasında mediumluq edir, obrazın təhtəlşüurunun dərinliklərinə enməyin ən etibarlı üsulu kimi modelləşir. İnsan daim keçmişi üçün, keçmişdə yaşadıqları, xoşbəxt olduğu anları üçün darıxır. O məqamlar ki, Həbib indi onların xiffəti ilə yaşayır. Yuxular əslində Həbibin nə zamansa reallıqda yaşadığı xoşbəxtliklərin özünü yenidən xatırlatmasıdır. Maraqlıdır, onu yuxudan oyadan qıyha səsinin hardan gəldiyini öyrənmək üçün yaddaşı daim bəxtəvər, qayğısız olduğu zaman kəsimlərinə ekskurslar edir və bu zaman kəsimlərində xatırlananlar əsərdə çoxsaylı bədii materialın predmeti kimi əyaniləşirlər: qəhrəmanın "hikkəli səsi qulaq batıran qadınlar"la bağlı şahidi olduğu hekayətlər - Gülxar arvadın hekayəti, Amana ilə Yazgülün hekayəti, üç kişini o dünyaya yola salan Məsi arvadın hekayəti, əcnəbi qadının hekayəti, yuxusunun ardınca Ərdəbilə gedən Qoytuləli hekayəsi və s. Bir də qlobal dünyanın işləkləri. Dünya obrazı nəsrə hələki faciələrin üstündə adlayır: "Nə dözülməz zülümlər, ağrı-acılar varmış dünya deyilən bu viranxanada! Həyətdə gördüyü səhnələr Həbibi silkələyib sarsıtmışdı. Sınıq-salxaq araba içərisindən üzünə dikilən, sanki başına gələnlərin haqq-hesabını soran körpə, dalğaların sahilə atdığı suriyalı qızcığaz, erməni cəlladlığının qurbanı olan qarabağlı çocuqlar..."

Bu hekayələrin heç birində səbəb-nəticə əlaqələrinin pozulması yoxdur, hər mətn aydın, konkret süjetə malikdir. Onların hamısının əsasında "səs" amili dayanır. Qəhrəmanı yatmağa qoymayan, ciddi-cəhdlə tapmağa çalışdığı qiyha səsi. Yazıçı bu hekayətlərin hər birinin içinə insan əzabını, insan həqiqətini yerləşdirir. Kollaj xarakteri daşıyan bu parçalar həm də qəhrəmanın şauraltı yaddaşının keçmişə xaotik, fraqmentar, qarışıq və plüral qayıdışının təsvir formasıdır. Darıxan, özgələşən adamın ruhsal durumu, iç yaşantıları Həbibin zamana geri dönümləri ilə əyaniləşir. O, çox uzaqlarda qalan xoşbəxtliyinin axtarışındadır. Urbanik həyatda yaşasa da, komfortlu həyat onu keçmişindən uzaqlaşdırmağa müvəffəq olmayıb. Əksinə, ruhsal baxımdan mənəvi sıxlıq, böhran yaşadığı məlum olur. Həyatında ünsiyyət qırıqlığına, bir növ izolyasiyasına səbəb olur. Yuxuda eşitdiyi qıyha səsi ilə qəhrəman keçmişinin yaddaş lövhələrini səhifələyir. Bu məqam onun özünüaxtarışı, özünüdərki üçün böyük rol oynayır. Hər vərəqlənən yaddaş lövhəsi fonunda dərinləşən iç çırpınışları, daxili səsin harayı onun təkliyinin vizual ifadəsi təsiri bağışlayır. "Çox axtarıram, çox! Bir səs, bir baxış, bir çöhrə, bir yeriş... Hərəsinə başqa cür ümid bağlayıram. Bəlkə, bir işıq axıb gələ, hardansa yol açıla, qəfil meh toxuna üzümə... Amma olmur. Yaddaşım yaman zalım davranır mənimlə. Elə anlarda muradım dəli, sərsəri, ramolunmaz bir köhlənin belində olur sanki..."

Novruz Nəcəfoğlu personajı öz xasiyyəti, ədası, danışıq tərzi ilə canlandırmağı üstün tutan yazıçıdır. Bu da onun əsərlərindəki həyatı müşahidə konkretliyindən, faktura zənginliyindən irəli gəlir. Ona görə əsərləri daha çox xarakterlərin əyani təcəssümünə söykənən mətn kimi yadda qalır. Ümumiyyətlə, Novruz Nəcəfoğlu bütün mətnlərində hansı obrazdan bəhs edirsə, onların hər birini xarakterinin özünəməxsusluğu ilə gözlərimiz önünə gətirə bilirik. Bu da yazıçı müşahidələrinin sərrastlığından, hər cizgini dəqiqliyi ilə ifadə edə bilmək səriştəsindən doğur. Bunu yazıçının portret yaratmaqla bağlı səriştəsi xüsusunda da deyə bilərik. O, qəhrəmanlarını yalnız göstərmir, davranışını, danışıq ədalarını canlandırmaqla yetinmir, həm də daxili-psixoloji planda səciyyələndirməyə çalışır. Qəhrəmanların həyatına, duyğu və yaşantılarına biganə qalmamağımız bu səbəbdəndir: "Birdən Həbibin ağlına gəldi ki, qulağına dolub onu yuxudan eləyən səs, bəlkə də, elə Gülxar arvadın qəhqəhəsiymiş... Ancaq bu fikrindən tez də vaz keçdi. Çünki Gülxar arvadın, qəhqəhəsi bir yana, heç bığaltı qımışmasını da görən olmazdı. Hə, bəzi səliqəli kişilər sayağı, əl gəzdirəsi olsaydı, arvadın bığları lap əməllicə boy verib qaralardı. Gülxar arvad nəinki ucadan gülməz, yan-yörəsində dodağı qaçanlara da elə herəki baxardı ki, təkcə gülmək istəyənin deyil, kənardan baxanın da canına od düşər, o sərt baxışların altında az qala ödü partlayardı".

Digər məqama da diqqət çəkmək istəyirəm. Bu nəsrdə bəzən ikinci planda qərarlaşan detallar də obrazlaşa bilirlər, yəni yazıçı qəhrəmanların xarakterini, mənəvi ruhi yaşantısını detal planlarla çatdıra bilir. Məsələn, "Yuxuya gedib gecə" povestində müəllif bizə Həbibin təkliyini məişətin, təbiətin təfərrüatlı təsvirlərində göstərir: pəncərə qarşısında dayanıb ötənləri xatırlamasında, köhlən atları tumarlayıb bir zaman quş kimi uçduğu məkanlara dalmaqda, sevdiyi qadınla bir zaman görüşdüyü bağ evində yer alan çərçivəyə salınmış şəkildə, gümüşü aynada, bala göyərçinlərə göstərilən qayğıda və s. Bu detalların hər biri qəhrəmanın təkliyi ilə bağlı mühüm informasiya, mesaj daşıyıcısıdır. Adi halda yanaşanda onların hər biri sadəcə predmetdir, amma Həbibin nəzər-nöqtəsindən onların hər biri təkliyini simvolizə edən əşya-işarələrdir. Onun emosiyası, həyəcanı yaddaşının xatırladığı hər ani detalda, hətta obrazının içində, sükutundadır.

Əsərdəki ən təsirli hissələrdən biri Həbibin doğulduğu kəndə dönüşü, atı Səməndərlə dərdləşməsi, iç yaşantılarını ifadə etməsidir. Qəhrəmanın daxili dünyası daha çox bu qatlarda açılır. Yazıçı qəhrəmanın öz dədə-baba yurdu, keçmişi ilə görüşdə varlığını bürüyən sevinc və sarsıntıların ifadəsini verməklə bərabər psixoloji nüfuza da şərait yaradır. Bunun üçün əlbəttə ki, qəhrəmanı yalnız şəxsi yaşantıları, intim həyəcanları çərçivəsində canlandırmaq bəs etmir, burada artıq yazıçıya geniş mənəvi-fəlsəfi kontekst gərək olur. Mətləbin sərrast təcəssümü, koloritin qabarıqlığı bir yana, obrazın duyğu-düşüncələr aləmi ətraflı verilir, ondakı ibrətamiz dəyişikliklər ardıcıl şəkildə izlənilir.

 

***

Novruz Nəcəfoğlunun əksər mətnlərinə kotteckor estetikası xasdır. Kotteckor estetikası keçmişə, ənənələrə qayıdışı simvolizə edir. Şəhərin yeknəsəkliyindən bezib kəndə sığınmaq, sadə kənd həyatına məxsus işlərlə məşğul olmaq, sakit, huzurlu zaman kəsiminə dönüş, idillik həyata, təbiətlə harmoniyada yaşamağa meyil və s. Bu xüsusiyyətlər yazıçının "Atüstü bir nağıl" povestində daha öndə qərarlaşıb.

"Atüstü bir nağıl" povestində dramatizm, hadisələrin irəliləyişinin gərgin ritmi bütünlükdə bədii təcəssümə çökür. Atası Rəhman kişi ilə sədri onların çağırıldığı raykomun büro iclasına aparıb, daha sonra üç atla qarlı-çövğunlu bir gündə kəndə qayıtmalı olan Gərayla bağlı mətndə düyün nöqtəsi yaranır, həyəcan bütün digər epizodlara aşılanır. Mətndə kəndin aktual sosial problemlərinə də toxunulur, onun kolliziyalarından söhbət açılır, insanların əməyindən, işlə bağlı sərgilədikləri can yanğısından da geniş bəhs edilir. Amma mündəricə bunlarla məhdudlaşmır, əsərdə təhkiyə başqa axara - insan həqiqətinin mənəvi dərkinə yönəlir. Ata-oğul münasibətləri, oğulun ata sözündən çıxmayıb şaxtalı bir gündə uzun yola çıxmağa etiraz etməməsi, atanın oğlunu sınamaq, onun mübarizliyi ilə öyünmək şövqü, daha sonra daxilində yaranmış nigaranlıq duyğusu, təşviş, gərginlik, həyəcan... Oğlunun həyata atdığı ilk müstəqil qədəmlərini görmək fərəhi, ona sərbəstliyi daddırmaq niyyəti çox keçmədən atanın qəlbində dəhşətli ağrıya çevrilir. Yazıçı bu mənəvi sarsıntları mətnin aparıcı motivinə çevirə bilir, atanın duyğularını öz emosional əhəngi ilə göstərir.

"Atüstü bir nağıl" povesti daha çox neorealist estetikada qələmə alınan mətndir. Çovğunlu gündə atası ilə sədri yola salıb atlarla kəndə qayıdan Gərayın yol boyu yaşantıları, ölüm təhlükəsinə rəğmən əzmkarlığını, iradəsini itirməməsi, qəhrəmanın inamının poetikləşdirilməsi, köksünə peşmanlıq, təəssüf nidası çökmüş atanın iztirabı, onun qüssəsinin poetik dillə ifadəsi və s. hər biri neorealist intonasiyada həllini tapır. Oğlanın evlərinə qədər yol qət etdiyi zaman aralığında yazıçı dialoqa çox az yer verir, təsvirləri havanın atmosferinə uyğun olaraq soyuq rəng həlli ilə nizamlayır. Sanki təhkiyəsinin strukturuna səssiz kino dilini də əlavə edir və bu, əsəri üslub baxımından daha da poetikləşdirir.

"Atüstü bir nağıl" povestində müəllifin yaradıcılığında xüsusi məziyyət kimi meydana çıxan bəzi məqamlar nədən ibarətdir? Hər şeydən əvvəl təsvirlərdəki təbiilik, reallıq, xüsusilə məişət səhnələrinin, kənd kolotirinin, mərkəzi xarakterlərin təcəssümündə yazıçının əyaniliyə, ifadəliliyə nail olması. Novruz Nəcəfoğlu elat həyatının, folklorunun incəliklərini yaddaşına köçürməklə onların estetik cazibəsini bədii mətn müstəvisində gerçəkləşdirməyi bacarır. Yurdumuza bələdlik, təbiətə qol-boyun yaşamağı ruh halına çevirmək, torpaqla mənəvi qovuşmanın zəruriliyi, ideya-idrakı əhəmiyyəti onun əsərlərində bir çox obrazın timsalında öz əyaniiyi, mahiyyəti ilə əks etdirilir.

Novruz Nəcəfoğlunun mətnlərində kənd hər zaman yüksək əxlaqi sifətlərin məcmusu kimi təqdim olunur. Düzdür, onlarda birbaşa şəhər-kənd müqayisəsini görmürük, amma kontekstdən daim hiss olunur. Qəhrəmanlar şəhərdə yaşasalar belə ürəklərini doğulduqları yurd yerində qoyub gəliblər. Təsvirlərə xalq ruhunun siqləti çökür, xalqın mənəvi ləyaqəti ilə öyünəcək səviyyədə dərin təhlilin predemetinə çevirir. Ona görə bu mətnlər müxtəlif həyat dramlarının təsvirə çəkilməsi, süjet axarları, hadisələr yığnağı ilə deyil, həm də dilin işığı - xalq həyatının təbii lövhələrinin canlandırılması, şəffaf üslubu ilə yadda qalırlar: "Hərarətin torpağı tərk edib, yerini bəmbəyaz soyuğun, şaxtanın doldurduğu payızın son ayının axırıncı həftəsinə bu ellərdə "Kəlvəz" deyirlər. İlin bu vədəsində yağan qar yerə düşüb daş kimi yapışır", yaxud "Sünbül dənə dönüb ələk dolanda, o səs də dəyirmanın ağır çarxını yerindən tərpədən şəlalə səsinə oxşayır. Arama düşəndə isə sanki ortabab sünbülün dənini ələyir. Və sədası da dəyirman daşının dənnikdəki gövdəsi kimi kəsik-kəsik səslənir..."

Bura "Atüstü bir nağıl" povestindəki əksər səhnələri - qədim adət-ənənələrimizin təbliğini, Lətifin itin qapması, Gərayın sətəlcəmdən sağalması üçün edilən türkəçarələri əlavə etsək monolit bir lövhə yaranar.

 

***

"El qədrini bilmək üçün elin köynəyindən keçəsən gərək. Çünki o köynəyin içində ağrı-acı da var, dosta arxa durmaq, qahmar çıxmaq da, sədaqət də, etibar da". Əsərlərinin birində yer alan bu fikirlər Novruz Nəcəfoğlunun öz obrazını, yaşam kredosunu dəqiq simvolizə edir. Ona görə yox ki, Novruz Nəcəfoğlu kənd həyatını yaxşı bilir, bütün mətnlərində kənd həyatına dair içdən gələn, əzəmətli bir sevgi ehtiva olunur. Və bu sevgi can yanğısına çevriləcək qədər təəssübkeşliyin ifadəçisinə çevrilir onda. Yalnız həyatına yox, elə çətinliklərinə də vaqif olduğundan yurdunun insanlarına bacardığı qədər ləyaqətlə xidmət göstərir: yol çəkdirir, məktəb tikdirir, qəbristanlıq abadlaşdırır, poeziya evi inşa etməklə xalqın içindəki duyumun, söz yaddaşının qorunmasında misilsiz nümunə meydana qoyur - "Tikdim ki, izim qala"... Bir də yurdunun insanlarına sağlığında dəyər verməyi bacarır. "Nağıl adam"la abidələşdirdiyi Aydın Tağıyevə münasibəti, onun yazıçı ömrünü bir kitablıq sözlə ədəbiyyatlaşdırması gördüyü nəcib əməllərin davamı sırasındadır. Necə demişlər: "Ayinəsi işdir kişinin...".

Ömrün davamına görülən bu işlərin ziyası bəs eylər, - demək istəyirəm. Amma həm də bilirəm ki, yaradıcı insan üçün nəfəsdərim deyilən bir amil yoxdur. Niyə də olsun?! Bu dünyada yaxşı mətndən və əməldən başqa heç nə qalmırsa...

Ədəbiyyat qəzeti. 04.01.24.

SİZƏ MARAQLI OLA BİLƏR