Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Milli hərəkatın tarixi və çağdaş yol xəritəsi - Bədirxan Əhmədli

17-01-2024 [ 09:39 ] [ oxunub:340 ]
printerA+ | A-

Zaman keçdikcə hər bir xalqın inkişaf yolunu bəlirləyən ideoloji, məfkurəvi, ictimai-siyasi yol xəritəsinin olmasının vacibliyi əsas rol oynayır. Son iki yüzillik tariximiz göstərir ki, türk xalqları çox zaman hadisələrin dalınca gedib, ideoloji və məfkurəvi cəhətdən baş verə biləcək hadisələri qabaqlaya bilməyib və ona qarşı ideoloji mövqe ortaya qoya bilməyib. Halbuki cəmiyyətin qarşıdakı hadisələri doğru qiymətləndirməsi, ideoloji, siyasi hədəflərə çatması üçün buna nəzəri cəhətdən hazır olmaq lazım gəlir. M.F.Axundzadənin fikirlərində bunun konturlarını görmək mümkündür. Əli Süavi, Cəmaləddin Əfqani, Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlunun fikirlərində də bəzən Şərq, bəzən isə türk toplumunun gələcək yol xəritəsi cızılır, inkişaf yolları aranırdı. Ziya Göyalpın "Türkçülüyün əsasları" kitabında və "Türkləşmək, islamlaşmaq, müasirləşmək" adlı silsilə məqalələrində türk cəmiyyətlərinin mənəvi düşüncə arenasında yeni bir mərhələ yaşanır. Z.Göyalp türkçülüyün, türk cəmiyyətlərinin inkişaf istiqamətlərini müəyyənləşdirməyə çalışırdı. M.Ə.Rəsulzadə isə bu konsepsiyanı Azərbaycan modelində dövlətçilik kontekstində  inkişaf etdirdi. Sonrakı yüzildə bu proses yavaşıdıldı, türk xalqları gələcək hadisələrə hazır olmadı. Bu gün də belədir; biz hələ də İ.Qaspıralının, Ə.Hüseynzadənin, Ə.Ağaoğlunun, Z.Göyalpın, M.Ə.Rəsulzadənin nəzəri-ideoloji irsinə müraciət edir, oradan yararlanmağa çalışırıq. Halbuki zaman, hadisələr dəyişdiyi kimi, nəzəri irs də dəyişməli və yeniləşməlidir. Yüz il əvvəl söylənən, yazılan fikirlər bugünkü cəmiyyətlərə yalnız nəzəri irs kontekstində lazım ola bilər. İndi cəmiyyətlərin qarşısında yeni hədəflər qoyulmalı, bugünkü reallıqlara uyğun nəzəri, ideoloji, siyasi, mənəvi yol xəritəsi hazırlanmalıdır. Keçmişdə olduğu kimi, bu gün də siyasi, tarixi hadisələr çox zaman ideologiyanı qabaqlayır. Yəni çağdaş nəzəri, ideoloji altyapı türk xalqlarının yeni reallıqlar kontekstində gələcəyini müəyyənləşdirmir. Bu mənada Arif Rəhimoğlunun "Yaşmaqlı panfarsizm, yaxud şahmat taxtasında Azərbaycan və Farsıstan" adlı kitabının olduqca böyük əhəmiyyəti var.

Arif Rəhimoğlu bu araşdırmasında bütövlükdə türk xalqlarının deyil, konkret olaraq Azərbaycan, onun millətləşmə sürəci, milli kimlik və Farsıstanla (mən də bu adın işlənilməsini təqdir edirəm!) qarşıdırmasının tarixi, nəzəri, siyasi milli model arayışları ortaya qoyur. Ona görə də bu araşdırmanı indiki halında Z.Göyalpın yüz il əvvəlki arayışları ilə müqayisə etmək olar. Sadəcə olaraq, Z.Göyalp əgər siyasi, ideoloji yol xəritəsini türkçülük kontekstində götürürdüsə, A.Rəhimoğlu Azərbaycanın bugünkü durumuna görə konkretləşdirir. Deyə bilərəm ki, bu problem də türkçülük qədər böyük əhəmiyyət daşımaqla yanaşı, olduqca vacibdir, hətta çağdaş elmi-nəzəri düşüncəmizin vazkeçilməz problemidir.

Aydındır ki, belə bir problemi araşdırmaq və doğru qənaətlərə gəlmək üçün problemin içində olmaq, hadisələrə nəzəri və təcrübi baxış sərgiləmək, ən əsası isə elmi-nəzəri, ideoloji erudusiyaya malik olmaq lazım gəlir. A.Rəhimoğlunun həyatı, fəaliyyəti, məşğul olduğu iş bu problemi bütün yönlərdən görməyə və dəyərləndirməyə imkan verirdi. 90-cı illərdən bəri məşğul olduğu bir problemi sistemli şəkildə araşdırıb ortaya qoymaq ona müyəssər olub. Bunu kitabın istər nəzəri bölümlərində, istərsə də çağdaş hadisələrin qiymətləndirilməsində görmək mümkündür. Bu cür yanaşmanı ancaq demokratik hərəkatın başlanğıcından bu yana hadisələrin içində olmuş, millət, cəmiyyət problemlərini dərindən bilən, ideoloji, siyasi düşüncəyə malik bir düşünür yaza bilərdi. Onun buna qədər Azərbaycan dilinin tarixi problemi ilə məşğul olması və filoloji sahədə fəlsəfə doktoru elmi dərəcəsi alması da mövzunu müqayisəli şəkildə hərtərəfli işləməsinə imkan yaratmışdır. Nəticədə A.Rəhimoğlu Azərbaycan konseptini (tarixi, ideolojisi, milli kimliyi, siyasi düşüncəsi, qarşısında duran maneələrə müqavimət yolları və sair) sistemli şəkildə işləyib hazırlamağa nail olub.

Arif Rəhimoğlu Azərbaycan konseptini müxtəlif istiqamətlərdə araşdırır; toplumsal, yaxud milli model axtarışları, model axtarışında dəyişən mövqelər, model axtarışında bölücülük və toplayıcılıq, milli hərəkat və millətləşmə sürəci, demokratikləşmə dalğasında millətləşmə prosesinin xüsusiyyətləri, pantürkizm və panfarsizm, fars şovinizminin boyqırım (etnosid) siyasəti və sair. Bütün bu problemlərin Azərbaycan-Farsıstan qarşıdurması kontekstində ortaya qoyulması Azərbaycanın çağdaş reallıqlarından irəli gəldiyi hər fürsətdə anlaşılır. Müəllif sanki bizi haçan və nə zaman baş verəcəyindən asılı olmayaraq, bu regionda gerçəkləşəcək hadisələrə hazırlayır, mövcud formulları nəzərdən keçirir, bəzən tarixə - yüz il əvvələ ekskurs edir və yeni modellər təklif edir. Yeri gəlmişkən, yaxşı olardı ki, ölkənin siyasi, elmi fikir adamları A.Rəhimoğlunun son dərəcə qapsamlı bu araşdırmalarına münasibət bildirəydi və diskurslar açaraq bu modelləri bir qədər də təkmilləşdirəydi. Çünki əsərdən də göründüyü kimi, bu araşdırma A.Rəhimoğlunun ölümündən sonra əlyazması əsasında dərc edilir. Yəqin ki, özü nəşrə hazırlamış olsaydı, bəzi məsələlərə fərqli münasibət bildirərdi. Bu diskursun genişlənməsi fərqli konsepsiyaların ortaya çıxmasını şərtləndirən amillər olardı.

Arif Rəhimoğlu milli model arayışlarında bir neçə mümkün ssenari üzərində dayanır. Özü də bu model axtarışları təkcə müstəqil Azərbaycan üzərindən deyil, bütövlükdə xalq üzərindən aparılır. Bu, doğru yanaşmadır; çünki ədəbiyyat, sənət, mədəniyyət kimi, xalqın siyasi yolunun da nə zamansa birləşməsi mümkün olacaq. Ona görə də bütün hesabları bu yöndə aparmaq bütövlük üçün ən doğru yanaşma ola bilər. Bu cəhətdən müəllifin milli model axtarışlarının mərkəzində Azərbaycan türkü durur. Məsələyə aydınlıq gətirmək üçün tədqiqatçı mövcud siyasi, ideoloji  terminologiyalara da öz münasibətini bildirir. İran adı arxasında gizlənilmiş fars mərkəzli yol izləniminin anatomiyası yaxşı açılır və bu siyasətin əslində İranda fars hakimiyyətini qorumağa xidmət olduğu arqumentlərlə əsaslandırılır. Müəllifin belə bir fikri ilə razılaşmamaq olmur: "XX yüzilin başlarında toplumsal model axtarışları Azərbaycan mərkəzli idi və daha çox Azərbaycan türklərinin qatıldığı öncül (mütərəqqi) güclər Türk Qacar dövlətinin çağdaşlaşması, azadlıq və vətəndaş haqlarına sayğılı bir dövlətə çevrilməsi uğrunda mübarizə aparırdı".

A.Rəhimoğlu son yüzillikdə indiki İran ərazisində baş verən siyasətin görünən və görünməyən tərəflərini açmağa çalışır, Tehran mərkəzli gerici güclərlə Təbriz mərkəzli mütərəqqi güclərin mübarizəsini və bu mübarizədə türklərin məğlubolma səbəblərini açır. Bunun başlıca səbəblərindən biri kimi Azərbaycan türklərinin milli modelinin olmamasında görür. Bu dövrdə buraxılan səhvlər (daha doğrusu, əvvəlcədən bu kimi hadisələrə nəzəri baxış müəyyən olunmadığından!) farsların xalqın ərazi, hüquq və azadlıqlarını nəzərə almadan mərkəzçi dövlət yaradılmasına gətirib çıxardı. "İmperiya dövləti" anlayışı sonrakı hadisələrdə (Xiyabani və Pişəvəri hərəkatı!) də üstün gəldi. Bu tarixi ekskursdan sonra müəllif "İmperiya dövlətimi, yoxsa millətmi?" diskursunu qoyur. Aydın məsələdir ki, hər bir toplum üçün öncə dövlətdir, lakin milli kimliyini hələ tanımayan bir dövlətdə bu etnosun millət anlayışı önə çıxır. İmperiya dövləti içində öncə milli kimliyini bəlirləməli, sonra isə dövlətini qurmalısan. XX yüzilin başlarında da demək olar, eyni yolu keçdik və dövlətçiliyimizi qazandıq. Bu nədənlə də A.Rəhimoğlunun imperiyaçı baxış əvəzinə millətçi baxışı önə keçirməsi təbiidir. Buradan da milli istiqlal davasına milli hakimiyyət davası da əlavə olunduğunu deyə bilərik. Artıq Azərbaycanın quzeyində belə bir təcrübə də qazanılıb. A.Rəhimoğlu bütövlükdə çağdaş millətçiliyin anatomiyasını açır, onun fəlsəfəsini, arxeologiyasını üzə çıxarır. Milli dövlətin bir-biri ilə bağlı iki başlıca özül daşı-milli istiqlaliyyət və milli hakimiyyət davasının paralel aparılması ən doğru yol kimi müəyyənləşdirilir.

A.Rəhimoğlun üzərində durduğu məsələlərdən biri də milli hərəkat və millətləşmə prosesində toplumun hansı mərhələlərdən keçməsi və necə hərəkət etməsidir. O, təkcə milli hərəkat anlayışının mahiyyətini açmaqla kifayətlənmir, onun mərhələ və problemlərinə diqqət yetirir. Milli hərəkatın xarakteri (milli etnik düşüncənin formalaşması, mərkəzləşmiş bir ideya ətrafında cəmləşməsi və mübarizə aparması, bəlirli bir zaman aşamasında bu məqsədə çatması, cəmiyyətin ortaq görüş və hədəflərə doğru yol getməsi və sair) millətləşmə prosesini bəlirləyən ən mühüm faktorlardan biri kimi, bu gün də qarşıda duran əsas məsələlərdəndir. Müəllifin milli hərəkatın millətləşmə prosesindəki mərhələləri (milli hərəkatın kültür aşaması, milli hərəkatın ideoloji aşaması, milli hərəkatın ideoloji aşaması və sair) xalqın, cəmiyyətin varlığını müəyyənləşdirən amillərdəndir. Millətləşmədə son mərhələ kimi demokratiya və idarəetmənin mövcudluğu də A.Rəhimoğlunu narahat etdiyindəndir ki, milli dövlətin qurulmasını demokratiyasız təsəvvür etmir. Belə bir fikri doğru səslənir ki, "... öz dövlətinin qurulması heç də toplumun dərhal millətə çevrilməsi anlamına gəlməz". A.Rəhimoğlu dövlətin qurulmasının əsas şərti kimi toplumda demokratiya kültürünün oturuşması, demokratik idarəetmə sisteminin qurulmasını əsas görür. Burada millətçilik və liberalizm anlayışlarına da yer verilir.

A.Rəhimoğlunun bütün bu problemlərə tarix və bugün kontekstindən baxması, paralelliklər aparması problemi görümlü edir, onu daha yaxından başa düşməyə sövq edir, keçmişdən dərs çıxarmağa imkan verir. Araşdırmada türklər və farsların tarixi və bugünkü durumu, qarşıdurması və ya qarşılaşdırılmasında buraxılan yanlışlıqlar və gerçəklər son dərəcə titizliklə araşdırılır və müəyyən nəticələrə gəlinir.

A.Rəhimoğlunun bu araşdırması bir çox yöndən təhlilə cəlb olunmalı və həqiqi qiymətini almalıdır. Burada ideoloji, ictimai, siyasi yön başlıca yer tutur. Azərbaycan ictimai fikir tarixində bu cür əsərlər hər zaman yaranmır. Son yüzillikdə Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Z.Göyalp, M.Ə.Rəsulzadə, M.Məmmədzadədən sonra yeni ictimai-siyasi gerçəkliklər kontekstində yazılan bu əsər tarix və dilçilik baxımından da əhəmiyyətlidir.

"Yaşmaqlı panfarsizm, yaxud şahmat taxtasında Azərbaycan və Farsıstan" nəzəri, tarixi, ideoloji və həm də strateji araşdırmadır; xalqın tarixini, bugününü içinə alan strateji, ideoloji bir atlasdır. Bu atlasda çox geniş qapsamlı ictimai, ideoloji proseslər təhlil edilir və bəlirli nəticələrə gəlinir. Lakin demək olmaz ki, burada xalqın gələcək inkişaf yolunun bütün konturları cızılmışdır (müəllifin heç belə məqsədi də olmamışdır!); bu istiqamət bizdə hələ yenidir. Bu, bir başlanğıcdır; bu istiqamətləri, cızılma konturlarını daha da inkişaf etdirmək, xalqın milli birliyi, bütövlüyü naminə milli model axtarışlarını davam etdirmək lazımdır. İnanıram ki, A.Rəhimoğlunun bu konsepsiyası yeni araşdırmalar üçün verimli impulslar olacaq və milli kimliyin formalaşması istiqamətində fərqli model axtarışları da ortaya çıxacaq. 

SİZƏ MARAQLI OLA BİLƏR