Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Böyük ədəbiyyatşünas alim və nəzəriyyəçi - Lyudmila Səmədova

16-10-2023 [ 13:40 ] [ oxunub:341 ]
printerA+ | A-
103818

Akademik İsa Həbibbəylini qiyabi olaraq lap çoxdan, onun dəyərli məqalə və kitablarını oxuduğum vaxtlardan tanıyırdım. Amma heç vaxt düşünmürdüm ki, bu görkəmli alim mənim uzun illər çalışdığım İnstituta nə vaxtsa rəhbərlik edəcək. Çünki o, uzun illər idi ki, doğulub boya-başa çatdığı bir məkanda öz işi ilə hörmət və şöhrət qazanmış, böyük nüfuz sahibi olmuşdu. Məhz akademik İsa Həbibbəylinin gərgin əməyi sayəsində rektoru olduğu Naxçıvan Dövlət Universiteti beynəlxalq səviyyəli təhsil ocaqlarından birinə çevrilmişdi...

2013-cü ildə akademik İsa Həbibbəylinin həm AMEA-ya birinci vitse-prezident və eyni zamanda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna direktor təyin olunmasını çoxları kimi, mən də sevinclə qarşıladım. Demək olar ki, onu institutumuzda keçirilən tədbirlərdə daha yaxından tanımağa başladım. Onun elm fədaisi olduğunu, gənc alimlərə və ehtiyacı olan əməkdaşlara hərtərəfli qayğı göstərdiyinin tez-tez şahidi olurdum.

İsa müəllimlə şəxsi və səmimi tanışlığımız isə xoş bir təsadüfdən sonra yarandı... Bir dəfə İsa müəllim "Elm" nəşriyyatında olarkən, mənim təzəcə çapdan çıxan "Tərcümə mətninin redaktəsi" kitabımı görüb və nəşriyyatın gənc direktoru Səbuhi müəllimdən (mən Bakı Dövlət Universitetində çalışarkən, S.Qəhrəmanovun elmi rəhbəri olmuşdum) kitab haqqında soruşanda, o da "Lyudmila xanım Sizin İnstitutda çalışır", - deyib və bildirib ki, bu kitabı hələ o özü də görməyib... Bu söhbəti Səbuhi müəllim mənə deyəndən sonra, mən yeni kitabıma avtoqraf yazıb hörmətli akademikə təqdim etdim. O, kitabımı oxuyandan sonra mənim işlərimlə daha yaxından maraqlanmağa başladı...

Sonralar mənim xahişimlə İsa müəllim iki kitabımın elmi redaktoru oldu: 1) "Vostoçnaə tematika v tvorçestve N.S.Qumileva". Monoqrafiə. Nauçnıy redaktor: akademik İsa Qabibbeyli. Baku, "Elm və təhsil", 2017, 228 str.; 2) "Koraniçeskie motivı v zapadnoevropeyskoy i russkoy literature. Na materiale tvorçestva İ.V.Qete, A.S.Puşkina, L.N.Tolstoqo, N.S.Qumileva". Nauçnıy redaktor: akademik İsa Qabibbeyli. Baku, 2019, 200 str.

Onu da deyim ki, şəxsi tanışlığımızdan sonra İsa müəllim daim mənim elmi fəaliyyətimlə, yazdığım məqalə və kitablarla maraqlanır. Xüsusən zəngin rus ədəbiyyatına, Azərbaycan-rus ədəbi əlaqələrinə, komparativistikaya, Qumilyov yaradıcılığına, həmçinin Qərbdə Şərq ədəbiyyatının, Quran motivlərinin tərcüməsi və tədqiqinə, ümumiyyətlə, tərcümənin tarixi və nəzəriyyəsinə dair bir sıra mövzularda fikir və mülahizələrini mənimlə bölüşür, elmi tədbirlərdə fəal iştirak etməyimi tövsiyə edir. Mənim fikrimcə, akademik İsa Həbibbəyli ədəbiyyatşünaslığın, nəzəri-estetik fikrin, ədəbiyyat tarixinin, demək olar ki, bütün sahə və istiqamətlərində yazdığı məqalə və kitabları ilə öz orijinal mövqeyini və elmi fikrini sərrast şəkildə ictimaiyyətə çatdıra bilmişdir. Onun türk xalqlarının ictimai fikrinə, ədəbiyyatına və mədəniyyətinə (Mustafa Kamal Atatürk, Nursultan Nazarbayev, Məhtimqulu Fəraqi, Çingiz Aytmatov, Oljas Süleymenov, Camal Kamal və b.) göstərdiyi münasibət təqdirəlayiqdir.

İsa müəllimin ömür kitabının səhifələrinə diqqətlə nəzər saldıqda, ondakı müsbət xüsusiyyətlərin kökünün lap dərinliklərə getdiyinin şahidi oluruq. 1949-cu il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik (etimoloji mənası Dan yeri) kəndində dünyaya göz açan İsa Həbibbəylinin atası Əkbər Həbibbəyli doğma kəndində 50 ildən artıq müəllimlik etmiş və tanınmış ziyalılardan biri kimi böyük hörmət sahibi olmuşdur.

İbtidai təhsilini kənd orta məktəbində almış İsa Həbibbəyli daha sonra, 1966-cı ildə Oğlanqala (keçmiş Ulya Noraşen) kənd orta məktəbini bitirmişdir. Onun "Pambıqçı uşaqlar" adlı ilk məqaləsi "Azərbaycan pioneri" qəzetində (1964), sonrakı məqalə və şeirləri isə "Azərbaycan gəncləri", "Şərq qapısı", "İşıqlı yol" qəzetlərində çap olunmuşdur. O, 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1971-1974-cü illərdə Şərur rayonunda orta məktəbdə, 1975-ci ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Ədəbiyyat kafedrasında müəllim işləmişdir.

İsa Həbibbəyli 1973-cü ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına - akademik Məmməd Cəfər Cəfərovun rəhbərlik etdiyi Ədəbiyyat nəzəriyyəsi şöbəsinə həmin ixtisas üzrə daxil olmuş, 1980-ci ildə "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası" mövzusunda namizədlik dissertasiyasını, 1996-cı ildə isə Cəlil Məmmədquluzadəyə həsr etdiyi "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Növbəti ildə professor elmi adına layiq görülən İsa müəllim 1991-1996-cı illərdə Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, 1996-2013-cü illərdə isə həmin universitetin rektoru vəzifəsində çalışmışdır. Universitetə rəhbərlik etdiyi müddətdə İsa müəllimin elm, təhsil və təşkilatçılıq sahəsində əldə etdiyi nailiyyətlər Naxçıvan Dövlət Universitetinin fəaliyyətini xeyli dərəcədə inkişaf etdirmişdir.

Ədəbiyyatşünaslıq elmində əldə etdiyi nəticələrə görə, İ.Həbibbəyli 2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü, 2003-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmiş və Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Akademiyada Nizamnamə Komissiyası onun sədrliyi ilə 2013-2014-cü illərdə müstəqillik dövrü Milli Elmlər Akademiyasının yeni nizamnaməsinin hazırlanıb təsdiq edilməsinə nail olmuşdur. İsa Həbibbəyli Azərbaycançılıq konsepsiyasına dair layihə hazırlayıb çap etdirməklə bərabər, eyni zamanda "Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası"nın da müəllifidir. Onun təşəbbüsü ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Nizamişünaslıq, Azərbaycan mühacirət ədəbiyyatı, Ədəbi tənqid, Mətbuat tarixi və publisistika, Azərbaycan-Asiya ədəbi əlaqələri, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbələri, Füzulişünaslıq sektoru, Beynəlxalq əlaqələr, Elmi nəşrlər və proqnozlaşdırma, Təhsil şöbəsi kimi köməkçi şöbələr də yaradılmışdır. Milli Elmlər Akademiyasında və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir sıra beynəlxalq elmi konfransların keçirilməsi və xarici ölkələrin elmi qurumları ilə geniş əlaqələrin yaradılması İsa Həbibbəylinin gərgin əməyinin nəticəsidir. Onun təşəbbüsü ilə 2014-cü ildən respublika miqyasında və beynəlxalq səviyyədə "Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları" mövzusunda simpoziumlar keçirilir.

Görkəmli alimin kitablarından bəzilərinin adlarını bir daha xatırlatmaq istərdim: "Romantik lirikanın imkanları", "Ədəbi yüksəliş", "Ədəbiyyat nəzəriyyəsi", "Cəlil Məmmədquluzadə", "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri", "Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığının əsas tarixləri", "Məhtimqulu Fəraqi", "Yollar şeirdən başlanmışdı", "Akademik Səməd Vurğun Vəkilov", "Xalq şairi Məmməd Araz", "Ustad Məhəmmədhüseyn Şəhriyar", "Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti", "Ədəbi şəxsiyyət və zaman", "XX əsrin əvvəlləri Azərbaycan yazıçıları", "Nuhçıxandan - Naxçıvana", "Ədəbi-tarixi yaddaş və müasirlik", "Böyük ədəbiyyat nəhəngi Məmməd Səid Ordubadi", "Heydər Əliyev: dövlətçilik təlimi və müasir dövr", "Naxçıvan xalçaçılığı: ənənə və müasirlik", "Duzdağ mozaikası", "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" və s.

Yeri gəlmişkən, akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" fundamental əsəri haqqında qısa məlumat verməyi də məqsədəuyğun hesab edirəm.

Geniş və əhatəli bu elmi-nəzəri monoqrafiya aşağıdakı bölmələrdən ibarətdir:

1. Giriş;

2. Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi üzrə axtarışlar;

3. Ədəbiyyat tarixçiliyində yeni mərhələ;

4. Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin elmi təsnifatına doğru;

5. Azərbaycan ədəbiyyatı tarixinin yenidən dövrləşdirilməsi zərurəti;

6. Azərbaycançılıq konsepsiyası;

7. Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələləri;

8. Nəticə.

İsa müəllimin Azərbaycan ədəbiyyatı haqqında aşağıdakı fikirləri bütün dünya azərbaycanlıları üçün pozulmaz qanun kimi səslənir:

"Azərbaycan ədəbiyyatı - Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların yaratdıqları böyük ədəbiyyatdır;

Millilik və bəşərilik, Azərbaycançılıq və birlik idealları, habelə yüksək bədiilik Azərbaycan ədəbiyyatının əsas xüsusiyyətləridir;

Azərbaycan ədəbiyyatı - Azərbaycan xalqının dilində yaranan böyük ədəbiyyatdır;

Eyni zamanda hansı dildə yazılmasından asılı olmayaraq, azərbaycanlıların ölkəmizin milli dəyərlərinə və dövlətçilik maraqlarına xidmət edən bədii əsərləri Azərbaycan ədəbiyyatıdır;

Azərbaycan ədəbiyyatı davamlı tarixi-ədəbi ənənəsi olan və daim inkişaf edib müasirləşən dayanıqlı ədəbiyyatdır;

Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının tərkib hissəsidir".

Akademik İsa Həbibbəyli ədəbiyyatımızı belə dövrləşdirir:

1. Qədim dövr Azərbaycan ədəbiyyatı. Etnosdan-eposadək (ən qədim dövrlərdən VII əsrə qədər).

2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər).

3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər).

4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər).

5. Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər).

6. Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü (XIX əsr).

7. Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək).

8. Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü (1920-1960-cı illər).

9. Milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm (1960-1980-ci illər).

10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən).

Akademik İsa Həbibbəylinin çap olunmuş çoxsaylı dərslik, dərs vəsaiti, proqram və metodiki göstərişləri də təhsil və maarif işçiləri üçün böyük pedaqoji-tədris əhəmiyyətinə malikdir.

İsa Həbibbəylinin əsərləri Azərbaycan dilindən başqa, bir çox xarici dillərə - ingilis, rus, fransız, polyak, urdu, ərəb, türk, bolqar, litva, macar, gürcü və s. - tərcümə edilərək çap olunmuşdur. İsa müəllimin ABŞ, Qırğızıstan, İngiltərə, Çin, Fransa, Qazaxıstan, Türkmənistan, Almaniya, İran, Rusiya, Türkiyə, Cənubi Koreya, Misir, İspaniya, Bolqarıstan, Monqolustan, İraq və digər ölkələrdə keçirilən beynəlxalq simpozium, qurultay və konfranslarda etdiyi elmi məruzələr onun beynəlxalq aləmdə, xüsusən də İran, Türkiyə, Rusiya, Orta Asiya ölkələrində şöhrət qazanmasına zəmin yaratmışdır.

İsa Həbibbəylinin ilk gənclik dövründən şeir yazması da məlumdur. Onun hətta bir sıra şeirlərinə musiqi də bəstələnmiş, sözləri ona məxsus olan "Naxçıvan marşı" (musiqisi Aqşin Əlizadə) və "Akademiya marşı" (musiqisi Vaqif Gərayzadə) yüksək səviyyədə respublika ictimaiyyətinə təqdim olunmuşdur. İsa müəllim həm də ssenarilər müəllifidir, bir sıra teatr tamaşalarında və filmlərdə ədəbi məsləhətçi kimi iştirak etmişdir.

Akademik İsa Həbibbəyli ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edir. O, 1998-2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 2005-ci ildən bu günə qədər isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyətini davam etdirməkdədir. Deputat İsa Həbibbəyli 2015-ci ildən etibarən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədridir.

Akademik İsa Həbibbəylinin əsərlərinin biblioqrafiyası bir neçə dəfə çap edilmişdir. 2018-ci ildə "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından üç dildə - Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş "Akademik İsa Həbibbəyli. Biblioqrafiya" sanballı kitabı respublika ictimaiyyətinin ürəyincə oldu. "Biblioqrafiya"dakı "Böyük ömrün illəri və əsərləri" adlı "Ön söz"ün müəllifləri - AMEA-nın müxbir üzvü Kamran Əliyev və professor Məmməd Əliyev yazırlar: "Akademik İsa Əkbər oğlu Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının və ictimai fikrin inkişafında xüsusi yeri olan, özünün orijinal axtarışları ilə elmimizə sanballı töhfələr vermiş görkəmli alimlərimizdəndir. Böyük ədəbiyyatşünas alimin, tanınmış ədəbiyyat tarixçisi və nəzəriyyəçinin elmi araşdırmaları Azərbaycanda ədəbiyyat haqqında elmin daha da inkişaf etdirilməsinə, ictimai fikrin əsas problemlərinin araşdırılıb ümumiləşdirilməsinə uğurla xidmət edir".

Burada İsa Həbibbəylinin kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, rus və başqa dillərdə çap olunmuş əsərləri, tərcümələri, redaktə etdiyi kitablar, elmi məsləhətçisi, elmi rəhbəri və opponenti olduğu elmi işlər, habelə görkəmli alimin həyat və yaradıcılığı haqqında materiallar öz əksini tapmışdır.

Akademik İsa Həbibbəylinin göstərdiyi geniş elmi, ictimai-siyasi fəaliyyət dövlətimiz və respublikamızın Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, "Şöhrət", "Şərəf" və anadan olmasının 70 illiyi münasibətilə "Birinci dərəcəli Vətənə xidmət" ordenləri ilə təltif olunmuşdur.

2022-ci ilin dekabrında akademik İsa Həbibbəylinin AMEA-nın prezidenti seçilməsi də böyük alimə olan sonsuz hörmət və etimadın əsl göstəricisidir.

İsa müəllim haqqında bir neçə kitab və monoqrafiya yazılıb nəşr edilmişdir. Onun barəsində akademik Teymur Kərimlinin "Şərqin qapısından dünyaya" və filologiya elmləri doktoru, professor Yusif Seyidovun "Akademik İsa Həbibbəyli" kitabları xüsusilə diqqətəlayiqdir.

Akademik İsa Həbibbəyliyə həsr etdiyim bu kiçik yazını akademik Teymur Kərimlinin aşağıdakı fikirləri ilə tamamlamaq istəyirəm: "İsa Həbibbəylinin müəllimliyi ilə alimliyi bir-birini tamamlayan və biri-digərinin inkişafına stimul verən, bir-birindən ilham alan iki fərdi keyfiyyət, iki ayrılmaz əlamət kimi onun həyat və zəhmət, yaradıcılıq və fəaliyyət yollarında qoşa addımlamaqdadır".

16/10 - 2023. - Ədəbiyyat qəzeti.

SİZƏ MARAQLI OLA BİLƏR