Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Şuşada I Türk Dünyası Mədəniyyət Forumu keçirilir

13-10-2023 [ 20:41 ] [ oxunub:1073 ]
printerA+ | A-
103799

Oktyabrın 13-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə I Türk Dünyası Mədəniyyət Forumu başlayıb.

Forumun açılış mərasimində AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli çıxış edib. Akademik İsa Həbibbəyli çıxışında elm faktorunun mədəniyyəti birləşdirən amillərdən biri olduğunu vurğulayıb. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli forumda, eyni zamanda, “Türk dilləri və ədəbiyyatları: Differensiasiya və inteqrasiya” panelində məruzə edib. Akademik İsa Həbibbəyli konseptual çıxışında türk xalqlarının ortaq əlifbasının yaradılması ilə bağlı təkliflərini bildirib. Hər bir türk xalqının bir cilddə ədəbiyyat tarixlərinin yazılması və çevrilərək yayılmasının zəruri olduğunu bildirib. Akademik İsa Həbibbəyli forum çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət mərkəzinin beş dildə hazırlayıb çap etdirdiyi "Türk dünyasının mədəniyyət paytaxtı" kitabının təqdimatında da çıxış edib. 

Forum iştirakçıları və qonaqlar Şuşa Yaradıcılıq Mərkəzini ziyarət edərək "Heydər Əliyev və Qarabağ" adlı sərgi ilə tanış olublar.

Sərgidə Ulu öndər Heydər Əliyevin sovet dövründə Azərbaycanın Qarabağ bölgəsində sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətlərində xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçinin sərgidə Ümummilli liderin Qarabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotoları da yer alır.

Daha sonra forum iştirakçıları şəhərdəki Saatlı məscidinə baş çəkib. Qonaqlara məscidin tarixi barədə məlumat verilib. Bildirilib ki, Şuşanın Saatlı məhəlləsində yerləşən eyniadlı məscid ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Saatlı məscidi Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda Cümə məscidi və Bərdə İmamzadə türbəsinin memarı olan Kərbəlayı Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa olunub.

Saatlı məscidində sonuncu dəfə ötən əsrin 80-ci illərində təmir-bərpa işləri aparılıb. 1992-ci il mayın 8-də Şuşa Ermənistan tərəfindən işğal olunduqdan sonra Saatlı məscidi talan edilmiş, minarəsi dağıdılmışdı. Şəhər müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunandan sonra məsciddə bərpa işləri aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı Saatlı məscidinə də baş çəkib. Dövlət başçısı məscidə Məkkədən gətirilmiş “Qurani-Kərim” hədiyyə edib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR