Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

"Şuşa ili"ndə ədəbi tənqid - Tehran Əlişanoğlu

18-12-2023 [ 09:35 ] [ oxunub:1841 ]
printerA+ | A-
104087

2022-ci il - Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə (5 yanvar 2022-ci il) "Şuşa ili" oldu. İli sərəncamdan irəli gələn yüksək ruh yüksəkliyi, milli-mənəvi dirçəliş, qürur və hardasa bir qədər də üstünlük pafosu ilə yaşadıq, yaşadığımızı hiss və idrak etməyə çalışdıq. Vətən müharibəsində tarixi Zəfərimizdən təkanlanan bu üst/üstün başlanğıc - Qələbə diskursu (-ki, "Şuşa ili" bunun əyani faktı, timsalı, möhtəşəm bildirisiydi-) həyatımızın hər bir sahəsinə sirayət etdiyi kimi, ədəbiyyatda və onun bir parçası olan ədəbi tənqiddə də özünü yansıtmalı, hiss etdirməli, görsətməli və əl-əlbət, göstərməli idi. Məruzəmizin teması bu; və nəzərə alanda ki, bugün də daha iri miqyasda "Şuşa ili" davam edir, - Türksoy tərəfindən Şuşamız türk-Turan dünyasının mədəniyyət paytaxtı bəyan olunmuş, - mövzunun aktuallığı da yerində...

***

"Şuşa ili"ndə böyük klassiklərdən daha üçünün - Mirzə Ələkbər Sabirin 160, Hüseyn Cavidin 140, Əhməd Cavadın 130 illik yubileylərinin anılması və Azərbaycan Respublikası Prezidentinin sərəncamlarından irəli gələn addımların ədəbi-tənqidi prosesə yansıması faktoru müşahidə olundu.     

Demək olar ki, ədəbi tənqiddə Mirzə Ələkbər Sabir hadisəsinə son orijinal baxış Nizaməddin Mustafanın "Sabirin kimliyi" silsilə yazıları ("Ədəbiyyat qəzeti", 2017) olmuşdur; yadımızdasa müəllif sərbəst tədqiqatçı azartı ilə ədəbi "şünaslıq"dakı ənənəvi Sabir təsəvvürlərini "proletar obrazı"ndan çıxarıb geniş Şərq-türk poeziyası kontekstinə gətirməyə səylər edirdi (bu məqama 2018-ci il tənqid icmalımızda ani toxunmuşuq - bax: T.Əlişanoğlu, "2018-ci il: ədəbi tənqid refleksləri". ƏQ, 29 iyun 2019). Beş il ötür, daha bir yubiley ilində Sabiri "olduğu kimi" anlamaq səylərinə bu dəfə araşdırıcı-jurnalist Müsəllim Həsənovun kəskin publisist ruhlu "Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi ərəfəsində düşüncələr"ində ("Təzə dövrün köhnə dərdləri", "İlber Ortaylının tanıdığı və sevdiyi Sabir" - "525-ci qəzet", 25, 26 may 2022) rast gəlirik; yalnız bu qədər - deyə bilərik. Vəssalam.

Doğrudur, "Şuşa ili"ndə böyük şair geniş ictimai-kütləvi tədbirlərlə: doğma Şamaxı şəhərində - "Sabir poeziya günləri" ilə (ƏQ, 18 iyun 2022), adının əbədiləşdiyi Sabirabad şəhərində elmi-ədəbi ictimaiyyətin iştirakı ilə (bax: Gülbəniz Babayeva, Sabirabadda "Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr" mövzusunda elmi konfrans- ƏQ, 14 may 2022), Kürdəmirdə Ədəbiyyat Muzeyinin Aran regional filialında (31 may 2022), Türksoy xətti ilə Ankarada türk xalqları nümayəndələrinin də qatıldığı beynəlxalq (20 iyun 2022), o cümlədən AMEA-da, Ədəbiyyat İnstitutunda "Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr" mövzusunda (21 iyun 2022), Folklor İnstitutunda "Sabir və xalq gülüşü" mövzusunda elmi konfranslarda (13 iyul 2022) anıldı, "dərd şairi", "satiramızın banisi", "türk ədəbiyyatında yeni satirik cərəyanın qurucusu" kimi bir daha xatırlandı da, ruhu şad! Amma polemika böyük klassikin "daşlaşmış təsəvvürlər"dən qurtulub çağdaş ədəbi-tənqidi təfəkkürdə "yeniləşmiş" (əslində "əsli") obrazı barədədir.

Bəlkə bu baxımdan: "ən böyük türkçümüz Sabir"i günümüz(d)ə daha da çox Azər Turanın yığcam bir essesində Əli bəy Hüseynzadə ("Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və... Fikrət Sadıq"- ƏQ, 28 may 2022), 1930-cu illər gerçəklərinə nəzərən "Sabir yaşasaydı..." məqaləsi ilə Mirzə Bala Məhəmmədzadə (ƏQ, 28 may 2022 - məqaləni Nikpur Cabbarlı təqdim edir), "1913-cü ildə şairin vəfatının 2-ci ildönümü"ndə "Məktəb" jurnalı (Qulu Məhərrəmli, "Məktəb" jurnalı Sabir yaradıcılığı haqqında - ƏQ, 28 may 2022) və bir də xatırlatdığımız məqalədə çağdaş türk intellektualı İlber Ortaylı tanıdır...

Eyni qaydada müasir ədəbi prosesdə Əhməd Cavad faktoruna diqqət etmək olar. "Şuşa ili"ndə "Türk dünyasının böyük şairi Əhməd Cavad" - Azərbaycan Mədəniyyət Nazirliyi, Milli Kitabxana, Türksoy beynəlxalq türk mədəniyyəti təşkilatı xətti ilə də (22 fevral 2022) anıldı, "Türk dünyasının birlik simvolu" kimi xatirəsi Türkiyədə, Özbəkistanda, Qazaxıstanda və ölkədə (Gəncədə, Naxçıvanda, BDU-da, BSU-da, Xəzər Universitetində, AMEA Folklor İnstitutunda; kitabxanalarda, məktəblərdə...) çoxsaylı lokal və ümumtürk əhəmiyyətli tədbirlərlə yaddaşlarda möhkəmləndirildi də. Azərbaycan Prezidentinin sərəncamı (20 aprel 2022) işığında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu "Türk şeirində milli istiqlalın möhtəşəm müqəddiməsi: Əhməd Cavad və Akif Ərsoy" mövzusunda beynəlxalq konfrans keçirdi (9 iyun 2022); konfransda maraqlı məruzələr, baxışlar, rakurslar da oldu. Ruhu şad! Amma Şairin ədəbi reprezentaziyası az qala yüz il əvvəl və otuz il öncə bircə dəfə möhürlənmiş  "İstiqlal şairi", "Cümhuriyyət nəğməkarı" obrazından demək olar ki tərpənib irəli getmədi; hətta himn müəllifi kimi yeri-statusu "Türkiyə Cümhuriyyətində Milli İstiqlal Marşını yazmış Mehmet Akif Ərsoy"la eyniləşdirildi də.

Bəlkə bu şöləndə bircə professor Bədirxan Əhmədlinin çağdaş ədəbi-tənqidi təfəkkürdə Şairin mövqeyini dərinləşdirən, müstəviləşdirən, bugünləşdirən "Əhməd Cavad: yeni poetik yolun başlanğıcı" (ƏQ, 30 iyul 2022) və "Əhməd Cavadın mühacirət şeirləri və ədəbi tənqidin metodoloji aspektləri" (ƏQ, 28 may 2022) çıxışı-platformasını fərqləndirmək olar. B.Əhmədli Əhməd Cavadın bilavasitə tədqiqatçısıdır, o cümlədən Cümhuriyyət dövrünün "Marşlar"ı kitabının tərtibçisidir; mübhəmliyini saxlamaqla, ədəbi faktlara, arqument və dəlillərə yaxşı bələddir. Bu ki, bilir və məqaləsində təsbit edir: Əhməd Cavad - bütün simvolik-metaforik siqləti ilə təkcə ideoloji hadisə deyil də, Azərbaycan şeirində həm də yeni estetik başlanğıc, istiqamət deməkdir.

"Şuşa ili"ndə fərqli olaraq XX yüzil Azərbaycan ədəbiyyatının dühası Hüseyn Cavid haqqında daha da çox yazıldı; yubiley səbəbinə, ya da bir növ yubiley rəqəmi bəhanə-dəstəvuz oldu. Təkcə elə "Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında 24 sentyabr 2022-ci il tarixli" Prezident sərəncamının işığında çoxsaylı tədbirlərdən Hüseyn Cavidin Ev Muzeyinin ərsəyə gətirdiyi, 1912-ci ildən günümüzəcən materialları ehtiva edən "Cavidşünaslıq" çoxcildliyinin təqdimatını (16 mart 2022-ci il) yada salmaq bəs edir.  

"Türklük savaşı", Turan idealı üzərinə axıracan ayaqda durması, dönməzliyi - bu aspektdən Cavid obrazı, irsi, yaradıcılığını bütünlükdə çağdaş türk dünyası üçün cəzbedici etmişdir (Türkiyə universitetlərində tədbirlər: Mərmərə Universiteti, 4 noyabr və İstanbul Universiteti, 25 noyabr 2022-ci il, "Hüseyn Cavid və türk dünyası" beynəlxalq konfransı, konfransda akademik Rafael Hüseynovun "Əbədi hürriyyət və səma şairi" məruzəsi - bax: ƏQ, 6 noyabr 2022...) Lakin yalnız bununla deyil; Prezident sərəncamından iki ay, ilin sonunacan Cavid şölənləri ölkənin hər yerində: Bakıda, Naxçıvanda, Şamaxıda, ali və orta məktəblərdə, respublika kitabxanalarında, KİV-də, televizionda, internet şəbəkələrində parad yürüşünü etdi; Ruhu şad!, sorağı hətta ABŞ, Vaşinqton şəhərinə qədər gedib-çıxdı, Amerika-Azərbaycan Ticarət Palatasının binasında şairin barelyefi qoyuldu və Vaşinqton meri Muriel Bauzer imzaladığı bəyannamədə 24 oktyabr tarixini Hüseyn Cavidin anım günü elan etdi.

Bütün bunlar öz yerində. Son illərdə Cavid irsinə, sənətinə dönüşün ardıcıllığı çağdaş ədəbi-tənqidi təfəkkürdə də işini görmüş, yalnız ideoloji məxrəcdə deyil, həm də estetik aktuallıq kəsb etmişdir. Cavidə qayıdış artıq estetik hadisə, "yeni konsepsiya"lar şəklini almağa başlamışdır. Belə ki, AMEA-da (24 oktyabr 2022-ci il: "Hüseyn Cavid sənəti: ideallar və müasir dövr"), Ədəbiyyat İnstitutunda (17 oktyabr 2022) beynəlxalq və elmi konfransların ardınca bu sarıdan "Ədəbiyyat qəzeti" də ayrıca "Cavid -140" buraxılışı ilə öz Sözünü dedi (ƏQ, 22 oktyabr 2022). Qəzetdə günün aktuallığına səs verən Hüseyn Cavidin "Müharibə və ədəbiyyat" essesi ilə yanaşı, Elçinin "Cavid intiqamı. Hüseyn Cavid haqqında bir neçə söz", İsa Həbibbəylinin "Ədəbiyyatın əbədiyyət rəmzi", Nizami Cəfərovun "Hüseyn Cavidin türkcəsi", İlqar Fəhminin "Bir şeirin xatiratı", Elnarə Akimovanın "140 yaşlı çağdaşımız, yaxud böyük gələcək Cavidin nə qədər haqlı olduğunu sübut etdi", Azər Turanın "Hüseyn Cavid və modernizm dalğası", Gülşən Əliyeva-Kəngərlinin "Hüseyn Cavid və müasir sivilizasiya", Niyazi Mehdinin "Hüseyn Cavid şeirində Anadolu ləhcəsindən gələn deavtomatizm", Nargisin "Cavidanə sevir, Cavidanə yaşayır, Cavidanə susuruq...", habelə Teymur Kərimli, Səlim Babullaoğlu, Gülbəniz Babaxanlı, Adiil Cəmil, Mətanət Vahid, Ülvi Babasoy, Rəvan Cavidin günün aktuallığından Cavidə boylanan məqalə və esseləri dərc olundu.

Azər Turan Cavidşünasdır, həm də Günün, məhz müstəqillik əyyamının yetirdiyi Cavidşünas. Hüseyn Cavidin həyatının və yaradıcılığının faktlarını yaxşı bilir, Türkiyə həyatından Azərbaycan gerçəklərinə qədər. Yeri gəlmişkən, ötən il Azərin, bir ailənin acı taleyini xronikalaşdırdığı "Atam, anam, qardaşım, mən və Stalin. Cavidlərin ailə dramı" əsəri "Ədəbiyyat qəzeti"ndə dərc olundu (ƏQ, 13 avqust 2022), böyük maarifçilik işi və önəmi daşıyan pyes (məxsusən gənc auditoriyalar üçün) sonralar uğurla tamaşaya qoyuldu və geniş auditoriya dolu alqışlar da qazandı.

Bu ki, Əlibəy Hüseynzadə, Məhəmməd Hadi, Hüseyn Cavid yaradıcılığı və ümumən də XX yüzilin böyük türkçülük hərəkatının (Turan romantizminin) geniş tədqiqi materialları əsasında Azər Turan, həməncə "keçən əsrin 30-cu illərindən" yarımçıq kəsilmiş belə bir "yeni konsepsiya"nı (ideoloji və estetik) təsbit etməyə və gəlişdirməyə çalışır ki: "Cavidin də, Hadinin də estetik idealı ilə vətən məfkurəsi bir bütövün tamamlayıcı parçalarıydı və onlar Azərbaycan poeziyasında yeni iqlim qurşağı, yeni estetik düzən yaradırdılar... Cavid bolşevik inqilabına etina etməsə də bilirdi ki, artıq vaxt gəlmişdir, Azərbaycan ədəbiyyatı estetik yöndən modernizmin iqlim qurşağına daxil olmalıdır..." (Azər Turan, "Hüseyn Cavid və modernizm dalğası" - ƏQ, 22 oktyabr 2022)

Eynən Azər-turançılığın işığında, Cavid lirikasının konseptual araşdırıcısı Elnarə Akimova da bu qənaətdədir. Ki: "Cavid yaradıcılığını böyük bir ədəbi hərəkatın başlanğıcı sırasında almaqdan daha çox, onu dünyada gedən qlobal-mənəvi, ictimai-fəlsəfi hadisələrin nəticəsi kimi almalıyıq. Zamanı gəlmiş, əsr daşan enerjisini daha bir istedadın simasında əyaniləşdirməyə fürsət tapmışdır. Bu dəfə seçilmiş dahi Cavid idi..." (Elnarə Akimova, "140 yaşlı çağdaşımız, yaxud böyük gələcək Cavidin nə qədər haqlı olduğunu sübut etdi" - ƏQ, 22 oktyabr 2022)

Əslində, "yeni konsepsiya"nın işartıları, heç də yeni olmayıb, hələ iki on il öncə Azər Turanın "Yeni Azərbaycan" qəzetinin "Ədəbiyyat" əlavəsində başlatdığı ədəbiyyat çabalarında da özünü göstərirdi. On il öncə "Tənqid.net" jurnalının çağdaş Azərbaycan modernizminə həsr olunmuş sayında da (№ 9, 2012) Cavid fenomeninə, oxşar tipoloji yanaşma yer almışdı (bax: "Klassika modern işığında": Elnarə Akimova, "Hüseyn Cavid lirikasında dekadans"; Aydın Talıbzadə, "Üsyan və cəza": fikir "kəndirbazı"nın aqibəti"// Tənqid.net, № 1 (9), 2012, s. 115-131) Bugün görünür ki, yenə "Zamanı gəlmiş", təkcə Cavidin timsalında deyil, Azər Turan baş yazarı olduğu qəzetdə açdığı platformadan gen-bol yararlanaraq, bütünlükdə yüz il öncənin hadisələrini bərpaya cəhdlər edir.

İl boyu ümum-Turan konteksti və ədəbiyyat müstəvisində dərc etdirdiyi yazılarında: "Bəkir Çobanzadə - milli kədərdən doğulan, 44 yaşında güllələnən böyük alim" (ƏQ, 22 yanvar 2022), "Müşfiq - Azərbaycan ədəbiyyatının cavabsız sualı" (ƏQ, 29 yanvar 2022), "İsmayıl bəy Qaspıralı - "məfkurələr fabriki" (ƏQ, 5 fevral 2022),  "İmamverdi Əbilov - ömrün məna sıxlığı" (ƏQ, 9 aprel 2022), "Qafqazın birinci adamı. Yaxud bir ailədə iki Şeyxülislam" (ƏQ, 30 aprel 2022), "Panislamizmin qurucusu, türk milliyyətçi şeirinin mürşidi, Renanın İbn-Rüşdlə qiyaslandırdığı Azərbaycan kökənli Şeyx Cəmaləddin Əfqani" (Əq, 14 may 2022), "Fatehin Avnidəki gizli ruhu və Selcuk Bayraktarın Kızılelma PUA-ları" (ƏQ, 4 iyun 2022), "Turanın Troyaya dəxli varmı" (ƏQ, 18 iyun 2022), "Alp Ər Tonqa - Turanın qurucusu" (ƏQ,  9 iyul 2022), "Cəmil Cahid Toydəmir - Şuşanın ilk fatehi, Hitlerin ram edə bilmədiyi orgeneral" (ƏQ, 23 iyul 2022), "Sirli" seyfin tilsimini kim qıracaq, yaxud "Divanü Lüğat-it-Türk"ün Azərbaycanda ilk tərcüməçisi niyə üzə çıxarılmır?" (Xalid Səid Xocayev haq. -ƏQ, 10 sentyabr 2022), "Gelib sana çarpan gücü, yavaştan Anlamazsa, haritadan sil gitsin!" (ƏQ, 17 sentyabr 2022), "Tanrı Drinanın sahilindəki bədbəxt qəsəbəni tərk etmişdi. İvo Andriçin "Drina körpüsü romanı barədə" (ƏQ, 15 oktyabr 2022), "Turan Heyəti" (ƏQ, 19 noyabr 2022) məqalə və esselərində Azər Turan yalnız böyük alim və ədiblərin deyil, bütövlükdə ümumtürk tarix və mədəniyyət kontekstinin özünün də repressiyaya uğrama şərait və mənzərələrini görükdürür, gündəmə gətirir.

Elçinin Hüseyn Cavid hadisəsini dünya ədəbiyyatı kontekstində (Qərb intibahından XX əsr Azərbaycanına) nəzərdən keçirdiyi, faktlarla zəngin "Cavid intiqamı" məqaləsində də bu məqama yer var: "1937-ci illə 1953-54-cü illər arasında Sistem Cavid yaradıcılığını qadağan etdi, Cavid haqqında olmazın təhqirlərini, böhtanlarını, iftiralarını mətbuat səhifələrinin, dərsliklərin, tədqiqatların əsas mövzularından birinə çevirdi, cidd-cəhdlə Cavidi "ifşa" edərək, özlərinə karyera qazananlar üçün (İblis yardımçıları üçün!) münbit zəmin yaratdı, ancaq burada da amansız bir məğlubiyyətə uğradı: cəmi 16-17 ildən sonra Cavid yaradıcılığı yeni bir ehtirasla, şövqlə, inamla və son dərəcə təbii surətdə xalqın mənəviyyatında Sistemin unutdurmaq istədiyi, ancaq unutdura bilmədiyi yerinə qayıtdı..." (Elçin, "Cavid intiqamı. Hüseyn Cavid haqqında bir neçə söz" - ƏQ, 22 oktyabr 2022)

Repressiya mövzusundan söhbət gedərkən, bu məqamda Elnarə Akimovanın da məqaləsində sayğıyla andığı, problemin araşdırıcısı ədəbiyyatşünas Cəlal Qasımovun adını çəkməmək olmaz. "Yaddaşın repressiyası" (1997), "Repressiyadan deportasiyaya doğru" (1998), "Yaddaşın bərpası" (1999), "Cavidi məhbəsə aparan yol" (2007), "Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi" (2011), "Kitabi-Dədə Qorqud"un yasaqlanması" (2014), "Bolşevik qurşununun qurbanları" (2015), "Vəli Xuluflu" (2016), "Bəkir Çobanzadə" (2018), "Birinci türkoloji qurultay: şahidlər və şəhidlər" (2019), "Siyasi repressiya həyatda və ədəbiyyatda" (2020), "Xalid Səid Xocayev" (2021) və s. kimi bu temada onlarla elmi-monoqrafik əsərin müəllifi olan alimin ötən il daha iki kitabı çıxdı: "Ağrı yaddaşı" (Bakı, 2022), "Repressiya ensiklopediyası" (Bakı, "İmza", 2022). "Cavidin intiqamı" məsələsində onun fikri bir qədər başqadır.

Cəlal Qasımovdan sitat: "Bəraət dövründə - 56-cı ildən sonra udanlar və uduzanlar oldu. Fikrimcə, Cavid uduzanlar siyahısındadı, Ruhulla Axundov, Vəli Xuluflu isə udanlar. Yəni, Cavid 37-də güclü idi, yoxsa 56-da? 37-də Cavid türkçü kimi, turançı kimi böyük idi. 56-da isə ona bir sovet mundiri geyindirib kiçiltdilər. "Cavid və Oktyabr inqilabı" adlı yazılar yazıldı... Məncə, bu reabilitasiya Cavidin sovet hökumətindən intiqamı deyildi. Sistemin özünün özündən intiqamı idi. Cavidin bəraəti onun Sibirdən dönüşü ilə başladı. Cavidin dönüşü əslində Cavidə dönüşün başlanğıcı oldu. Nə idi Cavidə dönüş? Cavidə dönüş türkçülüyə dönüş, turan əxlaqına dönüş, Cavidə dönüş sufi təfəkkürünə dönüş, milli-mənəvi əxlaqi dəyərlərə dönüş idi" (Elnarə Akimova, "140 yaşlı çağdaşımız, yaxud böyük gələcək Cavidin nə qədər haqlı olduğunu sübut etdi" məqaləsindən - ƏQ, 22 oktyabr 2022)

Göründüyü kimi, "açıq-gizli polemika" bütün XX yüzil boyu, bugün də var, yarın da. Akademik Nizami Cəfərov, dilindən danışarkən Cavid hadisəsini ötən əsrin 20-ci illərindən, hələ total repressiyalara qədərki polemikalardan analizə cəlb edir: "Cavidin türkcəsini 20-ci illərlə 30-cu illərin qovuşağında elmi dilçilik təfəkkürü necə dəyərləndirmişdi? Ən böyük dilçimiz professor Bəkir Çobanzadə Azərbaycan ədəbiyyatında üç dil cərəyanı olduğunu göstərir: 1) mollanəsrəddinçilərin dili, 2) Hüseyn Cavid kimi bəzi ədiblərin dili, 3) bir tərəfdən, canlı danışıq; digər tərəfdən, klassik ədəbi ənənələrlə bağlı ədiblərin dili... Professor Bəkir Çobanzadə üçüncü cərəyanın perspektivli olduğunu göstərir ki, əslində, təcrübəli mütəxəssisin belə bir qənaətə gəlməsi tamamilə təbii idi..." (Nizami Cəfərov, "Hüseyn Cavidin türkcəsi" - ƏQ, 22 oktyabr 2022) Və köklü səbəblərini şərh etməklə, Cavidin dili barədə son qənaətini akademik belə yekunlaşdırır: "Bu isə o deməkdir ki, Cavidin türkcəsi tarixdə əvvəl mənsub olduğu ədəbi cərəyana, sonra isə şairin təkrarsız yaradıcılıq dühasına xidmət etmiş özünəməxsus bir dil fenomeni olaraq qaldı" (Nizami Cəfərov, "Hüseyn Cavidin türkcəsi" - ƏQ, 22 oktyabr 2022)

Amma mübahisəsizdir ki, "Cavidə qayıdış"da başlıca məqam heç də ikincisi (tarixən ötüşmüş dil-üslub məsələsi) deyil də, birincisi - estetika, "ədəbi cərəyan" təcrübəsidir. Azər Turanın ədəbiyyatda "yeni Turançılıq" başlatmaq platforması barəsində ötən illərin tənqid icmallarında kifayət qədər bəhs açmışıq (bax: T.Əlişanoğlu, "2018-ci il: ədəbi tənqid refleksləri". ƏQ, 29 iyun 2019; "Tənqid və ədəbi proses 2019". ƏQ, 26 sentyabr 2020; "Yeni zamana giriş: ədəbi tənqiddə diskurslar". ƏQ, 5 mart 2022); bu yerdə tez-tez isnad etdiyim "Belə" sırasından daha bir status yadıma gəlir: "Belə. Əli bəydən yüz on, "Yeni Azərbaycan"dan on il sonra axar suya ayağı təkrar salmaq Sevdası. Azər-turançılıq..." (T.Əlişanoğlu, Perpetium-mobile. //Tənqid net, № 12, 2016/2017, s. 501)

"Sevdalar" yaxşı, artıq vaxtıdır ki, söhbət "yeni konsepsiya"nın ədəbi-tənqidi prosesə nə qədər yansıması, yeriməsi ətrafında getsin. Məsələ burasındadır ki, XX yüzil boyu "axar sular"dan biz ayağımızı heç cəkmədik ki. Nə qədər (ideoloji) yanıltmağa çalışsaq da (ax bu Sos-realizm!), məgər bütün əsr uzunu ədəbiyyatımız (estetik) "mollanəsrəddinçiliy"in üstünlüyü, dominantlığı üzərində gəlib-gəlişməmişmi?! Elə hey Günün qarşımıza çıxardığı (ağır) gerçəklərə aludə-pərçim olub (Analitik Azərbaycan! - bu barədə bax: "Yubiley saatı və Ədəbiyyatın missiyası" // T.Əlişanoğlu, Mübir üzvün qeydləri. Bakı, "Elm və təhsil", 2022, s. 172-180), İdeallar peşində olmağı az qala yadırğamışıq da. Ax, bu Rafiq Tağı həsrəti! Nə qədər radikal səslənsə də, "Mirzə Cəlildən ayrılmaq" hayqırtısında yaradıcılıq aktı olaraq necə bir çıxılmazlıq fəryadının gizləndiyini indi-indi fərq etməli!

Tez-tez XX yüzilin bu və ya digər bucağına, küncünə yarımçıq nəzər yetirib, birimizin ardınca səs-səsə verərək az qala cəmimiz bu və ya digər dekadans təzahürlərindən danışırıq. Məgər aşkar görünmürmü ki, bütünlükdə XX yüzili vahid tipoloji hadisə (və Realiya!) kimi, parçalara bölmədən götürüb, Azərbaycan həyatında əsri bütöv əhatə edən böyük Dekadansdan danışmağın zamanı çatmışdır?!; o ictimai-siyasi, tarixi-mədəni, milli-mənəvi, qlobal-fəlsəfi - dərin Azərbaycandan ki, müstəqil (modern) Azərbaycanı içindən doğmuşdur... Elə çağdaş tənqidçi də təxminən belə deyir: "Bu barədə yekdil nəzəri yanaşmalar elmi dövriyyəyə daxil olduqca həmin sahədəki boşluqlar da aradan qalxacaq, milli modernizmə cəhdlərinin XX əsr hüdudlarında gəzişən poetik palitrası bütün boyası və əlvanlığı ilə görünəcəkdir..." (Elnarə Akimova, "140 yaşlı çağdaşımız, yaxud böyük gələcək Cavidin nə qədər haqlı olduğunu sübut etdi" - ƏQ, 22 oktyabr 2022)

Bu əsnada, məsələn, "Cavidanə sevir, Cavidanə yaşayır, Cavidanə susuruq..." (Nargis) məqsəd və iddiasında bulunan İlqar Fəhmi, Nargis, Ülvi Babasoy, Rəvan Cavid kimi daha cavan nəslin, XXI əsr yetirmələrinin şövqü və zövqü günümüzdə bəlkə daha da böyük maraq kəsb etməlidir...

Ülvi Babasoy gənc, yetkin ədəbiyyatşünas, mahir esseistdir; son illərdə "Ədəbiyyat qəzeti"ndə ardıcıl yazılarından da görünür ki, ayrıca tənqid(çi) platformasını formalaşdırmağa çalışır. Həm də heç də məcburi, günün qarşısına çıxardığı darıxdırıcı, üzücü "ədəbiyyat" materialları üzərinə deyil, azad-sərbəst improvizədə, başlıcası, müasir dünya və Qərb ədəbiyyatı, sənət gəlişmələri fonunda.

İl boyu dərc etdirdiyi: "Bədənin ucsuz-bucaqsız erotik ərazisi. Erotikasız erotika silsiləsi" (29 yanvar 2022), əsasən bu sıradan "Cinsiyyətin estetik enerjisi" (ƏQ, 30 iyul 2022), "Çağdaş dünya ədəbiyyatının empirik təhkiyə yaradıcılarından biri" (ƏQ, 20 avqust 2022),  "Atam cənnətdə işləyir" (ƏQ, 27 avqust 2022), "Saniyədə 24 dəfə popkorn yemək və ya Coca-cola içmək" (ƏQ, 3 sentyabr 2022), "Çatmaqaş gözəllərin simulyasiyası" (ƏQ, 10 sentyabr 2022), "Diananın bədəninin dadı" (ƏQ, 24 sentyabr 2022), "İnciçiçəyinin qoxusu" (ƏQ, 19 noyabr 2022) esse və məqalələrində tənqidçi-esseist "dünya təcrübəsi" dəryasında məhz bugün üçün aktual olanı tapmağa, tapdığını bizim ədəbi-tənqidi prosesə də yansıtmağa cəhdlər edir. Deyək, məsələn, XX əsr  sənətində əsr boyu gəzişən seksizm və erotizmin bədii gücü-simvolikası və bugün artıq enerjisini itirməsi məsələsi. Sanki işimiz-gücümüz yoxmuş, indi də durub Qərbin çeynəyib-tökdüyünün çürüyünü çıxaracaqmışıq(mı)...

Amma maraqlıdır, həmincə Ülvi Babasoy yubiley sorağına, Hüseyn Cavid üzərinə də bir esse yazdı: "Portağalların səsi". Burada da Qərb ədəbiyyatı ilə müqayisələr var; sanki uzaq, amma arqumentli, yaxınlaşdırıcı paralellər: Frans Kafka, Rozi Braydotti, Joje Saramaqo... Məsələ heç də bunda deyil. YeniSi bundadır ki, Ülvi Babasoy bu dəfə "dünya konteksti"ndən bizə yox, Cavid yaradıcılığından dünyaya baxır, baxa bilir. Həm də sistemli, diqqət edin: "140 ildir ki, Hüseyn Cavid humasentrik lirikası və dramaturgiyasında gözəllik və eşq axtarışındadır. Cavidin humasentrik evrənində antihumanist, hətta posthumanist dinamikanın sayrışmaları var. Təxminən eyni illərdə Kafka prefaşist çağın carçısı kimi çıxış edirdi..."

Sitat: "Ağla sığmayan (reallığa bənzəməyən) estetikanın sərhədini Kafka keçdi. Kafkadan sonra bu sərhəd polissiz və gömrüksüz qaldı, sərhədlər əbədi olaraq açıldı. Bu, roman tarixində əlamətdar hadisə idi..." və gəlir Cavid paralelinə: "Hüseyn Cavid də klassik və neoklassik sərhədləri keçmişdir. Romantik tragediyanın gömrüyünü isə neoromantik, neorealist və modernist dramaturq, şair kimi ləğv etmişdir..." Üstəlik, Azərbaycan ədəbiyyatı üzərinə çevrilişi: "Cavidin tematik polifonizmi yalnız metafiziki məzmunda deyil, həm də fiziki formatdadır. İfadə estetikası struktur gözəlliyini tamamlayır. Formanın heca və əruzun sərhədlərini aşması və ya onların xaricində yeni struktur estetikası yaratması Cavidin empirik, praktiki ifadə və söyləmlərinin çoxsəsli və çoxqatlı cəhətlərini gəlişdirir. Çünki klassik gələnəyə bağlı olan ədəbiyyat evrənimiz empirik cəhətdən yeni deyildi. Daha çox özünü təkrarlayırdı. Romantik Cavid pozitivist və empirik şairdir. Axı Cavidin metaforları beş duyğu üzvünə və yaradılan dünyanı fiziki olaraq da hiss etdirməyə, toxundurmağa adekvatdır..." (Ülvi Babasoy, "Portağalların səsi" -ƏQ, 22 oktyabr 2022)

Konseptualdır, deyilmi?; həm də konkret, Cavid şedevrlərinin ("Şeyx Sənan", "İblis", "Peygəmbər", "Xəyyam") təfsiri nümunəsində. Geniş təfərrüatlara getmədən, daha bir sitat: "Cavid özündən əvvəlki klassik mətnlərdəki eşqdən fərqlənir. Bütün dinlərin zirvəsinə qalxan yaşamaq sənətini (və sevgi dinini) posthumanist dinamika və elementlərlə paradoksallaşdırır. Çünki həyat və ədəbiyyatın sərhədləri itir. Fizika və metafizika iç-içə keçir. "İblis", "Şeyx Sənan" və "Xəyyam" trilogiyası Azərbaycan ədəbiyyatında posthumanist dinamikanı başladır..." (yenə orada) Və: "İblis", "Şeyx Sənan" və "Xəyyam" trilogiyasını "Peyğəmbər" tamamlayır. Bütün teoloji doqmaları dəyişir... Yepyeni və ağappaq yaşam formulu və din təqdim edir..."  (yenə orada)

Bu ki, mənimcə, "yeni konsepsiya" Dünyanın XX yüzil gəlişmələri zəncirində "yaşam" və ədəbiyyat taleyimizin necə bir ülvi nöqtədə qırıldığına bir daha diqqəti çəkə bilir: "Hüseyn Cavid isə portağalın səsinə, Ayın səthinə və Günəşin işığı və enerjisinə çatacaq posthumanist bir model təklif edir. İnsan bərabərdir Tanrı konfiqurasiyasıdır bu. Cavid yaşamaq üçün əlverişli indiki zaman və ümidverici gələcəklər göstərir..." (yenə orada) Və təbii ki, bəlkə məqamı bugünləşdirməyə, aktuallışdırmağa cəhdlər: "Rəqəmsal, fiziki və bioloji böhran və kirlənmədən təngə gələn insan Altıncı yox olmadan xilas olma yollarını göstərən estetikanın peyğəmbərinə - Cavid Əfəndiyə üz tuta bilər..." (Ülvi Babasoy, "Portağalların səsi" -ƏQ, 22 oktyabr 2022) 

***

"Yubiley zamanı"ndan yenə qayıdaq cari tənqid ilinə.

"Şuşa ili"ndə ölkənin baş yazarı Anar, xatırlatdığımız kimi, "Söz dünyası" beşcildliyinin daha iki kitabını çap etdirdi (Anar, Söz dünyası, III cild. Bakı, "Şərq-Qərb", 2022, 728 səh.; IV cild. Bakı, "Şərq-Qərb", 2022, 624 səh.). III cildi - "60-cılar"a, ədəbiyyatımızda "60-cılar hərəkatı"na,  IV cildi - "70-cilər"ə və 1970-ci illərdən günümüzəcən gəlişən ədəbiyyata, ədəbi-tənqidi prosesə həsr olunmuş, 60 sənəlik çağdaş ədəbiyyatımız haqqında bütöv, monumental bir iş (Qeyd olunmalıdır ki, III cilddə ilk məqaləsi 1961-ci ilə aid olan kitab IV cilddə son nöqtəsi 4 mart 2022-ci il tarixində qoyulan yazı ilə tamamlanır).

2022-ci ilin martında Anarın 84 illiyinə bir "Anar tezisləri" yazdım (ƏQ, 12 mart 2022). Məqsədim çağdaş klassikin Ədəbiyyat tariximizdə yerini, bütün arqumentlərimlə: məşhur "60-cılar hərəkatı"nın şəksiz lideri, generatoru, lokomotivi olaraq bir daha yada salmaq, təsbit etmək idi. Yazı bir xeyli rezonans, təqdir və qınaq notları da qazana bildi. "Söz dünyası"nın son cildlərini (III, IV) oxuyandan sonra qəfil kontr-arqumentlərim, daha doğrusu, daha əhatəli, tamamlayıcı fikir və mülahizələrim yarandı. Anarın 85 illik yubiley gününə bu dəfə "Zamanın Anarı, Anarın zamanı" başlıqlı "kontr-tezislərim"i qələmə aldımsa da dərc etdirmədim. Əslində, buna görə "Ədəbiyyat qəzeti"nin baş redaktoruna çox-çox minnətdaram; etiraf etməliyəm ki, "kontr-tezislər" "tezislər"dən daha zəif alınmışdı. Amma (dərc olunmamış) məqalədə gəldiyim əsas qənaətimdə, başlıca (kontr) tezisimdə yenə də israrlıyam.

Ki: "Çağdaşlaşma, çağdaşlıq hərəkatı 60-cılar hərəkatından ümdə və daha böyükdür; onu da içinə alır, habelə Müstəqillik hərəkatını da... Bizdə bugün böyük Çağdaşlıq hərəkatının gəlişməsi - təməl üzərində, təməli dağılmağa qoymayaraq Ədəbiyyatda məhz ona - Anara xas, məxsusdur..."

Yenə də "açıq-gizli polemika"; Anar təbirilə desək: "Öz"ümlə söhbət. Qəsdən "modernizm" deyil, "böyük Çağdaşlıq" deyirəm. "Öz"ü, "Təməl"i, təməlləri vurğulamaqdan ötəri. Belə: "Əslində, biz hamımız böyük çağdaşlaşmanın içindəyik. Bəşər övladından milli varlığacan. O bizi mədəsində udmamış, biz onu həzm etməyə çalışırıq. Milli varlığın bəşər savaşında dayanışmasından ötəri Ədəbiyyat da daim mücadilədədir. Labirintlər, Labirintlər, hər yerdə Labirintlər... Biz bəzən nəyin peşində olduğumuzun, arxasınca süründüyümüzün fərqində olmuruq. Alatorandan yeniSiyə, kül soyuğundan Azər-turançılığa, daha kimlər, kimsələr... Və ümumən Zamanın anarları... - o şeyi ki, bugün Ədəbiyyatda biz etmək istəyirik, Təməl yazılarında Anar bunu etmiş. Fərqində olmasaq da, məsələ budur..." (dərc olunmamış məqalədən)

"Söz dünyası"nın son cildlərində (III, IV) ədəbiyyatda yeri-yurdu, xidməti, zəhməti, işi, əsəri-təsiri, izləri... olan 106 yazıçı, şair, tənqidçi, ədəbiyyat adamının ayrıca cızılmış portreti, portret çizgisi, obrazı, fas-profil-anfas silueti..., hələ nə qədər də epizodik, personaj qismində digərlərinin kölgəsi-qaraltısı-hənirtisi görünür, eşidilir...

III cilddə: İsa Muğanna (Hüseynov), Sabir Əhmədli, Çingiz Hüseynov, Azad Şərifov, Gülrux Əlibəyli, Əli Kəırim, Məmməd Araz, Xəlil Rza Ulutürk, Cabir Novruz, Tofiq Bayram, Əli Səmədli, Nəriman Həsənzadə, Ağamusa Axundov, Fikrət Sadıq, Fikrət Qoca, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Siyavuş Məmmədzadə, Nazim İbrahimov, İltifat Saleh, Əlibala Hacızadə, Qərib Mehdi, İbrahim Göyçaylı, Tofiq Hacıyev, Yaşar Qarayev, Araz Dadaşzadə, Rəhman Bədəlov, Qəzənfər Paşayev, Ayaz Vəfalı, Musa Yaqub, Əkrəm Əylisli, Nurəngiz Gün, Samət Əlizadə, Səməd Behrəngi, Vladimir Qafarov, Vladimir Portnov, Alla Axundova, Mənsur Vəkilov, Azər Mustafazadə, Vaqif Nəsib, Məmməd İsmayıl, Firuzə Məmmədli, Abbas Abdulla, Azər Abdulla, Tofiq Abdin, Tofiq Məlikli, İsa İsmayılzadə, Səyavuş Sərxanlı, Ələkbər Salahzadə, Şahmar Əkbərzadə, Elçin, Timuçin Əfəndiyev...

IV cilddə: Mövlud Süleymanlı, İntiqam Qasımzadə, Vidadi Paşayev, Hidayət, Vaqif İbrahim, Aydın Məmmədov, Vahid Əziz, Seyran Səxavət, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Kamil Vəli Nərimanoğlu, Vaqif Bayatlı Odər, Natiq Rəsulzadə, İsa Həbibbəyli, Kamal Abdulla, Zəlimxan Yaqub, Səyyad Aran, Nizaməddin Şəmsizadə, Vilayət Quliyev, Arif Əmrahoğlu, Elmira Axundova, Rafael Hüseynov, Sabir Bəşirov, Sadıq Elcanlı, Aydın Tağıyev, Afaq Məsud, Nisəbəyim, Əjdər Ol, Gülşən Lətif, Çingiz Abdullayev, Nizami Cəfərov, Faiq İsmayılov, Adil Mirseyid, Salam Sarvan, Tofiq Qəhrəmanov, Tehran Əlişanoğlu, Samid Ağayev, Əlizadə Nuri, Elçin Hüseynbəyli, Elxan Zal, Azər Turan, Rəşad Məcid, Səlim Babullaoğlu, Azad Yaşar, Əsəd Cahangir, Fərid Hüseynli, İlqar Fəhmi, Nigar Həsənzadə, Pərvin, Tural Anaroğlu, Günel Anarqızı...   

Həssas və dürüst Anar qələmi ilə bütöv bir epoxa yazı-pozu adamlarının, imza və adların Ədəbiyyatdan görünən obrazı, portretlər qalereyası... Həm də donuq şəkildə deyil, canlı ədəbi prosesdə, çağdaş ədəbiyyatın bu və ya digər mətləbinə ilişgili dolaylarında... Kitabın baş qəhrəmanı, şəksiz ki, müəllifin özü, yazıçı Anardır; təkcə tənqid (Anarın öz sözləri ilə: "təhlilçi") qələmi, təfsiri, dəyərləndirmələrində deyil, bilavasitə iştirakı ilə, yazıçının bioqrafisindən, onunla tanışlıq, ünsiyyət və münasibətlərdən; böyük Ədəbiyyat uğrunda mübarizə və mücadilədə, bu ətrafda həm də xırda intriqa və saysız-hesabsız təfərrüatlardan... Reallığın, hadisə və olayların əslini, düzünü-düzgününü görükdürmək, həqiqətin və anti-həqiqətin üzə çıxması üçün Anar maraqlı bir fənd tapmış; öz Sözü ilə yanaşı "Sözardı" qismində ədəbi portretini, obrazını cızdığı qəhrəmanının, imza və personajın da ona, ailəsinə (Rəsul Rza və Nigar Rəfibəyliyə), 60-cılara və 60-cılar ədəbiyyatına, AYB-yə və onun sədrinə münasibətini ehtiva edən yazılarını, mətbu çıxışlarını, əyani fakt və xronikaları da kontra-punkt olaraq mətnə daxil etmişdir.

Belə ki, "Söz dünyası"nın sonuncu cildləri, əvvəlki cildlərində olduğu kimi, forma-struktur baxımından da orijinaldır. Məzmun-mündəricəyə müvafiq, hətta deyərdim predmetin (burda: Ədəbiyyatın) diktəsi ilə ifadə plastikası tapmaqda Anarın ustad qələmi bu dəfə də sözünü deyir. Əvvəllər qeyd etdiyim kimi, "Söz dünyası"nın qədim və ortaçağlar ədəbiyyatına həsr olunmuş I cildində epos enerjisi, Azərbaycan ədəbiyyatının tarixi taleyindən bəhs açan II cildində romanik struktur hakimdirsə (bax: T.Əlişanoğlu, Anarın "Söz dünyası" barəsində qeydlərim - "525-ci qəzet", 10 dekabr 2021), çağdaş ədəbiyyatın canlı praktikasını görükdürən sonuncu (III, IV) cildlər "açıq mətn" tərzində qələmə alınmışdır. Portret-oçerklərin ətrafında ədəbi proses hadisələri, faktları, haşiyə və notlar Günün ədəbiyyatını aktuallanmış, eyni zamanda bu ədəbiyyatın daşıyıcısı funksiyasını özündə cəmləşdirmiş Azərbaycan Yazıçılar Birliyinin (AYB-nin) də obrazını görməyə şanslar verir.

Bu ki, Anarın "Söz dünyası"nı təkcə ədəbi tənqid hadisəsi kimi dəyərləndirmək az  olar; görünür ki, onu, bütövlükdə "Söz dünyası"nı - bütün tarixi gəlişməsi, əzəli təməlləri, canlı praktikası, dünəni, bugünü və şəksiz sabahı ilə görükdürən "Azərbaycan ədəbiyyatının kitabı" adlandırmaqda heç də yanılmamışam (T.Əlişanoğlu, Anarın "Söz dünyası" barəsində qeydlərim - "525-ci qəzet", 10 dekabr 2021) ... 

Yeri gəlmişkən, həmincə cari tənqid ilinin benefisinə: "Söz dünyası"nın III və IV cildlərinin isti-isti izi ilə günün tənqidçisi Əsəd Cahangir "Ədəbiyyat qəzeti"ndə "Anara 40 sual"ını ünvanlamaqda ləngimədi; və 40 korrekt cavabında Xalq yazıçısı Anar kitabın ayrı-ayrı səhifələrinə yenidən qayıtmaqla əsəri "Şuşa ili"nin ədəbi tənqid aktivinə yaza bildi: "Üzr istəyirəm ki, öz yazılarımdan danışıram. Amma başqa qələm dostlarımın da rəsmi ideologiyaya asi olan əsərləri haqqında elə o "Söz dünyası"nın cildlərində geniş bəhs olunub..." ("Anara qırx sual. Söhbətləşdi Əsəd Cahangir - ƏQ , 1, 8, 15 oktyabr 2022) Belə.

Çağdaş Azərbaycan ədəbiyyatı və ədəbi prosesinin yönətmənlərindən biri də Elçindir; Xalq yazıçısı Elçin. Həm də təkcə "rəsmi ideologiyaya asi olan" bədii əsərləri ilə deyil, son yarım əsrdə son dərəcə ardıcıl, intensiv, israrlı ədəbi-tənqidi fəaliyyəti, tənqid məqalələri ilə də. Üç il öncə Elçin ədəbi-tənqidi fəaliyyətinin əlli illiyinə iri həcmli "Daha dərin qatlara. Seçilmiş məqalə və esselər" kitabını (Bakı, "Təhsil", 2019, 856 səh.) nəşr etdirdi və yarım əsr ərzində çağdaş ədəbiyyatımız və ədəbi proses üçün nə qədər böyük, kolossal iş gördüyünü, bu ədəbiyyatın estetik platformalarının formalaşmasında bilavasitə iştirakını bir daha ədəbi ictimaiyyətin yadına salmış oldu.

Son illərdə olduğu kimi, 2022-ci cari tənqid ilində də yazıçı-tənqidçi ötən dövr ədəbiyyatından tanınmış simalar haqqında yaddaqalan portret-oçerklər qələmə almaqda davam etmiş ("Məmməd Orucun özü və sözü. 75 illik münasibətilə bir neçə söz", ƏQ,12 mart 2022; "Şəxsiyyət və ləyaqət. Təhsin Mütəllimovun 90 illiyinə" - ƏQ, 30 aprel 2022; "Ədəbi-elmi axtarışlar yolunda. Şirindil Alışanlının 70 illiyinə" - ƏQ, 29 oktyabr 2022; "100 ilin mühüm ədəbi salnaməsi. "Azərbaycan" -100" - ƏQ, 31 dekabr 2022), Amma son illərin ədəbi tənqid icmallarından onu da yaxşı bilirik ki, Elçinin cari prosesə aktiv, polemik, qəfil tərpədici qatqıları olmasa, necə deyərlər, ədəbi mühitin aldadıcı susqun övzai-halına "bir balaca şuluq" salmasa, o tənqid ilinin heç dadı-duzu da olmaz. Bu dəfə də gözləməkdə yanılmadıq; amma bu dəfə bilavasitə "tənqidi tənqid" civarından yox, günün poeziya üfüqlərində...

"Ədəbiyyat qəzeti"nin 24 sentyabr 2022-ci il tarixində Elçin "Bu dünya kimsəyə qalmaz, əfəndim... Pozitivdən neqativə - yaxşı hadisədir, ya yox?" adlı bu dəfə də "sükut"u xeyli qədər silkələyici təhlil yazısını dərc etdirdi; həm də üzünü, son illər sanki staqnasiya keçirən kişisəl poeziyanın acığına, günün qadın şairlərinə (şairələrinə) tutmaqla, müəyyən yaradıcılıq qıcığı, "açıq-gizli polemika" da doğura bildi...

Elçin məqaləsində son illərdə bizdə xüsusən intensiv gəlişən "qadın poeziyası"na diqqət çəkir və burada hələ altı il qabaq "Payız ovqatının dedikləri" essesində (ƏQ, 29 oktyabr 2016) müşahidə elədiyi "payız" əhval-ruhiyyəsinin daha da güclənməsi, poetik ağırlıq kəsb etməsi məsələsinə hədəflənir (vurğulamaq istərdim: Elçin "dekadans" demir, məhz "payız ovqatı" deyir!) Məqaləsində Elçin xeyli qədər də adlar, təzə imzalar, fərqləndirdiyi şair(ə)lər kəşf edərək (Elza Dəniz Nur, Günay Ümid, Ayşən Rəhim, Aypara Ayxan, Xəyalə Sevil, Gülnarə Sadiq, Hədiyyə Şəfaqət, Rəbiqə Nazimqızı, Nazilə Gültac, Şahnaz Şahin, Məhihə Əzizpur, Gülay Tahirli), cəmisinin nümunəsində tamamilə konkret bir "kədər poeziyası" üzə çıxarır və klassik poeziyamızın (burada mən daha bir vurğu qoyardım!), məxsusən də qadın şairlərimizin yaradıcılığı (Natəvan, Cahansuz...) işığında bu yeni "kədər poetikası"nın özəlliklərinə baş vurur, pozitivini-neqativini çözələyir, başlıcası, Günün poeziyasına yeni notlar qazandırır...

Doğrudur, poeziyamızda  həmin ictimai kədər havası və hələ də "payız ovqatı"nın varlığına bəlkə bir qədər əvvəl mövcud Salam-Aqşin şeirinin qadın dünyasında xüsusiləşmiş əks-sədası, xüsusi halı, hətta hardasa lap poetik imitasiyası kimi də baxmaq olar. Amma tənqidçinin konkret poetik təhlillərlə (beyt-beyt, bənd-bənd, bütöv şeir parçası və misralarla) təsbit etdiyi kəşflərə də heç söz yox!..

Azca təshihlə yenə "Belə" sırasından sitat yadıma gəlir: "Belə. Azərbaycan ədəbiyyatında qadın hərəkatı.  birinci dalğa - mədəni inqilab: n.rəfibəyli, m.dilbazi... İkinci dalğa - modernizm: a.məsud, s.oğuz... üçüncü dalğa - feminizm: n.kamal, g.mövlud, s.pərvanə (elsevər)... və mabədi - boşluqdan doğulanlar: s.çılğın, rəbiqə, e.eyvazlı, h.şəfaqət... Sonrası kütləvilik gəlir:  Yaradıcılıq fakültəsində selbəni atırsan, qadın yazara dəyir..." (T.Əlişanoğlu, Perpetium-mobile. //Tənqid net, 12, 2016/2017, s. 496)

Elçin "feminizm" demir; məxsusi vurğulayıram! Asanlıqla deyə bilərdi, amma sistemli araşdırdığı və nəticədə hardasa formalaşdığını, yetişdiyini gördüyü, fərq etdiyi "poetik sistem"i Azərbaycan poeziyasının Öz içindən, klassik zəminindən almaq istəyir; və hətta qarşıda bizi yeni "estetik cərəyan" gözlədiyinə ümidlər də bəsləyir: "Qadın şairlərimizin personajlarının küskün, bəzi hallarda isə ümidsizlik saçan əhval-ruhiyyəsi və bu əhvalın obrazlı bədii təfəkkürdən gələn poetik dillə ifadə edilməsi müqabilində, nikbin hisslər doğuracaq misralar yox dərəcəsindədir (hər halda mən hələ ki rast gəlməmişəm). Bu, yaxşıdır, ya pis? Şeirimizin poetikası baxımından, sözsüz ki, yaxşıdır, çünki söhbət bədii-estetik səviyyə yüksəkliyindən və belə davam edərsə, bu gün hələ cizgiləri görünən həmin poetik sistemin formalaşa biləcəyindən, yəni poeziyamızda yaranacaq yeni estetik cərəyandan gedir..." (Elçin, "Bu dünya kimsəyə qalmaz, əfəndim... Pozitivdən neqativə - yaxşı hadisədir, ya yox?" - ƏQ, 24 sentyabr 2022-ci il)

Sonrakı təhlilləri Elçin, təbii ki, "sosioloqların, psixoloqların, gender problemi ilə məşğul olan mütəxəssislərin öhdəsinə" buraxır; amma məqaləsinin bir yerində fürsət bulub Rəbiqənin iki il əvvəl işıq üzü görmüş "Çətirlərin qiyamı" şeir kitabına biganəliyə görə "professional ədəbi tənqidimiz"i qınayır və həmişəki tək, tənqidçilərin bostanına daş atmaqdan da özünü saxlaya bilmir: "Əgər biz bu gün açıq-aşkar istedadla yazılmış bu tipli kitabları, bu cür yeni imzaları görmürüksə, qrafoman bolluğundan, poetik məmulatdan, ədəbi prosesi bürümüş çayxana qiymətlərindən (və qeybətlərindən) şikayət etməyə çətin ki, haqqımız var..." (Elçin, "Bu dünya kimsəyə qalmaz, əfəndim... Pozitivdən neqativə - yaxşı hadisədir, ya yox?" - ƏQ, 24 sentyabr 2022-ci il)  

***

Gəlirik professional tənqid(çi) meydanına. Baxaq görək, hamının həmişə ədəbi-tənqidi prosesin başlıca subyekti kimi görməyə çalışdığı və alışdığı Tənqid(çilər) korpusu "Şuşa ili"ndə nə edir; ədəbi-tənqidi təfəkkürün çağdaş kontekstinə yozduğumuz mənzərəni cariliyə daşıya bilirmi?...

 

"Ədəbiyyat qəzeti", 16 dekabr, 2023

SİZƏ MARAQLI OLA BİLƏR