Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Nəzəriyyəçi Məmməd Əliyevdən romançı Məmməd Əliyevə - Nizami Məmmədov Tağısoy

15-12-2023 [ 13:16 ] [ oxunub:794 ]
printerA+ | A-
104081

Filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar müəllimi Məmməd İrac oğlu Əliyevi çoxdan tanısam da, son on ili biz onunla bir şöbədə çalışmaqdayıq. Çağdaş Azərbaycan ədəbi-nəzəri fikrində öz sözü, öz yanaşması ilə fərqlənən bu alim milli ədəbiyyatımızın qədim örnəklərindən  tutmuş ("Kitabi-Dədə Qorqud", "Koroğlu" və s.), üzü bəri klassik poeziyamızın inkişaf tendensiyalarını mahiyyəti üzrə təhlil etməyi bacaran, nəzəri fikrimizin istiqamətlərinə pozitiv rənglər qatan, öncül nümayəndələrindən biri kimi özünü təsdiqləməkdədir.

Məmməd Əliyev Azərbaycan ziyalılarının elə bir zümrəsinə aiddir ki, o, milli mədəniyyətşünaslığımıza dəyərli nəzəri araşdırmaları ilə yanaşı, həm də bədii nümunələr vermiş çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik, estetik fikir daşıyıcılarındandır. Eyni zamanda qeyd etdiyimiz bu üstünlüyü ilə yanaşı, o, folklor nümunələrinin, epik söz sənətinin çeşidli örnəklərinin toplanması, öyrənilməsi, sistemləşdirilməsi və nəşri sahəsində də zəhmət sərf etmiş tədqiqatçılardandır. 80-ci illərdən başlayaraq o, ardıcıl və sistemli olaraq, qeyd etdiyimiz bu sahələrdə uğurla qələm işlətməkdədir. Məmməd Əliyevin yaradıcılıq və elmi portretini daha bütöv yaratmaq üçün buraya onun publisistika sahəsindəki məharətini də əlavə etsək, bu zaman onun yaradıcılığını sevənlərin gözü qarşısında universal ziyalı şəxsiyyəti və obrazını canlandırmış olacağıq. Məmməd Əliyev ali təhsilini filologiya ixtisası üzrə aldığından, onun bu sahəyə dərindən bağlılığını xüsusilə qeyd etməliyik. Bəlkə də, Azərbaycan ədəbiyyatşünaslığının bəxti onda gətirib ki, digər tanınmış nəzəriyyəçilərimiz - Məmməd Arif, Mikayıl Rəfili, Cəfər Cəfərov, Mir Cəlal Paşayev, Firudin Hüseynov, Məmməd Cəfər Cəfərov, Əziz Mirəhmədov, Həbib Babayev, Bəkir Nəbiyev, Yaşar Qarayev və digərləri ilə yanaşı, onda gətirib ki, yaradıcılığından bəhs etdiyimiz Məmməd müəllim də öz taleyini və ülfətini ədəbiyyatşünaslığın, ilk növbədə, şeirşünaslığın nəzəri problemlərinin öyrənilməsinə həsr edib. Onun "Azərbaycan şeirinin vəznləri" (1983), "Azərbaycan şeir sənəti. Türk şeirinin materialları əsasında" (2000), "Dədə Qorqud şeiri" (2000), "Azərbaycan xalq şeirinin şəkilləri" (2001), "Əruzu necə öyrənməli" (həmmüəlliflə birlikdə - 2004) , "Heca vəznli Azərbaycan şeirinin vəzn və evfoniya problemləri" (2008), "Ədəbiyyat nəzəriyyəsinin əsasları" (2009), "Ədəbiyyat nəzəriyyəsi" (2009), lap bu yaxınlarda nəşr etdirdiyi "Türkdilli şeirdə təfilə və onun ritmik funksiyası" (Əliyev M. Türkdilli şeirdə təfilə və onun ritmik funksiyası. Bakı, "Elm və təhsil", 2023, 168 s.) kimi əsərlərinin Azərbaycan ədəbiyyatşünaslığına bəxş edilməsi, alimin bu istiqamətdə apardığı ardıcıl araşdırmaların uğurlu davamı kimi dəyərləndirilməlidir. Müəllifin yeni kitabında klassik təfəkkür daşıyıcılarımızdan başlayaraq, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Mirzə Ələkbər Sabir, Abbas Səhhət və b. bu kimi fikir sahiblərimizin poetik qəliblərində istifadə etdiyi şəkillər, milli Azərbaycan əruzunun səs, ahəng və musiqi ecazkarlığı və digər maraqlı məsələlər təhlil mərkəzinə çəkilir. Söz sərraflarımızın ənənələrinə əsaslanaraq, əruz vəznli şeirdə təfilə və onun ritmik funksiyası, qəlib, ölçü, bölgü münasibətləri, onların misralardakı mövqeyi, anadilli şeirimizdə istifadə olunan əruz vəzninin özünəməxsus mənzərəsi, iltisaqi struktura malik olan dilimizdə ahəng qanununun fərqli mövqeyi, bəhr növlərinə və variantlarına kompetensiyalı rakursdan yanaşmalar yer alır.

Prof. Salidə Şərifovanın "Təfilənin ritmik funksiyasına nəzəri baxış" adlı "Ön söz"dən (s. 3-15) sonra, əsərin "Müəllifdən" (16-21) adlı ikinci bölümündə biz 10 paraqrafda təhlilə çəkilən problemi "Təfilə əruz vəzninin əsası, ilkin çıxış nöqtəsidir" (22-36), "Təfilənin poetik adı" (37-43), "Təfilə-qəlib ölçüsü, bölüm isə misra göstəricisidir" (44-56), "Təfilə bölüm icraçısıdır" (57-59), "Təfilənin tələbi" (60-77), "Təfilə və sözün imlası" (78-95), "Təfilənin yığcam xarakteristikası" (113-117), "Təfilə - bölüm münasibətləri" (118-154), "Təfilə tələb edir" (155-163) kimi başlıqlarda təhlilə cəlb olunmuş problemlərin nəzəri məsələlərinin kompetensiyalı şərhini görürük. Bəri başdan deyək ki, ədəbiyyatşünaslığımızda təfilə probleminə belə kontekstdə yanaşmaq, əsasən, mühüm addım kimi dəyərləndirilməlidir. Klassik ərəb və fars ənənələrindən poeziyamıza daxil olub, burada vətəndaşlıq mövqeyi qazanmış bu sahəyə müəllifin baxışı kifayət qədər aydın, işıqlı və diqqətçəkici olduğundan, nəzəriyyəçilər tərəfindən maraqla qarşılanacağı da şübhə doğurmur. Yaxşı məlumdur ki, çağdaş dövrdə klassik ədəbiyyat nümayəndələrimizin yaradıcılığının çeşidli tərəflərinin yeni rakursdan öyrənilməsi bu gün böyük aktuallıq kəsb etməkdədir. Odur ki, prof. Məmməd Əliyevin bu kitabının klassik poeziyamızın xeyli tərəflərinin öyrənilməsində yardımçı mənbə olacağını da diqqətdən kənarda qoymaq mümkün deyildir. M.Əliyevin bu araşdırmasının ən gözədəyən və dəyərli cəhəti, fikrimizcə, onun təfilənin nəzəri məsələlərini sadələşdirib, gələcək araşdırmaçılara rəvan ədəbi dildə çatdırılması ilə bağlıdır. Elə monoqrafiyanın birinci paraqrafından başlayaraq, müəllif təfiləyə necə yanaşmaq, onu hansı cür qəbul etmək, hansı fonetik prinsiplə dəyərləndirmək, onunla necə rəftar etmək, təfilədəki uzun və qısa hecaların düzülüşü ilə təfiləyə düşən hissədəki uzun və qısa hecaların vəzncə bərabərliyinin müxtəlif vəziyyətini necə müəyyənləşdirmək, bölümdə yer almış sözün imlasının təfiləyə uyğun gəlməsinin zəruriliyini ortaya qoymaq ..., təfilənin bir-biri ilə rabitələnməsi... son bölümdə təfilənin elmi dəyərini və qəlibdəki poetik fəaliyyətini necə təyin etmək kimi, məsələlərə baxışın özü də, əslində, təfilənin nəzəri aspektlərinin nə qədər çoxcəhətli və rəngarəng olduğunu təsdiqləməkdədir. Və eyni zamanda müəllifin təfilə ilə bağlı izahlarının daha hədəfə dəyən olub, Şərq ədəbiyyatşünaslığının və poetikasının çətin dərk edilib, mənimsənilən elementlərinin sadələşdirilmiş dərkini ortaya çıxarmasını isə biz əsər müəllifinin idrak imkanlarının rəngarəng olması kimi əlaqələndiririk.

Təfilə ilə bağlı nəzəri-poetik, praktik və eyni zamanda metodoloji-metodik fikirlərini yekunlaşdırarkən, müəllifin problemlə əlaqədar açar mahiyyəti daşıyan qənaətləri də diqqət mərkəzinə çəkilməlidir. Onlar isə Məmməd Əliyevin izahında aşağıdakı kimi təsnif olunmuşdur. Və muəllifin həmin qənaətləri nə az, nə çox, düz 35 bənddə ümumiləşdirilmişdir. Bunları eksklüziv olaraq aşağıdakı kimi təqdim edib, sistemləşdirmək mümkündür: hər bir təfilənin elmi transkripsiyasının nəzərə alınması, hər təfilənin elmi oxunuşunun (evfoniyasının) Əkrəm Cəfərin tərtib etdiyi qaydalara uyğun öyrənilməsi, sözün (ərəb və fars dillərində) düzgün və ləngimədən oxunması, şeirdəki ikiqat uzunhecalı sözləri müəyyən edib, onu adi hecaya çevirmək bacarığı, şeirin qəlibini müəyyənləşdirib, ona düzgün təqt vermək ustalığı, əsərin oxunuşuna hazırlaşarkən, onun bəhrlərinin adının lüğəvi mənasına diqqət yetirilməsi, misranın oxu gedişinin sürətinin təmin edilməsi, oxu prosesində səsi qəlibin ritminə kökləyə bilmə, ahəng ritm bacarığına malik olmaq, özündən əvvəlki təcrübəyə söykənmək, əruz vəznli şeirin ölçüsünün düzgün təmin edilməsi və qəlibin düzgün oxunuşu, misraları təfilələr üzrə düzgün bölüşdürmək, əruzu bir elm kimi dərk edib, onun müəyyən elmi prinsiplərə söykəndiyini nəzərdən qaçırmamaq, milli əruz təfilələrininin heca quruluşuna dilimizin fonetik prinsiplərini nəzərə almaqla yanaşmaq, misralarda yer almış hecalardakı kəmiyyət göstəricilərini yox, keyfiyyət göstəricilərini əsas kimi götürmək,  qəlibdə təfilələrin birləşməsinin bir-birinə uyğun şəkildə sıralanmasına diqqət yetirmək, misranın qəlibin ahənginə doğru meyillənməsini nəzərə almaq, təfilələrin bir-birindən fərqli cəhətlərini aşkar etmək, təfilələrin qəliblərdəki iştirakında onların öz müstəqilliyinin saxlanmasına diqqət yetirmək, onlar arasındakı əlaqələrin dinamik xüsusiyyətini nəzərə almaq, bölümlərdəki qəbul edilmiş imla vahidi və vəzn vahidinin tətbiqinə yiyələnmək və i.a. və s. məsələlərin ortaya çəkilməsi Məmməd Əliyevin Şərq poetikasının elementlərinə mahiyyətcə bələd olmasını sübut etməkdədir.

Hətta fraqmentar şəkildə nəzər saldığımız bu müddəalardan hər biri prof. Məmməd Əliyevin Şərq poetikasının aparıcı ünsürlərindən olan "təfilə" və onun "ritmik funksiyası" ilə bağlı görümlü mənzərə yaratdığını da, burada bir daha dilə gətirməliyik.

 

***

Məmməd Əliyevin "Türkdilli şeirdə təfilə və onun ritmik funksiyası" əsərindən söhbət açarkən, biz bu əsərin meydana gəlməsindən xeyli əvvəl, onun "Ədəbiyyat nəzəriyyəsinin əsasları" (2009) və ondan bir az sonra isə, "Ədəbiyyat nəzəriyyəsi"nin ən aparıcı komponentlərini, tərkib hissələrini özündə əks etdirən özünün mühüm əsərini nəzəriyyəçilərə təqdim etdi. Əsər işıq üzü görəndən sonra bizim də onunla isti-isti tanış olmaq imkanımız oldu.

Professor Məmməd Əliyevin nəzəri baxımdan yetərincə mükəmməl olan bu əsəri "Giriş" və "Biblioqrafiya" ilə yanaşı, dörd bəhsdən ibarətdir: əgər burada "Giriş"dən sonra ədəbiyyatşünaslıq elminin sahələri (burada ümummetodoloji problemlər - Varlığın bədii inikası, surət, xarakter, tip; Bədii portret, Bədii konflikt, Daxili ziddiyyət, Bədii əsərin mövzu və ideyası, Məzmun və forma, kompozisiya və süjet, peyzaj, bədii detal, bədii dil, bədii üslub, bədii təsvir və ifadə vasitələri, bədii ədəbiyyatda gülüş) təqdim olunursa, bundan sonra daha fundamental problemlər "Ədəbi növlər və janrlar", "Şeir sistemləri və vəznlər", "Azərbaycan şeirinın ritm vasitələri" kimi məsələlərə müəllif daha çox, məhz fəlsəfi-idraki müstəvidə nüfuz edir. Biz son dövrlərdə ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyəsinın çoxsaylı problemlərini təhlil və tədqiqat obyektinə çevirmiş əksər mənbələrlə yaxından tanış olduğumuzdan, etiraf etməkdəyik ki, professor Məmməd Əliyevin bu araşdırması özünün nəzəri problemlərə dərindən nüfuz etməsi ilə digərlərindən nəzərəçarpacaq dərəcədə fərqlənməkdədir.

Bu əsərin yazılmasında müəllif üçün ən vacib yanaşma "Tarixsiz nəzəriyyə, nəzəriyyəsiz tarix yoxdur" konsepsiyasıdır. Onun nəzəri məsələlərə nə qədər məsuliyyətlə yanaşmasını "Giriş" hissəsini oxuyarkən aydın görürük. Burada o, milli, türk, Şərq, Yunan-Roma, Avropa nəzəriyyəçilərinin əsərlərinin çeşidli xüsusiyyətlərini öyrəndikdən sonra, Azərbaycan nəzəriyyəçilərinin bu sahədə əldə etdikləri nəzəri bilikləri təhlil etməklə yanaşı, həm də nəzəriyyənin elmi-fəlsəfi çalara malik olan çoxsaylı və mürəkkəb formullarını öyrənib, özünün fərdi baxış müstəvisini yaratmağa müvəffəq olur.

Məmməd Əliyev bu kitabı ilə ədəbiyyat nəzəriyyəsi üzrə ən mühüm bilik mənbəyinin məhz əsaslı konsepsiyaya söykənən kitab ola biləcəyində israrlıdır. Onun "Ədəbiyyat nəzəriyyəsi"ndə, nəinki oxuculara spesifik terminologiyaların izahları verilir, həm də burada məsələyə lakonik baxış sərgilənir. Bədii ədəbiyyatın strukturu, onun məqsədi, "Ədəbiyyat nəzəriyyəsi"nin və söz sənətinin müxtəlif ipostasaları və s. məsələlər incələnir, şeirşünaslığın ümumi anlayış və terminləri, onların təhlili, vəzn xüsusiyyətləri, şeirin poetik dilində onun canı və ruhu dayandığı göstərilir, milli dilin fonetik xüsusiyyətlərinin, ahəng və tələffüzün durduğu ön plana çəkilir. Elə buradaca bildirək ki, Məmməd Əliyev rus və türk ədəbiyyatşünaslığının tanınmış nümayəndələrinin əsərləri ilə yaxından tanış olduğundan, onun adını çəkdiyimiz əsərində rus - A.A.Potebnya, İ.İ.Sreznevski, A.N.Pıpin, F.İ.Buslayev, İ.D.Polivanov, F.Korş, V.İ.Şapovalov, V.V.Radlov, T.Kovalski, İ.V.Stebleva, A.N.Veselovski, V.V.Jirmunski və digərləri ilə yanaşı; türkiyəli ədəbiyyatşünas İ.H.Sevük, F.M.Köprülü, azərbaycanlı müəlliflər - Ə.Abid, M.C.Cəfərov, Ə.Dəmirçizadə, K.V.Nərimanoğlu, özbək X.Usmanov, K.Kərimov; qazax M.Xamrayev, Z.Əhmədov; qırğız K.Rısaliyev; türkmən A.Kəkilov, A.Bekmuradov və b. bu kimi böyük alimlərin nəzər-nöqtələrindən müqayisəli - qarşılaşdırıcı zəmində istifadə etməklə, şeir sistemləri və vəznlərlə bağlı Orxon-Yenisey abidələrinin  dilindən və "Kutadqu-bilig"in şeir ölçüsündən, poetik dil sistemindən, xalq və aşıq şeiri şəkilləri, əruzun bəhrləri və s. kimi, məsələlərlə bağlı inandırıcı və müfəssəl bilgilər ortaya çıxarılmışdır.

Qeyd etdiklərimizdən başqa, müəllifin qafiyə, təkrarlar, alliterasiya, assonans, Azərbaycan şeirinın bənd quruluşu, xalq şeirinin şəkilləri, klassik şeirin şəkilləri, ədəbi cərəyanlar, ənənə və novatorluq kimi nəzəri-metodoloji məsələlərə müəllif baxışı özünün sərbəstliyi, yetkinliyi və konseptuallığı ilə fərqlənir. Bütün bunlar ümumi yanaşmada prof. Məmməd Əliyevin nəzəri bazasının individual və fərqli tərəflərinin göstəricisi kimi diqqəti cəlb etməkdədir.

 

***

Məmməd Əliyev ədəbi-nəzəri fikrimizə təqdim etdiyi nəzərəçarpacaq maraqlı əsərləri ilə yanaşı, müxtəlif illərdə "Bədii təfəkkürdə erkən Azərbaycançılıq düşüncəsi" (2018) adlı tarixi-etnoqrafik müstəvidə ortaya qoyduğu kitabında etnosun tarixini, onun erkən dövrlərə aid qaynaq və mənbələrindən mif yaradıcılığından tutmuş, etnoqonik, kosmoqonik baxışları qədim türk-Şərq mənbələri "Avesta"ya bağlamaqla milli özünüdərkin və özünəqayıdışın etnopsixoloji və etnofəlsəfi qatlarına enməklə araşdırmaya cəhdi, yazılı ədəbi örnəklərimizin qədim dövrlərindən günümüzə qədər çözələməklə, həmin abidələrdə yer almış Azərbaycançılıq məfkurəsinə mifoloji örnəklər və folklor-ədəbi-fəlsəfi mənbələrdən gələn impulsiv soraqlar zəminində işıq tutmağa çalışmışdır.

 

***

Məmməd Əliyevin təfəkkür boxçasının digər bir tərəfində folklor, el-elat düşüncəsinin məhsulu olan "Quba-Şabran folklor örnəkləri"nin (2013) öncül mövqedə dayandığını qeyd etməsək, bu özünəməxsus folklor toplayıcısının obrazını, heç də tam şəkildə yaratmağa müvəffəq ola bilməzdik. Bu, onunla bağlıdır ki, Məmməd doğulub, boya-başa çatıb, havasını udub, suyunu içdiyi buz bulaqların gözündən süzülən folklor nəğmələrini oxumasaydı, Quba-Şabran ekzotik regionumuzun folklor landşaftı bərq vurmaz, yaddaş boxçamızın çöhrəsi solğun görünərdi. Elə buna görə də o, bu sahəyə də səriştəli ekskurs etməklə, nənə-babalarımızın söz-fikir dünyasından gövhərlər çıxarmağa meyillənməzdi. Məmmədin hansı mövzuya, hansı sahəyə baş vurmasından asılı olmayaraq, onu, hər şeydən öncə, xalqımızın etnik təfəkküründə yatan şifahi örnəklərimizin incisi hesab edilən nağıl, dastan, rəvayət, əfsanə və s. kimi örnəklərdə yer almış tariximizin müxtəlif dönəmlərinə qayğı ilə yanaşıb, orada nəzərdən qaçmış ünsürləri oxucu yaddaşına ötürmək ön planda dayanırdı. Başqa sözlə desək, Məmməd Əliyev bu sahədə də özünü toplayıcıdan, yığıcıdan, sistemləşdiricidən daha çox, həm də, tədqiqatçı kimi göstərməyə can atmaqdadır.

 

***

Prof. Məmməd Əliyevin elmi araşdırmalarından bəhs edərkən, biz, həm də onun iki cilddən ibarət "Böyük yolun davamı". Türk xaqları ədəbiyyatına dair araşdırmalar" (I kitab, 2019) kitabından da danışmağı vacib bilirik. Müəllif bu ikicildliyin birinci kitabında "Koroğlu" dastanı, "Bolqar Koroğlusu", Mahmud Kaşğari, XVIII əsrin iki türk şairi M.P.Vaqif və M.Fəraqidən, macar türkoloqlarından bəhs edirsə, paralel olaraq, "Dünya ədəbiyyatında Orxan Pamuk zirvəsindən", Cəlaləddin Rumi və onun "Məsnəvi"sindən, Böyük çölün böyük oğlu  - Muxtar Auezov, Osman Əfəndinin estetik idrak nəzəriyyəsi, XIX-XX əsrlər Avropa türkoloji məktəbinin nümayəndələri ilə bağlı və s. kimi, örnəkləri oxucularına təqdim etməyi bacarmışdır. Adını çəkdiyimiz əsərin (II kitab, 2022) məzmun, mahiyyət və kompozisiya müstəvisinə onun XX əsrin 70-80-ci illərində və XXI əsrin son dövrlərində çap olunmuş zəka məhsullarını da əlavə etdikdə, burada oxucunun gözü önündə  səmərəli və yaddaqalan mənzərə yaradıldığını da nəzərdən qaçırmaq olmaz.

 

***

Prof. Məmməd Əliyev bir sıra ədəbi-nəzəri təfəkkür nümayəndələrimiz kimi, bədii sözün fəlsəfi-estetik tərəflərinə dərindən bələd olub, nəzəri müddəalarını gərəyincə mənimsəyib, sanballı əsərlər ortaya qoyduqca, onun bədii ədəbiyyatın ayrı-ayrı mövzularını işləyib, özünəməxsus orijinal əsərlər ortaya qoyması da, haqqında bəhs etdiyimiz bu alimin, həm də bədiiyyat məsələlərindən lazımınca yararlanmasını gündəmə gətirir. Təsadüfi deyildir ki, ədəbiyyatşünas, türkoloji ədəbiyyatşünaslığa öz nəzəri müddəalarını təqdim edən professor Məmməd Əliyev yaradıcılıq bacarığının istiqamət vektorunu kardinal şəkildə dəyişərək, roman yaradıcılığına israrla nüfuz etməyə başladı. Bir-birinin ardınca sanballı "Həsrətin o üzü" romanı (Əliyev M. "Həsrətin o üzü". Roman (I hissə). Bakı,  "Elm və təhsil", 2021, 520 s.), "Karvan köçər, ötər gedər sədası" (Əliyev M. "Karvan köçər, ötər gedər sədası". Roman. Bakı "Elm və təhsil", 2021, 388 s.) və "Mavi-yaşıl gözlərin işığı" (Əliyev M. "Mavi-yaşıl gözlərin işığı". Roman. Bakı, "Optimist" MMC - çap mərkəzi, 2023, 490 s.) kimi, janr baxımından bu maraqlı bədii essevari və memuar xarakterli nümunələr bir-birinin davamı olaraq, həm də müəllifin öz ömür yolu, ailə üzvləri, xüsusən, anası Züleyxa xanımın əziz xatirəsinə ithaf etdiyi "Həsrətin o üzü" əsəri müəllifin keçdiyi ziqzaqlı, narahat və eyni zamanda məsuliyyətli həyat yollarının bədiiləşdirilmiş mənzərəsi kimi oxucu marağını məşğul etmək baxımından gərəkli örnəklər kimi ortadadır.

Professor Məmməd Əliyevin nəsr yaradıcılığından bəhs edərkən, onun təhkiyəsində bədii mətn daxilində özünü büruzə verən iki məsələni ön plana çəkməyə ehtiyac vardır. Bunlardan biri, obrazlılığın yaradılması məsələsidirsə, ikincisi, mətndə daha hiss olunan lirizmdır. Əlbəttə, bəzi opponentlər söyləyə bilərlər ki, obraz bir ədəbiyyatşünaslıq kateqoriyası olaraq, nəinki söz sənətinin, həm də, ümumiyyətlə, sənətin təyinedici əlaməti kimi çıxış edir. Mürəkkəb və çoxtərəfli hadisə olan obraz, heç də birmənalı rakursdan izah olunmağa da yatımlı deyildir. Ümumini xüsusidə, fərdidə təsvir etməyə çalışmaqla Məmməd Əliyev üçcildliyə daxil etdiyi "Tələbə dostlarla görüş", "Keçmişlərdən bir neçə yarpaq", "Sifadə müəllim", "Son səfər", "Məktub", "İşdən çıxmaq cəhdi", "Röyada", "Şəhərin yay günləri", "Səksən üçüncü il", "Əjdər Süleymanzadə...", "Əlibala kişi, Ərəstun və başqaları", "Qovluq", "Adri evinə qayıtdı" və s. bu kimi, maraqlı başlıqlı bu nümunələrdə biz gənc rəssam, alim Ərəstun, Firuzə xanım, Mehman, Murad, Kamran, Vaqif İbrahimov, Toma Borşeva, Minasyan, xanım Petrosova, Əbülfəz Əliyev, Qurban Qasanoviç, Abdulla İbrahimov, Mirzə İbrahimov, Zori Balayan, Silva Kaputikyan, Aqambekyan, Boris Yeltsin, Saxarov, Bonner, Sobçak, Starovoytova, Əjdər Süleymanzadə, Adri və s. timsalında müəllifin digər qəhrəman, obraz və personajlarının oxucularla öz fərdi keyfiyyətləri ilə görüşə gəldiyini görürük. Adlarını çəkdiyimiz bu bədii nümunələrdə Məmməd Əliyev obyektiv gerçəklikdən götürülmüş bu insanların obrazlarını yaratmaqla, həm də müəllifin özünün subyektiv mövqeyinin simbiozu kimi oxuculara təqdim olunur. Bununla demək istəyirik ki, Məmməd Əliyev üçcildlikdə təqdim etdiyi əsərlərində sözlə obrazın maraqlı bədii tandemini yarada bilir. Belə olduqda, vizual obyektin söz obrazı mətnin maddi komponenti kimi çıxış etməklə, onun struktur-semantik vahidliyini təşkil edib, perseptiv (qəbul edilmiş) model kimi ortada dayanmaqla (yəni vizual mühakimə, obrazlı məzmun kimi) özünün ifadə olunmasında dil vasitələrinin səmərəli cəmi kimi çıxış edir.

Məmməd Əliyevin nəsr yaradıcılığında bədii obrazlılığın nitq göstəriciləri nəsrdəki obrazlılığın, nəinki metaforikliklə, həm də nitq planında poetik diskurs şəklində ifadə olunur. Odur ki, Məmməd Əliyev nəsrini dil aspektində söz, söz birləşməsi, cümlə, onun özünəməxsus semantikası və ondan istifadəolunma, həm də obrazlılığa bürünmüş ədəbi dilin dil vahidi qismində çıxış etdiyini görürük. Buradan belə bir istiqamətə yön götürmək olar ki, gələcəkdə Məmməd Əliyevin nəsr yaradıcılığı ədəbi tənqidin bu sahədə fəallaşması üçün zəmin yarada biləcəyini mümkünləşdirir. Müəllifin əsərlərinin mahiyyəti ilə dərindən tanışlıq bizi ona gətirib çıxarır ki, Məmməd Əliyevin üçcildliyindəki nümunələrdə perseptiv situasiya personajlararası kommunikasiyanın təhkiyə tipinin semantikası ilə bağlı təsəvvürləri də genişləndirir. Belə olduğu halda, biz bədii əsərin söz obrazlılığının çoxaspektli üslub kateqoriyası olduğunu daha çox müdafiə edirik. Buna görə də sözün obrazlılığının öyrənilməsini faktiki olaraq, üçcildliyə daxil edilmiş əsərlərin hər bir səviyyəsində (əşyavi, ideya, kompozisiya, süjet və s. müstəvisində) getməklə, həm də təhkiyənin nitq priyomlarının formal çərçivələrdə qapanmadığını göstərir. Bundan başqa, Məmməd Əliyevin hər bir konkret əsərinin ümumi obrazlılığı obrazlı konstantlarının (formalarının) invariant xüsusiyyətlərini yarada bilir. Bu, həm də nəsrin monoloji məkanının söz obrazların-formal-məna vahidlərinin spesifikası ilə əlaqəlidir.

Yuxarıda qeyd etdiyimiz digər bir məqam isə, Məmməd Əliyev nəsrində lirizmin özünü büruzə verməsidir. Bu baxımdan, əsərlərini təhlilə cəlb etdiyimiz müəllifin üçcildliyinin ikinci - "Karvan köçər, ötər gedər sədası" adlı əsərində daha çoxsaylı lirizm elementlərini müşahidə etmək mümkündür. Əslində əsərin özünün adında bu kateqoriyanın yetərincə vizual-hissi aura yaratdığı üzə çıxır. Bu cəhət müəllifin "Əlvida, doğma yurdum", "Muğan çölü, Ərəbistan səhrası", "Vətəndən uzaqlarda", "Görüşlər", "Vaxtsız ölüm", "Ayrılığın sonu... Varmış?", "Uzaq illər yaxın oldu" və s. kimi nümunələrdə daha çox gözə dəyməkdəlir.

Məlum olduğu kimi, nəsrdə lirizm həmin nümundə özünü bürüzə verən və təsvir edilən gerçəkliyin poetizasiyasında, subyektivliyində, təhkiyənin zəifləməsində və s. məqamlarda müəyyən fonetik və leksik vasitələrin köməyi ilə realizasiyasında görmək daha çox isə çıxır.  Kompozisiya baxımından, lirik  nəsr avtobioqrafik, epistolyar, gündəlik, səyahət, esse kimi bədii-publisistik formaları özündə əks etdirdiyindən, onun bədii spesifikası da xeyli dərəcədə fərqlidir. Buna görə də, nəsrdə lirizmın kökləri xeyli cəhətləri ilə özünü xalq yaradıcılığında, qəhrəmanlıq və məhəbbət dastanlarında, xalq taleyi, aşiqlə məşuqun həsrəti və s. məqamlarla çulğaşdığı kontekstdə daha çox yaranır.

Prof. Məmməd Əliyevin nəsr yaradıcılığında lirizmə meyillilik də, fikrimizcə, ilk növbədə, onunla bağlıdır ki, o, zəngin və yetərincə müşahidələr apara bildiyi həyatı boyunca, digər çoxsaylı yazıçılardan fərqli olaraq bədii yaradıcılığa elmi-nəzəri təcrübədən sonra gəlmişdir. Bu baxımdan, onun nəsr yaradıcılığındakı lirizmin özü də özünün kamil atributikasına malikdir. Düzdür, əslində lirizm bədii təfəkkürün elə bir elementidir ki, o bütün ədəbiyyatın mahiyyətinə sirayət edir, daxil olur. Hələ vaxtilə V.Q.Belinski qeyd edirdi ki, "Lirizm özü-özlüyündə mövcud deyildir. O poeziyanın ayrıca növü olaraq bütün digərlərinə stixiya kimi daxil olmaqla, onların içində yaşayır... Lirizmsiz epopeya və dram son dərəcə prozaik görünər, öz məzmununa qarşı soyuq və laqeyd olardı".

 

***

Beləliklə, biz son zamanlarda Məmməd  Əliyevin uğurlu ədəbiyyatşünas-nəzəriyyəçidən yazıçı Məmməd Əliyevə keçidinin şahidi oluruq. Odur ki, prof. Məmməd Əliyevin nəzəri baxışlarını çevrələyən əsərləri nəzəriyyəçi-alimlərimizin müasir dövrün bədii söz ustalarından birinə çevrilmiş yazıçı-nasir Məmməd Əliyevin romanlarını oxuyub, ondan zövq alacaqları, fikrimizcə, onun nəsr yaradıcılığına verilən diqqətin davamı olaraq özünü doğruldacağına daha çox zəmin yaradacağına ümidləri artır. Bundan sonra ədəbiyyatşünas Məmməd Əliyevlə romançı Məmməd Əliyev arasında gedə biləcək yaradıcılıq mübarizəsinin kimin xeyrinə həll olunması məsələsi isə, onun hər iki istiqamətdə apardığı fəaliyyətin necə dəyərləndirilməsi ilə sonuclanacaqdır. Bu mübarizədə kimin qalib gəlməsindən asılı olmayaraq ədəbi-nəzəri fikrimizin və bədii düşüncəmizin zənginləşməsinə hər bir Məmmədin pozitiv təsiri olacağı bizdə şübhə doğurmayacaqdır.

SİZƏ MARAQLI OLA BİLƏR