Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Müəllifin məqsədi, missiyası - Abid Tahirli

13-12-2023 [ 14:42 ] [ oxunub:1025 ]
printerA+ | A-
104072

Tofiq Məliklinin “Türkbilimi (Türkoloji) yazılarımdan seçmələr” məqalələr toplusu haqqında düşüncələr

Proloq əvəzi

Uzun illərdən bəri elmi, pedoqoji, ictimai fəaliyyətini izlədiyim görkəmli türkoloq, prof. Tofiq Məliklinin "Türkbilmi (Türkoloji) yazılarımdan seçmələr" məqalələr toplusunda (Bakı, Avrasiya Press nəşrlər evi, 2023, 288 s.) toxunulan temalar - qədim, eləcə də islamın qəbulundan sonrakı dövr türk ədəbiyyatı, onun mövzusu, ideya istiqaməti, dili, üslubu, sənətkarlıq  xüsusiyyətləri, Azərbaycan ədəbiyyatında dövrləşmə problemi, Türkiyədə yeni ədəbi dilin təşəkkülü, "Dədə Qorqud" dastanları, bu eposun türk ədəbi düşüncəsinin formalaşmasında yeri, rolu, həmçinin Xoca Əhməd Yasəvi, Nazim  Hikmət, Cəlaləddin Rumi və klassik türk ədəbiyyatının yaranması kimi məsələlər ətrafında mübaliğəsiz deyirəm ki, aktuallığı, elmi yeniliyi, dərin məntiqə, təkzibolunmaz faktlara, mənbələrə söykənən mülahizələri, sahəyə  dair konseptual baxışı, elmi-nəzəri qənaətləri ilə zəngin təəssürat yaratdı. Bu toplu haqqında onun öz həcmindən daha çox, daha ətraflı bəhs etmək mümkündür. Biz topluda əksini tapmış bəzi yazılar barədə təəssüratımızı yığcam və  tezislər şəklində bölüşməyi məqsədəuyğun hesab etdik...

Ədəbiyyatşünaslıq konsepsiyası: saxtası və sağlamı

"Qədim ortaq türk ədəbiyyatı (IX-XV)" adlı məqaləsində prof. Tofiq Məlikli yazır ki, bu günə qədər bizdə hazırlanmış və çap olunmuş Azərbaycan ədəbiyyatı tarixi kitablarında ədəbiyyatımızın tarixinin XII yüzillikdən başlandığı qeyd olunur. Bildirir ki, sovet rejiminin "siyasi-ideoloji basqısı üzündən" uzun illər Azərbaycanda ortaq türk-oğuz tarixi, ədəbiyyatı, dili, etnogenezi saxta, qondarma konsepsiya əsasında "araşdırılmış", problemin tədqiqinə qərəzli yanaşılmışdır. Nəticədə "Azərbaycan tarixinin və ədəbiyyat tarixinin gerçək dövrləşmə prinsipləri də həll olunmamışdı".

Görkəmli türkoloqlar Ədhəm Tenişev (1921, Penza - 2004, Moskva), Vasili Vladimiroviç Bartold (1869, Sankt-Peterburq - 1930, Leninqrad), Vasili Vasilyeviç Radlov (1837, Berlin -  1918, Petroqrad), Aleksandr Mixailoviç Şerbak (1926, Stavropol - 2008, Sankt-Peterburq), Mehmet Talat Tekin (1927, Gebzə - 2015, Bodrum), Platon Mixailoviç Melioranski (1868, Sankt-Peterburq - 1906, Sankt-Peterburq), Fyodr Yevgeniyeviç Korş (1843, Moskva - 1915, Moskva), Bernştam Aleksandr Natanoviç (1910, Kerç - 1956, Leninqrad), İya Vasilyevna Stebleva (1931 - Odessa) kimi alimlərin qədim türk dilini öyrənmək baxımından misilsiz əhəmiyyət kəsb edən  maddi mədəniyyət abidəsi Orxon-Yenisey kompleksinə daxil olan Kül Tigin, Bilgə Kağan Tonyukuk daş kitabələrinin üzərindəki mətnlərin incələmələrini, elmi-nəzəri müddəalarını,  özünün araşdırmalarını ümumiləşdirərək bu qənaətə gəlir: qədim türk ədəbiyyatı Oğuz türkcəsi ilə formalaşmış, çağdaş ədəbiyyatımız həmin  təməl üzərində  boy atmış, inkişaf etmiş, zənginləşmişdir. Qədim daş kitabələrdəki mətnlərin müqayisəli, leksik-semantik təhlili qədim türk ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatının üzvi şəkildə bir-biri ilə bağlı olduğunu təsdiqləyir. Bu arqumentləri əsas götürən  Tofiq Məlikli Azərbaycan ədəbiyyatı tarixinin yeni konsepsiya əsasında tədqiqi, həmin prinsiplər üzrə dövrləşdirilməsi fikrini irəli sürür.

Ədəbiyyat nəzəriyyəsinin ciddi problemi: dövrləşmə

Çağdaş ədəbiyyatşünaslığımızın ciddi problemlərindən biri ədəbi irsimizin dövrləşdirilməsidir, təsadüfi deyil ki, T.Məlikli "Azərbaycan ədəbiyyatında dövrləşmə problemi" adlı yazısında da yenidən bu mövzuya toxunur, haqlı olaraq qeyd edir ki, VI-XI əsr ortaq türk tarixi, ədəbiyyatı, dili çərçivəsində formalaşan ədəbi-mədəni mirasımızın elmi əsaslarla, qondarma və qərəzli metodlarla öyrənilməsi eyni kökə, soya mənsub xalqlara məxsus irsi birləşməyə yox, parçalamağa, ayrı salmağa xidmət etmiş, nəticədə də yanlış, ziyanlı qənaətlərə gətirib çıxarmışdır.

T.Məlikli bundan əvvəl haqqında bəhs etdiyimiz məqalədə olduğu kimi, burada da milli ədəbiyyatımızın inkişaf mərhələlərinin təsnifatının aşağıdakı kimi aparılmasını məqsədəuyğun sayır:

1. Qədim türk ədəbiyyatı (VI-IX).

2. İslam dininin qəbulundan sonra formalaşan erkən klassik Oğuz-türk ədəbiyyatı.

3. Milli-klassik Azərbaycan ədəbiyyatı (XV-XVIII).

4.Yeni dövr Azərbaycan ədəbiyyatı (XIX-XXI).

Tədqiqatçı yuxarıdakı bölgüyə əsasən, ortaq türk ədəbiyyatının, onun təməli üzərində inkişaf edən milli Azərbaycan ədəbiyyatının mərhələlərini mövcud tədqiqat materiallarına və uyğun tədqiqat obyektlərinə əsasən izləyir, təhlil edir, qiymətləndirir. Əlbəttə, ədəbiyyatşünaslığımızda ədəbi irsin dövrləşdirmə ilə bağlı fərqli fikirlərin mövcudluğunu və hazırda da bu istiqamətdə ciddi, qızğın axtarışların getdiyini nəzərə alsaq, T.Məliklinin təklif etdiyi bölgü də diqqətçəkici və təqdirəlayiq təşəbbüslərdən biri kimi dəyərləndirilməlidir.

İmperiyalar çökür, söz qalır...

Prof. Tofiq Məlikli "İslamın qəbulundan sonra formalaşan ortaq türk ədəbiyyatının gəlişmə yolları" adlı məqaləsində X yüzillikdən sonra türklərin yaratdığı və islamın qəbulu ilə, nəinki türklərin, eləcə də  bütün bəşəriyyətin tarixində, taleyində  rol oynamış, sivilizasiyanın inkişafına bənzərsiz töhfələr vermiş  imperiyaların - Qaraxanlı, Səlcuq, Qaraqoyunlu, Ağqoyunlu, Osmanlı, Səfəvi dövlətlərinin ədəbi-mədəni həyatında parlaq iz buraxmış, milli ruhun, milli düşüncənin, ictimai-fəlsəfi fikrin  daşıyıcısı olan tarixi şəxsiyyətlərin ədəbi irsinə bir-birini izləyən, zənginləşdirən, bir-birindən qidalanan ənənələrin davamı konteksində nəzər salır. Bax, müəllif missiyası, qayəsi də bu "səpələnmiş, rəngarəng, mirvari muncuqları"nı səliqə-sahmana salmaq, bir ipə düzmək, müxtəlif səbəblərdən itmiş, yaxud ideoloji-siyasi ambisiyalarla itirilmiş nəsllərarası üzvi əlaqəni üzə çıxarmaqdir ki, Tofiq müəllim bu işin öhdəsindən uğurla gəlmişdir.

İslamın qəbulundan sonra onun təsiri ilə ərsəyə gəlmiş Yusif Has Hacib Balasaqunlunun (1015-1071) 6500 beytlik  didaktik-fəlsəfi  səciyyəli "Kutatqu bilik" - "Qutluluq" elmi", Mahmud Kaşğarinin (1008-1102) ensiklopedik "Kitab-i lüğat-it türk" əsərləri, bir qədər sonralar - XII yüzildə Xoca Əhməd Yəsəvi (1100-1166), Nizami Gəncəvi (1141-1209), Cəlaləddin Rumi (1207-1273) kimi dühaların irsi ortaq türk milli düşüncəsinin və ədəbi dilinin formalaşmasında təməl rolu oynamışdır. Əsas məsələ müvafiq tədqiqat metodlarından istifadə edərək, ictimai-siyasi, tarixi təbədüllatların, dil amilinin təsirinin də yan keçmədiyi ədəbi nümunələrin dərin qatlarında, sətir və misralarda gizlənmiş düşüncə, run  doğmalığını görmək, onu üzə çıxarmaq və dəyərləndirməkdir. 

Sözə sığmayan sevgi

Tofiq Məliklinin topludakı "Poeziya inqilabçısı Nazim Hikmət" məqaləsi mənə, təxminən, 15 il əvvəl oxuduğum bir yazıdakı iki məqamı xatırlatdı. Filologiya elmləri doktoru, professor Yavuz Axundlu Xalq yazıçısı Anarın "Nazim Hikmət. Kərəm kimi" əsəri haqqında  "Nazim Hikmət haqqında yeni roman-tədqiqat" adlı maraqlı resenziyasında  ("525-ci qəzet", 2010-cu il, 6 noyabr, s.18-19) yazırdı ki, XX əsr dünya poeziyasının ən qüdrətli nümayəndələrindən Nazim Hikmətin şeirləri bütün qabaqcıl ölkələrdə milyon tirajlarla çap olunub, oxucuların dərin məhəbbətini qazanıb. Şairin faciəli həyatı və çoxşaxəli yaradıcılığı haqqında müxtəlif illərdə müxtəlif mövqedən çoxlu məqalə və kitab (təxminən 1000 məqalə, 100 kitab) yazılıb. Həmin resenziyada diqqətimi çəkən ikinci cəhət aşağıdakı cümlələr idi: "Anar Nazım Hikmət haqqında kitab yazmaq üçün böyük şair barədə müxtəlif dillərdə (əsasən, rus, türk və Azərbaycan) yazılmış onlarla məqalə, xatirə, kitab və s. ilə tanış olub, onlardan bəhrələnib. Bu mənbələr arasında R. Rza, N. Rəfibəyli, Ə. Məmmədxanlı, Əkbər Babayev, Tofiq Məlikli, şairin həyat yoldaşı Vera Tulyakova, tərcüməçisi Muza Pavlova, Türkiyə ədiblərindən Əziz Nesin, Vala Nurəddin, Zəkəriyyə Sərtəl və başqalarını qeyd etmək lazımdır".

Bu məqamlar onu deməyə əsas verir ki, adı, həm də, nüfuzlu Nazim Hikmət tədqiqatçıları arasında hörmətlə çəkilən Tofiq Məliklinin növbəti dəfə bu mövzuya müraciəti təsadüfi deyil: sözə sığmayan Nazim Hikmət sevgisi heç vaxt solmayacaq və XX əsr dünya poeziyasının ən qüdrətli, bənzərsiz simalarından Nazim Hikmətin həyatı və irsi haqqında yenə məqalələr yazılacaq, yenə kitablar nəşr olunacaq.

Tofiq Məlikli türk ədəbiyyatına əbədi möhür vurmuş Nazim Hikməti "vətənsevər", "pərişan, yorğun, həm də qürurlu şair", "xoş sabahların ümidi ilə yaşayan şair", "türk poetik dilində inqilab edən şair", "poeziya inqilabçısı", "yeni şeir tipinin yaradıcısı", "həm şair, həm də, dünya insanı", "dünya ədəbiyyatının ən böyük şairlərindən biri", "novator şair" adlandırır, şeirlərindən gətirdiyi sitatlarla fikrini, elmi-nəzəri qənaətlərini əsaslandırır. Nazim Hikmət sevdalısı T.Məlikli şairin əsərlərinin bədii-estetik cəhətdən bənzərsiz, mövzu, ideya baxımından maraqlı və aktual, forma, məzmun nöqteyi-nəzərindən novator, mükəmməl, həmişəyaşar olduğunu yeni yazdığı məqaləsində də məharətlə çatdırmışdır.

Epiloq əvəzi

Biz T.Məliklinin haqqında bəhs etdiyimiz kitabındakı bəzi məqalələr barədə təəssüratımızı qismən bölüşməyə çalışdıq. Bu əsərlər yeni dövr milli ədəbiyyatşünaslığımızın və xüsusilə, türkoloji problemlərə yanaşmanın, onu yeni tələblər baxımından dəyərləndirmənin örnək nümunələridir. Fikrimizcə, ustad araşdırmaçı bu əsərləri ilə hazırda türkologiyaya həmişəkindən daha ciddi, daha məsuliyyətli, daha dərin, daha əhatəli və fədakar münasibətin zəruri olduğunu  diqqətə çatdırmaq istəmiş və elə bilirəm ki, istəyinə də nail olmuşdur.

 

Ədəbiyyat qəzeti.13.12.2023

SİZƏ MARAQLI OLA BİLƏR