Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

"366 gün və ya uzun ilin inancı" haqqında qeydlər - Sara Osmanlı

23-07-2023 [ 21:30 ] [ oxunub:737 ]
printerA+ | A-
103623

Bu yaxınlarda "Libraff" kitab evində Dilarə Adilgilin "366 gün və ya uzun ilin inancı" adlı kitabının keçirilən təqdimatında söz deyənlər nəsrin janr məsələsinə gəldikdə bir qərar verə bilmirdilər. Avtobioqrafiya, esse, roman, xronika, memuar, gündəliklər, hətta bir-iki dəfə "epistolyar" sözü qulağıma dəydi. Maraqlı "Ön söz"ün müəllifi, səriştəli mütəxəssis kimi tanıdığım professor Bədirxan Əhmədov bədii xronika, publisistika, roman, memuar kimi terminləri işlədir.

Belə fikir müxtəlifliyinin obyektiv səbəbi var: əslində təhkiyə polifonikliyidir bu sinkretikliyi yaradan. Bu da ki, müəllifinin orijinal çeşidli üslubunun diapazonu, registri ilə bağlıdır: çevik ritmli, danışıq tərzli, dokumental əsaslılıq, emosional tonallıqdan  ritorik təntənəliliyə qədər. Qeyd etdiyim "Ön söz"ün müəllifi öz yazısına "Qorxunc və möhtəşəm bir ilin bədii xronikası" sərlövhəsi qoyub. Elə bu sərlövhənin özündə kitabın ideyası ilə bağlı informativ işarələr var: birinci təyin kitabın "loqdaun", ikincisi isə - Böyük Zəfərimizlə bağlı hissəyə aiddir. Daha doğrusu, söhbət bir ildə baş verən bu iki taleyüklü hadisələrə Dilarənin münasibətinin tonallığından gedir. Baxmayaraq ki, 44 günlük müharibə dövründə pandemiya hələ tüğyan edirdi. Demək, ordumuz üçün müqəddəs torpaq uğrunda ölüm-dirim savaşı, qələbə əzmi bütün dünyanı loqdauna salan pandemiya qorxusundan qat-qat üstün idi. Təsvir etdiyi hadisələrə münasibətinə müvafiq olaraq kitab müəllifinin üslubu (geniş mənada) bu hissələrdə fərqlənir. Əslində hər iki hissədə nəql edilən hadisələr təhkiyəçinin gözü ilə özünəxas üslubda təqdim olunur. Düşünürük ki, pandemiya və Vətən müharibəsi kimi hadisələrin təsvirinin fərqli üslublarda və münasibətdə nəql edilməsinin əsas səbəbi həm də zaman məsafəsi amili ilə bağlıdır. Sınanmış həqiqətdir: hansısa hadisənin həqiqi dəyərinin ölçüsü üçün zaman məsafəsi gərəkdir (məlum şeirdə deyildiyi kimi: üzbəüz üzü görmək olmur, əsl görünüş məsafədən görünür).

Zənn etmək olar ki, müəllifin qapalı (loqdaun) şəraitində özünün, ətrafdakıların həyat tərzinə, davranışına aid sezilən bir qədər yarızarafat, yumorlu münasibəti müəyyən vaxt keçəndən sonra "əmələ gəlib" xilasedici üsul kimi, həm də, nəzərə alınsa ki, bu bəlanın ardınca elə loqdaun şəraitində yetişən Vətən müharibəsi kimi taleyüklü hadisə gəldi. Belə müqayisə, bəlkə də, bir qədər paradoksal görünə bilər:  "zəmaneyi-pandemiya" qlobal bəla olduğundan sən, bəşəriyyətin vahidi kimi, bunun qarşısında gücsüzsən, qeyri-ixtiyari yaşamağa ya ölməyə mübtəlasan; millətin nümayəndəsi kimi isə onun yaşamasıyla bağlı taleyüklü bəlanın həllində sənin iştirakının fərqli motivasiyası var: vətənin taleyi məsələsində həyatının bahasına iştirak edib tarixində qalmaq (olum, ya ölüm - şəhid qismində).

Pandemiyadan ölmək - fiziki şəxs kimi məhvolma təhlükəsi ilə bağlıdır, Vətən müharibəsində isə həlak olmaq doğma torpaqları canı bahasına düşməndən azad edib millət kimi özünü təsdiqləmək, tarixdə qalmaq yolunda ali fədakarlıqdır.

Sözügedən kitabın müəllifinin bu taleyüklü məsələyə aidiyyəti yalnız müharibənin gedişatı, qələbələr haqda "addım-addım" məlumat verməsi ilə bağlı deyil, bunlarla yaşaması, Zəfər həsrətində olması, həməqidələri ilə birlikdə "arxa cəbhə" olaraq cəbhədə vuruşanlara mənəvi dəstək olmasındadır. İki ildən artıq dövrdə qəlb yaddaşında həkk olunmuş xatirə yaşantılarını qələmə etibar edib oxucularla bölüşmək ehtiyacı özü elə bu müqəddəs hadisə, ağır itkilərimizi unutmamaq kimi ülvi məqsədə yönəlib.

Kitabda birləşdirilən iki mövzunu elə iki kod-sözlə işarələmək lazım olsaydı, daha uğurlu variant müəllifin təklif etdiyi  binarlıqdır: "qapanma - müharibə". Bunun da paradoksu ondadır ki, məntiqlə, tərəflər bir-birini istisna edir. Amma reallıqda etmədi: bu müharibə Vətənlə bağlı olduğundan elə loqdauna məhəl qoymayaraq qapanmanın sərhədlərini aşdı və... Zəfər qazanıldı. Koronavirus bütün dünyanı qapadanda çoxları "evdəqal" total prinsipinə rəğmən, "statikləşdi", amma "hər vəziyyətdən çıxış yolu tapmaq mümkündür" deviziylə yaşayanların sırasında bizim müəllif də var idi ki, fərqli həyat tərzini "aprobasiya" edib ki, təcrübəsini oxucularla bölüşməyə ehtiyac duydu.

Və yaxşı ki də duydu. Çünki bəşəri bəlaya həsr olunmuş yazısının məzmunu, üslubu o qədər də pessimist təsir bağışlamır. Əvvəldə təsvir etdiyi Yeni il qabağı ənənəvi hazırlıq işləri, məişət detalları, qohumlarla görüşlər, müvafiq anlarda maraqlı retro-assosiasiyalar, deyimlər, aforizmlərin işlədilməsi, qonşularla bağlı bəzi yumoristik səhnələr, bir sözlə, Yeni ilin astanasında rastlaşdığımız tanış epizodlar, ənənələrimiz, bir növ, diqqəti çəkən çevik üslubda təsvir edilən optimist proloq.

Bundan sonra təşrif buyuran gözlənilməz "zəmaneyi-pandemiya"nın tələb etdiyi qorxunc şəraitində bizim qəhrəman (daha doğrusu, lirik qəhrəman) əvvəlcə daxili loqdauna dözməyib yazı-pozu ilə və sair məşğul olmağa başladı, "evin içində" özünə "yeni dünya qurdu", "baharı pəncərədən" sevdi, çox düşündü-daşındı, uşaqları, nəvələri ilə məşğul oldu və sair.

Karantinin üçüncü ayında kiçik yumşalma imkanından istifadə edib Şəkiyə, qohumların yanına uşaqlarıyla qaçan Dilarə ("Şəkidə nə karantin?") bu qədim şəhərin "portretini" onun görkəmindən savayı, şəkililərin xarakterində, davranmasında, ləhcəsində, mətbəxində, özünəməxus qonaqpərvərliyində, qarşılaşdığı adi məişət situasiyalarında bir başqa zövqlü yumorla alqışlayır. Bir də ki, loqdaundan qaçıb belə "azad adaya" düşməsi Şəkidən aldığı ləzzəti ikiqat artırır. Bu fəslə verdiyi sərlövhəni (bütün fəsillərə verdiyi adlar kimi) xüsusi qeyd etməyə dəyər: "Sakasena, Şakasen, ya bildiyimiz Şəki". Orta əsrlərin mənbələrində Saki, Səka və sair toponimlər eradan əvvəl müasir Azərbaycanın ərazisində yerləşən albanların ərazisinin adı hesab edilir. Bu müvəqqəti "azad adada" müəllifin fikirləri, xatirələri, təsəvvürləri də azad uçuşda bir-birini üstələyir - tələsik qayıtmaq vacibliyi qarşısında.

Maraqlı sərlövhələr məsələsinə diqqət elə kitabın adından  ("366 gün və ya uzun ilin inancı") başlayır. Bu kontekstdə kitabdakı istifadə edilən epiqraflar, müəllif tərcümələri, yerində xatırlanan məşhur aforizmlər, klassiklərin əsərlərindən parçalar, müəllifin perifrazları və sair - hamısı kitaba xüsusi aura əlavə edir, məzmunu zənginləşdirir.

Perifraz demiş, elə "Koronanın qırmızı lentini kəsdik" adlı fəslin epiqrafına diqqət edək:

"Baharda karantin dastan qədər

Yoxdur bu dünyada yanıqlı əsər"

("Romeo və Cülyetta"ya parodiya).

Onu  da deyim ki, müasir parodiya tarixində, deyəsən, hələ Şekspirə parodiya qoşan olmamışdı. Amma tragikomik əhvallı olsa da, "zəmaneyi-pandemiya"ya aidiyyətdə qəbul olunur. Klassik rus tərcüməsindən (B.Pasternak) dilimizə çevirmədə: "Romeo və Cülyettanın hekayətindən / Daha qəmgin hekayə yoxdur dünyada". Düşünürük ki, Dilarənin parodiyası pandemiya kimi dünyaya üz verən bəla kontekstində yerinə düşür. Yaxud uzun sürən atəşkəs dövründəki çəkilən həsrətdən, gözləmə yükündən danışan fəslə qoyulduğu epiqraf: "Əgər fasiləsiz uçuruma baxarsansa, uçurum da sənə baxmağa başlayar" (F.Nitsşe).

Çox sayda epiqrafın hər birinin yerli-yerində olması müəllifin geniş məlumatlılığı və düzgün seçim qabiliyyətindən xəbər verir. Eyni ilə, məsələn, cəbhədə bu və ya digər vəziyyətlə bağlı assosiativ kontekstdə çox sayda işlədilən aforizmlər, məşhurların deyimləri, klassik əsərlərdən qanadlı sözlər mətni yükləmir, özünəməxsus tərzdə oxucu zövqünü oxşayır. Əsası odur ki, bu "haşiyələrin" mətnə sərbəst daxil edilməsi müəllif tərəfindən erudisiyasının nümayişi kimi deyil, oxucunun bilik səviyyəsinə etibarın ifadəsi kimi qəbul edilir.

Həmin "uzun ilin" müqəddəs 44 günündə cəbhədə baş verən ordumuzun əməliyyatları nəticəsində 27 il əsirlikdə qalan torpaqlarımızın geri qaytarılmasını ardıcıl, addım-addım izləyən müəllifin hekayətinin üslubunun tam yeni ahəng almasının, özü də, fəxarət və sevincinin, necə deyərlər, zirvələnməsinin şahidi oluruq. Pandemiya haqda heç düşünməyən (hərçənd koronavirus hələ tüğyan edirdi) müəllifin fikirləri, hissləri Vətən müharibəsini aparmağa hazır olan ordumuzla bağlı idi.

44 günlük Vətən müharibəsinin gedişatının sanki bələdçisi qismində çıxış edən müəllif oxucunu bir-bir qaytarılan torpaqlarımızın azad edilməsi ilə bağlı əməliyyatların marşrutları üzrə aparır. Bu özünəməxsus canlı xronikasında müəllif 27 il həsrətində olduğumuz Füzuli, Zəngilan, Ağoğlan (Hadrut), Qubadlı, Şuşa, Kəlbəcər, Laçının tarixi coğrafiyası, təbiəti, qədim abidələri, yeraltı resursları, yetişdirdiyi görkəmli şəxsiyyətləri haqda, hətta toponimlərin, (şəhərlərin, kəndlərin, çayların, körpülərin, dağların adları) etimologiyasına qədər qürur və həssaslıqla mümkün qədər geniş məlumat verir və belə guşələrin neçə illər yadların əllərində olmasına yanır. Və... o ki var düşməni lənətləyir (hətta koronavirusla müqayisədə erməni virusunu daha təhlükəli, zəhərli sayır). İlk baxışda həddindən emosional görünən bəzi ifadələr təmiz ritorika təsiri bağışlamır (bu haqda müəlliflə söhbət edəndə ermənilərin əhalimizə, lap təbiətimizə etdikləri vəhşiliklərdən özləri çəkdiyi videolardan məlumat aldığını söylədi). Kitabda başqa millətlərin məşhurlarının erməniləri səciyyələndirən aşağılayıcı ifadələri verilir (A.Qriboyedov, L.Tolstoy, N.Marr və b.) və bu azmış kimi, məşhur ermənilərin - yazıçı Ovanes Tumanyan, tarixçi Filipp Ekozyans, kinorejissor Sergey Paracanov, hüquq müdafiəçisi Georgi Vanyan və başqalarınında özlərinə tənqidi mövqeyinə müraciət edilir.

Dilarənin xronikasında yer alan assosiativ haşiyələr, xatirələr, yerində gətirdiyi şeirlər, aforizmlər, sitatlar süjeti, bir növ, "dəstəkləyir", canlılıq təravəti ilə emosionallıq baxımından ab-havayla zənginləşdirir.

Əlbəttə, bu 44 günlük Vətən müharibəsinin zirvə (hərfi və məcazi mənada) nöqtəsi əziz Şuşamızın qaytarılmasıydı (müəllifin bu fəslə "Kulminasiya" adı verməsi təsadüfi deyil). Bu əfsanəvi qala-şəhərin strateji əhəmiyyətinə, ümumiyyətlə Şuşaya həsr olunmuş səhifələr bütöv bir sənədli tarixi-coğrafi, həm də bədii bir essedir. Digər ərazilərin də qaytarılması ilə bağlı da dəqiq məlumatlar verilir. Heç də təəccüblü deyil ki, məşhurların ən çox Şuşayla bağlı şeir parçalarını bu yazıda görürük (Seyyid Nigari, Ağabəyim ağa Cavanşir, Nazim Hikmət, Cəfər Cabbarlı, Qabil və b.) Hətta ermənilər tərəfindən I Qarabağ işğalında bir çox muzeylərin məhv edilməsi, məşhur azərbaycanlıların izlərinin itirilməsilə Şuşanın erməniləşdirilməsi səylərindən danışılır.

Bu kontekstdə Şekspirdən gətirilən qanadlı sözlərə çevrilən məşhur fəlsəfi sətirlər yerli-yerindədir:

 

Qızılgülə başqa bir ad versələr,

Onun gözəl ətri dəyişər məgər?

("Romeo və Cülyetta")

 

Şuşanın alınması problemi ilə bağlı general P.Sisianovun 1805-ci ildə Rusiya imperatoru I Aleksandra məruzəsi yada düşür. O yazırdı: "Bir tərəfdən Şuşa hündür daş divarla əhatələnib, digər tərəfdən, hündür şaquli qayaların təbii yerləşdirilməsi hücum vaxtı hər bir hərbi strategiyanın uğurlu olmasını mümkünsüz edir".

Çar generalı, tarixçi V.Potto 1826-cı ildə yazırdı: "Açıq qüvvə ilə bu qalanı almaq imkan xaricindədir". Amma hansısa (?! - S.O.) səbəblərdən düşmən əlinə keçdi. Eyni ilə qalanı geri almaq üçün də daha böyük hərbi nəzəriyyə, təcrübəyə bələd olmaq, məharət və qəhrəmanlıq tələb olunurdu.

Məlum həqiqətdir ki, Şuşaya hakim olmaq Qarabağın hakimi olmaq deməkdir; müharibənin finalı Şuşanın taleyi ilə şərtlənir. Şükür ki, Şuşa əsl övladlarının özünə qayıtdı. Əslində Şuşa azad olunmaqla Qarabağ müharibəsinə nöqtə qoyuldu. Və Şuşa tam hüquqi olaraq razılaşma üçün, bir növ, körpü rolunu oynadı.

15 iyun 2021-ci ildə Şuşada Azərbaycan və Türkiyə dövlətlərinin liderləri iki dövlətin hərbi-siyasi müttəfiqliyi haqda Şuşa Bəyannaməsini imzaladı. Şuşa Bəyannaməsinin müstəsna əhəmiyyəti az qala 70 ildən bəri Şimali Atlantika blokunun üzvü olan Türkiyə kimi dövlətin (NATO-nun ikinci ordusu) köməyinə arxalanmaq hüququnu qazanmaqdır (xüsusilə blokun Nizamnaməsinin V bəndindən istifadə imkanı ilə bağlı).

Sözügedən kitabın son fəsilləri 2783 şəhid olan oğullarımızın ruhuna oxunan ünvanlı (adbaad) fəxarət himni - epitafiyadır.

Şəhidlər xiyabanı əsl ziyarət məbədimiz kimi anılır. "Deyirlər, bir şəhərin məzarlığını gör, o şəhərin nə olduğunu anla". Elədir ki var, Dilarə.. Zənnimcə, bu deyilənin daha geniş ünvanlı hökmünün şəksiz yaşam hüququ ola bilər: "Bir ölkənin məzarlığını gör, millətin mənəvi mədəniyyətini anla".

Şəhidlər xiyabanı öz özəl statusunu qorumaqdadır: burada ayrı-seçkilik yoxdur və ola da bilməz: hər uyuyan əbədi Cənnətməkandır, çünki Cənnəti vətənə qurban verdiyi halal həyatıyla qazanıbdır. Müqəddəs Qurani-Kərimdə deyildiyi kimi: "Salam olsun ölümü gözəl olanlara..." (Ən Nəhl surəsi, 32-ci ayə).

Sara OSMANLI
Filologiya elmləri doktoru

525-ci qəzet, 2023, 20 iyul

SİZƏ MARAQLI OLA BİLƏR