Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Güneydən ucalan vətən harayı: Məsud Haray poeziyası

24-06-2023 [ 11:22 ] [ oxunub:309 ]
printerA+ | A-
103582

Məsud Harayın adı təkcə o taylı-bu taylı Azərbaycanda deyil, Türkiyədə, İraq, Kərkük və digər türk ellərində də yaxşı tanınır. Çağdaş Güney Azərbaycan ədəbiyyatının istedadlı yaradıcılarından biri sayılır o. Bəziləri imzasının Haray olmasının özəl bir anlamı olduğunu qeyd edir və vurğulayırlar ki, bu haray, "Güney Azərbaycanın 1925-ci ildən, yəni pəhləvilər dönəminin başlanğıcından bu günə kimi "parn-urdu" və "fars" qəlibində yaşamağa məhkum edilmiş Güney türklərinin harayı, fəryad səsi, ünüdür". Və bu haray öz içində bircə anlamı daşıyır: "Öz kimliyinə, kültürünə və ədəbiyyatına sahib çıxmaq hər bir toplumun ən qutsal görəvidir, əks təqdirdə həmin toplum yox olmaq təhlükəsi ilə üz-üzə qalır, məhvə məhkum edilir..." Bu, Məsudun şeirlərində göstərdiyi gerçəkliyin acı mahiyyəti, fəlsəfəsidir.

Əlbəttə, bu, məsələnin bir yanıdır. Digər yanı isə bu Haray adının haradan və necə gəlməsi, soyad kimi status qazanması ilə bağlıdır və açıqlanmalı durumdur. 1974-cü ildə Güney Azərbaycanda, Xoy şəhərinin yuxarı Şavanlı (Şamanlı) kəndində dünyaya göz açan kiçik Məsud oxul yaşına çatdığında beşikdəykən laylalarını dinlədiyi anasının dilində deyil, yabançı bir dildə eyitim almağa məcbur buraxılarkən, mövcud duruma qarşı üsyanını hayqırmaqla poeziya dünyasına ilk addımlarını atır. Lakin 1996-cı ildə 22 yaşlı gənc ikən kimliyini, soy-kökünü, hardan gəlib hara getdiyini o qədər içdən anlayıb dərk edir ki, farsca yazdığı bütün şeirlərini, adı keçən və şeirləri basılan dərgiləri, aldığı təqdir və təltif məktublarını bir araya gətirir, bəlkə də tam mənası ilə hələ özünə də bəlli olmayan kükrəyən bir qəzəblə od vurub yandırır.

Bir il sonra, 1997-ci ildə isə "Haray" adlı bir şeir yazır və həmin şeir "Ümid Zəncan" həftəliyində yer alır. Gənc Məsud bu şeirə görə tutuqlanır və həbs olunur. Bu olay şairin gəncəcik ürəyini dərindən yaralayır, yaşamında etkiləyici bir iz buraxır. Beləliklə, "Haray" soy ismini qullanmağı hələlik içinin üsyanını bəlirləyəcək ən uyğun yol sanır. Elə həmin şeirdən sonra da şair Məsud Haray adı ilə tanınmağa başlayır. İlk şeirlərini klassik şeir qəliblərində - əruz vəzninin müxtəlif bəhrlərində yazsa da, Güney Azərbaycanda ilk sərbəst şeir, ən kiçik həcmli - minimalist modern şeirlər yazanlardan biri olur. Bu gün əminliklə demək olar ki, onun qələmə aldığı kiçikhəcmli modern şeirlərin bir çoxu məna yükünün ağırlığına görə aforizm siqlətində, gücündədir.

Bu havada mənə

buyur bir sigaret çək deməyin.

İçimdəki dinamitlər tərlidilər,

Qor düşürsə, patlayaram...

Sən, Vətəndən uzaq vətənsizsən,

Mən isə Vətəndə vətənsiz.

Yazılarında bomba gizlətmə,

şeirlərində barıt, qələmində qurşun

Sən, ölümünə şeir qoşma şair...

 

Addım-addım geri dön dedilər.

Ama bilmədilər atom deyilən -

Bir zərrəciyin patlayış gücünü.

Bu gün çağdaş Güney Azərbaycan ədəbi prosesi məhz bu yöndə addım-addım öz axarı ilə getməkdə, dinamik inkişaf yolunda nəfəsini dərə-dərə irəliləməkdədir. Bu yolun çox möhtəşəm, dönməz yolçuları sırasında Tağı Rüfətdən başlanılan yeni düşüncə ədəbiyyatının Mirzə Həsən Rüşdiyyə, Məhəmmədhüseyn Şəhriyar, Həmidə Rəiszadə Səhər, Əli Təbrizli, Əlirza Nabdil Oxtay, Bulud Qərəçorlu Səhənd, Həbib Sahir, Mərziyə Üskülü Dalğa, Həmid Nitqi Aytan, Manuçöhr Əzizi Haray, Məcid Şəbbağ Yalqız, Telimxan, Hüseyn Fəzlullahi Vəhid kimi çox ünlü şairlər yer alır. Onların keçdikləri ömür və yaradıcılıq yolunu, irəli sürdükləri ədəbi düşüncəni bu gün Məsud Haray kimi güclü şairlərimiz davam etdirir, irəli aparırlar. Məsud Haray əksər şeirlərinə ad verməkdən çəkinsə də, zamanın ritmi onun gerçəkləri yansıdan əsərlərində vurur, ədəbi təfəkkürünün, yaşamla, özgürlük, milli kimliklə bağlı anlayışının, qavramının doğurduğu möhtəşəm poeziya örnəklərinin ruhunu, ünvanını bəlləndirir. Adıma göndərdiyi bir qutlamanı xatırlatmağın yeridir, məncə. Bu qutlama məktubunda belə Məsudun Güney Azərbaycanın, Qarabağın, bütün türk ellərinin - Türküstanın özgür, bağımsız olması diləyi boy verir: "Qışın istibdadı bitdi. Qar əridi. Sazaqlı günlər başa çatdı. Günəş isindirdi həyatı və özgürlük çiçəkləri bəzədi dərəmizi, dağımızı, düzümüzü... Bu münasibətlə yağı düşmən əlində əsir düşmüş Qarabağımıza, Güney Azərbaycanımıza, Türküstanımıza özgürlük diləyilə, sizi - dürlü fikirdaşımı, dostumu, Bacımı və Qardaşımı bayram münasibətilə ürəkdən təbrikləyirəm. Sevgilərimlə: Məsud Haray..."

"Dünyada dinsiz-imansız dinçilərdən savayı, heç nədən, heç kimsədən qorxmadan" söz meydanında Vətən naminə, azad Təbriz uğruna savaşan, "Yazmaqdan yorulmaram, Yazmamaqdan boğularam... Düşündüm ki, sən varsan, Umudum var, ey Vətən! - deyib Vətəni son umudu sayan Məsud Harayın əsir el-obasının haraylarını eşidib ürəyi şan-şan olanda, hərdən dünyanın ən darıxan yeri olanda, yer kürəsinin, mavi göyün kiçildiyini, hətta bir-birinə girdiyini düşünən anlarında yer kürəsinin kiçildiyinə, mavi göylərin daralmasına görə belə sevdiyinin darıxmasını istəmir! "Dünyalar içimdə" şeirində bütün varlığı içinə daşıyıb dərdinə üzüləndə qızı Burla Xatunun üzünə baxıb gülümsəməsi yeganə təsəllisi olur, lakin gizli göz yaşları yenə də içindəki daim təlatümlü, dalğalı dənizə axır:

Dünyalar içimdə,

yoxsa dünyalar içindəyim?

Üzgünüm, yoxsa üzüntülüyüm?

Sevgilim: - Bunlari dilə gətirməsən,

şirinləşir həyat, - deyir.

Necə ki, acı bibərlər içində,

acı-şirin bibər axtarışı kimidir.

Və qızım üzümə güləndə

gülür dünya üzümə, öylə ki,

Az qalır

göz yaşlarıma boğulam içimdə...

Göz yaşlarını yaradan nəsnələrdən biri də yaxşı ilə pisin ayırd edilməməsi, insanların yerində olmaması, duyğusuzluğu, qəlbsizliyi, hər yerindən duranın özünü şair sanması, "bazarında yazla şora fərq qoyulmaması, nadanların cahiliyidi:

Dağdan-dağa yazanın da adı şairdi...

Ağı Qara yazanın da,

Ürəyini şişə taxanın da...

Adı qoşquçudu, hər qoşquçu eyni...

Adı adamdır hər insanın,

Çoxu isə İnsan deyil bu adamların...

Ancaq İnsanın həyata bağlılığı, ümumiyyətlə, inamların, ümidlərin və arzuların üzərində qurulur, arzular insanın sabaha açılan qol-qanadı, həyatıdır. Bu həyata olan ümid isə insanın qəlbində son nəfədək yaşayır. "Ümid sonda ölur" atalar sözü də bu məsələdən qaynaqlanaraq yaranmışdır. Lakin Məsud Haray üçün son ümid Vətəndir və bu, onun üçün olduqca əziz, qiymətlidir, lap öz varlığı, görən gözü kimi... Şair məhz bu nədənlə də: "Umudumu, kimsənin əlinə verməm, qoluna bağlamam, mən umudumu içimdə, özüm kimi, gözüm kimi saxlaram", - deyir...

"Miqren" şeirində "Səni düşündüyümdə, miqrenim başlar, səni düşünməyəndə də. Sən miqrenimsən, mən də sənin dəlin, Vətən, - deyərək Vətən üçün dəli olmağın belə mümkünlüyünü hayqırır. "Qara bulut" şeirində Günəş olmasa da, qara buludların bağrını çatladacaq qədər işıldaya, nur saça bilir:

Arzılarım geniş, xıyavanlar darısqal,

küçələr isə pişik yolağı

Burada səni gəzmək,

burada səni bulmak

Burada səni yaşamaq o qədər zor ki,

Arzılarım kiçilir,

könlüm xəncərlə biçilir, inciyir, Vətən!

Qəlbi Vətənin bağımsız, azad günlərini görmək yanğısı ilə yanıb-tutuşan, dərdin məngənəsində nəfəsi daralan Məsud Haray belə anlarında bayatı çağırır, analarımız, nənələrimiz, dədə-babalarımız-ulularımız... zindanlara düşmək, dar ağacından asılmaq hökmündən qaçaraq yer üzünə səpələnən, qürbət acısı yaşayan bir çox qərib soydaşlarımız kimi:

Dağ üstə dağ olardım

Köynəyi ağ olardım.

Vətən özgürlüyündə

Ölməyib sağ olardım...

 Onunla söhbətləşərkən sorduğum: "Sizcədəmi sevgi şeirləri yazmağın zamanı keçmişdir artıq?" - soruma cavabı çox ilginc oldu və bu sevgini yenə də Vətənlə, insanın varoluşunu bəlirləyən ən qutsal nəsnə ilə bağladı: "Sevgi şeirlərinin zamanı heç zaman keçməz. Ertələnər zaman-zaman, ancaq yox olub keçməz, məncə. Bir çox sevgi şeirləri ürəyimə gələr və ağlımda hələ zamanı deyil səslənincə, bir çoxu susub durar ürəyimdə", - desə də, aşkar görünür ki, onun da ruhu sevgi ilə, eşq duyğuları ilə qidalanır. Bu duyğuların pənbə qanadları ilə könlü, ruhu yavaş-yavaş qıdıqlanır və heç şübhəsiz, sevgi ilə yaşayır. Ancaq bir gerçəklik də var ki, bu gün milli düşüncə sahibi olan, bağımsızlığına nail olmaq uğruna hər şeyi gözardı deyil, gözə alan bir şairin yaradıcılığında, təbii ki, sevgi şeiri bir az daldalanır, bir növ arxa plana keçir. Bu da qaçılmaz gerçəkliklərdən qaynaqlanan və əslində normal görünən bir haldır.

Əslində isə yüz illərdir şeirlər yazılır, qələmlərin ucu bitmir. Duyğular səhifələrdən dolub-daşır, gözlər bulağa dönür, hey axır göz yaşları, sətir-sətir qəm, kədər, ələm yüklənir misralara. Sonra bir-bir eşq, sevgi, mutluluk və səfa düzülür ard-ardınca, amma yenə də şairlər doldura bilmir könüllərindəki boşluğu... Məsud Haray da bu boşluğu doldura bilməyənlərdəndi və onun üçün "Kurşun yağmuru altında oturub çay içməkdir sevgi..." Və o, "şərabın bardaqlarda donduğu o gecə, ağlayarkən donmayan göz yaşlarını əlləri ilə silərkən bu sevginin gerçəkliyinə inanıb..."

Ani olaraq qəlbindən keçənlər, bəzi anlarda bir insan olduğunu xatırlayanda duyduqları şeirləşib ürəyində və ahəstəcə qələminin ucundan ağ vərəqlərə süzülüb. Nədən olmasın ki? Haqqı yoxmu yəni? - kimi bir soruları da gəlib ağlına. Axı o da qurşunlu şeirlər yazan devrimçi şairdən daha öncə bir insandır, duyan, düşünən, sevən, hər şeyin gözəlini, ən yaxşısını arzulayan bir Tanrı bəndəsi:

İnsanların da, Qadınların da

gözəl-göyçəyi var.

Şairlərin də, ölümün də.

Buyur!

Mən nədən

gözəl-göyçəyini sevməyim axı?!

Bəzi anlarında, özündən keçdiyi məqamlarda tutunduğu, yanında olmasını arzuladığı sevdiyinin (əslində Vətəninin) ona söykək olmasını istəməsi ən doğal istək kimi səslənmirmi?!

Hərdən

yadımdan çıxır ki, adamam,

Dağ kimi

ayaq üstə Səni düşünürəm.

Gəlsən, mənə söykənsən, nə olar?!

"Əslində, hər kəsin sevgidən bir anlayışı var, təbii... Mənə görə ən böyük sevgi Vətən sevgisidir. Vətənini sevən bir şair, vətənindəki bütün nəsnələri sevir: eşi, dostu, doğanı, dağı, daşı, torpağı, gülü, çiçəyi, quşları, böcəkləri, suyu, havanı, hər şeyi, habelə özgürlüyü, insanlığı sevir demək..." - deyən şairin səmimiyyətinə inanmamaq əldə deyil...

Özümü sevdiyim qədər

Mən səni sevmişəm Vətən.

Tanrı deyə, ondan betər

Mən səni sevmişəm Vətən.

* * *

İstiqlal şairimiz Bəxtiyar Vahabzadə "Çağırır indi bütün milləti imdada Vətən, Dəyişilməz, ey oğul, cənnətə dünyada Vətən" misraları Məsudun içini qarsan bir yanğı, sevgi ilə "Sənə qurban!" Vətənə - Güney Azərbaycana sunduğu "Mən səni sevmişəm, Vətən!" şeirinin peambulasıdır sanki...

And içirəm bayrağına,

Ürəyindəki yağına.

Baş qoyaram ayağına,

Mən səni sevmişəm Vətən!

 

Adım Haray, sənə qurban,

Şərafətim səndən nişan.

Vətən, mənə, mənə inan,

Mən səni sevmişəm, Vətən!

"Qar yağanda Xoya, Qulaqlarım üşür, Bırnım ucu göynür, Şeir barmaqlarım ucunda buz bağlayır. Qanadları qırov bağlayan sərçələri düşünüb Urmudakı qarğalara dən səpməliyəm", - deyən Məsud Haray üçün bütün dərdlərin dərmanı adını böyük hərflərlə yazdığı Vətəndir. Bu Vətənin baş şəhəri olan Təbriz isə onun üçün müqəddəs bir məkan, ictimai-siyasi hadisələrin, milli azadlıq uğrunda aparılmış savaşın, inqilabların beşiyidir... Təbriz onlar üçün bütün Azərbaycan deməkdir, Azərbaycan isə Təbriz! Şeirlərində Pekin, Paris, London, Frankfurt və İstanbul kimi şəhərlərlə qiyaslanan Təbrizin tarixi yerlərindən, siyasi və mədəni hadisələrin mərkəzi olmasından, xarici müdaxilələr, daxili çəkişmələr üzündən əsrlərdən bəri yaşadığı acılı-şirinli günlərindən bəhs etmək hər bir Güney şairinin sanki baş görəvidir. Sevgi şeirlərində belə Təbriz əsas obraz kimi canlanır, ürəyi yaralı, ağaclarının kökü qanla suvarılmış, "dodaqları" qanlı, ötəri, əlbəttə keçici sükutundan darıxan, səbrsizləşən Təbriz! Məsudun şeirlərində isə Təbrizlə türkün əzəli və əbədi, ilk beşiyi Urmu və doğulub boya-başa çatdığı doğma şəhər - Xoy qoşalaşır. Hətta bəzi şeirlərində bu qutsal qoşalaşmaya Qarabağımız da qatılır. Vətənin Güneyi ilə Quzeyi arasında heç bir ayrım yapmayan Vətən daşının vətənpərvərlik, yurdsevərlik qonulu şeirləri sanki Vətəni sevməyin, doğma yurda öləsiyə aşiq olmağın hava, su kimi gərəkliyini aşılayan, öyrədən ibrətamiz bir dərs təsiri bağışlayır: "Urmu-Qarabağ" şeiri bu qoşalaşmanın ən bitkin və gözəl örnəyidir:

Gül varkı ada düşər.

Meyvə var dada düşər.

Urmuda dolananda

Qarabağ yada düşər.

Urmunun dənizi var.

Dənizdə qan izi var

Qızlarının alnında,

Qarabağ bənizi var.

 

Dağların lalasıyam,

Babəkin qalasıyam.

Urmulu demə mənə,

Qarabağ balasıyam...

Göründüyü kimi, şeirlərinin başlıca qayəsi, amacı vətəndir Məsud Harayın... Susdurulmuş, qubarlı könüllərdə fəryad edən mahnıların tərənnümçüsüdür. Öksüz qalmış, əsir düşmüş bir millətin özgürlük arzularını dilə gətirən şair illər boyu bu hədəfə yetmək, yurdunda üçrəngli, aylı-ulduzlu milli bayrağı yüksəldiyini görmək diləyi ilə qələmə sarılıb. Onun zülmə, zülmkara qarşı bir üsyan səsi, hayı, harayı olan şeirləri millətinə, içində yorğun düşən arzılarına "Ayağa qalx!" nidasıdır. "Dəniz və tale" şeirində artıq ağlamaq zamanı deyil, əksinə, hətta qəbirlərdən tarixi qəhrəmanlarımız belə ayağa qalxaraq imdadımıza yetməlidir diləyi boy verir:

Dalğalanacaqdır dəniz tozuna, duzuna

Və göynəmək düşəcək yapraqların ətəyinə.

Qızaracaq bütün aşiqlərin göz bəbəkləri,

Oy bə... Dərdin alım, Vətən!

Sənin gözünə düşən çöp süngüdür ürəyimə.

Artıq ağlamaqla təskin etməz dərdimizə...

Dərmanımız isə üsyanımız.

Cəngi Koroğlu çalmalı ozanlar,

Qəhrəmanlar qalxmalı qəbirlərindən.

Dənizimiz gözümüzdür quruyur,

Və gözümüz taleyimizdir ağlayır.       

Urmu şairin hər an sızıldayan, heç vəchlə köz tutmayan könül yarası, hələlik əlacı bulunmayan dərdidi. Urmu gölü nadanların korluğu, türk düşmənçiliyi  üzündən qurudulur. Suyu quruyan göl arxasında böyük bir ərazini qapsayan duzlaq qoyub günəş kimi qürub etməkdədir. "Günəş batarkən" şeirində şair təptəzə bənzətmə və metaforlarla prosesin ağlı başdan alan, etkiləyici mənzərəsini cızır. Günəşin qızılı saçları torpağın saçlarını darayır, şoranlıqda yarpaqlara, ağaclara sürtülərək sürünən qızılı saçları duz təbəqələri ağappaq boyayır, şairsə günəşin qocaldığını sanır. Halbuki Urmu gölü tumarlamışdı doğanın əsrarəngiz gözəlinin saçlarını və onlar yavaş-yavaş bəyazlanmışdı. Sənətkar ustalığı ilə yaradılmış bədii təsvir vasitələrinin şeirə bəxş elədiyi böyük məna birbaşa yaddaşlara millənir:

Günəş batarkən saçlarını darayırdı topraq.

Sürtülürkən saçları yarpaqlara, budaqlara,

Sürünürdüm mən də o qızıl saçlı peşində.

Bir an, saçları ağardı,

Qocaldı sandım

 günəşi.

Amma o qocalmamışdı,

Yalnız saçlarını Urmu gölü tumarlamışdı...

İçində duyğularını boğan bir şair olduğunu deyənlərlə razılaşmır və özümü öylə sanmır və etiraf edir ki, təklikdə qaldığı anlarda və yuxularında bu duyğular onu ağladır. Bu duyğular ürəyinə umud işığı bağışlayır. Dirənməyimə güc qatır. Bir çox şeirləri üsyankarlığından qaynaqlanır və milli mücadilə verirkən ağlına gəlir. Belə məqamlarda ağlına gələnlərsə duyğularının süzgəçindən keçərək şeirə dönüşür. Bəzən də etiraz sədalı duyğularından qaça bilməyəndə başdan-başa savaş ruhlu şeirləri ortaya çıxır. "Daha doğrusu, çevrəmdəki anlayışları gözdən keçirmiş olursam əgər, onlar mənə: "Sən öncə bir türk millətçisi, sonra şairsən!" - deyirlər" gerçəyi Məsudun qırx beş illik yaşamının və "Güney Azərbaycanda Dirəniş ədəbiyyatı"nın yaranmasında böyük rol oynayan şeirlərinin leytmotividir... Bu gerçəyin ən bariz ifadəsi onu doğma yurd-yuvasından didərgin salan rejimin ölkəsində hökm sürən istibdadın at oynatması sonucunda Güney Azərbaycandakı mövcud durumu anladan "Burada" şeiridir:  

 

...Burada,

Çərşənbə axşamında oynayamazsan!

Oyuna tutarlar səni və atəşlərə.

Səni, xəyallarınla və

inamlarınla oynayarlar,

Burada yazdıqlarına silah deyə.

Qurşun deyə, atom deyə suç sanarlar.

Burada her şey bildiyin kimi deyil, gülüm!

Yalnız... Bilmədiyin kimidir.

Bura itginlikdir və hərbə qadağa,

Bura yer kürəsinin adsız məmləkətidir...

 

Hər bir şair inandığı və inanmadığı nələrisə anlatmağa çalışır. Rəssamlar rəsmlərində, musiqiçilər və bəstəçilər musiqi əsərlərində, yazarlar isə öykü-hekayə, roman tərzində anladırlar bu nəsnələri... Şairlər də içindəki fəlsəfi qavramları şeirləri və yaşadığı anılarında anladırlar. Şair öz iç və dış dünyasını kəndi gözündən, ağlından və duyğusundan anladırsa, demək ki, o şairin fəlsəfəsi şeirləridir. Məsud Haraya görə bir şair filosoflardan daha öncə fəlsəfə tapıntılarını bilir və xəyalın əfsanəvi qanadlarıyla o bürüşük dünyada uçur, üfüqlərini müəyyənləşdirir, bundan sonra isə duyduqlarını, dərk etdiklərini oxucularına anladır.

Nəhayət bir gün Günəş doğar...

Xəyal etdiyim arzuların cocuğunu

Və 35 yüz ildən sonra

124 min peyğəmbərimiz adına

Tozumuzdan,

darmadağın tutağımdan kərpicləri

Bişirər günəş kürəsində...

O, əski kanonlarla, ənənəvi şeir qəlibləri ilə yaxından tanışdır, həm də modern və postmodern şeirin texnikasına bələddir. Ancaq hər iki tərzdə sevilən şeirlər yazmasına baxmayaraq çox zaman muxatəbi, yəni oxucunu, onun zövqünü və düşüncə səviyyəsini, hansı konulu şeirlərlə onu eyitməyin, gəlişdirməyin mümkünlüyünü düşünür. Klassik ədəbiyyatımızın təməlində qurulan modernizmi ən doğru yol sayır. Ancaq bu yolun özü də köklərdən rişələnməlidir və bu kök məhz klassik ədəbiyyatımız olmalıdır. Başqa millətlərin söz sənəti örnəklərini, eləcə də dünya ədəbiyyatını yamsılamalarla ədəbiyyatımız asla modernləşə bilməyəcəkdir. Dünya günbəgün modernləşir, insanlar da öyləcə - az və ya çox dərəcədə modernləşməyə doğru gedirlər... Hətta insanların arzuları, bəkləntiləri və yuxuları belə modernləşir - düşüncəsi ilə yazıb-yaradan şair özünün də bu qafilənin arxasında, çiyinbəçiynində də yox, tam önündə yer tutmalı olduğunun fərqindədir.

"Qadın" adlı modern şeirində olduğu kimi: düşüncələr yeni, əski qavramlara, ənənəvi kanonlara yanaşmalar belə yeni...

Qadın damarlarda dolanan,

ürəkləri dolaşan qandır,

Güllü-çiçəkli dolaşıqdır.

Qadın anamdır, qucağı əmin-amanlıqdır.

Qadın bacımdır... saçları meh yelidir,

Qızmar ruzgarda sərinliyimdir.

Qadın topraqdır,

köksündə cücərdir həyatı.

Qadın şeh muncuğudur.

Qadın sənsən - ən gözəl şairanəliyim...

Bir qəfəsdən qurtulmuş quş kimi dünyanı gəzmək niyyəti ilə Güney Azərbaycan şeiri üsyankar və mücadiləsevər bir yolda yürüyür. Fərqli rüzgarlarda uçur. Sağa-sola vurur. Normal hallarda deyil. Həyəcanlanır, düşür, qol-qanadı qırılır, qalxır. Ancaq uca göyün, səmanın ənginliklərində gəzməyi də unutmur. Dalğalar qoynunda uyuyan gəmiyə bənzəyir. İstismar caynağından qurtulmaq istəyən bir böyük həyəcandır Güney şeiri. Bu şeirin duyğuları hər an biri ilə savaşmaqdadır. Heç bir normal axınla qane olmayan Məsud Haray oraya çatmaq üçün qarşıda çox yolun var olduğunu düşünür. Ona bu yolları bulmağı və əbədi yolçusu olmağı diləyirəm...

"Quşun və şeir" yasaqlar, qadağalar damğasına boyun əyməyən bir şairin vətəndən uzaqda, qardaş Türkiyənin baş şəhəri Ankarada işıq üzünə çıxan və yağılar əlində əsir düşmüş ana yurdu Güney Azərbaycanın bağımsızlığına sunduğu ilk kitabıdır. "Duraq" şeirində anlatdığı kimi, sarmaşıq kimi duyğularına, ürəyinə dolaşan yollar onu ulu Şəhriyarımızın da qürurla öydüyü, "Bura Jon Türkiyənin paytaxtı, Atatürk intixabı Ankaradır" - deyib vəsf elədiyi Ankaraya gətirib çıxarıb. Yasaqlar, qadağalar üzündən yurdundan perik düşən Məsud Haray iki sevgi durağının tam ortasında dayanıb bu gün...

İlk durağım Urmu - İstanbul isə,

Son durağım böyük Türk Dünyası...

olacağına əminliyini şeirlərində yansıdan şairin:

Qar yağınca Ankaraya,

Urmunun havası köksumə dolar.

Və gözlərim,

O günlərin həsrətinə şərab ağlar, -

Özləmini kim duymaz ki?! Ötəsini düşünmək mümkünsüz!

SİZƏ MARAQLI OLA BİLƏR