Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

31 Mart soyqırımı xalqımızın tarixi yaddaşına acı həqiqət kimi həkk olunub

26-03-2023 [ 16:14 ] [ oxunub:922 ]
printerA+ | A-
103257

31 Mart soyqırımından yüz beş il keçir. Xalqımız son yüz il ərzində mürəkkəb ictimai-siyasi şəraitdə qanlı qırğınların və deportasiyaların ağrılı, əzablı yollarından keçib. XX əsrin əvvəllərində Azərbaycan türklərinə qarşı törədilmiş soyqırımlar, xüsusilə də 31 Mart soyqırımı xalqımızın tarixi yaddaşına acı həqiqət kimi həkk olunub. Tarixən qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, “böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirib, dəhşətli cinayətlərə əl atıblar. Bu acı həqiqət təkcə soydaşlarımızın qətliamı ilə deyil, həm də tarixi ərazilərimizin müəyyən hissəsinin işğalı ilə nəticələnib. Dövrün soyqırımlarına nəinki həmin dövrün, bütövlükdə XX əsr boyunca yaşayan, fəaliyyət göstərən ziyalılar, ictimai siyasi xadimlər münasibət bildirib, təhrif edilmiş hadisələrin əsil tərəfini diqqətə çatdırmaq üçün fədakarlıq göstəriblər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi Samirə Kərimova söyləyib. O vurğulayıb ki, Azərbaycanın müstəqilliyini bərpa etdiyi 1990-cı illərdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq məqsədilə həyata keçirilməsi vacib olan qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanından sonra başlandı. Belə ki, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Fərmandan sonra XX əsrdə Qafqaz regionunda Azərbaycan tarixinin araşdırılması üçün geniş imkanlar yarandı. Fərmanda, həmçinin ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə toxunulub, mərhələlərlə törədilmiş soyqırımı və terror siyasətinin mahiyyəti dolğun əksini tapıb. Sənəddə də qeyd olunduğu kimi, tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən rus-erməni işbirliyinin nəticəsi olmuşdur. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirərək bu ərazidə erməni dövləti qurmaq məqsədi güdmüşlər.

Azərbaycanlılara qarşı soyqırımı siyasətini ifşa etmək, bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün müəyyən işlərin görüldüyünü diqqətə çatdıran Ümummilli Lider Heydər Əliyev bu sahədə hələ də qarşıda görüləsi işlərin çoxluğunu vurğulayırdı: “Azərbaycan dövləti, ictimaiyyəti, xaricdəki Azərbaycan icmaları üzərinə böyük, məsuliyyətli vəzifələr düşür. Əsl soyqırımı haqqında həqiqətləri real tarixi faktlar əsasında, dəlillərlə müntəzəm surətdə dünya dövlətlərinə və ictimai fikrinə çatdırmaq, bu hadisələrin ilhamçılarını və təşkilatçılarını bəşəriyyətə tanıtdırmaq bizim, indiki nəslin müqəddəs vəzifəsidir. Bu məsələdə bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları bir olmalı, eyni mövqedən çıxış etməlidirlər”.

Heydər Əliyev böyük siyasətçi kimi dərk edirdi ki, bir əsr öncə baş vermiş bu qanlı hadisələr hüquqi şəkildə öz qiymətini almadıqca əsrin sonunda törədilmiş cinayətlərin təfərrüatına varmaq çətin olar. “Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”, - deyən Heydər Əliyev ermənilərin türklərə olan düşmən münasibətinin yüz yaşı olduğunu, alovlanan Qarabağ münaqişəsinin zəminində eyni məkrin dayandığını bildirirdi.

Ən böyük müəllim tarixdir, zamandır. Ondan dərs götürməyəndə qisası amansız olur. Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də bu mühüm məsələyə diqqət göstərməyi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Dövlətimizin başçısı azərbaycanlıların soyqırımı haqqında bunları qeyd edib: “XIX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İrandan və Osmanlı imperiyasından çoxlu sayda erməni ailələrinin köçürülməsi, 1905-ci və 1918-ci illərdə erməni hərbi dəstələrinin Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi kütləvi qətllər və talanlar, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və 1992-ci ilin Xocalı faciəsi – bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin qanlı səhifələridir”.

“Ermənilərin nifrət doğuran hərəkətləri XX əsr boyu aşkar və gizlin tərəfləri ilə daim funksional oldu. Türkə qarşı içlərində açdıqları savaş, məkrli planları, qəzəb və həsəd hissləri bir an belə səngimədi. Əsrin sonunda alovlanan Qarabağ münaqişəsi bu qəzəbin sonucusu kimi meydana çıxdı. Bütün bu kimi çətinliklərin qarşısında başı uca dayanan Azərbaycan Ordusunun gücü, qüdrəti ikinci Qarabağ savaşında özünü bir daha göstərdi. Eyni zamanda, dünya mənfur düşmənimizin insanlıqdan kənar yırtıcı obrazına bir daha şahid oldu. Tərtər, Bərdə, Gəncəyə atılan mərmilər, dinc əhalinin, məsum körpələrin qanında boğulması özünü bəşəriyyətə əzabkeş xalq olaraq tanıtmağa çalışan ermənilərin əslində humanist dəyərlərdən, sivilizasiya anlayışından nə qədər uzaq olduğunu sübut etdi. Ermənilərin Qarabağın hər kəndində sərgilədiyi vandalizm, yerlə-yeksan etdiyi abidələr, dağıtdığı qəbirlər, işğal etdiyi hər ərazidə törətdiyi cinayət əməlləri onların yüz il ərzində heç dəyişmədiklərinə, xislətlərini qorumaqlarına əyani nümunə oldu”, - deyə S.Kərimova fikrini yekunlaşdırıb.

https://azertag.az

SİZƏ MARAQLI OLA BİLƏR