Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu - Elnarə Qaragözova

22-11-2023 [ 10:11 ] [ oxunub:267 ]
printerA+ | A-
103981

Ümummilli lider Heydər Əliyev Azərbaycan ədəbiyyatına, ədəbiyyat xadimlərinə daim xüsusi qayğı və həssaslıqla yanaşıb. Akademik İsa Həbibbəyli Ulu öndərin ədəbiyyat sevgisi və ədəbiyyatımıza qayğısı haqqında "Heydər Əliyevin böyük ədəbiyyat siyasəti" məqaləsində yazır: "Heydər Əliyevin dövlətçilik təfəkkürünün formalaşmasında, görkəmli dövlət xadiminin zəngin mənəviyyata və geniş dünyagörüşə malik nəhəng şəxsiyyət masştabını fəth etməsində ədəbiyyat və incəsənətin də böyük və xüsusi rolu olmuşdur. Heydər Əliyev dəfələrlə cəmiyyətin və şəxsiyyətin inkişafında bədii ədəbiyyatın mühüm əhəmiyyətini bəyan etmişdir. Ulu öndər həmişə bu fikirdə olmuşdur ki: "Bədii söz insanların ağlına və ürəyinə daha tez yol tapır, daha dərindən nüfuz edir, onlara son dərəcə böyük təsir göstərir". Həqiqətən, tarix boyu böyük ədəbiyyat həmişə dünyanın qüdrətli dövlət xadimlərinin, böyük siyasətçilərin və sərkərdələrin həyatında və fəaliyyətində mühüm yer tutmuş, böyük rol oynamışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun yeri, rolu və imkanları çox geniş miqyası əhatə etmişdir. Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, Heydər Əliyev dünyada geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimlərindən biridir".

Xalq yazıçısı Yusif Səmədoğlunun  da yaradıcılığı, fəaliyyəti daim Ulu öndərin diqqət mərkəzində olub. Ümummilli lider Heydər Əliyev Yusif Səmədoğlunun 60 illik yubleyi ilə bağlı çıxışında ədibin yaradıcılığına yüksək qiymət verərək bildirmişdi: "Yusif Səmədoğlu bizim millətimizin xoşbəxt insanlarından biridir. Çünki o, böyük şair, böyük insan, böyük alim Səməd Vurğunun oğludur. Səməd Vurğunun övladı olmaq, onun tərbiyəsini almaq, onun ailəsində böyümək özü böyük bir nemətdir, böyük bir xoşbəxtlikdir. Bəlkə elə bu bəs olardı. Ancaq bununla yanaşı, bu kökün üstündə, bu ailə ab-havasının içində böyüyüb, ərsəyə gəlib atasının yolunu davam etdirmək və cəmiyyətdə özünəməxsus, məhz özünəməxsus yer tutmaq, - bu, böyük xoşbəxtlikdir, cəmiyyətimizin içində insan üçün, şübhəsiz ki, nemətdir..."

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən Bakıda törədilən kütləvi qırğın, faciə, azadlığın qanda boğulması Yusif Səmədoğlunu bir ziyalı kimi ayağa qaldırdı. Azadlıq meydanında xalqın yanında olan, azadlıq mübarizəsini ön sıralarında vətən oğullarına mənəvi dəstək olan Yuisf Səmədoğlu bu vəhşiliklə bağlı həqiqətləri "Azadlıq" radiosu vasitəsilə dünya ictimaiyyətinə çatdırmaqla bir ziyalı kimi tariximiz, vətənimiz qarşısında müstəsna xidmət göstərmiş oldu. Ümummilli lider Heydər Əliyev ədibin 60 illik yubileyində çıxışı zamanı Yusif Səmədoğlunun bu müsahibəsinin önəmini xüsusi vurğulayaraq demişdi: "O vaxt - yanvarın 20-də mən çox həyəcan içində idim. "Azadlıq" radiostansiyasının verilişlərini tutdum və o verilişlərdən Azərbaycanda olan vəziyyəti özüm üçün müəyyən qədər aydınlaşdırdım. Xatirimdədir, Yusifin səsi ilə - yəni o, telefonla bəyanat vermişdi, - məlumat verdilər. O, Sovetlər İttifaqının böyük qoşun hissəsinin Bakıya girməsini "Azadlıq" radiostansiyasına telefonla nə qədər həyəcan hissi ilə bildirirdi. Qoşunların vəhşiliyindən, təcavüzkarlığından danışırdı. Mən bunları "Azadlıq" radiostansiyasından Yusifin səsi ilə özüm eşitdim... Güman edirəm ki, təkcə bu yox, - bu, sadəcə mənim şəxsən hiss etdiyim bir hadisədir, haldır, - ancaq Azərbaycanın o ağır dövründə, 20 Yanvar faciəsi ərəfəsində və 20 Yanvar faciəsi zamanı o aylarda, o illərdə Yusif Azərbaycanın milli mənliyini qorumaq sahəsində çox fədakar şəxslərdən biri idi və onun siyasi fəaliyyəti, ictimai fəaliyyəti çox olubdur..."

Keçmiş Azərbaycan SSR-nin son Ali Sovetinin üzvü olan Yusif Səmədoğlu 7 mart 1991-ci ildə Ali Sovetdə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilərkən SSRİ-nin ləğvinə və Azərbaycanın müstəqil olmasına səs verərək 43 nəfər "istiqlalçı deputat"dan biri kimi müstəqil Azərbaycan tarixinə daxil oldu. 1995-ci ilin noyabr ayında müstəqil Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilən Yusif Səmədoğlu deputat kimi də ictimai-siyasi tariximizdə öz imzasını təsdiq etmiş oldu. Xalq yazıçısı millət vəkili kimi bir sıra xarici səfərlərdə nümayəndə heyətlərinin tərkibində Ümummilli lider Heydər Əliyevi müşayiət etmişdi. Ulu öndərin 1996-cı ildə qonşu Gürcüstan Respublikasına səfəri zamanı da Yusif Səmədoğlu nümayəndə heyətində idi. Ulu öndər şərəfinə təşkil edilmiş rəsmi ziyafətdə çıxışı zamanı demişdi: "Tarix boyu xalqlarımızın bir-biri ilə sıx əlaqələri haqqında burada saysız-hesabsız dəlillər, faktlar gətirmək olar. Bizim mütəfəkkir insanlar, ziyalılar, alimlər, yazıçılar, bəstəkarlar, rəssamlar, adi adamlar daim dostluq edib, ağır gündə bir-birinə dayaq olub, şən gündə isə bir-birinin məclisində əyləşiblər. Dostum Eduard Şevardnadze bizim böyük şairimiz Səməd Vurğunun sözlərini xatırladı. Mənim isə Səməd Vurğunla Georgi Leonidzenin dostluğu xatirimdədir. Bu, nə qədər də səmimi bir dostluq idi! Onlar bizim xalqlara nə qədər böyük töhfələr verib gediblər! Onların və eyni zamanda Qriqol Abaşidzenin və Rəsul Rzanın, İrakli Abaşidzenin və Səməd Vurğunun, müasirlərimizin bizə bəxş etdikləri irslər hamımız üçün həm qiymətlidir, həm də bu dostluğumuzu irəliyə aparmaq üçün böyük mənbədir. Bu gün bizim nümayəndə heyətinə mərhum Səməd Vurğunun oğlu Yusif Səmədoğlu da daxildir. O, bizim parlamentin üzvü və parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədridir".

Yusif Səmədoğlunun xəstəliyindən xəbər tutan Ulu öndər onun sağalması üçün bütün mümkün imkanlardan istifadə etmiş, yazıçının müalicəsi ilə bağlı xüsusi göstəriş vermişdi. Lakin bütün cəhdlərə baxmayaraq, Yusif Səmədoğlu 1998-ci il avqustun 16-da vəfat etdi. Fəxri xiyabanda dəfn olunan böyük yazıçı Azərbaycan xalqına "XX əsrin ən yaxşı Azərbaycan romanı" seçilən (2014) "Qətl günü" romanını, hekayələrini, filmlərini, tamamlaya bilmədiyi "Deyilənlər gəldi başa..." romanını və iki qız övladını - Mehriban və Humay Vəkilovaları yadigar qoyaraq əbədiyyət yolçusuna çevrildi. Vəfatından sonra çap olunan, tamamlaya bilmədiyi "Deyilənlər gəldi başa" romanı ilə ölümündən sonra da oxucusu ilə görüşməyə, onu yeni əsəri ilə heyrətləndirməyə nail olan Yusif Səmədoğlunun ədəbi yaradıcılığı dünən olduğu kimi, bu gün də ədəbi tənqidin və ədəbiyyatşünaslığımızın diqqətindədir.

525-ci qəzet. - 21.11.23.

Aynur Yusifova

SİZƏ MARAQLI OLA BİLƏR