Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Mənzər Niyarlının “ Qızıl qaval” və “Vətəndən vətənə” əsərləri prof. İsmayıl Kazımovun təqdimatında DİLİN BALANSI

05-07-2023 [ 14:09 ] [ oxunub:219 ]
printerA+ | A-
103593

   Yazıçının düşüncəsinin müəyyən bir hissəsi dil yaradıcılığına, dil quruculuğuna sərf olunur. Həmin yaradıcılıq dilin müxtəlif qatlarında özünəməxsus formada üzə çıxır. Bədii mühitə və bədii qavrayışa obyektiv sənət ölcüsü ilə nəzər salmağın ilkin şərti elə dil faktorudur. Mükəmməl dil və üslub vərdişlərinə sahib olmadan yazıçının özünü tanıtmağı, özünü təsdiqetmə qabiliyyəti uğursuzluqla nəticələnə bilər; şübhəsiz, dil duyumu yüksək olan yazıçının sənəti də, əsərləri də sevilir, mütaliə olunur. Tanınmış və sevilən yazıçı Mənzər Niyarlının adını çəkdiyim və oxuduğum bu əsərlərində dil təsvir elastikliyi ilə seçilir, intonasiya da çevikləşir. Məzmun və ideya ilə yanaşı, dil işləkliyi də yadda daha tez qalır.

 Mənzər Niyarlının həm hekayələrini, həm də romanlarını ən uğurlu əsərlərindən saymaq olar. Çünki, yazıçının toxunduğu çox mühüm sosial, həyati məsələlərdir. Vətəndən vətənə yol gəlir. Bu yol insanı daxilən didən-parçalayan, gözü yollarda qoyan yoldur. Mənzər xanım və ailəsi həmin hissləri keşirib. O bu hisslərin bütün təfərrüatı ilə şahidi olub və qələminin gücü ilə bədiiləşdirib.  Yazıçının ustalıgı orasındadır ki, bu hadisələr fonunda güclü assosiasiyalar yarada bilir. O, təsvir etdiyi surətlərin gələcəyə ümidlərini hər bir obrazın timsalında göyərdir.

   “Qızıl qaval”da on üç hekayə toplanmışdır. Hekayə Seyid Şuşinskinin –Aganın xatirəsinə həsr edilmişdir. Hekayədə böyük sənətkara sonsuz səmimiyyət, istək ifadə olunur.“Vətəndən vətənə” romanı o taydan bu taya köç edən ailələrin həsrətli, agrılı-acılı, dramatik taleyinə (İkiyə ayrılmış Vətənin taleyi)  həsr edilmişdir.  Bir ovuc torpaq ayrılığın rəmzinə çevrilir. Gətirilən sitatda da ən təmiz hissin vərən üçün qəribsəyən, daima kədərlənən insan duyğusu olduğu təsdiqlənir. Bu əsərlərin dili yalnız ifadə vasitəsi kimi deyil, həm də təsvir predmeti kimi öyrənilə bilər, ona görə ki, dil özlüyündə bədiilikdən kənar gerçəkliyin tərkib hissəsidir və həmin gerçəklik sənətkara bu və ya digər dərəcədə öz yaradıcılıq elementlərini gah birbaşa, gah da mürəkkəb yolla, dolayısı ilə həyata keçirməyə şərait yaradır.

Təsvir olunan obraz və personajların dili, hər şeydən öncə, onların fərdiləşdirici xarakteri ilə əlaqələndirilir. Necə deyərlər, xarakter dilkə keçir, onun əlamətlərini müəyyənləşdirir. Beləliklə, dil xarakterin bir hissəsinə çevrilir.

        Mənzər Niyarlı çox maraqlı mövzular seçib. Sovet dövləti dağılır, insanlar çaş-baş icindədir. Akademiyada - elm ocagında təmiz alim obrazı yaradır. Akademiyanın müxbir üzvlüyünə layiq olmayanlar seçilir.

Almanlar dəqiq millətdir, ancaq burda yaşayırlarsa, buranın ab-havasına alışıblar... Ziyalı pul qazamaq üçün gizlicə maşın yuyur, silir. Gercəkliyi təsvir edir. Ölkədə yeni şirkətlər yaranır, pul qazanmaq üçün bir çoxları ora can atır. “Murad şirkətdə işləyənlərin müqəvva kimi duruşlarını, donuq, etinasız baxışlarını görməkdənsə, Oktayın köşkündə oturmağı üstün tutmuşdu...(15) Zavodlar, fabriklər baglanır, iş yerləri tapmaq müşkülə çevrilir. “Evə pul gətirməsən gəlmə!”- evin xanımının tələbi. Yazıq kişi nə etsin? Uşaqlar yemək istəyir. Problem onda idi ki, qadınlar bu şəraitdə işlə tez təmin olunur, hətta bir necə günün içində geyimlərni, ədalarını da   dəyişirdilər.

Yazıçı Mənzər Niyarlının bədii əsərlərinin dili – sənətkarlıq xüsusiyyətləri çoxdan diqqətimi cəlb etmişdi. Dilin bütün səviyyələrində.

Leksik səviyyədə: dialekt sözləri: tösmərək, xeylək, Nə dədəmi, nə möməmi, heç kəsi öldürmə (“Vətəndən vətənə”, s.62),

Çayını, qəndini hələm nəzərdə tutmuram. (10),...bilik dağarcığı Muradın dolanışığı fırıqdı. (13), anam day işləmir...(17)

Fərdi yaradıcılıq; təsvir olunan dövrün terminləri: mən, vallah, geyinbaz deyiləm (10), yeni alınmalar: firma, özəl ocaqlar, Alman şirkətləri, kolbasa buterbrod, bankrot və s.

Dövr elə idi ki, qazanc dalınca xarici ölkələrə gedirdilər. Yazıq kişilər, yarı canları da uşaqlarının yanında.

Atalar sözləri və məsəllərdən yerli-yerində istifadə: Ağlamayana, məsəl var deyərlər, pəpə verən olmaz. (10), Axır ki, başa düşdüm ki, bu həna o hənadan deyil, əlimi mundar qana bulamaq istəmədim (16).

Frazeoloji səviyyədə:  Frazeoloji vahidlər Mənzər Niyarlının təhlilə cəlb etdiyimiz əzərlərində obrazların xarakterinin açılmasında, bəzə hadisə və epizodların poetik təsvir olunmasına şərait yaranır.  Bu ifadələr surətlərim daxili aləmini, keçirdiyi emosional durumu, nigarançılığı çatdırır. Məs.: Uşaqlar əsim-əsim əsirdilər.(4), ...nədənsə ət satanın quşu qonmuşdu bu gənç alimə.(5), gözünün qurdunu öldürdü (5), zəncir çeynəmək  ürəyindən qara qanlar axmaq, yerin də qulağı var (10), mən girən kol deyil.(14), Başladı səfeyləməyə. İşdən sonra ilim-ilim itirdi. (16), Leyla xalanın gözləri yol çəkirdi (“Vətəndən vətənə”, s.35) və s.

Müqayisəli cümlələr: Muradın kefi kök idi. İsti qadın bədəninin hərarəti canına yağ kimi yayılırdı. (5); Elə bil Seyidin qəlbinin büllurluğunu, paklığını bu gün yanıb közərməkdə olan tonqalın kənarında kəşf elədi (“Qızıl qaval”, s.182)

Adətən, bədii əsərlərdə təsvir olunan hadisələrin qeyri-müəyyənliklə ifadəsi zamanı subyekt zahirən asan dərk edilir, əslində isə konkret olaraq icraçı şəxsi tapmaq çətinliyi meydana çıxır. Bu əsərlərin müəllifi belə məzmun daşıyan cümlələrdən ona görə çox istifadə edir ki, obtaz əvvələn fikri başqasının üstünə atır, ikincisi isə qeyri-müəyyənliklə diqqəti əsas məsələyə istiqamətləndirir. Məs.: O dəfə Ərdəbildən ayaqqabı da aldılar (Vətəndən vətənə, s.46),_Vallah, deyillər, Tehranda hamı başı açıq gəzer._Yox, bacı, Ərdəbildə belə şeylərə pis baxelar (“Vətəndən vətənə”, s.37)

Danışıq sintaksisi: Bir-iki ay hərləndim xaxolların içində (17). Rusiyetdə baş çıxarmayanlar geri dönür, birbaş evinə gəlir, dəhşət uşaqlarını tanıya bilmir, onlar bir dəri, bir sümük olmuşlar (170) Təsirli, ağlamalı səhnələr: Hərəsinin yalan olmasın, nəlbəki boyda gözlər...Mənə sarmaşıb ağladılar, getmə ata,  dedilər, bizi atma. Çörək al bizə.-Ürəyimin başı göynədi. Yaz qapımızın ağzındadır (“Vətəndən vətənə”, s.45);

Obrazın danışığında cənubi Azərbaycan şivəsi elementləri: Novruz bayramı günü gedərux...bayramına mübarək deməliyiq._Lələm sənə təzə paltar aleb? (“Vətəndən vətənə”, s.45)

Dialoq cümlələri: _Bəs sən onu harda görmüsən?_ Çay qırağında (Vətəndən Vətənə, s.41), -Bir-iki günə mən də gedirəm._Hara?_ Tümenə (“Qızıl qaval”, s.202)

Müəllifin işlətdiyi ritorik sualların “sirri” mətnlərin gedişində aydınlaşır. Belə cümlələr hər iki əsərin dilində təsdiq və inkarlığın ekspressiv ifadəçisi kimi çıxış edir.

Budaq cümlələr bəzən yarımçıq şəkildə təqdim olunur:  Elə gözəl görünürdü ki... (“Vətəndən vətənə”, s.39)

Qoşulma cümlələr: Ət də aldılar: dolmalıq, xuruşluq, mer-meyvə də. (5), Yüz iyirmi min məvacibi olan (əvvəllər bundan da az idi) instituta təyinatla göndərilmişdi. Universiteti qurtaran kimi. (7), Axı onların nəyinə lazımdı: tərcüməçi qız olsun, özü də iyirmi beş yaşından yuxarı olmamaq şərtiylə(12), Nə qədər dost-tanış var. Biznesmendən tutmuş vəzifəli şəxslərə kimi. (13), Tort üçün alınacaq un, yağ, qatılaşmış  süd qalmışdı, bir də göy-göyərti.. (25), Onlara gəlib-gedən bircə Seymur idi. O da imtahan vaxtı, semestrdən o biri semestrdə kimi. (25), Səhər xırmanda ol!-deyib atına qamçı çəkdi. Kəndxuda da onun ardınca (“Vətəndən vətənə”, s.65), Bakıdakı məktəbim yadıma düşdü. Ora təzə-təzə isinişmişdim.. Sinif yoldaşıma, müəlliməmə (“Vətəndən vətənə”, s.61);

Qoşulma-xüsusiləşmə: Nənəmin bişirdiyi plovun dadından doymaq olmur. Xüsusən də səbzi plovun. (“Vətəndən vətənə”, s.62)

Yazıçının “Elə bil çay da susmuşdu” hekayəsi. Bu hekaqədə qoşulmalardan nisbətən çox istifadə etmişdir: Maşınını keçən il  almışdı.  Köhnəni satandan sonra. (32),. Tez-tez mədəsi ağrıyırdı. İşdə də, evdə də. (33), Arxadan da Agaların maşını gəlirdi. İçində də arvad-uşağı (32), Həmin məhkəməlik işindən sonra bir dəfə də olmuşdu kəndlərində. Anası öləndə. (33), Kəndləri hərdən bir yadına düşürdü. Özü də elə bu vaxtlar. İstilər düşəndə.(33),

Sintaktik səviyyədə: Sintaktik bütöv yaradan mətndən sonra bir sözdən ibarət olan cümlənin işlənməsi: Tapdı. Çevrildi. Az qalmışdı ki... Görüşdülər, öpüşdülər (12) və s.

 Mənzər xanım mətni təkrarlar vasitəsilə yaradır. Təkrar vasitəsilə bədii ifadə daha təsirli verilir, intonasiya yüksəlir və məna qabarıqlaşır. Bir sözlə, çoxsaylı təkrarlar intensivlik, şiddətləndirmə çalarlartını artırır, başlıca məsələni diqqətə çatdırır. Bu vasitə ilə Mənzər xanım oxucunun diqqətini əsas hadisəyə, epizoda, xarakterə, zamana, məkana, müxtəlif fikirlərə yönəldə bilir: -Bu nə deyir? Deməli, başqalarının əvəzinə o yazmalıdır? Deməli, o öz fikirlərini, sözlərini kiməsə satmalıdır. Murad görmüşdü ki, əşya satarlar, ev satarlar, pal-paltar satarlar. Ancaq sözü, fikri satmaq...(14)

Üslub yeniliyi Mənzər xanımın hekayələrində  aydın görünür. Burada yazar dilin balansını-tarazlığını diqqətlə gözləyə bilir. Baxın, bu hissədə dil axar su kimi süzülüb gedir: Ailəmizin cənuba köşdüyü həmin il yaz ayına düşmüşdü. Yadımdadır o vaxt hər yerdə olduğu kimi İçərişəhərin dar, ensiz küçələrindən yazın qoxusu gəlirdi. Qonum-qonşular və biz uşaqlar yazən gəlişini səbirsizliklə gözləyirdik. Bu səbəbsiz deyildi, axı qarşıdan əziz bayramımız -  Novruz gəlirdi.

İçərişəhərin Qoşa qala qapısının yaxınlığında yerləşən evimizdən xeyli aralı dənizə doğru bir neçə yol uzanır. Enli və ensiz yollar...(“Vətəndən vətənə”...Bakı, Mütərcim”, 2019, s.11)

 Bu nəsrdəki lirik ovqat, səmimi  düşüncələr şeiriyyəti yüksəldir, eləcə də həmin əsərlərin gedişində, hadisələrin inkişafındakı psixologizmi şərtləndirir. Beləliklə, yazıçı xanımın  əsərlərinin dilini onun motivlərinə, yaratdığı obraz və personajların xarakterinə görə müəyyənləşdirə bildik.

Sonda, qeyd edərdik ki,  yazıçının yaratdığı bədii xarakterlər filologiyamızın bu və ya digər məsələlərinin geniş kontekstdə tədqiqi üçün hərtərəfli material verir.

SİZƏ MARAQLI OLA BİLƏR