Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Beynəlxalq Elmi Şuranın Assambleyasının iclasında çıxış edib

23-09-2023 [ 19:09 ] [ oxunub:207 ]
printerA+ | A-
103690

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli dünyanın ən böyük elmi təşkilatı hesab edilən Beynəlxalq Elmi Şuranın 14-16 sentyabr 2023-cü il tarixdə Monteneqro Elm və İncəsənət Akademiyasında keçirilən VI Assambleyasının iclasında iştirak və çıxış edib. Azərbaycan Milli Elmlər Akademiyası 4 iyul 2023-cü il tarixdə tərkibində 230 elmi akademik qurumu birləşdirən Beynəlxalq Elmi Şuranın üzvü seçilib. AMEA Beynəlxalq Elmi Şurada qərarların qəbul edilməsində tamhüquqlu səsvermə haqqına malikdir.

Beynəlxalq Elmi Şuranın VI Assambleyasının iclasında yeni tarixi mərhələdə dünya elminin prioritetləri və müasir problemləri geniş müzakirə olunub. VI Assambleyanın iclasında Türkiyə, İngiltərə, Almaniya, Polşa, İsveç, Portuqaliya, İspaniya, Bolqarıstan, Estoniya, Albaniya, Monteneqro və Hollandiyanın akademik qurumlarının rəhbərləri və təmsilçiləri, beynəlxalq elmi təşkilatların nümayəndələri iştirak və çıxış ediblər. İclaslarda dünyada iqlim dəyişiklikləri, ərzaq və enerji təhlükəsizliyi məsələlərinin tədqiqi və proqnozlaşdırılması, beynəlxalq elmi təcrübənin yaradıcı şəkildə öyrənilməsi, innovasiya, süni intellekt, elmin populyarlaşdırılması və sair kimi problemlərə dair elmi məruzələr dinlənilib, müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib. Xüsusən, “Elm və demokratiya” (B.Sepanoviç – Hollandiya Kral Elm və İncəsənət Akademiyası), “Təkamül nəzəriyyəsində yeni təkamül. Süni intellekt və riskləri” (V.Çrnoyeviç – Novi Sad Universiteti), “Rəqəmsal dünya üçün nəşriyyat islahatı” (Luk Druri – İrlandiya Kral Akademiyası), “Elmdə risk idarəetməsindən qeyri-müəyyənliyin daha yaxşı idarəedilməsinə doğru” (M.Kruusmaa – Avropa Elm Komissiyası), “Avropa elm diplomatiyası üçün çərçivə və perspektivlər” (J.M.Müller - Beynəlxalq Elmi Şura), “İnnovasiya dövründə elm, yoxsa elmdə innovasiya” (A.Mauranen - Monteneqro) və sair kimi məruzələr ətrafında geniş diskussiya aparılıb.

Assambleyanın iclasına Estoniya Elmlər Akademiyasının prezidenti, akademik Tarmo Soomere sədrlik edib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli sentyabrın 14-də Beynəlxalq Elmi Şuranın Monteneqro Elm və İncəsənət Akademiyasının Akt zalında keçirilən ilk iclasında bu böyük elmi təşkilatın üzvlüyünə yeni qəbul olunmuş Akademiyanın təmsilçisi kimi çıxış edib, beynəlxalq elmi təcrübənin öyrənilməsinin əhəmiyyətini qeyd etməklə bərabər, akademiyalararası əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib, Azərbaycan Milli Elmlər Akademiyasının elmi imkanları haqqında məlumat verib.

Bundan başqa, AMEA rəhbəri sentyabrın 15-də Monteneqro Elm və İncəsənət Akademiyasının prezidenti, akademik Draqan Vukçeviçin rəhbərliyi ilə keçirilən Elmlər Akademiyalarının prezidentlərinin dialoqunda da çıxış edib, süni intellektin imkanları və riskləri, habelə müasir şəraitdə humanitar və ictimai elmlərin inkişaf etdirilməsinin əhəmiyyətindən söz açıb.

Akademik İsa Həbibbəyli eyni zamanda, səfər çərçivəsində Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkər, Asiya Elmlər Akademiyaları Assosiasiyasının prezidenti, professor Əhməd Yurdusev, Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Yulian Revalski, Monteneqro Elm və İncəsənət Akademiyasının prezidenti, akademik Draqan Vukçeviç ilə görüşüb, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

Azərbaycan Milli Elmlər Akademiyası ilk dəfə olaraq tamhüquqlu üzv kimi Beynəlxalq Elmi Şuranın VI Assambleyasının yekun iclasında qərarların qəbul edilməsinə səs verib.

Səfər müddətində akademik İsa Həbibbəyli görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin Monteneqronun paytaxtı Podqoritsa şəhərində ucaldılmış heykəlini ziyarət edib.

Akademik İsa Həbibbəylinin Monteneqro Elmlər Akademiyasının “Qlasnik” elmi jurnalında “Azərbaycan ədəbiyyatı: ədəbi-tarixi ənənə və müasirlik” adlı məqaləsi çap olunub.

https://science.gov.az/az/news

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR