Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

"Elmimdən çəkinməsəydim, Ləbiddən də gözəl söylərdim" - Təhminə Bədəlova

02-10-2023 [ 12:59 ] [ oxunub:531 ]
printerA+ | A-
103732

Hər baxış öz göy üzünü doğurur, deyiblər. Kainat ümumilikdə Tanrı lütfü olduğu kimi, Yaradanın yaratdığına bəxş etdiyi bəsirət də əlahiddə bir töhfədir. Amma, eyni zamanda da bir "boyun borcu"dur. "Halalın hesabı, haramın cəzası" olduğu kimi. Bu da bir imtahandır bəlkə də...

Akademik Teymur Kərimli də çiyinlərinə Tanrının seçilmiş bəndəsi olmaq yükü qoyulmuş və bu yükü layiqincə daşıya bilənlərdəndir.

Bir var Tanrının sənə əmanət etdikləri, bir də var əməyin, zəhmətin, inadın, fədakarlığın sayəsində qazandıqların...

Hələ tələbəlik illərindən Ədəbiyyat İnstitutu ilə ünsiyyətimiz əsnasında Teymur müəllim "ən mürəkkəb və heç kəsin bilmədiyi soruların cavabını bilən alim" kimi yazılıb yaddaşımıza. Sonradan bu aləmə daxil olduqca, işlədiyimiz mövzu ilə əlaqədar alimin yazıları ilə tanış olduqca onda görüb kəşf etdiyimiz bilik dairəsinin genişliyi, təfəkkür dərinliyi, təkcə filoloji elmlər deyil, dünya fəlsəfi fikrinin inkişaf tarixindən, hətta dəqiq və texniki elmlərdən də xəbərdar olması (sonradan öyrəndik ki, Teymur müəllim riyaziyyat təmayüllü məktəbi qızıl medalla bitirmişdir), müasir dünyada gedən ictimai-siyasi, sosial-mədəni hadisələrdən baş çıxarması və ən əsası isə bütün bu məlumatları, yeri gələndə əlaqələndirə bilmə bacarığı, analiz və sintez qabiliyyəti, həm oxşar, həm də bənzər olmayan məfhumların uğurlu müqayisəsi, gəlinən məntiqi nəticələr hər kəsə nəsib ola bilməyəcək bir istedaddır. Ona görə də Teymur müəllimin ən çətin nəzəri problemə həsr olunmuş elmi əsərləri belə diqqət və maraqla oxunur.

"Nizami və tarix" (2002; 2021), "Görünməyən Füzuli" (2003), "Çağdaşımız Nəsimi" (2019), "Heydər Əliyev və klassik irs" (2023), "Şərqin qapısından dünyaya" (2009), "Yaxşıların axıra qalmışı" (2010), "Akademik Mirzə İbrahimov" (2015), "Akif Əlizadə: istedadla zəhmətin harmoniyası" və s. monoqrafiya və kitabların, "Hicran ömrü" (2010), "Şuşanamə" (2022) kimi poeziya çələnglərinin, respublikada və xaricdə beynəlxalq indeksli elmi jurnallarda dərc edilmiş onlarla elmi məqalənin müəllifi, klassik Azərbaycan ədəbiyyatı nümayəndələrinin əsərlərinin nəşrinin redaktoru olmuş, onlarla fəlsəfə doktorluğu, elmlər doktorluğu işinə rəhbərlik etmiş akademik Teymur Kərimlinin orijinal qənaətləri ədəbiyyatşünaslıq elmi üçün olduqca dəyərli, filoloq alimlər üçün isə maraqlı və düşündürücüdür. Təbii ki, burada Teymur müəllimin elmi monoqrafiyalarını təhlil etmək fikrindən uşağıq. Sadəcə, bir-iki fikri üzərində dayanmaqla kifayətlənəcəyik. Məsələn, alim müxəmməs janrının yaranmasını təxmisin inkişafı və geniş yayılması ilə bağlayır. "Qəzəlin özünə nisbətən təxmisin daha geniş məna əlvanlığı, obrazlar silsiləsi kəsb etməsi sənətkarların diqqətini özünə çəkmiş, onlar bir növ özləri-özlərinə, yəni öz qəzəllərinə təxmis yazmağa başlamış, beləliklə də müxəmməs müstəqil bir janr kimi meydana gəlib formal əlamətləri ilə sabitləşmişdir".

Alimin "Konfutsi (e.ə. VI) - Firdovsi (XI) - Nizami (XII) - Mevlana (XIII) - Dante (XIV) - Şekspir (XVII) - Puşkin (XVIII) - Göte (XIX) - dünya ədəbiyyatinin "ipək yolu"ndaki səkkiz duraq" məqaləsi isə maraqlı və müasir sürət əsrində yaşayan, informasiya mübadiləsinin işıq sürətini də ötdüyü dövrün insanı olan bizləri heyrətə salan məsələyə - hələ kommunikasiya vasitələrinin ibtidai inkişaf səviyyəsində olduğu qədim və orta çağlarda müxtəlif coğrafi məkanlarda, fərqli tarixi inkişaf mərhələlərində, dini-milli mühitdə yazıb-yaratmış bədii, fəlsəfi və elmi düşüncə sahibləri arasında sanki gözəgörünməz bir bağ, əlaqə olduğunu sübut edən maddi və mənəvi dəlillərin təhlilinə həsr olunmuşdur. Amma bu bağları, əlaqələri görmək, həm də bunları poetik obrazlılıqla izah etmək alimdən təkcə elmi biliklər deyil, eyni zamanda geniş erudisiya, mühakimə qabiliyyəti tələb edir.

Təbii ki, kiçik məqalədə yarım əsrlik elmi fəaliyyəti, həm də bir tələbə zehniyyəti ilə açmaq, incələmək mümkün deyildir. Üslubu, yazı manerası, problemə yanaşma metodologiyası ilə "min imzanın içərisindən imzası bəlli olan" akademik Teymur Kərimlinin elmi fəaliyyətinin çoxcəhətliyi və əhatə dairəsi artıq müstəqil əsərin, dissertasiya işinin tədqiqat obyekti kimi kifayət qədər material verir və ümid edirik ki, gələcəkdə araşdırma mövzuları təyin olunanda bu, mütləq nəzərə alınacaqdır.

Rus tənqiçisi Çukovski deyirdi ki, Tolstoy obrazlarını yaratmır, Tolstoy obrazlarına çevrilir. Məncə, bu fikir təkcə yazarlara deyil, tədqiqatçılara da aiddir. Ən azından ona görə ki, bir müəllifin əsərini oxumaq onunla ünsiyyətin yarısına bərabərdir. Həyatının böyük və önəmli bir kəsimi qədim əlyazmalar arasında keçən, Azərbaycan ədəbiyyatşünaslığında və mətnşünaslığında bir mərhələ təşkil edən, Nizami hikməti, Nəsimi fəlsəfəsi, Füzuli eşqi, Sabir gülüşü ruhuna hopmuş Teymur Kərimli şəxsiyyətində də tədqiq etdiyi, sevə-sevə öyrəndiyi və öyrətdiyi bu dühalardan hökmən bir pay vardır. Yəqin ki, Teymur müəllimlə ünsiyyətdə olanlar, yaxud televiziyadan onun söhbətlərini dinləyənlər alimin, yeri gəldikcə, klassiklərimizdən örnəklər gətirdiyini, sanki burda, bu məqamda Nizami nə deyərdi, Füzuli fikrini necə izah edərdi deyərcəsinə sitatlar gətirdiyinin şahidi olmuşlar. Əbəs yerə demirlər ki, "elm sətirdə deyil, sədrdədir". 

Teymur Kərimli fəna sevdasından keçib bəqa eşqinə uyanlardandır. Onun şeir və sənət dünyası dünyaya açılmış fərqli pəncərəsidir.  

İctimaiyyətdə alim kimi tanınmış şəxsin şeir yazması çox çətindir. Çünki şairlik çılğınlıq, hiss və duyğuların ağlı üstələməsi, əqlin fövqünə çıxması deməkdir. Bir də şairliyin alimliyi kölgədə qoymaq kimi bir təhlükəsi də vardır. Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin məşhur sözlərini, yəqin ki, hər kəs xatırlayır: "Qatlayıb dizinin altına qoyar / Alim Bəxtiyarı şair Bəxtiyar!" Söhbətlərinin birində dr. Ömər Dəmirbağ da bu mövzuya toxunmuşdur: "Şeyxülislam Yəhya, sizcə, şairdir, yoxsa şeyxülislam? Dünyanın ən böyük riyaziyyatçısı olan Ömər Xəyyam belə şairdir, sonra riyaziyyatçıdır. Mehmet Akifin veterinarlığı kimin ağlına gəlir? Şairlik varsa, o, gözləri qamaşdırır!" Təsadüfi deyil ki, böyük müctəhid İmam Şafii də deyirdi ki, "elmimdən çəkinməsəydim, Ləbiddən (Ləbid ibn Rəbiə - VI-VII əsrlər ərəb şairi - T.B.) də gözəl söylərdim".

Amma filoloq alimin şeir yazmağı ikiqat çətindir. Ona görə ki, ədəbi qanun-qaydaları, poetikanın incəliklərini bilir, bir hecadan belə, vəznin pozulduğunu tutur. Bildiyi üçün də istər-istəməz bütün bunlara özü də əməl etməlidir...

Teymur Kərimlinin bədii yaradıcılığında diqqəti cəlb edən ilk cəhət vətəndaşlıq mövqeyinin bəyanıdır. Onun şeirlərində ölkədə gedən ictimai-siyasi hadisələrə vətəndaş münasibəti, xüsusilə də Ali Baş Komandanın başçılığı ilə xalqımızın Zəfəri ilə sonuclanan 44 günlük şanlı Vətən savaşımız, dövlətimizin və xalqımızın mücadilələri əksini tapmışdır. ("Şuşanamə" kitabında bu şeirlərin əksəriyyəti toplanmışdır).

Məlumdur ki, müasir cəmiyyətdə qəzələ, divan şeirinə münasibət birmənalı deyildir. Hətta divan şeirinin bir aralar köhnəliyin qalığı, saray ədəbiyyatı deyə linç edildiyi vaxtlar da olmuşdur. Ancaq çoxəsrlik zəngin keçmişə malik klassik poeziya örnəklərinin bu gün də yaranması, müasir dünya ilə ayaqlaşması kökü qədimlərə gedib çıxan ənənənin möhkəm əsaslarının göstəricisidir. Poeziyanın və ümumiyyətlə ədəbi yaradıcılığın öz qanunları vardır. Eyni mövzuda, həm də eyni janrda əsər yazmaq ta qədimdən yaradıcılıqda özünü "şairlər qatarına qatmaq", bu meydanda özünü təsdiq etmək kimi qəbul edilmişdir. Aşağıdakı örnəklər də Divan şeirinin yaşadığını və XXI əsrdə Teymur Kərimli imzasının bu qatarda yerinin olduğunu göstərir. Yəhya Kamal Bəyatlının dediyi kimi, "Sönməz səhəri-həşrə kadar şeri-kadim, / Bir məşələdir devr edilir elden ele"

 

Dilədüm dərdimə dərman bulam, eydil, diləgi,

Genə dərdün ana dərman dedilər, gerçəkmiş.  

(XV əsr - Gülşəni Bərdəi)

 

Dəhənin dərdimə dərman dedilər cananın,

Bildilər dərdimi, yoxdur dedilər dərmanın.  

(XVI əsr Məhəmməd Füzuli)

 

Bağdan çoxu gül dərdi də, mən dərdimi dərdim,

Dərdim məni bezdirməsə, mən dərdə dözərdim.

Dərd var, daha bir dərd də odur - yox mənə həmdərd,

Həmdərdim əgər olsa, bu dünyada nə dərdim? 

(XXI əsr Teymur Kərimli)

 

1908-ci ildə Sankt-Peterburqda çıxan "Sovremennıy mir" ("Müasir dünya") aylıq ədəbi, elmi və siyasi jurnalın 11-ci sayında rus yazıçısı Aleksandr Kuprinin Lev Tolstoyun 80 illiyi münasibətilə "Müqəddəs Nikolay" gəmisində Lev Tolstoyu necə görməyim haqqında" məqaləsi dərc olunmuşdu. Məqalədə yazılırdı: "Çox da uzaq olmayan bir zamanda erkən uşaqlıq çağlarında Puşkini görmüş adamla söhbət etmək səadəti nəsibim oldu. ...Sizi inandırıram ki, bu insana möcüzəyə baxan kimi baxırdım. Əlli-altmış il keçəcək və Tolstoyu sağlığında (Tanrı onun günlərini uzatsın) görən insanlara da eynilə bu cür möcüzə kimi baxacaqlar". Bu sözlər bizim canlı xəzinə olan korifeylərimizə də aiddir.

Tanrıdan Teymur müəllimə sağlam, sağlıqlı, sevinc dolu ömür arzulayırıq!

02/10-2023 Ədəbiyyat qəzeti

SİZƏ MARAQLI OLA BİLƏR