Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Erməni şovinizmi üçün "Məhşər Divanı" - Vaqif Yusifli

20-12-2023 [ 10:00 ] [ oxunub:1958 ]
printerA+ | A-
104099

SƏNƏDLİ ROMAN HAQQINDA DÜŞÜNCƏLƏR

Adəm İsmayıl Bakuvinin "Məhşər Divanı: yalanın 17 anı" sənədli romanı həm müəllifi bizə tanıtdı, həm də bu müəllifin tarixi həqiqətləri yorulmaz araşdırıcı kimi necə canlandırdığının şahidi olduq.

Fəlsəfə elmlər doktoru olan Adəm İsmayıl Bakuvi həm də iki bədii romanın müəllifidir. "Eşq mələyi" və "Paris üçbucağı" romanları müasir həyatımızın mənəvi-əxlaqi problemlərini əks etdirir. Müəllifin bu romanlarda yaratdığı obrazlar, təsvir etdiyi hadisələr real və inandırıcıdır, hətta o romanlarda elə məqamlarla rastlaşırıq ki, sanki bunların birbaşa naturadan "köçürüldüyü" qənaəti yaranır.

A.İ.Bakuvi öz əsərlərində - istər bədii olsun, istərsə də sənədli - həqiqət meyarına arxalanır. Bu həqiqət meyarı ona müasir həyatda, ya da tarixdə baş verən hadisələri doğru-düzgün müşahidə etməyə və bütün bunları reallıqla əks etdirməyə gətirib çıxarır.

Sənədli roman dünya ədəbiyyatındakı tanış kompozisiyanı xatırladır, günahkarların cəzalandırılması prosesini reallaşdıran Divan-Məhkəmə prosesi həyata keçirilir və ittihamlar yağdırılır. Azərbaycan televiziyasında Mövlud Süleymanlının ssenarisi üzrə "Fatehlərin divanı" tamaşası buna ən bariz misal ola bilər. Amma təbii ki, kompozisiya etibarilə eyni sxem həyata keçirilsə də, hər bir Divanın öz məxsusi məzmun-ideya istiqaməti olur.

Bu sənədli roman "Böyük Ermənistan" xülyası ilə yaşayan, bu xülyanı çox zaman həqiqətə çevirib torpaqlar zəbt edən, eləcə də "erməni genosidi" deyib göz yaşı axıdan erməni millətçilərinə qurulan Divanı əks etdirir. Müəllifin Divan qarşısında mühakimə olunan 17 müqəssirin (daha çox ola bilərdi) günahları ilə bağlı qurduğu məhkəmə prosesində təkzibedilməz faktlarla, sənədlərlə sübuta yetirilir.

Əsrlər boyu davan edən erməni millətçiliyi və onun reallaşan işğalçı niyyətləri, özgə torpaqlarını işğal etmələri, qətliamları ilə bağlı müəllifin topladığı materiallar Divanda bir-bir səsləndirir. Sənədli romanda bizim bildiyimiz və bilmədiyimiz o qədər faktlar var ki, heyrətlənməyə bilmirik. Müəllif lap qədim mənbələrə də müraciət edir ("Qobusnamə" eposu, bir sıra qədim Roma tarixçiləri və s.) və erməniliyin qədim bir bəla olduğunu sübuta yetirir. Əslində, heç sübuta ehtiyac da duymuruq. Yaşadığımız bu son otuz ildə biz bunu real şəkildə müşahidə etməmişikmi?

Hər bir mənfiliyi və onun bütün xüsusiyyətlərini sübut və dəlillərlə izah etmək üçün bütün bu mənfilikləri özündə əks etdirən "liderlər" yada düşür. Erməniliyin mahiyyətini də məhz həmin "liderlərin" fəaliyyəti müəyyən edir. Müəllif Divanda 17 "lider"in həyat və fəaliyyətini, daha doğrusu, insanlığa zidd əməllərini -terrorçuluq hərəkətlərini canlandırır. O, erməni terrorçu təşkilatlarının, partiyalarının və dərnəklərinin siyahısını təqdim edir, "Armenikan", "Hınçaq", "Daşnaksütyun", "Erməni soyqırımı ədalət komandosları", "Yeni erməni müqaviməti", "ASALA", "Erməni gizli azadlıq ordusu", "Erməni inqilab ordusu", "Erməni azadlıq cəbhəsi", "9 iyun qrupu", "Apostol" terror təşkilatı" və başqalarının türklərə yönəlik qanlı aksiyalar törətdiklərini nəzərə çarpdırır. Daha sonra 1975-2001-ci illərdə ermənilərin ayrı-ayrılıqda törətdikləri terror hərəkətləri sıralanır və doğrudan da, dəhşətə gəlirsən: bu qədər nifrət, bu qədər vəhşilik ermənilərin ətinə-qanına, sümüyünə-iliyinə necə hopa bilər? Bu suala müxtəlif əsrlərdə "Böyük Ermənistan" xülyası ilə qanlı əməllər törətmiş 17 erməninin Divanda səsləndirilən cinayətləri cavab verir. Səkkiz əsr əvvəl hazırda bütün dünyada cövlan edən erməni şovinizminin ideoloqu olmuş Vardan Araveltsin bədnam "Ümumi tarix" kitabını yazır və beləliklə, bu "kitab"dakı zəhər "Böyük Ermənistan" iddiası ilə yaşayan ermənilərin qanına, canına yeriyir. Müəllifin Divana çıxartdığı erməniləri yalnız ad və soyadlarına görə bir-birindən ayırmaq olar, lakin hamısı bir dairədə birləşir - terror, qətliam, türkə nifrət.

Stepan Zatukyan - orta məktəbi qızıl medalla bitirib ali təhsil alan bu erməni hələ tələbə ikən bir milli təşkilat yaradıb. Məqsəd nə idi? SSRİ-dən kənarda müstəqil Ermənistan yaratmaq, "Türkiyə Ermənistanı"na aid torpaqları geri almaq. Necə deyərlər: "İddiası tərlan, özü yapalaq". Qanındakı o şovinist zəhər onu dəhşətli bir qatilə çevirib. Moskvada bir qanlı terror əməliyyatı həyata keçirir, SSRİ Ali Məhkəməsi ona güllələnmə hökmü verir, amma ermənipərəst akademik Saxarovun köməyilə bəraət alır. Amma Zatukyan, eyni xislətə malik olan Stepanyan və Baqdasaryanla birgə yenə Moskvada, metroda 7 nəfərin ölümünə, 37 nəfərin isə müxtəlif dərəcədə xəsarət almasına səbəb olan partlayış törədir. Və onların üçü də güllələnir.

Harutyun Şaxrikyanın əlləri Osmanlı imperiyasında yaşayan on minlərlə türkün qanına batıb. Osmanlı təbəəsi olmuş bu şəxs tarixdə ən qatı türk düşməni olan ermənilərdən biri kimi qalıb. Mkrtıç Xrimyan - erməni apostol kilsəsinin rəhbəri - bütün erməniləri "Tarixi vətənlərinə" - Osmanlı imperiyasına qayıtmağa səsləyirdi, onu ruslar da himayə edirdilər. Amma onun mübarizəsi nəticəsiz qaldı. Yepiskop Mesrop - Divanı qurulan 17 erməni arasında o, ən az tanınsa da, erməni mitllətçiliyinin rişələnməsində, qol-budaq atmasında, "Böyük Ermənistan" xülyasının təşəkkül tapmasında, terror və işğalçı müharibə xətti tutmaqda hədsiz rolu olub. Andranik Ozanyanın - "ermənilərin ən böyük qəhrəmanlarından birinin", əslində dəhşətli qırğınların baiskarının əməlləri isə tarixin yaddaşından silinmir. 1892-ci ildə İstanbulun polis rəisini qətlə yetirən, Osmanlı ərazisində türklər əleyhinə qiyamlarda iştirak edən, uzun müddət Avropada yaşasa da, türklər əleyhinə fəaliyyəti dayanmayan, bir sıra məğlubiyyətlərindən sonra rus ordusu generalı sifətilə Azərbaycanda törədilən qətliamlarda iştirak edən, Şaumyanın vədinə görə Azərbaycan torpağının Ermənistana birləşdirilməsi yolunda qanlar tökən, Cəbrayıl və Cavanşir qəzalarında 18 kəndi yerlə-yeksan edən, amma səfərbər etdiyi 15 mindən çox erməninin Zabux dərəsində Sultan bəy tərəfindən məhvinə səbəb olan, özünün də bir qulağı kəsilən həmin bu Andranik. Daha sonra Divanda 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar zamanı Qubada azərbaycanlılarla yanaşı, dağ yəhudilərini süngüdən keçirmiş iki cinayətkar ünsür - Asatur Vaşyants və Hamazasp Srvantyants mühakimə olunur. Onlara dəstək olan isə Stepan Şaumyan idi. Bolşevik-daşnak birləşmələri təkcə Bakıda və Qubada deyil, Kürdəmir Salyan və Lənkəranda da soyqırımını davam etdirirdilər. Bəs Qaregin Njde necə? "Qaregin Njde, axır ki, sənin də zamanın yetişdi". Ona sual verilir ki, siz özünüzü kim sayırsınız? Cavabı: "Mənim özümü kim saymağımdan asılı olmayaraq, erməni xalqı məni özünün peyğəmbəri sayır". O, erməni milli ideologiyası olan tsexakronizmin banisdir. Onu indi də Ermənistanda baş qəhrəman sayır, heykəllərini ucaldırlar. Njde - erməni dilindən "qəribə adam" kimi tərcümə olunur Amma onun qəribəliyindən yox, şizofrenliyindən danışılır. Njde ilə bağlı Divanda çoxlu faktlar gətirilir: "Njde təkcə bu üç il ərzində şəxsən 400 türkü və azərbaycanlını, bolşevik rusu və bolşevik ermənini güllələmişdir. Njde Zəngəzur bölgəsində "Dağlıq Ermənistan" adlı yeni respublika qurur, onun ilk prezidenti seçilir. Amma Leninin əmri ilə qondarma dövlət ləğv edilir. Hələ II Dünya müharibəsi illəri. Njde faşist Almaniyasının tərəfində vuruşur. Təbii ki, Stalin hökuməti bunu bağışlamır və Njde 25 il həbs cəzasına məhkum edilir, həbsxanada da ömrünü başa vurur". Biz Divanda mühakimə olunan Kirk Kerkoryan, Eduaprd Qriqoryan, Kim Kardaşyan, Monte Melkonyan kimilərin əməlləri, cinayətləri barədə söz açmaq istəmirik. Bunlar da dəhşətli cinayətkarlardır. Türklərə və azərbaycanlılara qarşı qətliamlar törədən ermənilər müxtəlif peşə sahibləri olmuşlar, onların bir çoxu guya ziyalılar idi. Amma qanlarındakı mayeyi-tərkib - anadan doğulanda damarlarına yeridilən türkə nifrət zəhəri onların, hansı peşəyə sahib olurlarsa-olsunlar, bütün həyatını bu nifrət üstündə kökləyib. Hətta akademik olsa belə. Akademik Abel Ağanbekyan o zamankı SSRİ-də tanınmış iqtisadçı idi. SSRİ-nin ən ali mükafatı sayılan Lenin ordeninə layiq görülmüşdü. Özünü kosmopolit adlandıran Ağanbekyan Moskvada erməni lobbisinin ən güclü nümayəndələrindən biri idi. Məhz onun 1987-ci ilin noyabrında Parisdə Fransa erməni institutunun və erməni veteranlar assosiasiyasının təşkil etdiyi tədbirdə Qarabağ barədə söylədiyi sözlər ("Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana") o zamankı Dağlıq Qarabağda yaşayan ermənilər üçün təkan oldu.

Nəhayət, Divanda mühakimə olunan sonuncu şəxs Zori Balayandır. Azərbaycan xalqı bu adı heç vaxt unutmur və unutmayacaq. Onun "Ocaq" kitabı başdan-ayağa azərbaycanlılara nifrət, kin-küdurət hissi ilə yazılıb. Dağlıq Qarabağda yaşayan ermənilər üçün bu "Ocaq" Azərbaycana qarşı yandırılan və hər şöləsində qəzəb, nifrət alovlanan bir ocağa çevrildi. Zori Balayan o illərdə erməni millətçilərinin lideri kimi fəaliyyət göstərirdi, hətta azərbaycanlıların qətlə yetirilməsində işğtirak edirdi. O, bir söhbətində demişdi ki, "dənizdən-dənizə" Ermənistanın yaranmasını istəyir və Bakını erməni şəhəri sayır. Əlbəttə, onun yazdıqlarının və söylədiklərinin hamısı cəfəngiyat idi. Xatırlayıram ki, mərhum şairimiz Eldar Baxış Zori Balayanın bu cəfəngiyyatlarına qarşı onu ittiham edən bir şeir yazmışdı:

 

O nədir yazmısan, Zori Balayan,

Kür-Araz deyirsən, kəkələyirsən.

Xırda budaqların üstə oturub,

Böyük budaqları silkələyirsən.

Dünya nə haydadır, sən nə haydasan.

A köhnə palazı sırıyan oğlan,

İrəvan dilində xoruzlanırsan.

Moskva dilində zarıyan oğlan...

O nədir yazmısan, Zori Balayan,

"Bala" da bizimdir, "zor" da bizimdir.

Ölmək istəyirsən, gəl Qarabağa,

Kəfən də bizimdir, gor da bizimdir.

 

Görəsən, indi Zori Balayan yenə "dənizdən-dənizə Ermənistan" deyib kəkələyirmi?!

"Məhşər Divanı: yalanın 17 anı" kitabı faktlarla, təkzibedilməz məlumatlarla zəngindir və bu kitabda Azərbaycanın Qarabağ bölgəsi və xüsusilə, Xocalı ilə bağlı bir çox məlum və məlum olmayan materiallar diqqəti cəlb edir. A.İ.Bakuvinin bu kitabı erməni yalanlarının, riyakarlığının iç üzünü açan mötəbər bir mənbə kimi dəyərlidir. 

SİZƏ MARAQLI OLA BİLƏR