Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunda türkiyəli professor Yavuz Akpınarla elmi seminar

16-10-2023 [ 14:53 ] [ oxunub:177 ]
printerA+ | A-
103819

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda türkiyəli professor Yavuz Akpınarla “Türkiyədə Azərbaycan ədəbi irsinin öyrənilməsi” mövzusunda elmi seminar keçirilib.

İnstitut əməkdaşlarının iştirak etdiyi seminarı giriş sözü ilə müəssisənin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açaraq türkiyəli yazıçı, tədqiqatçı ilə görüşün əlamətdar günlərə təsadüf etdiyini bildirib. Mehman Həsənli  vurğulayıb ki, Azərbaycan “Heydər Əliyev İli”ndə və Prezident İlham Əliyevin fəaliyyətinin 20-ci ilində növbəti dəfə tarix yazıb. Şanlı Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə, Sərsəngdə ucaldılıb. O, Azərbaycan bayrağının azad olunmuş ərazilərimizdə ucaldılmasını bütün Türk dünyasında qürur və sevinc doğuran tarixi hadisə olduğunu qeyd edib. 

Professor Yavuz Akpınarı yenidən Ədəbiyyat İnstitutunda görməkdən məmnunluq duyduğunu deyən Mehman Həsənli  türkiyəli yazıçının Şuşada Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunda iştirak üçün Bakıda səfərdə olduğunu diqqətə çatdırıb.

O, Yavuz Akpınarın hələ sovet dövründə Azərbaycan ədəbiyyatı ilə bağlı apardığı araşdırmalardan bəhs edib. Bildirib ki, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin araşdırılmasında mühüm xidmətləri olan professor Yavuz Akpınar Mirzə Fətəli Axundzadənin komediyalarının, bir çox bədii əsərlərin Türkiyədə nəşrində  və üniversitetlərdə  tədqiq olunmasında böyük işlər görmüşdür.

Daha sonra türkiyəli tədqiqatçı “Türkiyədə Azərbaycan ədəbi irsinin öyrənilməsi” mövzusunda məruzə ilə çıxış edərək  Azərbaycanın tarixinə, qəzet-jurnallarına, eləcə də görkəmli ədəbiyyatçılarına dair Türkiyə mənbələrində önəmli faktların olduğunu və onların tədqiqinə zərurət yarandığını bildirib. O, gənclərə Türkiyədə Azərbaycan ədəbi irsinin öyrənilməsi ilə bağlı tədqiqatları davam etdirməyi tövsiyə edib.

Seminarda institut əməkdaşlarından Asif Rüstəmli, Abid Tahirli, Məmməd Əliyev, Fəridə Əzizova, İmamverdi Həmidov, Pərvanə Məmmədli, Salidə Şərifova, İslam Qəribli, Zəkulla Bayramlı, Tahirə Məmməd, Aslam Salmansoy da çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirib, qonağa suallar ünvanlayıblar. Həmçinin, Şimali Kiprdən gəlmiş alim Nazim Muradov da seminarın mövzusu ilə bağlı mülahizələrini səsləndirib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR