Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Adilikdən aliliyə yol gedən şair (Məmməd İsmayıl haqqında) - Aygün Bağırlı

24-06-2023 [ 09:34 ] [ oxunub:378 ]
printerA+ | A-
103581

Adından tutmuş taleyinəcən şair ömründə heç nə təsadüfi deyil. Bu mənada Məmməd İsmayılın peyğəmbər Məhəmməd və sərkərdə Şah İsmayıl Xətai ilə adaş olmasında bir qanunauyğunluq var... Məmməd İsmayıl nə peyğəmbər, nə də ki, sərkərdə oldu. Taleyin hökmü ilə o başqa yol seçdi... şair oldu, həm də böyüyündən...

Yuri Kuznetsov

Yaşamağa zaman seçdim,

Vaxtın avara yerindən.

Hansı düşüncə və fikir adamı, hansı söz adamı öz çağıyla, zamanıyla dost olub ki? Nə mənəm-mənəm deyən hökmlüləri əsərlərində əbədiləşdirən Nizami, nə dövrün möhnətlərindən başı bəlalar çəkən Füzuli, nə həqiqət üstündə, söz üstündə dərisi soyulan Nəsimi, nə yeri hökmdarın yanında olan Vaqif, nə onun çağdaşı Vidadi, nə Şəhriyar, nə Cavid Əfəndi, nə də dövrün mükafatlarına layiq görülmüş Vurğun vaxtın onlara düşmüş yerindən razılıq etməmişlər. Tarix isə bütün şikayətlərə və gileylərə fikir vermədən onlara özündə yer vermişdir. Amma zamanla dost ola bilən neçə şairin adını zaman özü silib atmışdır. Dövrün, vaxtın ağrısını çəkə bilən, onu taleyinin ağrısına çevirə bilən, bu ağrını sözə, şeirə, tarixə köçürən şairin yeri elə tarixdir. Necə ki, şair özü deyir:

Çəkib elin gözündən

Bizi yasaqlayarlar.

Bizi qovub bu gündən,

Tarixə saxlayarlar.

Bunu da Məmməd İsmayıl yazıb və şübhəsiz ki, özünə xitab edib:

Səni qürbətlərdə çürüdən zaman

Şeirinin yanından yel olub keçər.

Şeiri zamanın yelinə, tufanına, dumanına davam gətirirsə, bir hay kimi, haray kimi sabaha yol gedirsə, şairə başqa nə lazımdır?

Şeirlərinin birində:

Bu dünyaya bir yol ola,

Qayıdıb başdan gələsən

– deyən şair, görəsən, bu yolu tapsaydı, nə dəyişərdi, nəyi dəyişərdi? Bəlkə, Vətən adlı “sevgili”sini qürbətə dəyişməyi, onu qürbətə yolçu edən nədənləri dəyişərdi... Nəyi dəyişirsə dəyişsin, şeirlərindəki Məmməd İsmayılı dəyişməyəydi. Gileyli, şikayətçi kimi görünən, əslində isə qaranın içindəki bəyazı, qaranlığın içindəki işığı görməyi bacaran poetik “mən”ini dəyişməyəydi.

Bir ilahi ağ işıq

Yatır qara kömürdə...

...Qara buludların qarı ağappaq...

Ölüm ölmək deyil ki,

Vətənə qayıdışdır.

Qarada ağı görmək, qaranlığın içindəki işığı sezmək poetik “mən”in kamilliyindən, içindəki böyüklükdən və idrak işığından xəbər verir. Dünyaya bu işıqdan boylananda nədən yazsan belə əsl poeziya yaranır. Şair sözlə obrazını yaratdığı predmetlə (bu, ağac, ay, günəş, bir yarpaq da ola bilər) əslində öz obrazını yaradır. Hər şeirdə bir hərf, bir ştrix, bir cizgi qədər, bəzən isə bir şeir boyda görünən şair bütün yaradıcılığında tam öz portretini çəkmiş olur. Məsələn:

İçindən çıxardığı alov şamı əridir,

Əzabın işığında

qaranlıqlar görüşür...

yaxud

Şam yanar, qaranlığın

qanını qaraltmağa

– kimi misralarda şair, zənnimcə, təkcə şamın taleyini təsvir etməmişdir.

Çoxdan yıxılardı quruyan ağac,

Bilir budağında quş yuvası var.

Budağındakı quş yuvasının xətrinə ayaqda durmağa məcbur olanların, artıq özü üçün deyil, özgəsi üçün yaşayanların, ona ümid edənlərin ümidi üçün var olanların şeiridir Məmməd İsmayılın bu şeiri.

Sabahı doğudan boylanan günəş,

Axşamı baxtına batıdan baxır.

Bu lövhə də içdəndir, təkcə “baxtına batıdan baxan” günəşin portreti deyil.

“Sisli payız gecəsinə bənzəyir halım” – bu misra təkcə o şeirin yazıldığı məqamın, həmin günün ovqatını əks etdirmir. Bu misra mübariz və inadkar ruhuna, cəsarətinə baxmayaraq Məmməd İsmayılın poeziyamızdakı görüntüsüdür. Şeirlərinin, misralarının arasında şairin bu “sisli payız” ovqatının səbəbini axtarmağa, incələməyə çalışdıq, əslində axtarmağa, dərindən incələməyə ehtiyac da yoxdur, hər şey üzdədir. Ən əvvəl ağır müharibə illəri, yaddaşında bir ata şəklinin həkk oluna bilməyəcəyi qədər kiçikkən atasız qalmaq, çox sonralar “yetimlik yetirsə şair yetirər”, “yetimlik yetmişə yetməz” – kimi misraları yazdıran illər. Üzünü az gördüyündən, onun üçün darıxmağından şikayətlənən qızına xitabən –

Sən uşaqsan, Allah sənə daha yaxın,

Yerini mənə də de.

İçindən ata səsi gələn telefon dəstəyini

gedib mən hardan alım?!

– sualı. Müharibənin qana hopmuş, iliyə işləmiş, əzablardan, çətinliklərdən doğan qorxusu. Bu qorxu müharibədən çox illər sonra – şairin 70-ci illərdə dünyaya gələn övladlarına belə sirayət edir:

Bu qəmin sirrini di gəl başa düş,

Başları oyuna qarışmır nədən,

Dünyanın toyuna qarışmır nədən...

... O qorxu keçdimi mənim qanımdan, –

Qızlarım qorxurlar müharibədən.

Şairin sonradan həyatdakı uğurları belə onu “sisli payız” ovqatından ayıra bilmir. O taylı, bu taylı Azərbaycanı, Türk dünyasını bütöv görmək istərkən növbəti milli faciələrimiz, yenidən itirilmiş torpaqlar, daha sonra başa düşülməmək dərdi, qürbət həyatı, güvəndiyi insanların vəfasızlığı və kövrək, payız buludu kimi dolmuş lirik “mən”. Məmməd İsmayıl payızın onun qəlbi kimi “dodağı çatlayan nar”ından , “payız budağından qış qucağına düşən” yarpağından, dağ başını alan dumanından yazsa da, bu fəsil onun üçün daha çox təbiətin düşüncəli, duyğulu dövrü olduğu üçün doğmadır.

Məəttəl qalıbdı yazdığım yazı,

Qatıb bir-birinə dumanı, çəni,

Yazın qurağından sonra bu qədər

İliyə işləyən bir düşüncəni,

Gəlib kimdən alır payız havası?

Dünyanın çox üzünü, bəlkə də hər üzünü görəndən, onu tanıyandan sonra

Gəldim, bu dünyanın toruna düşdüm,

Nə uzaq anladı, nə yaxın məni,

Buraxın məni.

... Bu dünya qəfəsmiş, – dünya qəfəsdən, –

Buraxın məni

– nidası, harayı bizim üçün Məmməd İsmayıl dünyasını açır.

Şairin sonu suallı misraları var. Müdrik yaşın, şair xəyalının, müxtəlif ovqatın sualları. Bu sualların azı oxucuya, çoxu Yaradana yönəlib.

Bu yurddan o yurda bir ayrı yol yox,

Tanrım, gərək elə ölüb gedəsən?..

Nədən dağlananda ney olur qamış,

Niyə fəryad edir dəfin dərisi?..

Mənə yol göstərməyə göndərdin dərdi bəlkə?..

Bulaq təmizliyi qalırmı görən,

Dəniz girdabına düşən çayların?..

Eşqim hər ürəyə düşən açarmı?

Soyuq qapıları açsam, açarmı?..

Tabutumun taxtası,

Boylanır hansı dağdan?

Qüsul suyum yol gəlir,

Görən hansı bulaqdan?..

Məmməd İsmayılın şeirlərində yol sözü, yol anlayışı ən çox işlənən kəlmələrdəndir. Bu yol çox az misrada sakit bir mənzilə gedib çıxır. Daha çox:

Bu cığırın bir ucu uzanıb ya ölümə, ya da

Allaha çıxar!

Şairdən başlayan yollar var, şairə yol alan yollar var. Baxmayaraq ki, şair bu dünyaya gələn yolların yox, gedən yolların onun olduğu fikrindədir. Amma biz bununla razılaşmırıq. Şairin hansısa bəndindən, misrasından qanadlanan fikir səni elə şairin dünyasına aparır.

İkiyə haçalanar yol darıxdığı yerdən...

Məmməd İsmayılın da yolu haçalanır. Darıxanda, sıxılanda haçalanır. Bir şair yolu, bir xoca yolu, bir də bəndə yoluna. Bütün bu yolların sonu eyni dayanacağa – Allaha gedib çıxır. Bu yolun ilk başı adilik idisə, son duracağı alilikdir.

Məmməd İsmayılın, vətənə həsr etdiyi şeirləri bir silsilə təşkil edir deməyəcəyik. Çünki Məmməd İsmayılın elə bir şeiri yoxdur ki, orada vətən sevgisi, vətən həsrəti boy verməmiş olsun. Şair sevgidən yazanda da, təbiətdən yazanda da misraların sonu gəlib məmləkət sevgisinə söykənir. Məmməd İsmayıl hətta düşünür ki, bəlkə uşaqlıq illəri insan ömrünün vətənidir. Həmişə xatırlamağa can atdığın, düşünəndə kövrək və ilıq duyğular yaşadığın uşaqlıq illəri, Məmməd İsmayılın vətən sevgisi sevda biçimindədi, “tanrısal hiss”dir, içindəki sızıltıdır, bir az yanğılı, bir az duyğuludur.

Gedərsən məchula, yol gedər gedən,

Qürbət, bir açılmaz sirdən başlayar.

Burnunun ucunu göynədən vətən

Yadına düşdüyü yerdən başlayar.

Gedərsən, vətənin qalar vətəndə,

İçinin içində köz, vətən olar.

Dərdinə, sərinə vətənsən sən də,

Qürbətdə sənə də söz, vətən olar.

Özü heç, sözünü unutma, vətən,

Hələlik könlünün bir yerinə yaz:

Onu sənin kimi atıb tərk edən,

Səni onun kimi sevən tapılmaz...

Məmməd İsmayıl üçün Vətən təkcə o taylı, bu taylı Azərbaycanın sərhədləri ilə əhatələnməyib. Onun üçün Vətən türkün məskəni olan hər yerdir. Məmməd İsmayıl üçün Vətən Batı-Doğu arasındakı körpüdür, Anadoludur, Qarabağdır, Kərkükdür, Kıbrısdır. Vətən Məmməd İsmayıl üçün “canının çəkdiyi yer”dir. Şairə həmişə canının çəkdiyi yerdə olmağı, “budağındakı quş yuvası”nı unutmamağı arzulayırıq.

SİZƏ MARAQLI OLA BİLƏR