Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Yeddi gün Əhməd bəy Ağaoğlu irsinin izi ilə - Abid Tahirli

16-06-2023 [ 11:00 ] [ oxunub:597 ]
printerA+ | A-
103529

2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət  paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında" 06 dekabr 2022-ci il tarixli Sərəncam  imzalamışdır. Həmin Sərəncamın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 7 fevral 2023-cü ildə "Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nı təsdiq etmişdir. Tədbirlər Planının 15-ci maddəsinə əsasən, Azərbaycan MEA aidiyyatı qurumlarla birgə 19 oktyabr 2023-cü ildə Şuşa şəhərində "Əhməd Ağaoğlu və Türk dünyası" mövzusunda Beynəlxalq elmi konfransın  keçirilməsi nəzərdə tutulmuşdur.

Konfransa hazırlıq məqsədi ilə 8 may 2023-cü ildə Azərbaycan MEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda təşkilat komitəsinin geniş yığıncağı keçirilmişdr. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli indiki dövrdə "Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət  paytaxtı" elan edilməsinin xüsusi əhəmiyyət daşıdığını, milli-mənəvi irsimizin və tarixi-mədəni ənənələrimizin dünyaya daha geniş miqyasda çatdırılması, tanıdılması, təbliği işinə təkan verəcəyini və tədbir çərçivəsində "Əhməd Ağaoğlu və Türk dünyası" mövzusunda Beynəlxalq elmi konfransın keçirilməsinin böyük məna kəsb etdiyini diqqətə çatdırmışdır. Çıxışçılar tədbirin yüksək səviyyədə keçirilməsi ilə bağlı konkret təkliflər irəli sürmüş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, Təşkilat Komitəsi sədrinin müavini filologiya elmləri doktoru, dosent  Nikpur Cabbarlı tədbirə  hazırlıq çərçivəsində şöbədə görülən işlər, müzakirələr zamanı səsləndirilən təkliflər barədə məlumat vermiş, konfransın  problematikası, işçi dilləri, tədbirə qatılma şərtləri, özət və tam mətnin təqdim edilməsi, qiymətləndirilməsi və digər qaydalarla bağlı fikirlərini bölüşmüşdür... 

Həmin iclasdan iki həftə sonra beynəlxalq tədbirə hazırlıq,  Azərbaycanın və Türkiyənin ictimai-siyasi, ədəbi mədəni həyatında tarixi rol oynamış yazıçı, publisist, dövlət  xadimi Əhməd bəy Ağaoğlunun həyatı və fəaliyyəti ilə bağlı materialların toplanılması məqsədi ilə yeddi gün müddətinə (21-27 may) Ankara şəhərinə ezam olunduq, Ə.Ağaoğlu irsi haqqında ilk məxəzlərdən sənədləri toplamağa çalışdıq. Türkiyə Böyük Millət Məclisinin kitabxana və arxivində, Milli Kitabxanada, Qurtuluş və Cümhuriyyət muzeylərində, Türkiyə Hava Qurumunda, Tükiyə Hava Qurumu Muzeyində, Türkiyə Müdafiə Nazirliyinin Əsgəri Tarix və Arxiv Müdirliyində, Görsəl Yapım Mərkəzində araşdırmalar apardıq, etiraf edim ki, ezamiyyət səmərəli, nəticələr gözlədiyimizdən daha çox və qiymətli oldu. Belə ki, biz ilk dəfə Ə.Ağaoğlunun redaktorluğu ilə nəşr olunan "Akın" qəzetinin dəstinin, Əhməd bəyin redaktoru olduğu, yaxud sıx əməkdaşlıq etdiyi "Hakimiyyəti-milliyyə", "Sirati-müstəqim", "Tərcümani-həqiqət", "Son posta", "Cümhuriyyət" qəzetlərinin ayrı-ayrı nömrələrinin PDF-ni əldə etdik və İnstituta gətirdik. Güman edirəm ki, Türkiyənin ictimai-siyasi, ədəbi-mədəni həyatında müəyyən iz qoymuş "Cümhuriyyət" muzeyində nümayiş etdirilən Səməd Ağaoğlunun millət vəkili kimi geydiyi paltarların fotoları da müəyyən maraq doğuracaq.

Ezamiyyət müddətində Nağı Şeyxzamanlının və Məhəmməd Altunbayın həyatı və yaradıcılığı ilə əlaqəli yeni materialların da üzə çıxarılmasına təşəbbüs göstərdik. Nəticədə Nağı Şeyxzamanlının "Biz və onlar" əsərinin 1934-cü, "Dərdləşmə" əsərinin 1963-cü, "Azərbaycan istiqlal mücadiləsinin xatirələri"nin 1964 və 1998-ci il nəşrlərinin, "Azərbaycan", "Türk birliyi" nəşrlərində dərc olunmuş beş məqaləsinin PDF-ni əldə etdik. Bütün səylərimizə rəğmən Məhəmməd Altunbayın ssenarisi əsasında ekranlaşdırılmış "501 nömrəli hücrə" adlı filmindən başqa müəlliflə bağlı heç bir materiala rast gəlinmədi.

Əhməd Ağaoğlunun Malta sürgünündən ailə üzvlərinə ünvanladığı 137 məktubun orijinaldan surətini çıxardıq. Bundan xeyli əvvəl - 2015-ci ildə Milli Arxiv İdarəsinin əməkdaşı Anar  Mirəliyev ilə İstanbuldan həmin silsilədən olan 24 məktubu və çox sayda digər sənədləri Ə.Ağaoğlunun nəvəsi Təkdaş Ağaoğlundan almış və Milli Arxiv İdarəsinə təhvil vermişdik. Həmin sənədlər Azərbaycan Respublikası Dövlət Tarix Arxivində Ə.Ağaoğluna məxsus 1046 nömrəli şəxsi fondda mühafizə olunur. Yeri gəlmişkən qeyd edək ki, İstanbuldan gətirdiyimiz sənədlər əsasında yaradılmış həmin fondda Malta məktubları ilə yanaşı  Ə.Ağaoğlunun qızı Sürəyya və oğlu Səmədə ünvanladığı daha 8 məktub, ədibin 1017-1937-ci illər ərzində Azərbaycan, türk, fars dillərində  "Tərcümani-həqiqət", "Press du Soir", "İkdam", "İki gün", "İstiqlal", "Vatan", "Hakimiyyəti-milliye", "Tofhidi əfkar", "Akşam", "Tanin", "Cümhuriyyet", "Akın", "Milliyet", "Son posta", "Yılmaz", "Cigər", "Tan", "Siyasi ilimler", "Hadisat", "İleri" kimi dövrü nəşrlərdə yazdığı məqalələr, xatirələr, müxtəlif qəzet, qəzet kəsikləri və s. mühafizə olunur.

Həmin sənədlər arasında Əhməd bəyin Malta sürgünündən yazdığı  şəxsi, ailə mənşəli məktublarda bu gün mühüm tarixi və ictimai əhəmiyyət kəsb edir. Odur ki, bir-iki nümunə gətirməklə sürgün məktubları haqqında bir qədər ətraflı danışmağı məqsədəuyğun hesab edirik. 23 fevral 1920-ci tarixli məktubunda doğmalarından hal-əhval tutur, bir şirin yuxusunu danışır və məktubunu belə bitirir: "Beni hiç düşünmeyiniz. Filhakika (doğrusu - T.A.) hayatımız pek yeknesaktır, fakat katiyen melal-aver (sıxıntılı - T.A.) değildir. Allah memleket ve milletimizin akıbetini iyi etsin. Bu acılar unutulur. İnşallah, işlerin de yoluna girdiği hiss olunuyor. Artık hakkın tecellisi yüzü görünmeye başladı. Biraz daha sabır... Benden bütün dost ve arkadaşlara, amca-zadelere selam... Cümlenizin gözlerinden öperim. Ahmed".  Başqa bir məktubunda (10 mart 1920) "Kafkasya'dan haber alıyor musunuz? Oranın hali nasıldır?" - deyə sürgün həyatının ağırlığını, sıxıntılarını unudaraq Vətən həsrətini dilə gətirir.  Ə.Ağaoğlu Sitarə və Humaya ünvanladığı 10 mart 1920-ci il tarixli məktubunda yalnız özünü yox, sürgün yoldaşlarının taleyindən də nigaran qaldığını dilə gətirir, eyni zamanda acı günlərin bitəcəyini də inamla bildirir. O, Malta valisinin ilk dəfə sürgündəkiləri ziyarət etdiyini, bizlərin halını hörmətlə soruşduğunu qeyd edir, yazır ki, biz yine eskisi gibi okuyor, yazıyor, konuşuyor; bahçede geziniyor ve yatıyoruz. Hep aynı adamlar, aynı simalar, aynı sohbetler... Yalnız gazeteler ve ajanslar geldiği günler ve bir de posta ziyaretleri her şeyi değiştiriyor. Bir hareket, faaliyet, git geliş hasıl oluyor. Aldığımız haberleri  31 yekdiğerimize verir, onlar hakkında mübadele-i efkar ederiz. Bazen pek memnun, bazen de pek mağmum ve mükedder oluyoruz. Ve böylece günler, haftalar, aylar gelip geçiyor. Harp bitti. Bütün muharipler, bütün askerler, bütün kumandanlar, bütün hükümet adamları yerlerine avdet ettiler. Yalnız biz buradaki elli-altmış Türkler - ki Mütareke'den birkaç ay sonra evlerinden alınmışlardır - hala da burada oturuyorlar. Sanki bütün cihanın bütün muharebelerine sebep bunlar imiş! İnsan işin bu tarafını düşünürken talihe küseceği geliyor. Fakat emin olunuz ki, bana bu satırları yazdıran ne teessürdür ve ne de keder... Zulüm ve cefa ne kadar ziyade olursa o kadar mütelezziz oluyorum. Çünkü o nispette kendi nazarımda yükseliyorum. Siz de bunu böyle bilerek tahammül ve sabrediniz. Hesap günleri geldiği zaman kızaracak yüz olmayacağız". Göründüyü kimi, Ə.Ağaoğlunun sürgün məktublarının məzmunu, mahiyyəti  yalnız onun ailə münasibətləri ilə məhdudlanmır, həm müəllifin öz xarakteri, əqidəsi, yaradıcılıq üslubu haqqında kifayət qədər təəssürat yaradır, həm də onun əhatə edən mühit, sürgün həyatı və ünsiyyətdə olduğu şəxsiyyətlər barədə əhatəli məlumat əldə etməyə imkan verir.

Yeri gəlmişkən qeyd edək ki, haqqında bəhs etdiyimiz Malta məktublarının üzə çıxarılmasından 6 il sonra  araşdırmaçı doç.dr.Ömər Erdən Ə.Ağaoğlunun doğmalarına ünvanladığı daha 137 məktubu Ankaradakı "Cümhuriyyət" muzeyindən əldə etmiş və latın əlifbasına transliterasiya edərək kitab şəklində buraxdırmışdır ("Malta sürgünlüğünden gözümün nurlarına mektuplar" Əhməd Ağaoğlu. "Türkiye Bankası Kültür Yayınları", 2021, İstanbul). Biz Ömər Erdənin fədakarlıq və böyük zəhmət sayəsində ərsəyə gətirdiyi bu kitabı yüksək dəyərləndirir, eyni zamanda qeyd etməyi lazım bilirik ki, tədqiqatçı transliterasiya ilə kifayətlənmiş, məktubları, orada sadalanan adları, hadisə və tarixləri şərh, izah etməmişdir. Digər tərəfdən isə kitaba əvvəlki 24 məktub daxil edilmədiyindən xronoloji ardıcıllıq pozulmuş, bununla da məktublar arasında əlaqələr itmişdir. Məktubların ardıcıllıqla sıralanması toxunulan mövzu və fikirlərin düzgün şərhinə də yardımçı olur. Əgər bir məktub buraxılırsa, bir qədər də dəqiqləşdirsək, nəzərdən qaçırılarsa, o zaman ondan əvvəlki və sonrakı arasında əlaqə təbii ki, pozulur. Məs., adı çəkilən kitabda Ə.Ağaoğlunun 14 may 1920-ci il tarixli  məktubundan sonra 20 may tarixli məktubu verilmişdir. Kitabda 17 may 1920-ci il tarixli məktub verilmədiyindən yazışmalar arasında əlaqə itir və oxucuda müəyyən suallar doğurur.  Maraqlı olacağını nəzərə alıb həmin məktuba da diqqəti çəkirik. "Yine iki haftadır ki, sizden mektup alamadım. Hiç şüphe etmiyorum ki bizim mektuplar ile de ara sıra size karşı aynı muameleyi reva görüyorlar. Bundan maksat acaba nedir? Acaba ruhen ve manen bizi iz'ac etmek midir? Haksız yere bir buçuk seneden beri ailemden, vatanımdan, hürriyetimden mahrum edilerek hatta askeri mahkemede bile muhakeme edilmemi sekiz kere en yüksek yerlere yazarak talep ettiğim ve hiçbir cevaba nail olmadığım halde bu gibi na-reva muamelelere - ki hiçbir kavaid-i insaniye ile kabil-i telif addolunamaz maruz kalmamız neden? Eğer maksat bizi manen yıprandırmak ise bittabi bu maksada nail olunamaz. Zira bizim de güvendiğimiz, sığındığımız bir hak, bir adalet-i aliye vardır. İnşallah o adalet, o hak bir gün yerini bulur. Ona kadar siz ve ben sabır ve tahammül etmekle mükellefiz. İstanbul'dan aldığım haberler, sizin ne kadar müşkülat ve sıkıntılar içinde çırpındıklarınızı tasavvur etmeme kafidir. Ben vaziyetin bu kısmını düşündükçe çıldıracağım geliyor. Nasıl geçiniyorsunuz, ne yapıyorsunuz?" Yuxarıda deyilənləri nəzərə alaraq, Azərbaycan MEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsindəki müzakirələrdən sonra Ə.Ağaoğlunun Malta sürgünündən göndərdiyi bütün məktubların transliterasiya edilərək şərh, qeyd və izahlarla nəşr olunması məqsədəuyğun hesab olunmuşdur. Odur ki, biz Ə.Ağaoğlunun  "Cümhuriyyət" muzeyində saxlanılan məktublarının surətini çıxardıq və İnstituta təhvil verdik.

Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi və "Türk dünyasının mədəniyyət  paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarından, Böyük Zəfərdən sonra ədibin həyatı və yaradıcılığının tədqiqinə maraq daha da artmışdır. Fikrimizcə, Ankara səfəri zamanı Ə.Ağaoğlu irsi ilə bağlı əldə olunan materiallar araşdırmaların daha səmərəli və faydalı olacağına yardım edəcəkdir. 

SİZƏ MARAQLI OLA BİLƏR