Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

"Yeni ədəbiyyatı tanıdaq" layihəsində müzakirə

29-02-2024 [ 10:57 ] [ oxunub:229 ]
printerA+ | A-
104291

Fevralın 15-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsi və "Ədəbiyyat qəzeti"nin birgə "Yeni ədəbiyyatı tanıdaq" layihəsi çərçivəsində ədəbi müzakirə keçirilib. Müzakirəyə çıxarılan ilk əsər Orxan Həsəninin "Və dalğalandı yaddaş tarlası" romanı olub. Müzakirə mətnini ixtisarla oxuculara təqdim edirik.

Müzakirədə İnstitutun elmi işlər üzrə direktor müavini Mehman Həsənli; şöbə müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu; şöbənin əməkdaşları - aparıcı elmi işçilər, filologiya üzrə fəlsəfə doktorları Lalə Həsənova, Mətanət Vahid (moderator); böyük elmi işçi Mənzər Niyarlı; doktorantlar Hənifə Səlifova, Səbirə Müzəffərli; "525-ci qəzet"in Mədəniyyət şöbəsinin müdiri, yazıçı-publisist Nadir Yalçın; yazıçı-tənqidçi Əli Novruzov və romanın müəllifi yazıçı Orxan Həsəni iştirak ediblər.

Tehran Əlişanoğlu: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsi yeni layihəsinə start verir. Düzdür, bu elə bizim daimi işimizdir, amma zaman-zaman həm də belə müzakirələr keçiririk ki, bilavasitə ədəbiyyatı yaradanlarla bu ədəbiyyatı öyrənənlər, cəmiyyətə çatdıranlar arasında bir təmas yaransın. Onu da deyim ki, bu yeni layihəni şöbəmizin gənc əməkdaşları irəli sürdülər və mən də bu təşəbbüsü dəstəklədim. Qərara gəldim ki, yeni ədəbiyyatı yaradanlar zaman etibarilə gənclərdir, ona görə də gənc ədəbiyyatdan başlayaq. Yeri gəldikcə yeni ədəbiyyat vurğusu altına düşən başqa əsərləri də layihəmizə cəlb edə bilərik. İnanıram ki, bugünkü start uğurlu olacaq və davamında öz nəticələrini verəcək. Bu şöbədə bizim əsas məqsədimiz hər zaman yeni ədəbiyyatı görmək, tanımaq və tanıtmaqdır. Bu layihə də həmin işin bir başqa formada davamıdır.

Mehman Həsənli: Əvvəllər də Tehran müəllimin rəhbərliyi ilə bu şöbənin belə müzakirə layihələri olub. İndi fokusun gənclər üzərinə olması çox yaxşıdır. Çünki gənclik daha çox diqqət istəyir. Biz bir müddət öncə belə bir eksperiment etdik: Çingiz Aytmatovun yubileyi gəlirdi və heç bir tədbir hazırlamamışdıq. Bir əsərini götürdük və gənclərlə onu müxtəlif aspektlərdən təhlil edərək müzakirəyə çıxardıq. Sonra gördük bəzi gənc müəlliflər buna etiraz edir ki, bəs biz gənclərdən nə vaxt danışılacaq? Hətta "Aytmatov sovet yazıçısıdır, niyə ondan danışırsınız?" deyənlər də oldu. Biz əlbəttə, bu etirazın içərisindəki məğzi başa düşdük, gənclik istəyir ki, onlardan danışılsın. Yəni bunun onların inkişafı, püxtələşməsi üçün faydalı olduğunu bilirlər, onar da istəyirlər ki, cəmiyyət tərəfindən tanınsınlar, hətta ölkə xaricində bilinsinlər. Mən inanıram ki, bu müzakirələr yeni ədəbiyyatın dialoq müstəvisində tanıdılması baxımından əhəmiyyətlidir. Təbii ki, bu işin içərisində "Ədəbiyyta qəzeti"nin olması...

Tehran Əlişanoğlu: Mən unutdum deməyi, bu, "Ədəbiyyat qəzeti" ilə birgə layihəmizdir və burada körpü rolunu Mətanət xanım oynayır. Bilirsiniz ki, həm də "Ədəbiyyat qəzeti"nin əməkdaşıdır. Bu məclislərimizdə qəzetdən kiminsə olub-olmamasından asılı olmayaraq "Ədəbiyyat qəzeti" həmişə bizimlədir və bu müzakirələrin işıqlandırılmasının da arxasında duracaq.

Mehman Həsənli: Bu çox yaxşıdır ki, istər qəzet, istər qəzetin saytı vasitəsilə bu müzakirənin divarların arasından çıxmasına da vasitə olacaq. Mən sizə işinizdə uğurlar arzulayıram. Üzrlü sayın ki, bizim tədbirimiz var və bu gün tam iştirak edə bilmirəm. Amma növbəti müzakirələrdə sonadək iştirak edəcəyimə də söz verirəm.

Mətanət Vahid: Mehman müəllim də qeyd etdiyi kimi, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində əvvəllər də ədəbi müzakirələr keçirilib - iki dəfə fasilələrlə. Sonuncu dəfə pandemiya səbəbilə yarımçıq qalıb. Amma hazırkı yeni layihəmiz həmin müzakirələrin davamı deyil, bir növ, yeni mərhələsidir. Burada fokuslandığımız məram məhz yeni ədəbiyyatı tanıtmaqdır. Bizim diqqət yetirdiyimiz müəllifdən çox, mətndir. Hətta mənə neçə nəfər sual verdi ki, müəllifi dəvət etmisinizmi? Mənsə heç müəllifi şəxsən tanımadığımı və dəvət də etmədiyimizi dedim. Dəvətimiz ümumidir; qəzetimizdən və saytlardan elan etmişik, sağ olsunlar, digər saytlar da dəstək olub elanımızı paylaşdılar. Bizə çox xoşdur ki, layihəmiz maraq doğurub, qonaqlarımızla yanaşı, müəllif də gəlib. Amma ümid edirəm, müəllifin burada iştirakı fikirlərin obyektivliyinə təsir etməyəcək. Layihəmizin bu şöbədəki öncəki müzakirələrdən bir fərqi də qeyd olunduğu kimi, "Ədəbiyyat qəzeti" ilə müştərəkliyidir. Təklif etdim, Azər müəllim, sağ olsun, dərhal razılıq verdi və çox yaxşıdır ki, bu vəsilə ilə müzakirələrimiz mətbuatın yaddaşına köçəcək. İlk müzakirəmiz olduğu üçün uzun bir giriş etdik. Beləliklə, başlayaq. Adından da göründüyü kimi, "Və dalğalandı yaddaş tarlası" romanının əsas mövzusu yaddaş və xatirədir. İlk roman təcrübəsi üçün kifayət qədər ağır bir mövzu seçimidir. Müəllif yaddaş romanı yazmağa nə dərəcədə nail olub? Tehran müəllim, ilk təəssüratlarınız nədir roman haqqında?

Tehran Əlişanoğlu: Biz artıq peşəkar oxucularıq, ona görə də hər hansı bir əsəri ədəbiyyat kontekstində oxuyuruq. Müəllifin bundan öncəki "Füzulinin dişi" kitabı və bir çox hekayələrindən xəbərdaram. İlk roman cəhdi, mövzusu olaraq tələbə həyatı mənə maraqlı gəldi. 2000-ci illərin lap əvvəlinə qayıtsaq, bizdə roman janrı baxımından bir sakitlik yaranmışdı və hətta yadımdadır ki, "Press-fakt" qəzetində bununla bağlı "Roman yazısı" adlı bir məqalə yazmışdım. Sözüm də bu idi ki, hər nəslin yazıçıları roman yazmasa, o nəsil yaddaşlarda qalmır. Bu baxımdan yaxşıdır ki, müəllif janr olaraq roman yazmağı seçib. Və sevindim ki, müzakirə üçün elə bir mətn seçmişik ki,  ətrafında bir çox məsələlərdən söhbət aça bilərik.

Mətanət Vahid: Əsər bir yaddaş romanı olaraq alınıbmı? Məsələn, Tehran müəllim belə bir ifadə işlətdi: "roman cəhdi". Bu roman alınmayıb deməkdir, yoxsa?..

Lalə Həsənova: Mən, düzü, maraqla oxudum romanı. 10-15 il əvvəl postmodernizmə böyük maraq vardı və hamı postmodernist olmaq istəyirdi. Amma mən sonuncu məruzələrimdən birində qeyd etdim ki, postmodernizm bizdə artıq bitir, çünki Ağayar Şərifgil hamısı başladılar postmodernizmə, sonradan qarışdılar realizmin modefikasiyalarına. Son olaraq Mübariz Örən maraqlı bir nasir kimi mənim yadımdadır. Ona görə də bu romanı oxuyanda, düzü, mənə maraqlı gəldi. Mən elə bilirdim, bizdə artıq bu mərhələ bitib. Həm məncə, postmodernizmə maraq itdikcə bizdə eksperimentlərə də maraq itir. Mənimçün ədəbiyyatda ən ağrılı məqam təkrardır. Hər bir eksperimet maraqlıdır və irəliyə addımdır, burada nəsə bir nailiyyət olacaq. Əsas odur ki, təkrarın üzərində dayanmayaq. "Və dalğalandı yaddaş tarlası" romanına gəlincə, postmodern roman olaraq qəbul edirəm. Adətən, postmodern poetikanı qoyub işləyə bilmirik, ağırlığının altından çıxa bilmirik. Mən indi bu romanı ən yaxşı nümunələrlə müqayisə etmək fikrində deyiləm. Amma maraqlı məqam budur ki, müəllif postmodern poetikanı götürüb sona kimi onun üzərində gedə bilib; roman haçalanmır, bütövdür - birinci hissə ilə, ikinci hissə bir-birini tamamlayır. Romanı oxuyanda ilk nəzərə çarpan oyun konsepsiyasıdır. Məsələn, oradakı detektiv süjet xəttini biz roman boyu aradıq. Amma əsər oxucunu yayındırmağı bacarır. Sonda gəlib çıxır məhəbbət üçbucağına. Və burada psixoloji nəsr ənənələri güclüdür. Hamı oyun oynayır: Rüfətlə Aniyənin, Nika ilə Seymurun münasibətlərində də hamı oyun oynayır və bu konsept axıra kimi davam edir.

Mətanət Vahid: Lalə xanım mətni postmodern roman olaraq qiymətləndirdi və təəssüratlarının yüksək olduğunu qeyd etdi. Amma mən dünən internetdə axtarış verdim ki, görək romanla bağlı bizdən əvvəl nə deyiblər. Məsələn, Cavid Ramazanov romana realist mətn kimi yanaşır və yazır ki, "Və dalğalandı yaddaş tarlası"nda obrazlar cansız-cəsədsizdir, bizdə belə tələbə, belə tələbə həyatı yoxdur, roman inandırıcı deyil. Yəni gəlirik reseptiv estetika məsələsinə ki, əsəri çözmək ona necə yanaşmaqdan asılı olur.

Lalə Həsənova: Bir şeyi qeyd etmək istəyirəm ki, biz bu tip ədəbiyyatı qavramağa hazır deyilik. Belə mətnlər bir az hazırlıqlı oxucu tələb edir. Bu da ona gətirir ki, postmodernizmin bizə yeni gəldiyi vaxtlar, məsələn, Kamal müəllimin romanlarını hətta dissertasiyalarda adi tarixi roman kimi təhlil edirdilər və uğursuz nəticəyə gəlirdilər. Deyirlər ki, gəlin ədəbiyyatımızı izmlərə bölməyək. Bölməsək, əsəri necə başa düşərik?! Ənənəvi təhlil sistemindən çıxmadan istiqaməti düz götürə bilmərik.

Tehran Əlişanoğlu: Gəlin biz izmləri çözmədən mətni elə roman kimi başa düşək. Bizi o reseptiv tənqiddə birləşdirən nədir? - romanın özü. Əgər bu mətn roman kimi alınmasa, onun üstünə min dənə açar qoysaq da, çözülməyəcək. Sizin üçün bu mətnə postmodernizm açar olub, amma biz realist roman kimi yanaşa bilərik. Köhnə kateqoriyalarla yeniləri yanaşı gətirmək də olar, bunların arasında bir bağ var axı - ədəbiyyatın sütunu mətnin özüdür. İcazə verin, biz bunu realist roman kimi oxuyaq.

Səbirə Müzəffərli: Əsər detektiv əhvalatla başladığına görə sona kimi mən də bu süjetin davamını gözlədim. Amma gedişatda roman bizi bir oyunun içərisinə çəkdi. Əsərdə müxtəlif nəsr texnikalarından istifadə mənə əyləncəli gəldi. Bu vaxta kimi mən əsər oxuyanda müəllifin mesajını axtarırdım, amma bu, bəlkə də ilk əsərdir ki, mən ona sırf strukturalist yanaşdım. Müəllifin istifadə etdiyi detallar, onlarla nə demək istəməsi mənə maraqlı oldu. Məsələn, niyə müəllif məhz qırmızı ketaları vurğulayıb, niyə sarı şarfı qabardıb və s. detallar diqqətimi çəkdi. Bu roman mənə rəngli kərpiclərdən hörülmüş binanı xatırladır, kərpicləri bir-bir götürüb hər birinin mənasını açmağa çalışdım.

Mətanət Vahid: Romanın adından, ilk səhifəsindən tutmuş sona qədər müəllif sanki əsərin mövzusunun unudulacağı qorxusu ilə az qala, hər səhifədə və bəzən bir səhifədə bir neçə dəfə "yaddaş, xatirə, xatırlamaq" sözlərini təkrar edir. Sanki müəllif oxucusuna inanmır, onun mətni anlaya biləcəyinə etibar etmir, fikirləşir, oxucu anlamayacaq ki, mən Marsel Prustun "İtirilmiş zamanın sorağında" romanı kimi, Nikolas Sparksın "Yaddaş gündəliyi" kimi və s. bir xatirə romanı yazmaq istəyirəm və buna görə təkrar-təkrar vurğulamaqla mövzunu göz önündə tutmağa çalışır ki, diqqətinizi başqa yerə yayındırmayın, bütün bu oyunlar məhz yaddaşa vurğu etmək üçündür. Hətta romanın  "...və dalğalandı yaddaş tarlası" cümləsi ilə bitməsi məhz romanın adını "doğrultmaq" üçün istifadə olunub, amma romanın adını məzmun doğurmalıdır.

Tehran Əlişanoğlu: Reseptiv tənqid deyir ki, hər oxucu mətni təzədən yazır. Lalə xanım mətni postmodernist roman kimi oxuyub, biz də realist roman kimi. Bu, qətiyyən Lalə xanımın mövqeyini rədd etmək üçün deyil. Sizin sözünüzün qüvvəti, əsərdə eyni sözlərə təkrar vurğuları ki qeyd etdiniz, ola bilsin, yazıçı bəlkə də pixoloji romandan gələn qəhrəmanın öz içini xarakterizə etmək üçün bu üsuldan istifadə edir. Siz sonuncu cümləni dediniz, amma mən də birinci cümlədən diksindim: "Aniyə: "İlk xatirən hansıdır?"- deyə bəzən soruşurlar məndən." Burada balaca bir yazıçı xətası var, bircə kəlmə əlavə etsə ki, "dostlarım məndən soruşur". Kiçik bir üslub xətası...

Əli Novruzov: Əslində, balaca deyil, təmiz dəyişdi.

Lalə Həsənova: Tehran müəllim, üzr istəyirəm, mətnin içindən, kontekstdən bilinir ki, Aniyənin ətrafı dostlarıdır və sualı da onlar verir. Yəni bunu öncədən vurğulamasa da, mətnin gedşində açılır.

Tehran Əlişanoğlu: Bəli, siz romanda oyun axtarışı kimi o məqama gedə bilərsiniz. Mən də oxucu təcrübəsi ilə bunu qəbul etmirəm. Səbirə xanım, sizinlə razıyam ki, rənglərdə nəsə görmüsünüz. Mən realist roman oxucusu kimi o məqamlarda simvollaşdırma görmədiyim üçün o mənim diqqətimdə yox idi. Bəlkə, sizin gördüyünüz rəmzi heç müəllif nəzərdə tutmayıb. Bəlkə heç o detal rəmz kimi mətnə xidmət etməyib. Görmüsünüzsə, bizimlə də bölüşün.

Səbirə Müzəffərli: Məsələn,  "Qırmızı ketalarımı geyinmişdim".  Aniyənin nitqindəki "qırmızı" kodu mənə elə gəlir ki, obrazın həyatında gözlənilməz və ani dəyişikliyə işarə edir. Aniyə ilə Elvinin təkliyə çəkilərək birlikdə olmaları oxucu üçün "qırmızı"nın kodunu açmış olur. Bu mənim subyektiv düşüncəmdi, başqa cür də şərh oluna bilər.   Eləcə də "sarı şərf" ifadəsindəki sarının da ezoterik anlamına diqqət yetirək. Əsərin ikinci hissəsində müəllif oxucunu Nikanın "yaddaş tarlası"nda gəzdirərkən dramatik bir hadisə ilə tanış edir: Qız oğlanı Qarabağa yola salanda ona "sarı şərf" verir. Sarının ayrılıq rəmzi kimi simvolizə edildiyini bilən oxucu iki sevgilinin əbədiyyən ayrılacağını öncədən təxmin edə bilər.

Mətanət Vahid: Məncə, kifayət qədər maraqlı məqamlardır. İstərdim bir az da romanın dili, üslubu haqqında danışaq, romanda istifadə olunan rəngarəng nəsr texnikalarından söz açaq.

Mənzər Niyarlı: Məncə, Orxan çox yaxşı bir yazıçı olacaq, çünki onun hekayələrində, bu romanında obrazların hiss və həyəcanları çox qabarıq verilir. Hadisəçilik yoxdu Orxanın əsərlərində. Amma bu romanda gənclər ədəbiyyat fakültəsi tələbələri olsalar da, nə bir ədəbiyyatla bağlı müzakirə var, nə söhbət var. Yalnız siqaret çəkmək, çaxır içməklə məşğuldurlar. Bir də romanda pyesə yer verilir, sonra romanda fikirləri o deyir, bu deyir, buna da heç ehtiyac yox idi. Dilinə gəlincə, elə söz və cümlələr var ki... Məsələn: "Avtobus yelləndikcə "Xırdalan"ın içindəki maye şüşəni yalayırdı." Bu necə cümlədir?

Tehran Əlişanoğlu: Metaforadır da.

Mənzər Niyarlı: Yaxud "Bu mənzərənin fonunda yaddaşımda bir dağ əmələ gəldi və dağ damağıma süründü." Bunun kimi cümlələr var ki, mənim xoşuma gəlmədi. Müəllif dilindən də var, obrazın dilindən də.

Əli Novruzov: Mənzər xanım, sizcə, dediyiniz məqamlar müəllifin dili bilməməyindən qaynaqlanır, yoxsa?..

Mənzər Niyarlı: Yox, məncə, dili çox yaxşı bilir. Sadəcə, dili oynatmaq istəyir. Siz bu cümlələrlə razılaşırsınız?

Əli Novruzov: Mən yox. Mən sizin tənqidinizlə razıyam.

Mətanət Vahid: Mətn bütünlüklə polifoniklik üzərində qurulub, romanı 8 nəfər danışır. Romanın polifonikliyi yalnız formal olaraq deyil, təbiəti etibarilə nitqin,  düşüncənin fərqliliyindən doğulan bir haldır. "Və dalğalandı yaddaş tarlası"ndakı polifoniya fonunda müəllif səs və düşüncə müxtəlifliyinə nail ola bilibmi, yoxsa elə hamı müəllifin səsi ilə danışır?

Nadir Yalçın: Mən deyərdim, 9 nəfər. Müəllifin özü ilə birgə hesablasaq, doqquz ayrı-ayrı səs var. Mən bu kitabı hərbi xidmətdə olanda oxumuşam və qeydlər də aparmışdım, təəssüf ki, qeydlərimi itirdim. Orxan Həsəninin romanı bizim hamımızın manifestidir, xüsusilə, Bakı Dövlət Universitetinin filologiya fakültəsini oxuyanlar üçün. Orxan məndən bir neçə yaş böyükdür, bizim görüb hiss etdiklərimizi dəqiq qələmə almağı bacarıb. Obrazların rəngarəngliyi, hisslərin çılğınlığı dəqiq, gözəl müşahidələrlə əks olunub. Mən romanı oxuyanda elə bildim, öz tələbəliyimi oxudum. Amma məsələ budur ki, 9 fərqli səs yox, bir səslə qarşılaşırıq. 9 nəfər hamısı eyni danışır. Orxanın romanda belə bir manevr etməyi çox maraqlıdır. Yəni bunu bir az da inkişaf etdirib bu stillə nələrsə yazmaq olar. Amma romanda doqquz müxtəlif səs yox, doqquz 1 səs eşidirik. Elə yerlər var ki, müəllifin bədii təsvir vasitələri ilə obrazının təsviri tamamilə eynidir.

Mətanət Vahid: Hə, romanda bu məqamlar var ki, iki obraz eyni məsələyə münasibət bildirir, fikrin əvvəli 1-2 abzas boyunca birəbir eynidir. Bu axı müəllif priyomudur. Məhz bundan danışmıram. Amma əgər roman ümumiyyətlə polifoniklik üzərində qurulubsa və dediyiniz kimi, hamı bir səslə danışırsa, polifoniklik alınmadığı təqdirdə biz romanın alındığını deyə bilirikmi?

Nadir Yalçın: Bu belə bir eksperimentdir də, debüt üçün keçərli hesab etmək olar.

Mətanət Vahid: Əslində, polifoniyanın dünya ədəbiyyatında da, bizdə də bir xeyli nümunəsi var deyə, onu tam olaraq eksperiment hesab edə bilmirik. Sadəcə, müəllifin öz təcrübəsində yeni ola bilər. Başqa eksperimentlər var romanda ki, bəlkə də  ədəbiyyatımız üçün yenidir: mətnin bir hissəsinin izahlı sözlər lüğəti kimi yazılması, pyes texnikası, yaxud roman bütünlüklə müxtəlif səslərlə danışıldığı halda, "Nika haqqında" bölməsi sadəcə, romanın səsidir və s.

Hənifə Səlifova: Romanın dili və strukturu yazıçının üslubunun rəngarəngliyindən xəbər verir. Müəllif əsərdə orijinallıq yaratmaq, əhvalatın müxtəlif məqamlarda təqdimi üçün müxtəlif nəsr texnikalarından istifadə edir. Məsələn, Rüfətin içkili vəziyyətdə, qeyri-müəyyənlik anındakı hisslərini oxucuya çatdırarkən heç bir durğu işarəsindən istifadə edilmir. Həmin anda qəhrəmanın hisslərinin bulanıq, qarışıq olduğu düşüncəsinə gəlsək, anlaşılmaz hissləri bu nəsr texnikası ilə vermək məqsədəuyğundur.

Tehran Əlişanoğlu: Siz sual verdiniz ki, romanın qurulduğu texnika alınmayıbsa, demək, roman alınmayıb? Nadir bununla bağlı bir az tərəddüd etdi. Məncə də demək olmaz ki, müxtəlifsəslilik tam alınmayıb. Onların nitqindən tutmaq olur ki, xaraktercə hamısı fərqlidir. Ancaq razıyam ki, ifadə planında müəllif səsləri tam mükəmməl ayırmağa nail olmayıb. Psixoloji roman kimi müəllif ən gərgin psixoloji anları da obrazların mövqeyindən, səsindən çox incəliklə təqdim edə bilir. Amma bu təqdimatdakı məcazlar oxucunu əsəbləşdirir. Orxanın içində bir şair gizlənir və o, poetik məcazları hər yerə qatır. Sadəcə, prozada bunlar yerinə düşmür. Əgər obrazın içinə giribsə, səsinə çevrilibsə, müəllif ona mane olmamalıdır, müdaxilə etməməlidir.

Mətanət Vahid: Mən istərdim bu romanın fonunda biz gənc nəsri necə olmalıdır məsələsi üzərində də bir az danışaq. Saytlarda bir gənc müəllifin hekayəsini ümidlə açırsan. Çünki mən həmişə deyirəm, gənclər bizdən daha ağıllıdırlar. Onlar internet əsrinin, sosial şəbəkələr dövrünün yetirmələridirlər, çevik düşüncəyə malikdirlər və deməli, yazı dillərinin də daha dinamik olacağını gözləyirsən. Təəssüf ki, çox mətnlərdə bu gözlənti doğrulmur. Əlbəttə, bunun obyektiv səbəblərini anlayıram ki, onlar daha çox oxuduqları müəlliflərin təsirində qalırlar. Onlardan biri də, elə burada iştirak etdiyi üçün qeyd edim, Nadir Yalçındır, biri Nihat Pirdir və s. Bu baxımdan "Və dalğalandı yaddaş tarlası" bir gənc nasirin romanıdırmı?

Hənifə Səlifova: Bir gənc kimi, roman mənə çox maraqlı oldu, həvəslə oxudum. İlk xatirənin axtarışı sorağıyla başlayan romanda səkkiz nəfər tələbə yoldaşının başlarına gələn əhvalatlar, sevgi macəraları, hisslər labirintində azmış gənclərin həyat gerçəklikləri əks olunur. Aniyənin xatirələri əsərin ana xəttini təşkil edir. İlk xatirəsini xatırlaya bilməməsi ona əsər boyu əzab verir. Mən də əsəri oxuyarkən bu xatirənin iziylə getməyə çalışdım. İlk xatirəni axtarmaq elə müəllifin dediyi kimi, labirintdə çıxış axtarmağa bənzəyir, arxasında həmişə başqa hadisələr yatır. Romanda sevgini müxtəlif situasiyalarda əsərin bütün məzmununda görmək olur. Müəllifin fikrincə, ən saf sevgilər həssas xarakterə malik insanların içində yaratdığı sevgidir, partnyorunu daha yaxından tanıdıqca sevgi də öz sehrini, cazibəsini itirir. Aniyə də Rüfəti yaxından tanıdığı, onun hər sirrinə agah olduğundan Rüfəti sevə bilmir, ona sadəcə gələcək həyatındakı boşluğu doldura biləcək fərd kimi yanaşır.

Tehran Əlişanoğlu: "Gənc romanı alınıbmı?" məsələsinə qayıtsaq, mən Mənzər xanım kimi, bir az konservativ fikir yürüdəcəm. Bu romanda hanı gənc nəsil? Doğrudanmı gənc nəsil ancaq çaxır nəslidir? Bilirəm, indi deyəcəksiniz postmodern mətndir. Bizim 80-ci illər nəslinin gənclik auditoriyasına xitab edən mətnlər Anarın "Ötən ilin son gecəsi" əsəri olub - orada məktəblilər vardı, yəni müxtəlif nəsillərin nümayəndəsi. "Gürcü familiyası" - tutaq ki, qəhrəmanların məktəb həyatı, ali məktəb və gənclik illərinin xatırlanması. Həmin dövrdə də mətndə gənclər məsələsi polemika doğururdu. Məsələn, tənqidçi Qulu Xəlilov yazırdı ki, bu necə gənclərdir ki, plovu qoyub konserv yeyirlər? Bir dənə hekayədir, amma dövrün gəncliyinin mənzərəsini yarada bilir. Yaxud Tofiq Qəhrəmanovun gözəl bir "Sağlıq axşamı" əsəri 60-cı illərin sonu gəncliyini təsvir edir. Kamal Abdullanın "Tarixsiz gündəlik" povesti var. Problematika baxımından bunlar gənc mətnləridir. Bu nümunələri xeyli artırmaq olar. Sizin sualınıza gəlincə, bu roman 2017-2019-cu illərin gəncliyini təqdim edə bilib. Bizim buna münasibətimizin necəliyindən asılı olmayaraq. Sadəcə, Asif Əfəndiyevin sözü ilə desək, mikromühitin arxasındakı makromühit, ictmailəşmə məqamı, demək olar ki, çox zəif hiss olunur. Daha çox abstraktlaşdırılıb mövzu. Bircə məqamda müəllif oraya getmək istəyir, amma yenə qayıdır öz psixoloji romanına. Xəyalla Rüfətin hoteldən kənara çıxması, jurnalistin sorğu-sualı, lap zirvəsi olan polislə dialoq epizodlarında düşünürsən ki, yəqin burada başlayacaq...

Səbirə Müzəffərli: Solla sağın qarşılaşmasıdır o epizod.

Tehran Əlişanoğlu: Bəli, o filoloji gəncliyin mövqeyini o epizodda hiss edə bilirsən. Məni narazı salan "Qırmızı ayaqqabılar" hekayəsi ilə zamanı hiss etdirən müəllifin romanda bunu etməməsidir. Hətta ikinci hissədə bir az yaxınlaşdı, o nəfəsi gözlədim, amma deməli, müəllif o romanı yazmaq istəməyib də. Mən bu romanı gənclik romanı kimi oxuyuram və düşünürəm ki, bizim gənclik harada yaşayır? Havadamı yaşayır? Olsun yaddaş tirə romanı, mən hətta deyərdim, düşüncə romanı. Bəlkə, bu mətn elə gəncliyimizin asosial olması barəsində bir mesajdır. Amma o müəllif vurğusunu orada görməliyəm. Ümumiyyətlə, mənə elə gəlir ki, romanın texnikası, təhkiyəsi nə qədər uğurludursa, müəllif səsi obrazların səsinə çox uduzur. Çünki romanda heç müəllif mövqeyi yoxdur. Guya istəyir tolerant qalsın, amma bəzən onlarla birgə məişət düşüncəsinə enir, bununla bağlı postulatlar verir. Bəlkə də müəlif mövqeyi əslində bayaq Səbirənin dediyi o detallarda gizlənib, sadəcə mən fərqində olmamışam.

Lalə Həsənova: Mənə elə gəlir, o simvollaşdırma, mənalandırma klassik ənənədən gəlir. Bu romanda o detallar heç bir göndəriş deyil.

Səbirə Müzəffərli: Mən bir əsər oxuyanda o, yaddaşımda buvaxtadək oxuduğum bütün mətnləri, baxdığım filmləri canlandırır. Məsələn, çalsaçlı qadının əlindən almanın diyirlənib yerə düşməsi mənə "Master və Marqarita" əsərindəki anoloji epizodu xatırlatdı. Məncə, bu detal burada ilk günahı, ehtiras və sevgini mənalandırır.

Lalə Həsənova: Onlar hamısı oyun konseptidir, yanlış yönləndirmədir. Necə ki əvvəldə detektiv gedir, sonra roman ayrı xətt üzrə davam edir.

Mətanət Vahid: Bütövlükdə romanda konkret hadisə, konkret məkan və zaman var. Bununla belə, tələbələr sanki həmin konkret məkanda və zamanda yaşamırlar. Bəlkə, bunlar elə hamısı, Lalə xanım demişkən, oyundur, ona görə konkretlik içərisində abstraktlaşdırma var. Burada isə yalnız Lalə xanım bu əsəri postmodern roman olaraq qəbul edir.

Lalə Həsənova: Romanın oyun konsepti üzərində qurulduğunu qəbul edəndə mətn tamamilə fərqli cəhətlərdən açılır. Bu isə hazırlıqlı oxucu tələb edir. Siz deyirsiz ki, bu roman gənclik romanı olsa da, əsl gənclik görünmür burada. Əslində, metafora kimi götürsək, uşaqlar daim içib sərxoş olurlar, siqaret çəkirlər, hər şey duman içindədir - hamısı zədələnmiş şüuru göstərir. Əslində, gənclik indi elə o səviyyədə deyilmi? Özünü axtarır, nə istədiyini  bilmir - qeyri-müəyyənlik. Bu, bizim sovet dövrü gəncliyi deyil.

Əli Novruzov: Mən oxucu olaraq düşünürəm ki, müəllif dövrünün ən mütərəqqi texnikalarını götürüb istifadə edib, nəhayətdə orta statistik oxucuya müraciət edən bir əsər yazmalıdır. Yəni konsert zalında otuz nəfər oturub, onlardan iyirmi doqquzu musiqini başa düşmürsə, nə qədər mütərəqqi tenikalar olsa da, demək, o əsər alınmayıb. Mənə maraqlıdır, görəsən, bu məzmunla onun üçün seçilən forma arasında uyğunsuzluq yoxdur ki? Sanki əsərin formalist tərəfi daha ağır gəlir.

Nadir Yalçın: Orxan bildiyi bütün texnikaları bir romanın içərisində istifadə edib.

Tehran Əlişanoğlu: Mən elə sizin sualınızdan çıxış edərək Lalə xanıma sual vermək istəyirəm: müəllif harada oxucunu yönəldir ki, roman oyun estetikasında yazılıb?

Lalə Həsənova: Oyun estetikası, əvvəla, növlərin müxtəlifliyində. Orada nəsr texnikası da var, lirika da, alliterasiya da var... Postmodern nədir? Hərə istədiyi səviyyədə, olduğu səviyyədə mətnə baş vura bilir. Kimsə üst qatdakı detektiv süjeti görür, kimsə fəlsəfi qatına enə bilir. Bu mənada, bu roman mənə maraqlı gəldi. Məhəbbət mövzusunda hətta Rüfətin Məcnunla müqayisə olunması da var. Amma mövzunun o qədər müxtəlif tərəflərini göstərə bilib ki. Aniyənin daxili yaşantıları - ilk xatirəsi Əlif, sonra Elvinlə münasibətləri, sonda Rüfəti seçməsi - o qatları göstərə bilib.

Nadir Yalçın: Əli bəy maraqlı sual verdi. Mənə elə gəlir ki, romanın məzmunu postmodernist üslubu  şərtləndirməyib, Orxan Həsəni postmodernist üslubda roman yazmağa cəhd edib. Onun qoyduğu məsələlər, əsərin dramaturgiyası onu şərtləndirməyib. Mən bayaqkı detallar məsələsinə münasibət bildirmək istəyirəm. Deyirsiniz ki, qadın səbətlə keçirdi, alma diyirlənib düşdü, bu, simvolik detaldır. Mən düşünürəm ki, belə detallarla müəllif, sadəcə, oxucunu zamana, məkana, mətnin reallığına inandırmaq istəyir.

Mətanət Vahid: Mənimçün romanda maraqlı məqamlardan biri budur ki, roman Aniyənin xatirələri, travmaları barədə nitqi ilə başlayır - düz 8 fəsil. Nikaya, Rüfanəyə, Nigara "söz verilmir" mətndə. Romanın yarısından etibarən ümumiyyətlə təhkiyə oğlanlara məxsusdur. Bunu cinsi ayrı-seçkilik hesab edək, ya nə? Zarafatsız, mətnin əvvəlində sözün qadına, sonunda kişilərə verilməsi nəyin göstəricisidir? Bəlkə, müəllif deyir ki, əvvəl qadın danışsa da, son söz kişinindir? Hətta bir fəsil var: "Nika haqqında". Uşaqlıq travmasını danışmağı belə, müəllif Nikanın özünə həvalə etmir. Romandakı xatirə dalğası Aniyə ilə başlamışdı, niyə Rüfətlə bitdi?

Nadir Yalçın: Bilə-bilə yadından çıxarıb.

Mətanət Vahid: Biz bayaqdan romanda istifadə olunan nəsr texnikalarının aşırı çoxluğundan danışdıq, hətta bunların müəyyən qədər xaos yaratdığını qeyd etdik. Məncə, müəllf mətndə heç nəyi, həmçinin romanda sözü öncə uzun-uzadı Aniyəyə verib bir məqamdan sonra onun "səsini alması"nı da spontan etməyib, bunların hamısını bilərəkdən edib. Yaxud romanın içərisindəki pyes texnikası, lüğət forması və s. elementlərlə müəllif məhz müəllif kimi azadlığına, strukturdan asılı olmadığına vurğu edib. Necə ki məzmunda, təhkiyədə özünə sərbəstlik verir, heç nəyə bağlanmır: personajlar, onların başına gələn hadisələr, hətta dəqiq topoqrafiklik olduğu halda belə, obrazların əslində məkan və zamandan asılı olmaması kimi elementlərlə müəllif özünü roman janrının sərhədlərindən azad edir və eyni zamanda, yaratdığı bu sərhədsizliyin "çərçivələrinə" sığır. 

Tehran Əlişanoğlu: Bəlkə, bu azadlığa meyillilik elə gənc yazıçı sindromudur? Hər məsələni romanda necəsə izah etmək olar ki, yazıçı bunu qəsdən edib. Bəlkə də heç qəsdən etməyib.

Mətanət Vahid: Biz çalışırıq müzakirəyə çıxardığımız əsərlərdən bəhs edərək yeni ədəbiyyatı yaradan, formalaşdıran mətnlərin xüsusiyyətlərini müəyyənləşdirək və bu fonda ümumiləşdirmələr aparaq. Bu gün yeni ədəbiyyat adına "Və dalğalandı yaddaş tarlası" romanını müzakirə etdik. Bu əsər bir beş ildən, on ildən sonra yaddaşları dalğalandıra biləcək romandırmı?

Nadir Yalçın: Bizim nəsil yazarlarının böyük bir problemi var: təpər. Roman yazmaq üçün nasirə geniş sinə lazımdır, təpər lazımdır. Mən sevinirəm ki, Orxan Həsəni bu romanı yazıb. Müzakirə predmetinə çevrilə bilirsə, deməli, yaxşıdır. Amma mən hesab edirəm ki, bu əsər elə bu günün romanıdır və gələcəkdə yaddaşımızı dalağalandırmayacaq. Bu, Orxanın gələcək uğurlu romanlarının müqəddiməsidir, ekspozisiyasıdır, bir növ.

Tehran Əlişanoğlu: Başlayan yazıçının mətni kimi, romanın necə yazılması məsələsində bir az uyğunsuzluq var. Bunu bayaq müzakirə etdik. Amma əsər bir gənc romanı kimi bizdə bir gözlənti yaradır ki, biz ondan yeni əsərlər gözləyək. Bunu Orxan Həsəninin uğuru hesab edirəm və mənə elə gəlir ki, bugünkü ədəbiyyat tarixində qalası bir mətndir.

Mənzər Niyarlı: Əyləncə axtaran oxucu üçün çox maraqlıdır, ancaq qüsurları çoxdur. Yenə də bu əsər uğurludur, xüsusən psixoloji məqamları adamı heyrətləndirir.

Mətanət Vahid: Orxan bəy, sizin bir sözünüz varmı?

Orxan Həsəni: Hamınıza romanı oxuduğunuza və münasibət bildirdiyinizə görə təşəkkür edirəm. Bütün fikirlərlə razılaşıram.

Mətanət Vahid: Xatırladığım qədərincə, Umberto Ekonun təxminən belə bir fikri var ki, yaxşı mətn həm düşündürməli, həm də "əyləndirməli"dir. Bu qədər müzakirəyə səbəb olan mətn, demək, düşündürə bilir və oxu prosesi də kifayət qədər "əyləncəli" oldu. Roman bir çox mətnlərə göndərmə edir, xatırladır, bununla "mətn dünyadır" konsepsiyasını təsdiqləyir. Janrların qarışması, təhkiyənin fraqmentarlığı, hətta müəllifin öz səsinin romanda "eşidilməməsi" ilə "müəllifin ölümü"nü reallaşdırması və s. kimi postmodern texnikalardan gen-bol istifadə olunub. Bununla belə, "Və dalğalandı yaddaş tarlası"nı postmodern roman cəhdi hesab edirəm. Müxtəlif yönlü şərhlərə açıq "sonsuz roman"dır. Bayaq bəzi bəyənmədiyim məqamları da qeyd etdim. Əlavə olaraq romanın dili ilə bağlı demək istəyirəm ki, bəzən cümlə quruluşundakı uyğunsuzluqlar naşı tərcümə təəssüratı da yarada bilirdi məndə. Hətta kitabın redaktorunun adına nəzər salanda təəccübləndim. Romanın qüsurları və məziyyətləri ilə bağlı bütün deyilənlərdən sonra düşünürəm ki, Orxan Həsəni "Və dalğalandı yaddaş tarlası" ilə həm gənc müəllifin, həm gənc auditoriyanın romanı kimi yeni ədəbiyyatı yaradanlar sırasındadır və layihəmiz üçün məhz bu müzakirə uğurlu bir başlanğıcdır. Yeri gəlmişkən, sonda növbəti müzakirəmizin mövzusunu da elan edək: Hədiyyə Şəfaqətin "Uzaq adamlar" romanı. Bir ay sonra bu məkanda görüşənədək.

SİZƏ MARAQLI OLA BİLƏR