Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Məhəmməd Əmin Rəsulzadənin ədəbi-fəlsəfi irsi və müasirlik” mövzusunda elmi sessiya keçirilib

25-01-2024 [ 09:39 ] [ oxunub:493 ]
printerA+ | A-
104223

Yanvarın 24-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhəmməd Əmin Rəsulzadənin ədəbi-fəlsəfi irsi və müasirlik” mövzusunda elmi sessiya keçirilib.

Əvvəlcə Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində, o cümlədən AMEA-da görkəmli ictimai-siyasi xadimlə bağlı silsilə tədbirlərin təşkil edildiyini bildirib. O, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcıları ilə bağlı bir sıra sərəncamların imzalandığını diqqətə çatdırıb.

AMEA rəhbəri qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibətilə Akademiyada müxtəlif konfranslar keçirilir, onun çoxcəhətli fəaliyyəti, mübarizəsi və ideyaları, ədəbi-filoloji irsi dərindən öyrənilir, həmçinin alimlərimiz tarixi şəxsiyyətlə bağlı məqalələr nəşr etdirirlər. Akademik İsa Həbibbəyli AMEA üzrə Məhəmməd Əmin Rəsulzadəyə həsr edilən geniş konfransın yanvar ayının 29-da keçiriləcəyini diqqətə çatdırıb.

Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri kimi XX əsrin əvvəllərində Azərbaycanda milli dövlətçilik quruculuğu prosesində yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli onun Azərbaycan dövlətinə, azərbaycançılıq ideyalına sadaqətlə xidmət etmiş görkəmli siyasi xadim olduğunu vurğulayıb. Bildirib ki, son illərdə Məhəmməd Əmin Rəsulzadənin irsini daha dərindən öyrənmək, onun indiyədək bizə məlum olmayan fəaliyyətini araşdırmaq, əsərlərini üzə çıxarmaq istiqamətində böyük işlər görülüb. AMEA prezidenti mərhum professor Şirməmməd Hüseynovun Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində və təbliğindəki xidmətlərini xüsusi qeyd edib.

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının I cildinin Məhəmməd Əmin Rəsulzadəyə həsr olunduğunu xatırladan akademik İsa Həbibbəyli AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mühacirət ədəbiyyatı şöbəsi tərəfindən hazırlanan bu nəşrdə ictimai-siyasi xadimin mühacirətdə olan əsərlərinin bir çoxunun ilk dəfə Azərbaycan ədəbiyyatına təqdim edildiyini söyləyib.

AMEA rəhbəri ölkə başçısı tərəfindən Məhəmməd Əmin Rəsulzadə ilə bağlı imzalanan Sərəncamın mühacirətdə müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmış ədibin irsinin yenidən araşdırılmasına işıq salacağını deyib, konfransın işinə uğurlar arzulayıb.

Sonra Məhəmməd Əmin Rəsulzadənin əsərlərini Türkiyə ilk dəfə çap edənlərdən biri olan İzmirdə Ege Universitetinin kafedra müdiri professor Yavuz Akpınar “Türkiyə mühitinin Məhəmməd Əmin Rəsulzadəyə təsiri” mövzusunda məruzəsini təqdim edib. O, Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” imzaladığı Sərəncamın həm Azərbaycan, həm də Türkiyə üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edib ki, hər iki ölkənin tarixində önəmli rol oynamış Məhəmməd Əmin Rəsulzadə kimi görkəmli tarixi şəxsiyyəti anmaq, onun əsərlərini nəşr etmək Azərbaycan-Türkiyə əlaqələrinin daha da dərinləşməsinə gətirib çıxaracaq.

Məruzəçi bildirib ki, Məhəmməd Əmin Rəsulzadə təkcə 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin banisi deyil, o, həmçinin türk milliyyətçiliyi fikrini, türkçülük fikrini siyasi həyatda gerçəkləşdirən böyük şəxsiyyətdir. Görkəmli ictimai-siyasi xadim Azərbaycanın istiqlalına qovuşacağını hər zaman böyük bir inancla ifadə etmişdir.

Məhəmməd Əmin Rəsulzadənin Türkiyədəki mühacir fəaliyyətindən danışan professor Yavuz Akpınar vurğulayıb ki, onun Türkiyədəki mühacir fəaliyyətində mətbuat xüsusi rol oynamışdır. O, Məhəmməd Əmin Rəsulzadənin dərc edilməyən bəzi məktublarının, rusca olan bir sıra əsərlərinin də nəşr edilməsinin zəruri olduğunu söyləyib.

Tədbirdə filologiya elmləri doktoru Abid Tahirlinin “Məhəmməd Əmin Rəsulzadənin publisistikasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları”, professor Vüqar Əhmədin “Məhəmməd Əmin Rəsulzadənin mühacirətəqədərki publisistikası” və filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlovanın “Nizami Gəncəvi Məhəmməd Əmin Rəsulzadənin tədqiqatlarında” adlı məruzələri dinlənilib.

Məruzələrdə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan ədəbiyyatını araşdıran əsərlərinə müraciət edilib, onun həm klassik dövr, həm də XX əsr xadimlərimiz haqqında görüşləri diqqətə çatdırılıb. Bildirilib ki, çoxşaxəli yaradıcılığa malik olan Rəsulzadə qələmini ədəbi-tənqidi və ədəbiyyatşünaslığın bir çox janrlarında sınamışdır. Onun qələmində ədəbi-tənqid və ədəbiyyatşünaslıq bədii yaradıcılığında olduğu kimi, Azərbaycan istiqlaliyyəti probleminə yönəldilmişdir. Ədibin tərcümə yaradıcılığında bədii ədəbiyyat əsas və aparıcı rol oynamışdır.

Vurğulanıb ki, Məhəmməd Əmin Rəsulzadənin publisistik məqalələrinin mühüm bir hissəsini sovet dövrü Azərbaycan ədəbiyyatında milli kökdən uzaqlaşma meyllərinin, ruslaşdırma siyasətinin tənqidi təşkil edir. O,  daim siyasi fəaliyyəti və publisistik, nəzəri, demokratik irsi ilə Azərbaycan mücadiləsi aparmış, bu mücadilənin xalqın, millətin, ölkənin istiqlalı ilə nəticələnəcəyinə inanmışdır.

Elmi sessiyada, həmçinin Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli çıxış edərək Rəsulzadənin həm siyasi, həm də elmi, publisistik irsinin daha dərindən təbliğinə ehtiyac olduğunu bildirib. O, ədibin siyasi məqalələrində olduğu kimi, filoloji araşdırmalarında da mühüm tarixi dərslərin yer aldığını söyləyib.

Sonda Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR