Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Mətbuat Şurasında “Ziyayi-Qafqaziyyə” qəzetinin transliterasiyasının təqdimatı keçirilib

21-02-2024 [ 09:48 ] [ oxunub:387 ]
printerA+ | A-
104274

Mətbuat Şurasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşri olan “Ziyayi Qafqaziyyə (1880-1884)” kitabının təqdimatı keçirilib.

Təqdimatda hər iki qurumun təmsilçiləri, BDU-nun əməkdaşları, təcrübəçi tələbələr və media mənsubları iştirak ediblər.

Təqdimatı giriş sözü ilə Mətbuat Şurasının sədri Rəşad Məcid açıb. Rəşad Məcid çıxışında kitabın çapından sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə təşəkkür məktubu yazdığını bildirib. “Ziyayi Qafqaziyyə”-nin mətbuat tariximizdəki rolunu xüsusi vurğulayaraq Müştəba Əliyevin gördüyü işlər barədə iştirakçıları məlumatlandırıb. Kitabın baş redaktoru və “Ön söz”ün müəllifi akademik İsa Həbibbəylinin də əməyini xüsusi qiymətləndirib. Həmçinin nəşri ərsəyə gətirən Mətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhmədə və şöbənin əməkdaşlarına təşəkkürlərini  çatdırıb.

Sonra Ədəbiyyat İnstitutunun icraçı direktoru filogiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli çıxış edərək kitabın Azərbaycan mətbuat tarixinin öyrənilməsindəki əhəmiyyətini qeyd edib. Ədəbiyyat İnstitunda Azərbaycan mətbuatı nümunələrinin əski əlifbadan müasir əlifbaya çevrilərək kitab halında nəşr edilməsinə akademik İsa Həbibbəylinin rəhbərliyi dövründə daha da önəm verildiyini vurğulayıb. Həmin şöbədə hazırlanmış digər nəşrlərin olduğunu da xatırladıb.

Ədəbiyyat İnstitutunun əməkdaşı Ülkər Hüseynova çıxışında “Ziyayi Qafqaziyyə”-nin toxunduğu problemlərdən bəhs edib. Nəşrin səhifələrində önəm verilən mövzulara sitatlara istinadən fikir bildirib.

Nəşri çapa hazırlayan və redaktor, Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd çıxışında “Ziyayi Qafqaziyyə” qəzetini transfoneliterasiya edən, lüğət, izah və şərhlərin müəllifi mərhum alim Müştəba Əliyevin 70 illiyində baş tutan bu təqdimatı yüksək qiymətləndirib. 2014-2017-ci illərdə Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi vəzifəsində çalışmış Müştəba Əliyevin 2013-cü ildə “Ziya”, 2017-ci ildə “Təlimül ətval təhzibül əxlaq” qəzetlərini ərəb əlifbasından latın qrafikasına çevirib çap etdirdiyini, “Kəşkül” qəzetinin isə vəfatı ilə əlaqədar natamam qaldığını da diqqətə çatdırıb. Nəşrin rəyçiləri akademik Teymur Kərimliyə, filologiya elmləri doktoru professor Cahangir Məmmədliyə və filologiya elmləri doktoru Elçin Mehrəliyevə də minnətdarlığını ifadə edib.

Tədbirdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “İşıq” jurnalının məsul redaktoru Əsəd Aslanoğlu, Əməkdar jurnalist Azər Həsrət, filologiya elmləri doktoru professor Allahverdi Məmmədli çıxış edərək bu kitabın əhəmiyyətindən və görülmüş işin böyük miqyasından bəhs ediblər.

Sonda Müştəba Əliyevin ailəsi adından tarixçi alim Akif Nağı və mərhum alimin oğlu Səid Əliyev çıxış edərək təqdimatın təşkili üçün təşəkkürlərini çatdırıblar.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR