Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

“Karvan köçər, ötər gedər sədası” romanının problematikası, janr xüsusiyyətləri, bədii obrazları və bədii dili haqqında -Salidə Şərifova

14-02-2022 [ 14:49 ] [ oxunub:79 ]
printerA+ | A-
101964

Filologiya elmləri doktoru, professor Məmməd Əliyevin “Karvan köçər, ötər gedər sədası” romanı 2021-ci ildə oxuculara təqdim edilmiş avtobioqrafik xüsusiyyətlərə malik olan “Həsrətin o üzü” roman-etirafının davamı və nəşrini planlaşdırdığı tetralogiyasının ikinci hissəsidir.

Məmməd Əliyevin “Karvan köçər, ötər gedər sədası” romanının mündəricatı əsər haqqında oxucuda tam təəssürat yaradır. “Əlvida, doğma yurdum!”, “İşsizliyə təyinat almışdım”, “İztirabların sonu”, “İş başında”, “Yeni məhəllə”, “İlk sınaq”, “Nişan üzüyü və...”, “Müqəddəs arzum – aspiranturam!”, “Unudulmaz insan”, “Yeni təhsil naziri”, “Gecəqondu evim oldu”, “Yubiley ilində”, “Böyük yolun başlanğıcı”, “Marksist-leninçi etika və estetika”, “Muğan çölü, Ərəbistan səhrası”, “Nəcibə”, “Məmməd Cəfər müəllim və sonu dava-dalaşlı dissertasiya”, “Vətəndən uzaqlarda: Maqnitoqorsk”, “Raketlər, raketlər...”, “Ali komandanlıq kursları”, “Qazax çölü... Həştərxan”, “Bir ilin tamamında”, “Görüş”, “Ərəstun və Kamran”, “Yeni təyinat”, “Moskva ilə ilk görüş”, “Moskvalı azərbaycanlılar”, “Yəhyanın vaxtsız ölümü”, “Məmməd Cəfər müəllim məsləhət gördü ki”, “Yenə marksizm?”, “Moskva (Lenin) kitabxanası”, “Qarlı-şaxtalı iş həftəsi”, “Ünvanım dəyişdi”, “Səs-küylü yoxlama arayışı”, “Məkrli plan”, “Acı xəbər”, “Ayrılığın sonu... varmış?”, “Sərgidə” adlı bölümlər əsərdə təqdim edilən hadisələrə diqqəti yönəldir.

 

Romanın problematikası

Məmməd Əliyevin “Karvan köçər, ötər gedər sədası” romanında ictimai, siyasi, sosial, elmi, ədəbi-bədii və s. problemlər əks etdirilir. Müəllif əsərin problematikasında müxtəlif  problemlərə aydınlıq gətirir, bəzi aktual məqamları tədqiq və təbliğ edir. Romanın problematikasında bədii ədəbiyyatın təbliğ edilməsi, tarixi keçmişə hörmətlə yanaşma, kökə bağlı olmağa çağırış, insanların, xüsusilə də gənclərin talelərinə biganə qalmamaq və s. aktual problemlərə münasibət bildirilir.

 Romanda bədii ədəbiyyatın təbliğ edilməsi müəllifin bu sahənin dərinliyinə vara bilməsinin, “zər qədrini zərgər bilər” atalar sözündə olduğu kimi ədəbi cameəyə dərindən bələd olmasının  nəticəsidir. Müəllif romanda müxtəlif müəlliflərə aid əsərlərin adını çəkməklə həmin əsərlərə münasibətini bildirir: “Bir neçə şeir kitabı almışdı oxumağa: N. Həsənzadənin “Niyə demədiniz”, H. Hüseynzadənin “Sən mənimlə get” kitablarını.” Müəllifin ədəbiyyatı təbliğ etməsini roman boyu müşahidə edirik. Xalq şairi Nəriman Həsənzadəyə olan sevgi və ehtiramını qabarıq şəkildə göstərə bilir: “...Nərimanın şeir kitabına resenziya yazdı. Şeirlərindən xoşuna gələn misralardan nümunələr verdi:

Bir insan ömrünü girov qoymuşam

Bir şair ömrünü yaşatmaq üçün...”

Məmməd Əliyev romanda H. Hüseynzadə lirikasına olan sevgisini və rəğbətini də təbliğ edə bilir: “H. Hüseynzadənin lirikası ona daha şirin gəldi. Səmimi sevgi və məhəbbət hisslərinin ağuşunda çırpınan bir gəncin ürək çırpıntıları... Bəzən əlacsızlıq və ümidsizlik duyğuları məngənəsində sıxılan gəncin səmimiyyətlə dilə gətirdiyi, həyəcanı, əzabı da şirin olan sevgi düşüncələri.... Bəzən tələbəliyini görürdü bu misraların arxasında “Sən mənimlə get”, “Dinmək istədim”, “Sən dərsə gəlməyəndə...”, “Şeir deyilmi?”, “Mən inanmadım”, “Söylə yadındamı”, “Dedim, dedi” və s. həyəcan doğuran sevgi hissləri, misralardakı zümzüməli və həzinlik gətirən ahəng və məna emosionallığı onu heyran etmişdi.” Müəllif şairin yaradıcılığı ilə ruhən yaxın olması amilini də göstərir: “Şair sanki onu müşahidə edib, öyrənib yazmışdı bu şeirləri.” Romanda H. Hüseynzadənin şeirlərindən nümunələr verilməsi şairin yaradıcılığı haqqında oxucuda təəsüürat yarada bilir: “Durub-durub anardım, Gizli-gizli yanardım, Necə dostun içində, özümü tək sanardım, Sən dərsə gəlməyəndə”. Şeir misraları onun hafizəsinə, şüuruna torpağa su calanmış kimi hopurdu: “Gəl bölək sevinci, bölək kədəri, həm xeyrə, həm şərə sən mənimlə get...”

Əsərdə elmi fikirlərin yer tapması, elmi müqayisələrin aparılması diqqətdən yayınmır. Müəllif tədqiq etdiyi elmi tədqiqatda üzləşdiyi nəticələri oxucuları ilə paylaşır. Tədqiq etdiyi elmi tədqiqatın tarixi köklərinə də nəzər salaraq, müqaysələr aparmasını, Radlov, Korş, Jirmunski, Kovalski və s. alimlərin türk dili və ədəbiyyatı ilə bağlı araşdırmalar aparmalarına toxunur, onların elmi fikirlərindəki oxşarlığı və haçalanmış fikirlərin olmasını da göstərə bilir. Türk şeirin özünəməxsus xüsusiyyətlərinə də aydınlıq gətirilməsi ədəbiyyatın təbliği kimi diqqəti cəlb edir: “XIX əsrin ortalarından başlayan araşdırmalar XX əsrin əvvəllərindən daha genişlənməyə başlayır, repressiya illərində həmin istiqamətdə aparılan işlər bir müddət səngisə də, 50-ci illərin ortalarından daha da genişlənir. XX əsrin 60-70-ci illərində türk dillərinin fonomorfoloji xüsusiyyətlərinin, həm də əski türk şeirinin poetik xüsusiyyətlərinin öyrənilməsi qarşılıqlı, əlaqəli şəkildə aparılır. Əsası V. Radlov, F.E. Korş tərəfindən başlanan araşdırmalar polyak alimi Tadeuş Kovalski, daha sonra V.M. Jirmunski tərəfindən fundamental şəkildə öyrənilir. Bununla yanaşı, bu sahədə aparılan elmi araşdırmaların gedişində türkoloqların fikirləri haçalanır... Bəziləri isə iltisaqi quruluşlu türk dillərinin fonetik təbiətinə məhəl qoymayaraq qədim türk şeirinin antik yunan poeziyasının təsiri ilə yarandığını iddia etməyə başlayaraq oradakı yad meyilləri mexaniki olaraq qədim türk şeirinə köçürürlər... Üçüncü istiqamətdə isə ərəb-fars şeirinin qanun-qaydaları türk şeirinin yaranmasında əsas götürülürdü.... Bunları ayırd etmək, obyektiv elmi nəticələri irəli aparmaq, qabartmaq lazım idi... Ən yaxını IV-V əsrlər qədim türk şeirindən, xüsusən “Mani haqqındakı böyük himn”dən (xristian ruhlu olsa da!) başlamaq lazımdır... Şeirin formal-poetik cəhətlərinin öyrənilməsi təkcə bədii formanı öyrənmək kimi qiymətləndirilməməlidir, o həm də şeirin hansı tarixi dövrdə yaranıb inkişaf etməsi haqqında etibarlı şəhadətnamədir...”

Məmməd Əliyev ədəbiyyatşünaslığın aktual problemlərinə münasibətini romanda tez-tez bildirir. Əsərdə ritm və qafiyə məsələlərinə aydınlıq gətirilməsi diqqətdən yayınmır. Müəllif konkret olaraq, Azərbaycan ədəbiyyatşünaslığı üçün əhəmiyyət kəsb edən bu problemə münasibətini bildirir: “Ritm vasitəsi kimi qafiyə haqqında Azərbaycan ədəbiyyatşünaslığında, demək olar ki, heç nə yazılmamış, onun ritm yaratmaq, şeirin bənd quruluşundakı təşkiledici funksiyası ərəb-fars şeirinin poetik qanunları nöqteyi-nəzərindən izah edilirdi.

Xəlil ibn-Əhməddən başlayan (IX əsr) qafiyə nəzəriyyəsi mexaniki olaraq türkdilli şeirə köçürülürdü, türk dillərinin təbiəti, orada özünü göstərən ahəng qanunu nəzərə alınmırdı. Moskva türkoloji məktəbinin tanınmış nümayəndələri “ərəb-fars təsirini” əsas götürürdülər. Deməli, Ərəbistan “çöllərindəki qafiyəli şeirlə yanaşı” türküstanda, Altayda, Turfanda, Uyğurustanda müsəqil qafiyəli “poeziya ocağının” olması faktdır... Onun yaranması, inkişafındakı “özmənşəliyi” həqiqət olaraq qalır...”

Məmməd Əliyev romanda yalnız ədəbiyyat və mədəniyyətin təbliğini əks etdirmir, həmçinin bu sahədə maneçilik yaradanlara etirazını da əks etdirir. Məsələn, Azərbaycan türkologiyasının tədqiqinə mane olan amillərə toxunmaqla kifayətlənməyən müəllif, maneçilik yaradanlara etiraz səsini yüksəldir: “Heç vaxt ola bilməzdi ki, ayrı-ayrı dil ailələrinə məxsus xalqların poeziyası eyni prinsiplər, eyni ritmik vahidlər, poetexniki “əməliyyatlar”, fono-morfoloji prinsiplər üzrə formalaşsın... O həmin problemlər haqqında xeyli düşünmüş, götür-qoy etmişdi, fikirləşdiklərini kağıza köçürməli idi...”

Romanda kökə, keçmişə bağlılığın təbliği əsərin problematikasında qabarıq şəkildə özünü göstərir. Müəllif tərəfindən keçmiş nəslin unudulmamasına çağırış təbliğ edilir. Romanda həm yaşlı nəslin hörməti saxlanılır, həm də dünyasını dəyişmiş insanlar hörmətlə anılır. Yarməmmədin “gedəyin qəbiristanlığa, ölənlərimizin qəbirlərini ziyarət edək, salavat çevirək” cümləsində dünyasını dəyişmiş əzizlərin unudulmaması özünü göstərir. Müəllif əsərdə onun həyatında rol oynamış insanlara mənəvi borclu olmasını əsər boyu təlqin edir. Məsələn, professor Mirzağa Quluzadəyə olan hörmət və ehtiramını, həyatında rol oynamış nazir Danil Quliyev haqqında da düşüncələrini təsvir etməklə xeyirxah insanların unudulmamasını təbliğ edir.

Məmməd Əliyevin qələmə almış olduğu əsərin qəhrəmanının, daha doğrusu prototipi olduğu Muradın həyata bağlığını bütün gənclərin həyata bağlılığı kimi təqdim edir. Əsərini də elə bu notlarla başlaması diqqətdən yayınmır: “…Artıq müstəqil adam idi... Əli çörəyə çatmışdı. Sərbəst idi... İşləyib evlərinə qazanc gətirəcəkdi. Qarşıdakı həyat yolu nə qədər qaranlıq və mürəkkəb olsa da, tez-gec bir aydınlıq olacağına onda əminlik var idi.”

Məmməd Əliyev bir müəllif kimi həyata bağlılığını gələcəyə ümid çərçivəsində təqdim edir: “...elektrik çəkən işçilərin yanına gedir, meşədən yol çəkən buldozerin işinə baxır, basdırılan qırlı dirəklərə nəzər salır, haçansa kəndin dirçələcəyi, yenə buraya insanların yığışıb işləyəcəyi, qaynar bir həyatı gözləri önünə gətirirdi.”

Müəllif həyata bağlılığı təbliğ etdiyi kimi, nəsihətlərini də dünyagörmüş bir şəxs kimi roman boyu təqdim edir. İnsanların problemlərini özləri həll etməsinə çağırış əksini tapır: “Dost-aşnasını, qohum-əqrəbasını qınayan şairin yerində özünü görürdü. Mürəkkəb problemlərlə aşıb-daşan, həyat dediyimiz o böyük yuxu, “yalan dünya” haqqında ona da öyüd-nəsihət verən olmamışdı... Bir də ki, kim nə bilsin ki, başına nə gələcək!... Həyat burulğanından hərə bir yol tapıb çıxmağı bacarmalıdır...” Müəllif əsərdə mübarizə aparmağı, qarşıya qoyulan məqama çatmağı da geniş təbliğ edir.

Əsərin “İşsizliyə təyinat almışdı...” adlı bölümdə müəllif gənclərin aqibəti ilə oynayan insanları göstərməyə nail olur. Məmməd Əliyev Muradın simasında gənclərin taleyinə olan etinadsızlığı, süni maneələrin yaradılmasını və s. gənclərə vurulan mənəvi zərbə kimi göstərir.  Gənclərin aqibətinə etinasız yanaşılması yalnız Muradın simasında deyil, həmçinin digər gənclərə edilmiş etinadsızlıqlarda da əksini tapır.

Romanın problematikasında müəllifin sirr kimi saxladığı məqamlara aydınlıq gətirilir. Müəllif romanda onun dissertasiya işinin ləngiməsinə səbəb olmuş, “bəs bunu kimə yazdırmısan?” deyə tədqiqat işinin elmiliyini şübhə altına almış, hələ bir-iki il işi oxumağa vaxtı olmayacağını bildirmiş alimin kim olmasını ciddi-cəhdlə gizlədir. Roman daxilində müəllif bir cümlə ilə onun kim olmasını da oxucusuna çatdırır. Ayıq və diqqətcil oxucu bu gizli, sirli adamın kim olması sualına əsərin “Görüş” adlı bölümündə cavab tapa bilir: “...qonşu çarpayıdakı kişi bir qədər ucadan:

- Hüseyn, belə oğlanın işini saxlamaq olar?!

Məlum oldu ki, həmin kişi də bizim işlərimizdən xəbərdardır...

Mən çevrilib ona baxdım, yenə ağlım bir şey kəsmədi, tanıya bilmədim. Professor Bəhlulu yanına çağırıb zəif səslə dedi:

- Bilirəm, hamı işi oxuyub, Nurəddin iclası aparsın mənim əvəzimdə... Qayıtsam, özüm qol çəkəcəyəm protokola, qayıtmasam... Burada o yenə doluxsundu, - qoy Nurəddin özü qol çəksin... Protokolu da sən özün yazarsan!..

Yenə mənə baxdı, təşəkkür etmək istəyirdi...

Biz hər iki xəstə ilə sağollaşıb çıxdıq. Bayıra çıxanda Bəhluldan soruşdum:

- Bəhlul, o biri xəstə kim idi ki, bizim professorla belə ərklə danışır? Şöbədə gedən söhbətlərdən də xəbərdardır…

O da mənim sualıma sualla cavab verdi:

- Sən onu tanımadın?

- Yox.

- A kişi, evin tikilsin, o biri SSRİ xalq artisti Rza Təhmasib idi də, bizim müəllimin böyük qardaşı! Çox xeyirxah, müdrik adamdır, onun da ürəyi xəstədir, müalicə olunur...

Dərhal gözlərim önündə “Mehman” filmindəki Qaloş obrazı dayandı...”

Bu dialoqdan oxucu üçün qaranlıq məqam qalmır. Akademik Məmməd Cəfər Cəfərovla intriqa aparan alimin Azərbaycan yazıçısı, ədəbiyyatşünası, folklorşünası, dramaturqu, ssenari müəllifi, tərcüməçisi, filologiya elmləri doktoru, professor Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib olması bəlli olur.

 

Romanın janr xüsusiyyətləri

Məmməd Əliyevin avtobioqafik xüsusiyyətlərə malik olan “Karvan köçər, ötər gedər sədası” əsərinin janrı diqqəti cəlb edir. “Karvan köçər, ötər gedər sədası” əsərinin janrı “Həsrətin o üzü” roman-etirafın davamı olduğundan, bu əsərin də janrı özünü roman-etiraf kimi göstərir. Müəllif “Karvan köçər, ötər gedər sədası” roman-etirafında hadisələri faktiki həyat materialları və sənədlilik əsasında, müəllifin iştirak etdiyi, şəxsən şahidi olduğu hadisələr fonunda təsvir edir. Məmməd Əliyev əsərdə hafizəsində saxladığı fakt və ayrı-ayrı şəxslərin səciyyəvi xüsusiyyətlərini əks etdirir.

Müəllif “Karvan köçər, ötər gedər sədası”  roman-etirafında təsvir etdiyi hadisələri və faktları mütləq həqiqətlər kimi təsvir edir. Bəzən əsərdə təsvir edilən avtobioqrafik hadisələri müəyyən etməkdə çətinlik yaranır. Bunun da əsas səbəbi, “Həsrətin o üzü” əsərində olduğu kimi əsərin qəhrəmanının müəllifin öz adı ilə deyil, Murad adı ilə təqdim edilməsidir. Hər iki əsərdə qəhrəmanın müəllifin öz adı ilə deyil, Murad adı ilə adlandırılması “Həsrətin o üzü” romanını olduğu kimi “Karvan köçər, ötər gedər sədası”  romanının janrını avtobioqrafik roman kimi təqdim etməyə imkan vermir. “Karvan köçər, ötər gedər sədası” əsərində  avtobioqrafikliyin özünü göstərməsi bizə əsəri roman-etiraf kimi təqdim etməyə əsas verir. Romanda Azərbaycan ziyalıları haqqındakı hadisələrin təsvirində müəllifin təqdim etdiyi real faktların “təxmini” təqdimi  əksini tapır.

“Karvan köçər, ötər gedər sədası” əsərini “Həsrətin o üzü” romanından fərqləndirən bir xüsusiyyət diqqətdən yayınmır. “Karvan köçər, ötər gedər sədası” əsərinin fərqləndirici cəhəti əsərdə müəllifin “şüur axını” metodundan istifadə etməsidir. “Şüur axını” metodu “Karvan köçər, ötər gedər sədası” əsərinin baş qəhrəmanı Muradın monoloqu ilə yanaşı, əsərin digər obrazlarının monoloqlarında əksini tapa bilir.  Müəllif insan şüurunun eyni məqamda bir çox fərqli düşüncəylə məşğul ola bilməsini, fərqli zamanlara aid hadisələri ifadə etməyə nail olmasını, zehnində eyni vaxtda keçmişi və indini birləşdirə bilməsini bədii dillə əks etdirir. Müəllifin romanda təqdim etdiyi monoloqlar vasitəsilə qəhrəmanın iç dünyasını, daxili aləmini “şüur axını” metodu ilə aydınlaşdırır, qəhrəmanının düşüncəsinə nüfuz edə bilir. Məsələn, Muradın sevdiyi qızı Sevdanın, Muradın tələbə yoldaşı olmuş Nəcibənin monoloqlarında “şüur axını” metoduna müraciət edilib. Müəllif bu monoloqlar vasitəsilə obrazın daxili həyəcanını, qəhrəmanın həyatında yaranmış faciəli vəziyyətini, ictimai-siyasi vəziyyətin ziddiyyətlərini açıqlayır. Məmməd Əliyev “şüur axını” metodu ilə monoloq eyniləşdirilmişdir. Məlumdur ki, şüur axını insan zehnindən keçənləri ifadə etməsi ilə monoloq fəndini xatırlada bilsə də tam fərqlidir. Belə ki, “şüur axını”nda monoloqda olduğu kimi zehindən keçənlərin ifadəsi məntiqli, səliqə-səhmanlı, qrammatik qaydalara uyğun ifadə edilmir. “Şüur axını” metodunda cümlələrin assosativliyə əsasən düzülməsi səbəbindən bir-birilə əlaqəsi olmayan, qrammatik qaydalara tabe olmayan cümlələrdən istifadə edilir. Vurğulamaq lazımdır ki, Marsel Prust, Ceyms Coys, Uilyam Fokner, Vircinia Vulf kimi ədiblər əsərlərində modernizm ədəbi priyomlarından sayılan “şüur axını”ndan geniş istifadə etmişdilər.

 Məmməd Əliyev “şüur axını” metodundan istifadə etməklə sevən gənclərin bir-birilərinə olan hisslərini, keçirdikləri hiss və həyəcanları çatdıra bilir. Müəllif ayrı-ayrılıqda təqdim edilmiş yarımbölümlər arasında vəhdət yaradır, onları bir-birilə əlaqələndirir, əsər daxilində ayrıca bir məqam kimi göstərir. İki gəncin bir-birilərinə hisslərini iki gəncin sevgi dastanı kimi təqdim edir: “Səadət. ... Bu o idi!  O idi!... Mənim axtardığım, artıq mənim üçün xəyala çevrilmiş, xəyali varlıq! Əyninə tünd qəhvəyi rəngli boğazı qatlanmış yun köynək geymişdi. Qara, şəvə saçları uzandığından alnına tökülmüş, bənizi daha da ağarmışdı. Nəzərləri çölə zillənmiş, haraya isə diqqətlə baxırdı. Onu bu görkəmdə heç vaxt görməmişdim... Sanki şeir deyirdi... Muradla yollarımız qütbləşdi: o, Şimala, mən isə Cənuba üz tutdum... O, bir ulduz kimi parladı, sonra əriyib yoxa çıxdı. Həmişəki kimi mənim üçün bir xəyal olaraq qaldı.” Yazar Səadətin keçirdiyi hissləri qadın düşüncəsi ilə təqdim edir. Nakam sevginin şərbətini dadmış nakam qadının hiss- həyəcanlarını detalları ilə əks etdirmək bacarığı müəllifin yazıçılıq məharətinin göstəricisidir. Qeyd etdiyimiz kimi, bu məqam həm də “Murad” başlıqlı yarımbaşlıqda özünü əks etdirir. Müəllif özünün prototipi olan Muradın hiss-həyəcanlarını onun monoloqu vasitəsilə oxucusuna çatdırır. Bununla yanaşı, Muradın yalnız sevgiylə bağlı hiss-həyəcanlarına deyil, həmçinin həyatı ilə bağlı məqamlara da qəhrəmanın dili ilə aydınlıq gətirir: “Murad. İki gün sonra Kazım Əhmədoviç zəng vurdu. Yanına getdim. Qovluğunun arasından nazirliyin blankında yazılıb təsdiq olunmuş məktubu mənə uzatdı: “Qeydiyyat kitabına qol çək, məktubu tələbə yoldaşına çatdır!” – dedi. Ona necə minnətdarlıq edəcəyimi bilmirdim...”

Müəllif yarımbaşlıqlar altında, monoloq şəklində təqdim etdiyi hadisələri yalnız Murad və Səadət haqqında deyil, həm də onların kurs yoldaşı olmuş, Murada Səadətin ailə qurması haqqında xəbəri çatdırmış Nəcibə haqqında olan “Nəcibə.” yarımbaşlığında da təqdim edir. Bu başlıqda Nəcibənin Murad haqqında düşüncələri də əksini tapır. “ O nə qədər dəyişmişdi. Bir qədər də ətə-cana gəlib elə yaraşıqlı olmuşdu ki!.. İki il idi ki, tələbə yoldaşlarımız onu axtarır, bir-birimizdən soraq edirdik. O yoxa çıxmışdı. Hamımızda bir nigaranlıq, narahatlıq var idi. O, qrupumuzun gözü idi. Çoxumuz ona edilən pisliyə görə özümüzü günahkar sayırdıq. O da hamıdan küsmüş, incimiş kimiydi.”

“Karvan köçər, ötər gedər sədası” roman-etirafın kompozisiyası diqqəti cəlb edir. Müəllif romanda kompozisiyanın ünsürlərindən olan peyzaja müraciət edir. Təbiət təsviri əsər boyu özünü göstərir. Müəllif peyzaj vasitəsilə romanın problematikasına əlvanlıq gətirir. Peyzaj əsərdə hadisələrin təsviri zamanı keçid rolunu oynayır: “Axşamüstü düşürdü, sakitlik idi. Həmişə bu vaxtlar mal-qara, qoyun-quzu səsindən qulaq tutulardı, indi isə sakitlik idi. Nə mal naxırı var idi, nə də qoyun-quzu sürüsü... Gün Şəhərgah dağının arxasına keçirdi. Dağın ətəyindəki meşələrin üstündə günəş şüaları yox olduqca ağacların rəngi daha da tündləşir, ətraf sirli bir vadiyə çevrilir, əsrarəngiz gözəlliyə qərq olurdu.”

Məmməd Əliyev romanda peyzaj təsviri ilə oxucusunun diqqətini əsərə yönəldir,  Azərbaycanın gözəlliyini, fauna və təbiətini obraz səviyyəsinə yüksəldə bilir: “Bu vaxt yolun sol tərəfində, dayandığımız yerdən bir qədər aralı bir dəstə ceyran kolların arasından çıxıb yerdəki otlardan qırpmağa başladı. Sanki Muğan çölü işıqlandı, çöl əsrarəngiz bir gözəlliyə büründü. Şair demişkən “nə gözəl yaraşır Muğana ceyran...”. Dəstənin sonunda yanında körpə balası olan ceyran gəlirdi. Təzə anadan olduğundan bala güclə yeriyirdi. Mən bu gözəlliyə maraqla baxırdım. Özlüyümdə “qıyma, öz qanına boyana ceyran” misrasını yadıma saldım...”

Müəllif təsvir etdiyi hadisələr vasitəsilə Azərbaycanın xəritəsini göz önündə canlandırır. Əsərdə kəndə elektrik xətlərinin çəkilişi epizodunda bunu görmək mümkündür: “Elektrik xətləri Altıağacdan başlayaraq meşələrdən keçib Nehrəqıran dağının sağ yamacı ilə kəndə daxil olacaqdı,” “Kəndə transformator gətirib “Babanın düzü” adlı yerə qoydular”, “Hava qaralırdı, buna baxmayaraq, kəndimizin üstündəki Ata dağın (Dübrar dağı) Qərb tərəfə baxan sıldırımlı, çılpaq yamacları görünürdü.” Müəllif oxucu üçün Azərbaycanın Altıağac, Nehrəqıran dağı, Ata dağı (Dübrar dağı), “Babanın düzü” kimi məkanları olmasını təqdim edir. Müəllif peyzaj vasitəsilə Azərbaycanın gözəl məkanlarını ehtiram və qürurla oxucuya təqdim edir: “Küngüt dağının yamaclarında xeyli kəklik var, bəlkə qismətimizə bir-ikisi düşdü...”, “Ata dağdan əsən sərin meh onu üşütdü” və s.

Məmməd Əliyevin kompozisiyanın ünsürlərindən olan epiqrafa da əsərdə müraciət etməsi diqqətdən yayınmır. Müəllif romanın “Muğan çölü, Ərəbistan səhrası” bölümündə “könlü geniş və ruhu gəzəri sufi dərvişi” adlandırdığı şəxsə aid hikmətli sözü epiqraf kimi təqdim edir. “Könlü geniş və ruhu gəzəri sufi dərvişi” adlandırılan şəxs oxucuda belə qənaət yaradır ki, bu müəllifin özüdür:

Azad dünyadır eşq!

Ya düz ortasında – mərkəzindəsən,

Ya da ki, eşiyində - həsrətindəsən.

(Könlü geniş və ruhu gəzəri sufi dərvişi)

Əsərin “Nəcibə” başlıqlı bölümündə müəllfin təqdim etdiyi “Eşq olan yerdə ayrılıq var” (Şəms) epiqrafı Murad və Səadətin nakam eşqini əks etdirir.

 

Romanın bədii obrazları

Məmməd Əliyevin “Karvan köçər, ötər gedər sədası” romanı müəllifin xatirələri və özünün həyatı ilə bağlı olmasına rəğmən, romanda ziyalı obrazları da əksini tapır. Romanda Azərbaycan xalqının ədəbiyyat və mədəniyyətinin tərəqqisində xidməti olmuş ziyalıların dolğun obrazları oxuculara təqdim edilir. Müəllif romanda Məmməd Cəfər Cəfərov, Mirzağa Quluzadənin, Çingiz Hüseynovun, Bəhlul Abdullayevin və digər tarixi şəxslərin obrazları müəllifin bədii təfəkkür süzgəcindən keçirilərək təqdim olunur. Romanda təqdim edilən obrazlar müəllif xatirələri əsasında təqdim edilir. Romanın “Məmməd Cəfər müəllim və sonu dava-dalaşlı dissertasiya” və “Məmməd Cəfər müəllim məsləhət gördü ki” başlıqlarında Məmməd Cəfər Cəfərovun obrazı müəllifin xatirələri fonunda təqdim olunur.

Akademik Məmməd Cəfər Cəfərov romanda hörmət və ehtiramla xatırlanır, gənc aspiranta şeir dili və şeir vəzni haqqında əhəmiyyətli məlumatlar verməsi müəllif tərəfindən açıqlanır. Müəllif akademik Məmməd Cəfər Cəfərovun bir alim kimi obrazı ilə yanaşı, onun alicənab insan olmasını göstərir, elmi rəhbər kimi fəaliyyətini işıqlandırır. Müəllif Məmməd Cəfər Cəfərovun elmi fəaliyyətini, dərin elmi erudisiyaya malik olmasını əsərdə göstərə bilir. Məmməd Cəfər Cəfərovun rəhbərlik etdiyi dissertantlarına göstərmiş olduğu qayğı və elmi əhəmiyyət kəsb edən məsləhətlər verməsi ədibin obrazını oxucunun gözündə canlandırır: “...Bunların hamısını gözdən keçir, geniş şərhlər lazım deyil, yığcam, konkret münasibətini bildir.” Romanda Məmməd Cəfər Cəfərovun savadlı gənclərin gələcək aqibəti üçün narahatçılıq keçirməsi, onları tədqiqatlarını davam etdirmələrinə sövq etməsi əsərdə əksini tapır: “...İlkin variantda mənə planını ver, işin gedişi zamanı lazım olan yerlərinə əl gəzdirərik...”

Məmməd Əliyev yalnız akademik Məmməd Cəfər Cəfərovun deyil, həm də digər alimlərin yaddaqalan obrazlarını yaradır. Bu obrazlardan biri ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mirzağa Quluzadənin obrazıdır. Müəllif obrazı romanda yaddaqalan ştrixlərlə təqdim edir, onun əsil alim olmasını, intriqa yaradan alimlərə qarşı mübarizə aparmasını əks etdirir. Bəhlul Abdullanın dili Mirzağa müəllimin bu xüsusiyyətini açıqlayan müəllif qeyd edir ki, “...Şöbə müdirini Mirzağa müəllim öz yanına çağırtdırıb deyib ki, yaşımızın bu vaxtında intriqa aparmağını eşitsələr, bizə kənardakılar nə deyər?! Bir ayağımız burdadır, bir ayağımız gorda! Elə edək ki, biz olmayandan sonra gorumuzu söyməsinlər. Qoy gənclərimiz bizdən sonra buradakı mühiti, ənənəni qoruyub saxlasınlar. Onlar bizdən yaxşı nə varsa götürəcəklər...” Məmməd Əliyev əsərdə qayğıkeş, xeyirxah bir insan olan Mirzağa Quluzadənin dolğun obrazını “Unudulmaz insan” başlıqlı bölmədə təqdim edir. Yazar professor Mirzağa Quluzadənin xeyirxah əməllərini, gənclərə qayğı göstərməsini qeyd etməklə yanaşı, onun özünə aid fikirlərinə də müraciət edir: “Bizim yolumuzu onlar davam etdirəcəklər, onları incitməyin, get-gələ salmayın, biz öləndən sonra qoyun bizi yaxşılar kimi yada salsınlar, ruhumuza dua oxusunlar, onsuz da həyat çox qısadır. Heç kim bu dünyadan heç nə aparmayıb, yaxşı addan başqa”.

Əsərin “Moskvalı azərbaycanlılar” adlı bölməsində müəllif SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışmış Qəzənfər Əliyevin obrazını canlandırır. Müəllif bu obrazla qürbətdə yaşayan insanların fəaliyyətinə işıq sala bilir. Məmməd Əliyev Qəzənfər Əliyevi oxucusuna təqdim edərək, bu azərbaycanlı haqqında məlumat da verir: “Qəzənfər Əliyev filologiya elmləri doktoru idi, farsdilli hind ədəbiyyatı mövzusunda dissertasiya işi yazmışdı. Buradakı işindən başqa Sov.İKP Mərkəzi Komitəsinin katibi Ponamoryovun Şərq məsələləri üzrə məsləhətçisi idi.”

Əsərin “Moskvalı azərbaycanlılar” adlı bölümündə oxucu Moskva mühitində yazıb yaratmış azərbaycanlılarla da yaxından tanış olmaq imkanı əldə edə bilir. Məsələn, yazıçı, filologiya elmləri doktoru, professor Çingiz Hüseynov, filologiya elmləri doktoru, professor Abuzər Bağırov və b. müəllif tərəfindən oxucuya təqdim edilir. Müəllif Çingiz Hüseynovu oxucusuna belə tanıdır: “- Çingiz!

Mən onu tanımasaydım da haqqında çox eşitmişdim. O, tanınmış ictimai xadim və yazıçı Çingiz Hüseynov idi. O, İctimai Elmlər Akademiyasında (əvvəlki Moskva Ali Partiya məktəbi) kafedra müdiri vəzifəsində işləyirdi. Həmin Akademiya SSRİ-nin ən nüfuzlu akademiyalarından olub Kommunist Partiyasının mötəbər orqanları üçün kadrlar hazırlayan Mərkəz idi.”

Məmməd Əliyev romanda Məmməd Cəfər Cəfərov, Mirzağa Quluzadə, Qəzənfər Əliyev, Çingiz Hüseynov, Bəhlul Abdullayev, Mürsəl Həkimov və digər tanınmış elm və ədəbiyyat adamlarının real faktlara əsaslanan hadisələr fonunda yaddaşlara hopan obrazlarını yarada bilir.

 

Romanın bədii dili

Məmməd Əliyevin “Karvan köçər, ötər gedər sədası” roman-etirafının bədii dili orfoepik və qrammatik qaydalara əsaslanması, müəyyən prinsiplər əsasında ümumiləşdirilmiş və hamının başa düşüləcək şəkildə olması ilə diqqəti cəlb edir. Müəllif əsərdə bədii dilin tərkib hissələri olan dialektizmlərdən, vulqarizmlərdən, varvarizmlərdən, terminlərdən və s. istifadə edir.

Romanda məhəlli sözlərin, yəni dialektizmlərin işlənilməsi yaşlı nəslin nümayəndələrinin dili ilə təqdim edilir. Məsələn, Məmməd Əliyev Dürrə nənəsinin dili ilə dialekt sözləri məqamında işlədərək, əsərin bədii dilinə əlvanlıq qatır: “Ay səni, şoğərib olasan, uşağın köynəyini islahatdan çıxartdı!... Gör özünü necə istədir?! Necə bağlayırıq kəmsiyini çıxardır, adam üstünə cumur...” “Şoğərib” xoşagəlməz bir şey haqqında yüngül söyüş, “kəmsik” isə itin boynuna salınan ip, xaltadır. “Kəmsik” sözünün Şamaxı, Qazax və Qarabağ dialektlərində işlənilməsi bəllidir.

Xanbala kişinin işlətdiyi “baleymun” sözü də dialekt söz kimi diqqəti cəlb edir: “Baleymun (mənim balam), sənin bu məhəllədə adlı-sanlı, çox hörmətli qohumların yaşayır.”

Əsərdə dialektik sözlərin işlənilməsi əsərin dilinə ağırlıq gətirmir, əksinə obrazı fərqli təqdim etməyə imkan verir: “İçəridən bir qadın səsi gəldi:

- Avərdəni (gətirdiniz?)

- Həri! – deyə Xankişi cavab verdi.” Cümləsində “avərdəni”, “həri” kimi dialekt sözlərin hansı dialektə aid olması diqqəti cəlb edir. Bəllidir ki, “həri” Bakı dialektində ən işlək dialekt sözlərdən biridir.

Romanda müəllif tərəfindən terminlərin işlənilməsi də diqqətdən yayınmır. Müəllif istifadə etdiyi terminlərə romanda aydınlıq gətirir, oxucu üçün qaranlıq qalmasını istəmir. Məsələn, Deyunun raketin ümumi görünüşü, quruluşu haqqında məlumat verməsində terminlərdən istifadə edir: “Bizim dövlətin gücü, hərbi qüdrəti baxın, bu müdafiə sistemlərindədir. Bu uçuş aparatları 1950-ci illərin sonu, 60-cı illərin əvvəllərində kəşf edilmişdir. Düşmənin bir dənə də olsun hərbi obyekti hava sərhədlərimizi poza bilmir. Uzunluğu 10,5 metr, çəkisi 3,5 ton olan bu silahlar tüfəng gülləsinin sürətindən daha sürətlidir... Onlar iki mühərriklə işləyir: I mühərrik ПРД (rusca – пороховой ракетный двигатель –barıtla işləyən raket mühərriki), II isə ЖРД (жидкосный ракетный двигатель – maye ilə işləyən raket mühərriki) adlanır. “Start” komandası verilən kimi I mühərrik işə düşür, o, raketi 1500-2000 metr irəliyə atır, bu məsafədən sonra həmin mühərrik avtomatik olaraq raketdən ayrılır, II mühərrik JRD işə düşür. Çəkisi xeyli yüngülləşən  raket səmanın dərinliyinə tuşlanır, üstündəki xüsusi antena ilə yerdən radiodalğalarla verilən komandalarla idarə olunaraq “düşmən” hədəfinə istiqamətlənir. “Düşmən”in heç bir hədəfi nə qədər manevr etsə də bu silahın əlindən yayına bilmir.”

Terminlərdən istifadə edən müəllif hərbi sahə ilə bağlı səhnələr yarada bilir. Müəllif gənc leytenant Maltsevin raketin ayrı-ayrı hissələri haqqında məlumat verməsi epizodunda hərbi sahə ilə bağlı terminlərə müraciət edir: “Raketin döyüş başlığından sonra “okislitel” yanacaq çəni yerləşir. O, maye tünd qəhvəyi rəngli, kəskin qoxulu mayedir. Hava ilə tez oksidləşir, azacıq açıq olan yerdə tünd qəhvəyi rəngli tüstüyə çevrilir, yanğına və ya partlayışa səbəb olur. Onu xüsusi geyim forması – skafandr geydikdən sonra baka tökmək lazımdır. Ondan çıxan qaz (ehtiyatsızlıq edilərsə) insanın beyin iflicinə səbəb olur... Ondan sonrakı çən isə “qoryuçiy” (tərcüməsi yoxdur) adlanır. O da insan üçün çox təhlükəlidir.”

Məmməd Əliyevin əsərdə erməni separatçılarının yaratdığı “Krunk” sözünü oxucusu üçün izah edir: “Əvvəlcə gizli dərnəklər, gizli yığıncaqlar şəklində başlanan separatçı hərəkat sonralar birləşəcək, “Крунк” (Комитет революционного управления Нагорным Карабахом” – Dağlıq Qarabağın inqilabi yolla idarə edilməsi”) kimi adla erməni əhalisini birləşdirən bir qaragüruha çevriləcəkdi. Həmin hərəkata dəstək verənlər Moskva və Qərb ölkələrinin ermənipərəst siyasətbazları idilər...

“Крунк” sözü ermənicə “Durna, leylək” mənasını bildirirdi. Guya bu quş xoş xəbər gətirəcəkdi... Zaman keçəcək, həmin quşun qanadları qırılıb torpağa gömüləcəkdi!..”

Əsərdə vulqar sözlərin işlədilməsinə üstünlük verməyən Məmməd Əliyev, istər-istəməz onlardan əsərdə istifadə etməli olub: “Qeyri-ixtiyari söyüş söydüm:

- Ay qancıqlar!.. Biz gör kimlərə etibar etmişik!..”

Müəllif vulqarizmə müraciət etməklə, qələmə aldığı obrazın xarakterini açmağa, həmçinin mühiti haqda təsəvvür yaradır.

Məmməd Əliyev əsərdə obrazın danışığına əlvanlıq gətirmək üçün varvarizmlərdən istifadə edir. Məsələn, əsərdə “razborka” sözünün işlədilməsi varvarizm nümunəsidir: “Yoldaş Əlizadə, bizdə belə bir fikir yaranıb ki, siz cəncəlli işlərdə yaxşı “razborka” apara bilirsiz (“Ayırd etməyi bacarırsız”)” Müəllif varvarizmlə obrazın xarakterini oxucusu üçün aydınlaşdırır.

Məmməd Əliyev romanda bədii ifadə və bədii təsvir vasitələrinə müraciət edir. Məsələn, müəllifin istifadə etdiyi sintaktik fiqurlar içərisində ritorik suala müraciət etməsi diqqətdən yayınmır. Müəllif oxucusunun diqqətini cavabsız qalan suallarla əsərin problematikasına diqqətini yönəldir. Müəllif bədii sualı əsərin qəhrəmanının monoloqunda əks etdirir. Muradın iki hiss arasında qalması insanın daxilindəki ziddiyyətləri təsvir etməklə yanaşı, baş verən hadisələrə münasibətini əks etdirir: “Özü – içindən gələn özgə “mən”lə söhbət edirdi:

- Ola bilməz!

- Nə üçün?

- Axı mən də onu dünyalar qədər...

- Sən aciz idin! Dəyanətli deyildin...

- Axı o bunu bilirdi...

- İnandıra bilərdin...

- Mən onun üçün nişan üzüyü almışam.

- Əvvəl cavab almalı idin...Hardan bilsin... Üzük niyyətini aşkar etsə də hər iki tərəfin razılığı ilə taxılır....

- Nə etməliyəm?

- ....”

Romanda müəllif şifahi xalq ədəbiyyatının epik növü olan atalar sözlərinə, məsəllərinə, lətifələrinə tez-tez müraciət edir. Epik növün həcmcə kiçik janrlarından olan atalar sözlərinə müraciət edən müəllif xalq təcrübəsinin ümumiləşdirilmiş ifadəsini əks etdirir: “Qırxında öyrənən gorunda çalar! – deyib ata-babalarımız...”. Müəllif yığcam, hikmətli fikirlərin ata-babalarımız tərəfindən deyilməsini də vurğulayır. Romanda bu atalar sözü ilə müəllif  “Krasnodar vilayətində briqada düzəldib, podratlı (icarə) iş götürüb, hansı kənddəsə orta məktəbi bitirib attestat” əldə etmiş Yəhyanın sənədlərini İncəsənət institutunun aktyorluq fakültəsinə vermək istəyinin boş bir xəyal olması faktına aydınlıq gətirir.

Əsərdə “dəvə oynayanda qar yağar” atalar sözünün öz yaşına, mövqeyinə, vəziyyətinə münasib olmayan hərəkət edən adamlar haqqında işlənməsi məlumdur. Əsərdə əlinə kitab götürməyən, kitab oxumaqla arası olmayan Mirzənin Neft və Kimya institutunda təhsil almaq iddiasının da boş bir iddia olması vurğulanır.

Müəllif erməni məsələsini açıqlayarkən, ermənilərin Azərbaycanda etdikləri özbaşınalığı, mənəm mənəmliklərini məsəllə təqdim edir: “...Erməni bölməsində hər şey başlı-başına buraxılıb, Sərkisyan soyadlı bir qocanı buraya Bakıdan dekan gətiriblər, o da Sergeyin fəaliyyətini bəyənmir, Elmi şurada dəfələrlə onu tənqid edib. Yerevandan gələn müəllimlər başqa hava çalırlar, buranı Arsax respublikası adlandırırlar, guya bura Qarabağ yox, Arsaxdır. Mən xahiş edirəm ki, buranı mövcud qayda-qanunlar əsasında ciddi yoxlayın! Bunlar elə azğınlaşıblar ki, heç bir qayda-qanuna məhəl qoymurlar... “Burda mənəm, Bağdadda kor xəlifə!”...”

Məmməd Əliyev oxucuya çatdırmaq istədiyi fikirləri atalar sözlərindən istifadə etməklə çatdıra bilir. Oxucunu uzun uzadı cümlələrlə, fikirlərlə yormur. Məsələn, “meşədə armudun yetişmişi ayıya qismət olur...” atalar sözünü işlədərək sevdiyi qız Səadətin ailə qurduğu kişini gördükdə onun haqqında gəldiyi qənaətdir: “...Öz-özümə fikirləşdim: Deməli, bu mənim rəqibim imiş... Sonra inamlı, qətiyyətli bir fikir mənə təskinlik verdi: o heç vaxt, heç bir parametri ilə sənə rəqib ola bilməz!”

Müəllif əsərin dilini zənginləşdirmək, ona əlvanlıq qatmaq məqsədilə iddiomlardan da istifadə edir. Məsələn, daxilən əsəbi, əsəbiləşərək, lakin, hirsini büruzə verə bilməməyini “dişi bağırsağını kəsirdi” iddiomu ilə ifadə edir: “Məsləhət gördülər ki, “müdirdən heç nə xəbər almasın, acığı gələr, birdəfəlik işə yaxın durmaz”. Murad təəccüb edirdi: “Məmməd Cəfər müəllimin davranışına bax, bununkuna bax... Bəs bu professor başa düşmür ki, işin elmi rəhbəri həmin akademikdir? Yoxsa onu da bəyənmir?” Onun dişi bağırsağını kəsirdi. Gözləməkdən başqa çarəsi qalmamışdı.”

Müəllif romanda həlli çətin olan və uzun müddət zəhmət tələb edən iş, məsələ haqqında fikrini “bu xəmir hələ çox su aparacaq” kimi frazeoloji vahidlə ifadə edir: “…Sabah direktorun həbsi barədə sanksiya veriləcək, siz isə günortadan sonra yola salınacaqsız! Onun həbsindən sonra burada qalmasanız yaxşıdır... Çox şeyi sizin adınıza çıxacaqlar, rayon yeridir, böyük bir nəslin nümayəndəsidir... Amma bu xəmir hələ çox su aparacaq!”

Məmməd Əliyev romanda təhsil sistemindəki nöqsanları açıqlamaq üçün əsasında gülüş dayanan lətifədən istifadə edir. Müəllifin istifadə etdiyi lətifə əsərə rəngarənglik qatmaqla yanaşı, müəllif ideyasını oxucuya çatdırılmasına yardım edir: “...Sovet kosmonavtı N. Jolobov Bakıda Neft və Kimya İnstitutunu bitirmişdi. Kosmosa qalxandan sonra gəminin mühərriklərindən biri xarab olur, məcburi eniş edib üç kosmonavt Afrika ölkələrindən birində qalın cəngəlliyə düşürlər. Bu vaxt əlində ağac nizə, ox-kaman tutmuş, lüt vəziyyətdə - ancaq qabaqlarına bir dəstə yarpaq bağlamış üç nəfər onlara yaxınlaşır, öz dillərində deyirlər ki, onlardan bozbaş bişirmək lazımdır. Biri deyir ki, gəlin onlara sual verək, bilməsələr, sonra kəsərik. Həmin adam deyir: bizə elə şeydən danışın ki, o bizdə olmasın! Yoxsa öldürüləcəksiniz!

Birinci kosmonavt deyir: üç türbinli raket!

Həmin adam cavab verir:

- Biz onları dövriyyədən çıxarmışıq, indi bizdə beş türbinlisi var!

İkinci kosmonavta söz verirlər. O deyir:

- Atom sualtı qayığı!

Onlar gülüb deyirlər:

- Artıq köhnəliblər, onları çıxarıb tökmüşük  dənizin kənarına, suyun altında üzüb, quruda özü yeriyən gəmilərimiz var...

Jolobov görür ki, vəziyyət ağırdır, fikirləşib deyir:

- Politbüro (siyasi büro)! Cəngəllik adamları bir-birinin üzünə baxıb çiyinlərini çəkirlər. Biri xəbər alır:

- O nədir ki?

Jolobov izah edir. Orada da sizin kimi beş-altı adam yığılır bir yerə, danışıb sual verirlər, birinin “başını yeyib” iclasa yekun vururlar...

Cəngəllik adamlarından biri deyir:

- Bu, mənimlə bir yerdə, Bakıda, AZİ-də (Neft və Kimya institutunda) oxuyan qrup yoldaşımdır! O vaxt müəllimlərə də belə dolaşıq suallar verirdi, buraxın getsinlər. Biz də gedək politbüro haqqında fikirləşək...”

Müəllif keçmiş SSRİ və beynəlxalq aləmdə tanınmış nüfuzlu təhsil müəssisəsi olan Azərbaycan Neft və Kimya İnstitutu olması faktını qabartmaqla, ali məktəblərdə müəllimlərin tələbələrin biliklərinin qiymətləndirilməsi zamanı bilərəkdən real qiymətləndirilməməsini də əks etdirir.

Müəllif romanda istifadə etdiyi nəzm nümunələri həm tanınmış söz xiridarlarının, həm də özünün qələmə aldığı nəzm nümunələridir. Müəllif Ali Partiya Məktəbini, onun nəzdində fəaliyyət göstərən Marksizm Universitetini bitirmiş Muradın keçirdiyi sarsıntıları, taleyində unudulmaz iz buraxan gecənin ağrısını qələmə aldığı poetik nümunə ilə ovuşdurmağa cəhd edir: “İçi yazılmış, qeydlərlə dolu olan şagird dəftərinin birini götürüb baxdı, onu vərəqləmədi, qələmi götürüb elə dəftərin üstündə ürəyindən keçən bir neçə misranı yaza bildi:

Muğan çölü, Ərəbistan səhrası

Aşiqlərin həsrət dolu yuvası...

Karvan köçər, ötər gedər sədası

Qönçə bağlar, tezcə solar laləsi.”

Məmməd Əliyev “Karvan köçər, ötər gedər sədası” adlandırdığı romanının adını təqdim etdiyi nəzm nümunəsində də işlətməsi diqqətdən yayınmır.

Filologiya elmləri doktoru, professor Məmməd Əliyevin “Karvan köçər, ötər gedər sədası” roman-etirafı sənədli-bioqrafik ədəbi obrazlar qaleriyasıdır. Müəllif bədiiləşmiş həqiqəti bədii düşüncənin vacib faktoru kimi əks etdirir. Məmməd Əliyev tarixi şəxsiyyətlərin obrazını yaratmaqla bərabər, təqdim etdiyi şəxsin mühitini, baş verən siyasi olay və hadisələri faktiki həyat materialları və sənədlilik əsasında bədii təxəyyül süzgəcindən keçirərək oxucuya təqdim edir. “Karvan köçər, ötər gedər sədası” roman-etirafı müəllifin keçdiyi həyat yolunun müəyyən bir məqamı ilə tanış olmaq imkanı yaradan nəsr nümunəsidir.

SİZƏ MARAQLI OLA BİLƏR