Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

“Qarabağ Azərbaycandır!”: Tarixin sınağından çıxmış şüarımızı təsdiq edən ədəbiyyatımız

07-01-2021 [ 17:18 ] [ oxunub:214 ]
printerA+ | A-
100446

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Mahirə Həmid Əfşan qızı Quliyeva klassik Azərbaycan ədəbiyyatşünaslığı, Azərbaycan ərəbşünanslığını təmsil edən tanınmış ziyalılarımızdandır. Elmi yaradıcılıq illəri boyu Mahirə Quliyeva bir çox fəxri adlara, mükafatlara, o cümlədən,  Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalına layiq görülmüşdür.

Hazırda Mahirə xanım Quliyeva Azərbaycan ədəbiyyatının klassik Şərq poeziyası ilə əlaqəli araşdırılması sahəsində ciddi elmi əhəmiyyəti olan tədqiqatlarını  uğurla davam etdirməkdədir. Görkəmli şərqşünas alimin "Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı" (1999), ""Quran" bəlağəti və Azərbaycan ədəbiyyatı" (2018), "Aşıq yaradıcılığı və dastanlar Şərq poetikası və islami dəyərlər baxımından" (2016), ""Quran" və Azərbaycan ədəbiyyatı" (2016), "Azərbaycan ədəbiyyatı ərəb-müsəlman nəzəriyyəsi kontekstində" (2017), "Klassik ədəbiyyatda "Quran" motivləri və ideya-estetik tərbiyə", “Mən kiməm... Milli kimliyim və mənəvi zənginliyim ədəbiyyatda”  (2019), kimi monoqrafiyalarında klassik Şərq poetikası və Azərbaycan poeziyasının poetik sisteminin qarşılıqlı əlaqələri geniş şəkildə öz əksini tapmışdır.  Akademik İsa Həbibbəyli yazır ki, “Mahirə Quliyeva Şərq poetikası ilə Azərbaycan ədəbiyyatının təmasından bəhs edərkən doğma, milli ədəbiyyatın ümumşərq ədəbiyyatındakı üstün mövqeyini və rolunu obyektiv elmi meyarlar vasitəsilə nəzəri cəhətdən əsaslandırılmış şəkildə təqdim edir.  Mahirə Quliyevanın elmi fəaliyyətində nəzərə çarpan ədəbiyyatda milli kimlik və mənəvi zənginlik məsələlərinin araşdırılması onun Şərq və Azərbaycan ədəbiyyatlarını paralel şəkildə tədqiq edib öyrənmək sahəsindəki çoxillik tədqiqatlarını tamamlayır. ” (“Ədəbiyyat qəzeti, 2020, 16 may). 

Ötən ilin son aylarında işıq üzü görmüş “Ağlaya-ağlaya gülən şairlər” kitabında yer alan mətnlərin transfoneliterasiyasının müəlliflərindən biri də Mahirə Quliyevadır.  Qeyd edək ki, bu nəşrə sovet dönəmində mərsiyə şairləri kimi təqdim olunan və tədqiqatlardan kənarda qalmış XIX əsr Azərbaycan müəllifləri Dəxil, Qumri, Raci, Sərraf, Şükuhi, Şüai, Nəbati, Fəqir, Dilsuz, Aciz, Pürqəm, Rayiz və başqalarının əsərlərindən nümunələr daxil edilmişdir. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovun tərtibçiliyi ilə çapdan çıxan “Ağlaya-ağlaya gülən şairlər” kitabı görkəmli əlyazmaşünas alim Məmmədağa Sultanovun (1910-1991) 110 illiyinə ithaf olunmuşdu. Məmmədağa Sultanov bu toplunun həm təşəbbüskarı, eyni zamanda redaktoru olmuşdur.

Orta əsrlər poetikası problemi ilə ardıcıl surətdə məşğul olan Mahirə xanım Quliyevanın tədqiqatları sırasında hazırda rəhbərlik etdiyi Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsində  "Molla Pənah Vaqifin həyatı və yaradıcılığı" mövzusunda monoqrafiya da yer almışdır.

“Ədəbiyyat tarixi əvvəla mətnlər tarixidir.Mətnin bizə verdiyi şey sənətkarın iç aləmidir. Bunu müasir elmin hüdudları içində psixoloji, fizioloji və xüsusilə psixopati baxımdan incələyib, sənətkarın ruh portretini vücuda gətirmədən bilgi, hiss, fikir, xəyal mələklərindəki qüdrətini müəyyən üsullarla ortaya qoymadan onu ədəbiyyat tarixi içinə oturda bilmərik. Bu tədqiq insan, dönəm problem üzərində olduğu üçün çox şümüllüdür. M.Füzuli irsinin tədqiqi ilə bağlı söylənilən bu fikir, əslində klassik irsin hər bir dönəminə şamil edilməlidir ki, bu mənəvi irs tarixin zəngin səhifələrində dəyərini tapa bilsin” - qeyd edilən bu fikiri Mahirə xanım Quliyeva Azərbaycan ədəbiyyat tarixində xüsusi yeri olan və Azərbaycan şeirində yeni bir dövrün, bugününün elmi müstəvisi baxımından erkən yeni dövr Azərbaycan ədəbiyyatının əsasını qoyan milli şairimiz Molla Pənah Vaqif irsinə də şamil edir (http://zirve.info/elmi-meqaleler/3038-vaqif-yaradcl-aq-dbiyyat-il-klassik-poeziyann-qovanda.html.).

“Molla Pənah Vaqif irsi xalq yaradıcılığı ilə klassik poeziyanın qovşağında”  mövzusunda kitabı Mahirə Quliyevanın Molla Pənah Vaqifin yaradıcılığına yeni elmi təfəkkür işığında yanaşma əsasında meydana çıxan əhəmiyyətli elmi əsəridir. Kitabın ingilis dilində nəşri Azərbaycanın ərazi bütövlüyünə önəm verənlər üçün "Qarabağ Azərbaycandır!” şüarını təsdiqləyən bir faktdır.  İngilis dilində nəşr edilmiş kitab haqqında fikirlərini bölüşən Mahirə xanım Quliyeva şıxışlarının birində qeyd edir ki, “Qarabağ Azərbaycandır!” şüarı tarixin sınağndan çıxmış bir şüardır ki, ədəbiyyatımız da, tariximiz də bunu təsdiq edir. Molla Pənah Vaqif sözü ilə bir daha bu şüarı təsdiq etmək istədik. Əslində tarixdə bunları sübut etməyə ehtiyac yox idi. Lakin bu 44 günlük müharibə sübut etdi ki, biz mənfur qonşularımıza zaman-zaman müəyyən məqamları  xatırlatmalıyıq”

Kitabda yer almış tarixi hadisələr fonunda  Qarabağın ədəbi mühitinin, regionun müxtəlif ərazilərinin, ictimai-siyasi durumunun, etnoqrafik mənzərələrinin, qadınlarımızın yüksək əxlaqi keyfiyyətlərinin  və s. təsviri milli mənəvi dəyərlərimizin faktlarla  dünya miqyasında tanınması istiqamətində mühüm hadisə kimi dəyərləndirilə bilər. Və ən əsası yazımızın sonunda  Mahirə xanım Quliyevanın təbirincə desək, “Molla Pənah Vaqif irsi xalq yaradıcılığı ilə klassik poeziyanın qovşağında”  kitabı  Vaqifin sözü ilə  “Qarabağ Azərbaycandır!” şüarını bir daha təsdiq  edən əsərdir.

 

Zakirə Əliyeva

filologiya üzrə fəlsəfə doktoru, dosent

SİZƏ MARAQLI OLA BİLƏR