Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunda yekun elmi şura və ilin alimləri

19-12-2017 [ 11:49 ] [ oxunub:90 ]
printerA+ | A-
70501

Azərbacan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunlarının müzakirə olunduğu iclası keçirilib. İclasdan öncə bir il ərzində nəşr olunan kitabların nümayiş olunduğu sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan xalqının görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik anmaqla başlanıb. İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxışında 2017-ci ilin institut üçün uğurlu keçdiyini, bir sıra önəmli nəticələrin olduğunu bildirib. Akademik İsa Həbibbəyli çoxcildlik ədəbiyyat tarixləri sahəsində görülən işlərin əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 7 cildlik ədəbiyyat tarixinin 5-ci cildi, 10 cidlik ədəbiyyat tarixinin isə 1-ci cildi ilə bağlı işlər yekunlaşmaq üzrədir və ilin sonuna qədər çapa veriləcək. Eyni zamanda, elmi kadr hazırlığı baxımından da il uğurlu olub. On nəfər institut əməkdaşı elmlər doktorluğu işini bitirib, bəziləri artıq müdafiə edib, digərləri isə müdafiə növbəsini gözləyirlər. Bu, institut tarixində mühüm hadisədir. Akademik İsa Həbibbəyli 2017-ci ili Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu üçün istər elmi nailiyyətlərin əldə edilməsi, istərsə də elmi-təşkilati islahatların həyata keçirilməsi baxımından əlamətdar bir dövr olduğunu vurğulayıb.

Daha sonra institutun elmi katibi, dosent Aygün Bağırlı ilin əsas göstəricilərinin ifadə olunduğu geniş elmi hesabatı şura üzvlərinə təqdim edib. O qeyd edib ki, ölkə başçısı, Prezident İlham Əliyevin fərman və sərəncamlarının icrası ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı işlər görülüb. «Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında» Azərbay­can Res­­­­­­­­publikası Prezidentinin 12 yanvar 2017-ci il tarixli Sə­rən­ca­mı­na əsa­­sən təs­diq olun­muş tədbirlər planına uyğun olaraq institutda aprel ayının 7-də “Molla Pənah Vaqif və Azərbaycan realizmi” mövzusunda elmi sessiya keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi ilə bağlı sərəncamına uyğun tədbirlər planı əsasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda cari ilin mart ayının 13-də “Azərbaycan ədəbiyyatında İslam həmrəyliyi və tolerantlıq” mövzusunda konfrans keçirilib. Ümumilikdə il ərzində institutda üçü beynəlxalq olmaqla 22 konfrans və tədbir keçirilib.

İl ərzində Ədəbiyyat İnstitutu əməkdaşlarının müəllifliyi, tərtibçiliyi və tərcüməsində 49 kitab və monoqrafiya, 18 tərtib, 7 konfrans materialı, 9 bədii, 4 tərcümə olmaqla ümumilikdə 100-ə yaxın kitab işıq üzü görüb. Hələ çapda olan nəşrlərin olmasını nəzərə alsaq, bu il institutun bu sahədəki göstəricisinin keçən illə müqayisədə keyfiyyət və kəmiyyət baxımından xeyli irəli getdiyi nəzərə çarpır. İl ərzində institut əməkdaşlarının müxtəlif elmi jurnal və məcmuələrdə, eləcə də dövri mətbuatda 1180 məqaləsi (o cümlədən, 13-ü impakt faktorlu olmaqla və 120 məqalə xarici ölkələrdə) çap olunub.

Akademik İsa Həbibbəylinin ideya müəllifi və baş elmi məsləhətçisi olduğu institutun rəsmi internet səhifəsi lierature.az-ın yeni versiyası müasir dizaynda, üç dildə təqdim edilib. Ötən il ərzində institut əməkdaşlarının nəşr edilmiş kitab və məqalələri mütəmadi olaraq saytda yerləşdirilib, müdafiə edilmiş dissertasiyaların avtoreferat bazası davamlı olaraq yenilənib.

Eyni zamanda, elmi şurada 2017-ci ildəki fəaliyyətinə görə “İlin alimi” mükafatının qaliblərinin adları açıqlanıb. Qeyd edək ki, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə təsis olunan “İlin alimi” və “İlin gənc alimi” mükafatları hər il elmdə fərqlənən ədəbiyyatşünas alimlərə təqdim edilir. Bu il “İlin alimi” və “İlin gənc alimi” mükafatlarının verilməsi şərtlərini özündə əks etdirən əsasnamə qəbul olunub. Qəbul olunan əsasnaməyə əsasən mükafat institutun ən fəal üç aliminə, eləcə də ölkənin digər elmi qurumlarından diqqəti cəlb edən bir nəfərə və xaricdə Azərbaycan ədəbiyyatını tədqiqi və təbliği ilə ardıcıl məşğul olan bir alimə verilir. 2017-ci ildəki fəaliyyətinə görə institutdan filologiya elmləri doktoru Fəridə Əzizova, filologiya elmləri doktoru Vüqar Əhməd, fəlsəfə elmləri doktoru Rahid Xəlilov və filologiya elmləri doktoru Nizami Məmmədov “İlin alimi” mükafatı üzrə qalib elan olunublar. Eyni zamanda, ölkə üzrə Slavyan Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru Rüstəm Kamala ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərinə görə “İlin alimi” diplomunun verilməsi qərara alınıb. Xarici ölkələrdən isə Azərbaycan ədəbiyyatının tədqiqi və təbliğində xidmətlərinə görə Türkiyə İzmir Ege Universitetinin professoru Ali Yavuz Akpinar mükafata layiq görülüblər.

Sonda AMEA Humanitar Elmlər bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edərək Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2017-ci ildəki fəaliyyətinin kifayət qədər uğurlu olduğunu və növbəti ildə institut əməkdaşlarının daha böyük uğurlar qazanacağını bildirib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR