Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Məsud Əlioğlunun tənqidçi fərdiyyəti - Nurlanə Hümmətqızı

10-05-2024 [ 10:13 ] [ oxunub:363 ]
printerA+ | A-
104547

Ədəbi prosesdə öz orijinal yazı üslubu ilə yadda qalan Məsud Əlioğlunun ədəbi-tənqidi görüşləri ədəbi tənqid tarixinin XX əsrin 50-70-ci illər mərhələlərini, ənənələrini üzə çıxarmaq baxımından vacibdir. Ədəbiyyatşünas ömrünün qısa tarixçəsinə geniş tədqiqat əsərləri, ədəbi tənqidin vacib problemlərini əhatə edən kitablar, klassik irsin araşdırılmasını diqqət mərkəzinə çəkən publisistik məqalələr yerləşdirmişdir. Tənqidçinin nəzəri-estetik fikrin aktual məsələlərini əhatə edən məqalələri göstərdi ki, ədəbi-nəzəri fikrimizə müstəqil düşünə bilən, yaradıcılığın bədii estetik cəhətlərinə, fəlsəfi ümumiləşdirmələrə daha çox diqqət yetirən cəsarətli bir ədəbi şəxsiyyət gəlir. Öz fəaliyyətində məhdudiyyət tanımayan Məsud Əlioğlu ədəbiyyatımızın müxtəlif nəsillərini təmsil edən Natəvan, Nizami, Füzuli, Vidadi, Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Məhəmməd Hadi, Süleyman Sani Axundov, Hacı Kərim Sanılı, Osman Sarıvəlli, Zeynal Xəlil, Balaş Azəroğlu, Süleyman Rəhimov, Mikayıl Müşfiq, Rəsul Rza, Səməd Vurğun, Məmməd Səid Ordubadi, Mir Cəlal, İlyas Əfəndiyev, Mirzə İbrahimov və başqalarının yaradıcılığını təhlil edərkən, çox vaxt obyektiv mövqedə dayanır, onların hər birinin yaradıcılığını konkret ədəbi faktlar əsasında tədqiqata cəlb edirdi.

Ədəbiyyatşünasın ilk məqaləsi 1947-ci ildə "Oxucunun qeydləri" başlığı altında hələ tələbəlik illərində çap olunmuşdur. Tələbə qələmindən çıxan bu məqalə gənc tədqiqatçının leksikonunun zəngin olduğunu göstərir, ədəbiyyata istedadlı bir tənqidçinin gələcəyindən xəbər verirdi. 1949-cu ildə çap olunan "Bir gəncin manifesti" məqaləsində Mir Cəlal sənətkarlığına yanaşma tərzi, fikirlərinin aydınlığı, qələminin itiliyi, romanın təhlili zamanı gəldiyi yekun nəticələrdə ədəbi prosesə həvəslə qoşulan tənqidçinin izlərini görmək mümkündür.

Səməd Vurğun Məsud Əlioğlunun yüksək dəyər verdiyi yazıçılardan idi. Səməd Vurğunun əsərlərinin bədii dəyəri tənqidçinin doğru yolda olduğunu göstərirdi. "Vaqif" dramının sənətkarın istedadının ortaya çıxmasında oynadığı rolu diqqətə çatdırmaqda tənqidçinin məqsədi orijinal, heç kimə bənzəməyən dramaturq obrazını yaratmaqdır. Tənqidçi "Vaqif" dramının yaranmasında üç əsas fəlsəfənin rolunu yüksək qiymətləndirmişdir:

1. Xalq hikməti.

2. Xalqın mübarizəsindən doğan həyat fəlsəfəsi.

3. "İnsan insana qarşı canavar yaranmışdır" fəlsəfəsi.

Birinci fəlsəfənin izahında Vaqifin şair təbiəti, şəxsi iztirabları - bir sözlə, xalqa bağlı Vaqif obrazı yaradılmışdır. İkinci fəlsəfə əsasında Eldarın simasında xalqın mübarizə əzmi, onun Qacarla vuruşma səhnəsi əsaslandırılmışdır. Üçüncü fəlsəfənin baş qəhrəmanı isə Qacardır. Qacara aid edilən bu fəlsəfi fikrin tarixi çox qədimdir. Roma dramaturqu Plavtın fikirlərindən qaynaqlanan, Tomas Hobbsun əsərində təsdiqini tapan, Ziqmund Freydin müdafiə etdiyi bu mühakimə XX əsrin 50-ci illərində Məsud Əlioğlunun məqaləsində öz real həllini tapmışdır. Qacar kimi mənfi obrazı xarakterizə etmək üçün bundan uğurlu yanaşma tapmaq olmazdı. Çox keçmir ki, bu insan münasibətlərini təcəssüm etmək üçün sovet dövründə bunun əksi olan aforizmin təbliğinə başlanılmışdır: "İnsan insanın dostudur, yoldaşı və qardaşıdır". Bu şüar 1961-ci ildə Sovet  İttifaqı Kommunist Partiyası XXII qurultayında irəli sürülmüşdür. Bununla belə, Məsud Əlioğlu 1961-ci ildə çap olunan "Məfkurə dostları" kitabına daxil etdiyi həmin tənqidi məqalənin məzmununu dəyişməmiş, öz müəllif hüququnu qoruyub saxlamış, "əsl tənqidçi necə olmalıdır" məsələsini elm aləminə nümayiş etdirmişdir.

Məsud Əlioğlunun tənqidçilik fəaliyyətində Azərbaycan romantizminin nümayəndələrinə qayğı və məhəbbəti hiss olunmaqdadır. Məhəmməd Hadi, Abdulla Şaiq, Abbas Səhhət, Hüseyn Cavid yaradıcılığı estetik tənqidin prizmasından təhlil olunmuşdur. Romantiklərin yaradıcılığının vətən eşqi, hürriyyət obrazı, təbiətin təsviri, mədəni tərəqqi mövzuları ətrafında təhlili romantizmin əsas mövzular aləmini açmağa kömək etmişdir. "Faciəli istedad" birləşməsi Hadinin şəxsi həyatına və bədii yaradıcılığına yönəlmiş düzgün ifadədir. Yaradıcı şəxsiyyətin faciəvi sonunun mühitin faciəsi ilə əlaqələndirilməsi Hadinin fikir dünyasının genişliyinə yönəlmiş düzgün qənaət idi. Abdulla Şaiqin uşaq ədəbiyyatının inciləri sırasına daxil olan şeirlərində təbiətin saflığının uşaq psixologiyası ilə uyğunlaşdırılması romantik əsərlərin əsas leytmotivi kimi dəyərləndirilmişdir. Məsud Əlioğlu Abbas Səhhət yaradıcılığındakı ilin fəsillərini bədii obraz səviyyəsində təhlil etmişdir. Belə ki, peyzaj lirikasına Abbas Səhhət qədər fəsil obrazı gətirən yoxdur. Bu şeirlər fəsillərin növbələşməsini xatırladır və insan hissləri ilə vəhdətdə verilir. Tənqidçinin bu dəyişməni görməsi və izaha çalışması Səhhət romantizminin təhlilində ilk addımdır. "Mənim tanrım" şeirinin Cəfər Cabbarlının lirikasının manifesti şəklində təqdiminin şairin romantizminin aydınlaşdırılması baxımından əhəmiyyəti böyükdür. Hüseyn Cavidin "Mənim tanrım gözəllikdir, sevgidir" fikri ilə Cəfər Cabbarlının "Bir tanrım var - gözəllik" fikrinin bir-birini tamamlaması doğru istiqamətdə şairin romantik sənətkar kimi təsdiqinə gətirib çıxarmışdır.

1956-cı ildə çap olunan "Məhəbbətin qüdrəti" məqaləsi Məsud Əlioğlunun Hüseyn Cavid yaradıcılığına ilk yanaşması idi. Məsud Əlioğlu "Hüseyn Cavidin romantizmi"  monoqrafiyasını "Cavid - sənətkar" adı altında çap olunmasını nəzərdə tutmuşdur. Onun 1968-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetinə verdiyi müsahibədə bu sözlərə təsadüf edirik: "Azərbaycan romantik şeirinin görkəmli  nümayəndəsi Hüseyn Cavidin yaradıcılığı məni çoxdan bəri düşündürür. Hazırda "Cavid - sənətkar" monoqrafiyası üzərində işləyirəm". Ancaq təəssüf ki, tənqidçi bu monoqrafiyanın çapını görə bilmir, monoqrafiya onun ölümündən sonra Yaşar Qarayevin redaktorluğu altında çap olunur.

"Məhəbbət və qəhrəmanlıq", "Füzuli və Üzeyir", "Vaqif və Vidadi", "Məfkurə dostları", "Məslək qardaşları" məqalələri orijinal düşüncə tərzi ilə seçilən tənqidi materiallardır. Oxşar və fərqli cəhətləri aşkara çıxarmaq üçün tutuşdurulan ədəbi simalar, məqalələrə seçilən adlar üslubi semantikanın dərinliyindən xəbər verir.

Məsud Əlioğlunun "Məhəbbət və qəhrəmanlıq" məqaləsi həcminin və qaldırılan problemlərin  genişliyinə görə monoqrafik tədqiqat əsərlərini xatırladır. Bu əsərdə məhəbbət və qəhrəmanlıq vahid mərkəzə istiqamətlənir: Xalqa doğru. Xalqın düşüncə tərzini, adət-ənənələrini, mədəniyyətini, məişət və əxlaq normalarını nizamlayan "Kitabi-Dədə Qorqud" və "Koroğlu" əsərlərində vətənpərvərlik və azadlıq ideyalarının təbliğinə yönələn fikirlər təcəssümünü tapmışdır. Cəmiyyətin əxlaqi-etik və psixoloji-estetik təsəvvürlərini yaşadan, xalqın fikir axtarışlarının nəticəsi olan dastanların və aşıq yaradıcılığının müasir həyatımız üçün vacib tərbiyəvi əhəmiyyətini tənqidçi qeyd etməyi unutmamışdır. Onun tədqiqatında üç xüsusiyyəti özündə birləşdirən Dədə Qorqud obrazına rast gəlirik. Alim, həkim-filosof və müəllim-tərbiyəçinin bir müdrikin şəxsində cəmləşdirilməsi Dədə Qorqud fəlsəfəsinin təsir gücünü göstərən faktor idi. Dədə Qorqudun elmin sirlərini araşdırdıqda alim, insanın psixoloji-ruhi aləmini tədqiqə başladıqda həkim-filosof, etika məsələləri ilə məşğul olduqda müəllim-tərbiyəçi kimi dəyərləndirilməsi tənqidçinin ona yanaşmasında yeni baxış idi.

Aşıq yaradıcılığı şifahi xalq yaradıcılığı ilə yanaşı, yazılı ədəbiyyatın xüsusiyyətlərini özündə əks etdirən hikmət xəzinəsidir. Aşıq yaradıcılığının sinkretizmini səciyyənləndirən təkcə bir neçə sənət sahəsini özündə cəmləşdirməsi deyil, yazılı və şifahi xalq ədəbiyyatının xüsusiyyətlərini də özündə birləşdirməsi kimi də başa düşmək olar. Məsud Əlioğlu aşıq yaradıcılığını tam folklor hadisəsi kimi qiymətləndirmir, "yazılı xalq ədəbiyyatı" ifadəsini işlədirdi.

Tənqidçinin "Məfkurə dostları" məqaləsində Sabir və Mirzəli Möcüz yaradıcılığı qarşılaşdırılır, ortaq fikirlər üzə çıxarılır, "Məslək qardaşları"  tədqiqat əsərində isə Sabir şeiri ilə Cəlil Məmmədquluzadə məqalələri arasında tutuşdurmalar aparılırdı. Möcüzlə paralel şəkildə Sabir satirasının əsas tənqid hədəfləri sırasına daxil olan Şərq xalqlarının vəziyyəti, imperializmin müstəmləkə siyasəti təhlil olunurdusa, Cəlil Məmmədquluzadənin əqidə dostu Sabiri daxili düşmənlər maraqlandırırdı. "Məslək qardaşları" məqaləsində söz və fikir azadlığının boğulması məsələsi diqqətdə idisə, "Məfkurə dostları"nın əsas predmeti dini xurafat, cəhalətin tənqidi məsələsi idi.

Onun Vaqif və Vidadi şeirinin mahiyyətini açanda eyni problemə müraciət edən şairləri doğmalaşdıran, qoşalaşdıran səbəbləri üzə çıxarması, Vaqifin şeirlərinə xas olan nikbinlik fəlsəfəsi ilə Vidadi poeziyasının mahiyyətinə hopan kədər fəlsəfəsinin iki sənətkarın məşhur deyişmələri kimi qarşı-qarşıya qoyulması maraqlı yanaşma tərzini ortaya çıxarırdı.

Heç təsadüfi deyil ki, Azər Turan tənqidçi haqqında belə yazırdı: "Məsud Əlioğlu Azərbaycan ədəbiyyatşünaslığının qumsallığına eşq və kədər yağmuru kimi yağdı". Bu sözlər təsdiq edirdi ki, onun klassik irslə bağlı yazdığı məqalələrinin başlıca tədqiqat obyekti eşq və kədərdir. "Natəvanın kədəri" məqaləsində tənqidçi kədər motivini Natəvanın bədii yaradıcılığı və şəxsi həyatının vəhdətində axtarır, bunun nəticəsində humanist sənətkar, kədərli ana, kövrək şairə obrazı yaranırdı. Vidadinin lirikasında kədər motivinə toxunan tənqidçi "xalq kədəri" fikrini irəli sürməklə, şairin kədər anlayışını subyektivlikdən uzaqlaşdırır, bu kədərdə tərki-dünyalıq görmürdü. Məsud Əlioğlu Füzuli kədərinin fəlsəfi izahını belə müəyyənləşdirirdi: "Füzulinin kədəri insan idealı ilə ictimai varlıq, insan diləkləri ilə real həyat arasındakı uyğunsuzluqdan, uçurumlardan doğan odlu bir fəryadın ifadəsidir".  Məsud Əlioğlu Nizami, Füzuli, Natəvan, Vidadi, Vaqif yaradıcılığının təhlili ilə bir tənqidçi kimi vacib bir missiyanı yerinə yetirmişdir: xalqı sevmək və öz keçmişini qorumaq.

Məsud Əlioğlunun uğuru o zaman üzə çıxırdı ki, böyük bir ictimaiyyəti və ədəbi prosesi öz sərbəst mövqeyi və cəsarətli fikirləri ilə arxasınca apara bilmişdir. Bununla da, ədəbi tənqidin başlıca problemi olan polemika yaratmaq qabiliyyətini nümayiş etdirmişdir. Bu polemikanın nəticəsində bədii əsərin əsas məziyyətləri üzə çıxmış, ədəbiyyata yeni gələn mövzuların necə qarşılanması məsələsi bütün aydınlığı ilə diqqətə çatdırılmışdır. Əslində bu mövqe əsərin özünün də araşdırılması tempinə müəyyən qədər təkan vermişdir. Xüsusilə, onun 1961-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap olunan "Səriyyə haqlıdırmı?" məqaləsi dövrü mətbuatda silsilə məqalələrin yazılmasına səbəb olmuşdur. Eyni zamanda  "Aygün" əsərinin qadın obrazına obyektiv münasibət nümayiş etdirməsi qərəzsiz tənqidçi şəxsiyyətindən xəbər verirdi.

Vəfatından əvvəl "Azərbaycan gəncləri" qəzetində çap olunan son məqaləsi İskəndər Coşqunun "Söhrab və Rüstəm" mənzum dramının teatr səhnəsində oynanılması ilə bağlı idi. Bədii əsərlə dramın səhnə həyatını qarşılıqlı şəkildə təhlil edən Məsud Əlioğlunun incəsənətə olan marağı bu tipli yazıların yazılmasına səbəb olmuşdur.

Obyektivlik, tələbkarlıq, qərəzsiz fikirlər, yazı texnikasının aydınlığı, yeniliyə qarşı açıq olunması, bədii mətnlərin təbiətindən doğan problemlərə diqqət yetirilməsi Məsud Əlioğlunun tənqidçi şəxsiyyətini formalaşdıran amillər idi. Onun tənqidçilik fəaliyyəti bu amilləri özündə təcəssüm etdirən elmi platformaya çevrilmişdir.

SİZƏ MARAQLI OLA BİLƏR