Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunun baş qərargahı: ənənələr, mərhələlər və çağırışlar - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu-90

01-03-2024 [ 09:01 ] [ oxunub:341 ]
printerA+ | A-
104295

4 Mart 2024-cü ilı tarixində  AMEA  Rəyasət  Heyətinin Böyük akt zalında "Ədəbiyyat İnstitutunun baş qərargahı: ənənələr, mərhələlər və çağırışlar"  adlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. 

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyi keçiriləcək. “Ədəbiyyatşünaslıq elminin baş qərargahı: ənənələr, mərhələlər və çağırışlar” adlı tədbir 4 mart 2024-cü il tarixində saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Böyük akt zalında baş tutacaq. Tədbirdə TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, Avrasiya Yazıçılar Birliyinin, Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rəhbərləri və bir sıra xarici ölkələrdən dəvət olunmuş qonaqlar iştirak edəcəklər. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Həmkarlar Təşkilatları Konfederasiyasının, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının rəhbərliklərinin, ölkəmizdəki müxtəlif qurumların təmsilçilərinin, AMEA-nın əməkdaşlarının və media mənsublarının da iştirakı nəzərdə tutulur. Yubiley tədbirində Ədəbiyyat İnstitutunun nəşrlərindən ibarət sərgi təşkil ediləcək. Yubiley ilə əlaqədar olaraq “Ədəbiyyat qəzeti”nin xüsusi buraxılışı dərc olunacaq.

90 illik bir zaman... Bu zaman kəsimində  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu cəmiyyətin özündə gedən proseslərlə sinxron müstəvidə dəyişən, inkişaf edən, yeni mərhələlərə və üslubi meyillərə keçidi hazırlayan və icra edən, yeni tipli estetik məzmuna malik dünyagörüşün formalaşmasında rolu olan Elm Məbədi kimi özünü təsdiq etdi. Zarafat deyil, 90 ilin, az qala bir əsrə sığışmağa az qalmış dövrün təlatümlərini, ağrılarını və sevinclərini daşıyır özündə. Cəmiyyətin bütün meridianları Ədəbiyyat İnstitutunun taleyindən keçib. 37-ci ilin qanlı repressiyasını da görüb, İkinci Dünya müharibəsinin fəci və dramatik ab-havasını da adlayıb, amma elmi gücünü təsdiq etmək prosesində hər zaman prioritet olmağı bacarıb.

Ədəbiyyat İnstitutu yalnız elmin laboratoriyası olmaqla kifayətlənməyib. Müasir yaradıcılıq tendensiyalarının öyrənilməsinə maraqlı olub, ədəbi prosesin dominant mövzularının müəyyənləşməsində aparıcı rolunu oynayıb, mühitdə müəyyən rezonans yaradan əsərləri müzakirə etməklə onu peşəkar, elmi-nəzəri düşüncənin mərkəzinə gətirib. 

Ədəbiyyat İnstitutu bəlkə də yeganə elm ocağıdır ki, buranın dəhlizindən belə ədəbiyyat rayihəsi saçılır. Ən qızğın mübahisələr, ədəbi polemikalar şöbələrdən, iclas zallarından başlayıb dəhlizlərə qədər uzanır. Hərdən dəhlizdəki seyrəklik xiffət doğurur insanda, bir zaman şux səsini eşitdiyimiz alimlərimizin sırasını seyrələn görəndə kövrəlməyə bilmirəm. Həyat öz axarında davam edir, əlbəttə. İnstitutda çalışan böyük qism alimlər var ki, varislik haqqına tapınaraq, bu elm məbədinin sütunları altına çiyinlərini dayayıb yola davam edirlər. Bu gün Ədəbiyyat İnstitutunda çox yeniliklərə imza atılıb. Yalnız bunu demək yetər ki, son illərdə elmi-ədəbi mühitin dinamikasını, hərəkət mexanizmini stimullaşdıran işlər İsa Həbibbəylinin adı ilə əlaqələnir: açılan yeni şöbələr, nəşr olunan kitab və jurnallar, xarici ölkələrlə davamlı əməkdaşlığa atılan imzalar, beynəlxalq konfranslar, yubiley tədbirləri, elmi sessiya və yaradıcılıq müşavirələri və s. Bura alimin ədəbiyyat tarixçiliyi və müasir ədəbi proseslə bağlı davamlı fəaliyyətini, öz ruhu, forması və poetik pafosu olan məqalələrini, geniş mövzu dairəsi və nəzəri maraq əhatəsi olan araşdırmalarını əlavə etsək, sələflərə uzanan ideya-mənəvi bağlılığı görmək çətin olmaz.

Nizami adına Ədəbiyyat İnstitutu əsl alimlər üçün həmişə üz tutacağı, şöləsi ilə isinəcəyi bir yerdir. İdrak və intellekt məbədimizdir. Harda oluruqsa-olaq, hara gediriksə gedək, içimizdə daşıdığımız, daim ona doğru qoşduğumuz doğma ocaqdır.

Elnarə Akimova

filologiya elmləri doktoru

 

SİZƏ MARAQLI OLA BİLƏR