Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Ədəbiyyat İnstitutundan görünən türk dünyası - Mehman Həsənli

08-03-2024 [ 10:39 ] [ oxunub:218 ]
printerA+ | A-

"Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır".

                                                                                  İlham Əliyev

 

Tarixən vahid kökdən boy ataraq inkişaf edən türk xalqlarının, həm etnosdan gələn ümumiləşdirici xüsusiyyətlərinin, həm də müasir mənada xalq və dövlət anlayışının meydana çıxmasından sonrakı dövrdəki fərdi, özünəməxsus keyfiyyətlərinin ifadəsi baxımından ədəbiyyat hər zaman böyük əhəmiyyət daşımışdır. Görkəmli ədəbi simalar, geniş mənada, Türk dünyasının birliyini, möhtəşəmliyini, həm tarixin ən müxtəlif dönəmlərində, həm də indi böyük əsərlərlə təkcə mənsub olduqları coğrafiyada deyil, bütün dünyada təmsil etmişlər. Bu mənada, ədəbiyyatşünaslığın görkəmli ədəbi şəxsiyyətlərin yaratmış olduğu həmin zəngin irsi öyrənmək, təbliğ etmək əsas vəzifələrindən biri olmuşdur. Yunus Əmrə, Mehmet Akif Ərsoy, Məhtimqulu Fəraqi, Əlişir Nəvai, Abay Kunanbayev, Abdulla Tukay, Çingiz Aytmatov öz xalqlarının simvolu olmaqla bərabər, Türk dünyasını da birləşdirən görkəmli şəxsiyyətlərdir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ayrı-ayrı türk xalqlarının ədəbiyyatlarının, onların görkəmli ədəbi simalarının həyat və yaradıcılıqlarının öyrənilməsi istiqamətində ardıcıl işlər aparılmışdır. Ədəbiyyat İnstitutu ilə Türk dünyasının elmi və ali təhsil qurumları ilə bağlanan ikitərəfli müqavilələr və onların nəticəsində həyata keçirilən konfrans, simpozium və elmi sessiyalar, qarşılıqlı elmi səfərlər, çap olunan kitab, monoqrafiya, dərslik və elmi məqalələr Azərbaycanda türk xalqları ədəbiyyatı tədqiqatlarının zənginləşməsinə öz töhfəsini vermişdir.

Ədəbiyyat İnstitutunda türk xalqları ədəbiyyatının öyrənilməsi istiqamətində Türk xalqları ədəbiyyatı və Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbələri, Əlişir Nəvai Özbək ədəbiyyatı mərkəzi (29 iyun 2018-ci il), Mehmet Akif Ərsoy Türkiyə ədəbiyyatı mərkəzi (25 dekabr 2023) mərkəzləri fəaliyyət göstərməkdədir. Məhtimqulu Fəraqi Türkmən ədəbiyyatı mərkəzinin aprel ayında açılışı olacaqdır. Şöbə və mərkəzlərimizdə aparıcı türk xalqlarının ədəbiyyatları ilə bağlı alimlərimiz tərəfindən elmi tədqiqat işləri aparılır, bu istiqamətdə doktorant və dissertantlar tərəfindən dissertasiya işləri yerinə yetirilir. İnstitutun Türk xalqları ədəbiyyatı və Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbələrində fəaliyyət göstərən prof. Məmməd Əliyevin ümumtürk şeirinin nəzəri problemləri, prof. Nizami Tağısoyun qazax və qaraçay ədəbiyyatı, fil.e.d. Xuraman Hümmətovanın klassik dövr Türkiyə ədəbiyyatı, fil.e.d. Almaz Ülvi, fil.e.d. Yaşar Qasımbəylinin özbək ədəbiyyatı, fil.e.d. Eşqanə Babayevanın çağdaş Türkiyə nəsri, fil.f.d., dos. İsmixan Osmanlının türkmən və tatar ədəbiyyatı, fil.f.d. Turan Teymurovun qazax nəsri, fil.f.d. Töhfə Talıbovanın türkmən poeziyası ilə bağlı qiymətli tədqiqat əsərləri nəşr edilmişdir.

Ədəbiyyat İnstitutunun bir sıra beynəlxalq indeksləmə sistemlərinə daxil edilən "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalında Türk dünyasından olan alimlərin elmi məqalələri nəşr edilməkdədir. Türk dünyası ilə ədəbi əlaqələrin inkişaf etdirilməsi məqsədilə "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının görkəmli qırğız yazıçısı Çingiz Aytmatova (2018), qazax ədibi Abay Kunanbayevə (2020) və özbək ədəbiyyatına (2020) həsr olunmuş xüsusi buraxılışları hazırlanıb nəşr edilmişdir.

Astanada yerləşən Beynəlxalq Türk Akademiyası (6 noyabr 2013-cü il), Türkiyə Cümhuriyyətinin Qafqaz Universitetlər Birliyi (17 yanvar 2014-cü il), İqdır Universiteti  (3 may 2017-ci il), İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) təşkilatı (27 aprel 2017-ci il ), Türk Dil Qurumu (22 oktyabr 2018-ci il), Fırat Universiteti (22 may 2023-cü il) və Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti (8 dekabr 2017-ci il), Berdax adına Qaraqalpaq Dövlət Universiteti (11 yanvar 2019-cu il), Mirzə Uluğbəy adına Özbəkistan Milli Universiteti (29 oktyabr 2019-cu il), Fərqanə Dövlət Universiteti (2 iyul 2020-ci il) və Gülüstan Dövlət Universiteti (13 noyabr 2020-ci il) ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr sayəsində elmi mübadilə ilə bağlı bir sıra mühüm işlər həyata keçirilmişdir.

Böyük türkmən şairi Məhtimqulu Fəraqinin naməlum "Divan"ı aşkar edilərək Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlyazmalar İnstitutu və Türkmənistan Elmlər Akademiyasının Əlyazmalar İnstitutu tərəfindən birgə hazırlanaraq elmi-tənqidi mətni ilə birlikdə  nəşri  (2015) böyük əhəmiyyətə malikdir.

Ədəbiyyat İnstitutunda keçirilmiş "Yaşayan Yunus Əmrə" (9 dekabr 2013-cü il), "Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri" (1-2 dekabr 2015-ci il), "Böyük türkmən şairi Məhtimqulu Fəraqi və Azərbaycan" (19 may 2015-ci il), "Georgi Xazai və Azərbaycan" (25 oktyabr 2016-cı il), "Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen" (13 iyul 2018-ci il), "Türk şeirində milli istiqlalın möhtəşəm müqəddiməsi: Əhməd Cavad və Akif Ərsoy" (9 iyun 2022-ci il) və "Əhməd Ağaoğlu və Türk dünyası" (16 noyabr 2023-cü il) Beynəlxalq elmi konfransları türk dünyasının alim və tədqiqatçıları ilə qarşılıqlı inteqrasiyanın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etmişdir.

Türk xalqları ilə qarşılıqlı əlaqələrin hər gün daha da inkişaf etməsi qarşıya yeni elmi hədəflər, istiqamətlər çıxarmaqdadır. Ədəbiyyat İnstitutu elmi potensialı ilə ədəbiyyatşünaslıq baxımından həmin hədəflər naminə çalışır.

SİZƏ MARAQLI OLA BİLƏR