Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsi - Səfurə Quliyeva

06-03-2024 [ 13:15 ] [ oxunub:277 ]
printerA+ | A-

İnstitutumuzun yubileyi münasibətilə məqalə yazmaq tapşırığını alanda çox fərəhləndim. Ömrümün-günümün yarıdan çoxunu yaşadığım bu ikinci doğma ailəmin zəngin elmi-ədəbi mühitində şahidi, iştirakçısı olduğum tədbirlər və həmkarlığını səadət sandığım yüksək mənəviyyatlı, müdrik, vətənpərvər insanları barədə yaddaşımda o qədər deyiləsi sözüm, yaşarlı xatirələrim var ki... İnstitutda işlədiyim illərdə ədəbiyyatşünaslıq elminin korifey  alimləri Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Mirzağa Quluzadə, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Azadə Rüstəmova, Bəkir Nəbiyev, Yaşar Qarayevdən tutmuş Cənubi Azərbaycanlı alimlərimizdən Qulamhüseyn Beqdeli, Qafar Kəndli, Mirzə Abbaspur, Qasım Cahani və başqaları ilə əməkdaşıq məqamlarından yaddaşımda iz salan əhvalatlar az deyil. Vaxtilə "XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsində çalışmış Yəhya Seyidov, Həbib Babayev, Məsud Əlioğlu, Yaqub İsmayılov, Fəridə Vəlixanova, Atif Zeynallı, Arif Abdullazadə, Rasim Tağıyev, Nazif Qəhrəmanlının alim şəxsiyyəti barədə kitab bağlamaq olar. Bəzilərinə geniş həcmli məqalələr həsr edib, ədəbi portretlərini yaratmağa səy etmişəm. Ötən əsrin son rübündə şöbə müdirimiz olan şair-alim-vətəndaş kimi yüksək mövqeyə çatmış, ancaq insani keyfiyyətləri ilə bütün onu tanıyanların dərin rəğbətini, məhəbbətini qazanmış Qasım Qasımzadə haqqında yazdığım monoqrafiya "Elm" nəşriyyatında çapa hazırlanır. Hazırki şöbə müdirimiz professor Şirindil Alışanlı isə bu müqəddəs elm və ədəbiyyat ocağının ən ləyaqətli sələfidir...

Qəfil onun ağır vəziyyətdə xəstəxanaya aparılması xəbərini aldıq. Elə sarsıntılar olur ki, zəhərli odlu nəfəs kimi vücudunu silkələyir, ürəyində, beynində elə təlatüm  yaradır ki, onu sözə, ifadəyə çevirib içindən çıxarmağa, kiminləsə bölüşməyə belə, iqtidarın çatmır...Donub qaldıq... Şöbədə hamımızın əzizimiz, doğmamızdır...Yayda ağır xəstəlikdən əməliyyat olunmuşdu. Artıq sağalmaqda, ara-bir işə gəlməkdə idi. Tamamilə sağaldığını deyən həkimlərindən çox razılıq edirdi.

Ş.Alışanlı 20 ildir ki, İnstitutun "XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiridir. Xeyirxahlığa, duyğusallığa açıq ürəyi ilə hər əməkdaşına elə doğmalıq örnəyi olub ki, şöbəmizdə həqiqi mənada ruhən, qəlbən bir-birinə bağlı bir ailə ocağı yaradıb. Onunla yaxın-uzaq ünsiyyətdə olan hər bir kəsdə nəcibliyi, müdrikliyi, ər xarakteri və görünüşü ilə dərin rəğbət oyadır. Dərin biliyi, hərtərəfli elmi-nəzəri məlumatlılığı, yüksək erudisiyası sayəsində elmi-ədəbi fəaliyyətimizi tənzimləyir, tədqiqlərimizin səmtinə, səviyyəsinə əminliklə ictimailəşməsinə imzasını qoyur. Onun rəhbərliyi ilə şöbədə həm dövrün ədəbiyyat tarixi, görkəmli şəxsiyyətlərinin elmi-ədəbi irsi, həm də janrlar üzrə elmi-nəzəri problemləri ilə əlaqədar tədqiqatlar aparılıb, monoqrafiyalar nəşr edilir. "XX əsr Azərbaycan ədəbiyyatı məsələləri" seriyasından artıq 7-ci kitab da redaktə edilib, çap üçün hazırlanmışdır. Hazırda Ş.Alışanlı baş redaktoru olduğu çoxcildli "Azərbaycan ədəbiyyatı tarixi"nin VI cildini çapa hazırlamaqla yanaşı, özünün "Səməd Vurğun" və "Mirzə İbrahimov" monoqrafiyalarını da yekunlaşdırmaq üzrədir.

Düz bir il öncə Şirindil müəllimin 70 illiyi münasibətilə "Elm" nəşriyyatı tərəfindən buraxılmış "Şirindil Alışanlı" kitabını vərəqləmək kifayətdir ki, elmi-ədəbi ictimaiyyətin onun alimlik missiyasına verdiyi yüksək dəyəri və şəxsiyyətinə, insanlıq keyfiyyətinə olan məhəbbəti, ehtiramı duymaq olsun. Xalq yazıçısı Elçin, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvləri Kamal Talıbzadə, Tehran Əlişanoğlu, Şahbaz Muradov, tanınmış ədəbiyyat və elm xadimlərinin yazılarını məhz onun şəxsiyyətinə olan heyranlıq və sevgi notları bədiiləşdirir. İnstitutumuzun yubileyi günlərində Ş.Alışanlının "Sözün yaşamaq haqqı" kitabı haqqında Tehran Əlişanoğlunun fikri Ədəbiyyat İnstitutu kollektivinin bütün ürək sözüdür: "Kitabda çoxlu həyat materialı var; Şirindil Alışanlı sanki ötüb-getmiş əyyamların canlı, diri, amma bugün olmayan elmi mühitinin obrazını yaradır. Vardıqca, göz önünə Ədəbiyyat İnstitutunun illəri, insanları, qaynar dəhlizləri, isti atmosferi gəlir. Şirindil Alışanlını bu mühitin, insanların, söz açdığı korifeylərin arasında, sırasında, tarixi obrazında görürük. O ki qaldı daha bir obraza - akademik rütbəyə, lap yaxınında olsa da, Şirindil Alışanlı həmişə rütbələrdən ucada durmuşdur".  

Ədəbiyyatşünaslığımıza, elmimizə sanballı tədqiqat işləri ilə illərdən bəri yaşarı töhfələr vermiş "XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsi"nin əməkdaşları Şirindil Alışanlının rəhbərliyi ilə ənənələrinə sadiq qalaraq öz fəaliyyətini inamla davam etdirməkdədir.

SİZƏ MARAQLI OLA BİLƏR