Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Nəsib bəy Yusifbəylinin qatili kimdir - Abid Tahirli

20-02-2024 [ 10:20 ] [ oxunub:415 ]
printerA+ | A-

Bəzən qədim tarixdən bəhs edən mütəxəssislər dövrün hadisələri, qəhrəmanları barədə qəti fikir söyləyir və mövqelərini etibarlı mənbələrə, dəmir məntiqin gücünə istinad edərək əsaslandırır, opponentlərini də öz mülahizələrinə inandırırlar. Bəzi hallarda isə hətta yaxın tarixdə baş verən hadisələr qəsdənmi, qərəzdənmi, bilərəkdənmi, bilməyərəkdənmi elə ört-basdır edilir, faktlar elə saxtalaşdırılır, təqdim olunur ki, əsl həqiqət üzə çıxmır... Xalqımızın tarixində, taleyində parlaq iz qoymuş Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucularının həyatı, fəaliyyəti, 1918-ci ildə ermənilərin Bakıda, ölkəmizin digər bölgələrində törətdiyi ağlagəlməz cinayətlər, həmin dövrdə tanınmış ziyalıların İrana kütləvi köçü, Qafqaz İslam Ordusunun Azərbaycana dəvət olunması, Ordunun xilaskarlıq missiyasını yerinə yetirdiyi yaşayış məskənləri, türk və azərbaycanlı əsgər və zabitlərin şücaəti, şəhidlər, onların sayı, məzarları və sairlə bağlı səhih məlumatlar bu gün də qənaətbəxş deyil, tutarlı məxəzlərdən daha ziyadə müəllif mülahizələrinə söykənir, çox vaxt elmi səciyyə daşımır.

Tariximizin bu qəbildən olan müəmmalı, qaranlıq səhifələrindən biri də görkəmli siyasi və dövlət xadimi, partiya qurucusu, yazıçı, publisist Nəsib bəy Yusifbəylinin (1881, Gəncə - 1920, Kürdəmir) qətli və məzarı ilə bağlıdır. Həmin cinayətin üstündən 105 ilə yaxın vaxt keçir. Bu müddət ərzində qatilin kimliyi, Nəsib bəyin nəşi, məzarı haqqında nəinki dəqiq məlumat üzə çıxarılmamışdır, əksinə bir-birinə, daban-dabana zidd müxtəlif mülahizələrlə, müəmmalarla, sirlərlə daha da mürəkkəbləşdirilmişdir. Yeri gəlmişkən, onu vurğulamağı lazım bilirik ki, N.Yusifbəyli həyatı və irsi ən az tədqiqata cəlb edilən böyük xadimlərimizdəndir. Maraqlı və təəssüf doğuran həm də odur ki, illər əvvəl törədilən quldurluğun üstünün açılması üçün yalnız qələm sahibləri səy göstərmiş, müvafiq hüquq-mühafizə orqanları tərəfindən isə bu istiqamətdə heç bir təşəbbüs qaldırılmamış, cinayət işi qaldırılmamış, heç bir təhqiqat prosesi icra olunmamışdır.

N.Yusifbəylinin həyatı, o cümlədən qətli barədə mühacirətdə ilk dəfə onun əməl və əqidə dostu Məhəmməd Əmin Rəsulzadə ətraflı bəhs etmişdir. O, 1922-ci ildə İstanbulda buraxdığı "Azərbaycan Cümhuriyyəti: keyfiyyəti, təşəkkülü və indiki vəziyyəti" əsərində Nəsib bəyin Azərbaycan Xalq Cümhuriyyəti dönəmində fəaliyyətindən də söz açmışdır. Həmin əsər 1990-cı ildə İstanbulda təkrar işıq üzü görmüşdür. Bir müddət sonra - 1929-cu ildə M.Ə.Rəsulzadə "İstila qurbanları. Yusifbəyli Nəsib bəy" adlı yazısı ilə ("Odlu yurd" (1929-1931), Giriş - tıpkıbasma-indeks. TC Kültür və Turizm Bakanlığı, İstanbul, 2014, iki cilddə, I cild, 742 s.) bu mövzuya təkrar qayıdır və bu əsərlə "siyasi azərbaycançılığın ilk mübəşşirlərindən" (müjdəçi, müjdə verən - T.A.), "Rusiya Müəssisan Məclisi intihablarında, Cənubi Qafqaz Seymində milli siyasətin ən çətin, ən məsuliyyətli vəzifələrini ifa edən", "Azərbaycan istiqlal hərəkatının ən müşkül zamanlarında istiqlalçılıq tezini hər türlü tərəddüdlərdən ari olaraq bütün səmimiyyəti ilə müdafiə edən milliyyətçi zümrənin daima səmimi və imanlı", "səmimi bir milliyyətpərvər, mütakit bir demokrat və həqiqi bir radikal", "mütəvazi bir xalq adamı, idealist bir siyasət əri, kəndi prinsiplərinə sadiq bir liberal, disiplinə tabe bir təşkilatçı, "xalq ruhuna aşiq bir adam", "Azərbaycan tarixində ölməz və unudulmaz bir adam" adlandırdığı Nəsib bəyin mükəmməl obrazını yaradır. M.Ə.Rəsulzadə 28 Aprel işğalına işarə vuraraq yazır: "Bu mənhus günün nəticəsində Azərbaycan istiqlal hərəkatının verdiyi ən mühüm qurbanlardan birisi Yusifbəyli Nəsib bəydir. İstilanın vuku bulduğu günlərdə müstəfi (istefa verən, işindən könüllü ayrılan - T.A.) bir halda olsa da, baş nazir mövqeyində bulunan Nəsib bəy Bakının rus ordusu işğalı üzərinə saxlanaraq, hüdud xaricinə çıxmaq məqsədi ilə yaxın arkadaşlarından İbrahimli Yusif bəylə bərabər Gürcüstan yolunu tutmuş, Sıkpax (böyük ehtimalla burada mətbəə xətasına yol verilmiş və "Sığırlı" sözü əvəzinə mətndə belə getmişdir - T.A.) qəzasında təfsilatı indilik məhculatla dolu faciəvi bir qəzaya qurban getmişlərdir". Məhəmməd Əmin bəy ciddi publisist kimi Nəsib bəyin qətli ilə bağlı o vaxtlar mühacirlər arasında gəzən şayiələrə istinad etmir, qətli "indilik məhculatla dolu faciə" adlandırmaqla kifayətlənir.

Məhəmməd Əmin bəy Nəsib bəy itkisinin ağırlığını aşağıdakı cümlə ilə ifadə edir: "Müasir Avropa kültürü ilə bərabər türkcədəki iqtidarı və milli həyat, ədəbiyyat və tarixi haqqındakı mərbudiyyət və əhatəsi ilə əkranı arasında mümtaz bir mövqe tutan bu mücahidin ufulu bütün azərbaycan gənclərini dərindən-dərinə mütəəssir eyləmiş, hər kəsin qəlbini ciddən qanatmışdır". M.Ə.Rəsulzadənin böyük məhəbbətlə qələmə aldığı bu məqaləni Nəsib bəy haqqında ən mükəmməl yazı adlandırmaq olar. Bu fikri N.Yusifbəylinin yaxın silahdaşı  Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, indiki Dövlət Təhlükəsizliyi Xidmətinin sələfi Əksinqilab ilə Mübarizə Təşkilatının (ƏMT) rəhbəri Nağı Saleh oğlu Şeyxzamanlının (1883, Gəncə - 1967, İstanbul) xatirələri bu iddianı təsdiqləyir. N.Şeyxzamanlı "Biz və onlar" ("Milli Məcmuə" mətbəəsi, İstanbul, 1934. 46 s.), "Dərdləşmə" (İstanbul, 1963, 15 s.) "Azərbaycan istiqlal mücadiləsinin xatirələri" (Azerbaycan Cumhuriyetinin sabık genel müdürü. Azerbaycan İstiklal Mücadilesinin Hatıraları. İstanbul: "Ekspres" Matbaası, 1964, 135 s.) əsərlərində Nəsib bəy Yusifbəylinin həyat və fəaliyyətini geniş işıqlandırır. Nəsib bəy N.Şeyxzamanlı əsərlərinin baş qəhrəmanı olsa da, o, "Azərbaycan istiqlal mücadiləsinin xatirələri" əsərində Məhəmməd Əmin bəyin məqaləsini "Çox xoşuma gələn və həqiqət olan bu yazının da xatirəmdə qalmasını istədiyimdən buraya alıram" qeydi ilə kitabına daxil etmiş və M.Ə.Rəsulzadənin məqaləsini Nəsib bəy haqqında qələmə alınan "ən gözəl yazı" adlandırmışdır. N.Şeyxzamanlı Nəsib bəyin həyat və fəaliyyətini "addımbaaddım" izləsə də, nədənsə, onun qətli ilə bağlı "Tiflisə gedərkən naməlum şəxslər tərəfindən öldürülmüşdür" - cümləsini yazmaqla kifayətlənmişdir...

Hələ müstəqilliyin ikinci dəfə bərpasına 3 il qalmış Nəsib bəy haqqında ilk yazı "Odlar yurdu" qəzetində (noyabr 1988, №22) Mövsüm Əliyevin imzası ilə işıq üzü görmüşdür. Müəllif heç bir mənbə göstərmədən Nəsib bəyin Kürdəmir qəzasında Yevlaxın Qorxun kəndindən olan quldur Əşrəfin yaxın adamları tərəfindən qətlə yetirildiyini yazır. Bundan sonra tarixi cinayətlə bağlı fərqli fikirlər irəli sürülməyə başlayır.

Nəsib bəy Yusifbəylinin həyatı və fəaliyyəti ilə bağlı Şəfiqə Qaspiralının, Həmidə Məmmədquluzadənin, Nazif Qəhrəmanlının, Vilayət Quliyevin, Ədalət Tahirzadənin, Dilqəm Əhmədin, Qərənfil Dünyaminqızının, Zakir Muradın, İlham Tumasın və başqalarının tədqiqatları, xatirələri diqqəti çəkir. Bu mövzuya Türkiyənin bir sıra tədqiqatçıları da toxunmuşlar. Tanınmış araşdırmaçı, professor Ədalət Tahirzadənin Nəsib bəyin həyat və fəaliyyətinə dair irihəcmli məqaləsi xüsusilə sanballıdır və müəllif N.Yusifbəylinin qətli haqqında əhatəli söz açır. Alimin "Nəsib bəy Yusifbəyli: həyatı haqqında bütün məlumatlar" adlı məqaləsinin "Yusifbəyliyə erməni qəsdi" adlı hissəsində arxiv sənədlərinə istinad edərək Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəyə 4 iyun 1919-cu ildə Aram Artyomoviç Budaqov adlı erməni tərəfindən bomba ilə hücum edildiyini yazır. Terror cəhdi ilə ittiham olunan Aram Budaqovun məhkəməsini erməni hakim nə az, nə çox 9 ay süründürür, sonra da məqsədinə nail olmayan Budaqov bəraət alır...

Professor Ədalət Tahirzadə həmin yazıda qətllə bağlı Nəsib bəyin birinci həyat yoldaşı Şəfiqə xanım Qaspiralının dediklərinə, tədqiqatçıların qənaətlərinə, KİV-də səslənən fikirlərə, hətta dildən-dilə dolaşan şayiələrə də yer ayırır, onları təhlil edir, münasibət bildirir, səriştəli tədqiqatçı Hafiz Sadığın cinayətin Əliheydər Qarayevin sifarişi ilə yerinə yetirildiyi mülahizəsi ilə razılaşır. Amma bu da peşəkar tədqiqatçının son qənaəti deyil. O, cinayətin törədilməsində sovet hakimiyyətini, İnqilab Komitəsinin rəhbərlərini, Nəriman Nərimanovu, Əliheydər Qarayevi və Mirzədavud Hüseynovu suçlayır. Ə.Tahirzadə "Nəriman Nərimanovun hələ gənclik illərindən Nəsib bəylə şəxsi ədavətinin olduğunu nəzərə alsaq, bu işdə ondan daha çox şübhələnməyə haqqımız var" - yazaraq N.Nərimanovu daha çox günahkar hesab edir və yazır: "Beləliklə, biz qəti hökmümüzü veririk: Nəsib bəy Yusifbəylinin ölümünü N.Nərimanovun başçılıq etdiyi İnqilab Komitəsi təşkil edib!". Əlbəttə, biz mülahizə ilə qətiyyən razılaşmır, Nəriman Nərimanovun xarakterinə, həyat və düşüncə tərzinə əsla uyğun gəlmədiyini xüsusi qeyd edirik.

Bununla yanaşı bildiririk ki, hörmətli professor Ədalət Tahirzadə əslində, Nəsib bəyə edilən ilk qəsdən bəhs edərkən doğru istiqamət götürmüşdü, cinayətin izini erməni xislətində, əməlində axtarmaq lazım idi: Azərbaycan istiqlalının, onun ideoloji və praktik memarlarının düşməni bolşevizm, sovet rejimi olsa da, qətlin icraçıları əsasən ermənilər idi. Bu qətldən əvvəl və sonralar da ermənilərin Azərbaycan Xalq Cümhuriyyəti liderlərinə, görkəmli ziyalılarına qarşı törətdiyi terror aktları, eləcə də xalqımızın elm, mədəniyyət, maarif ocaqlarına, onların tanınmış xadimlərinə qarşı saysız-hesabsız vandalizm aktı onu deməyə tam əsas verir ki, Nəsib bəy Yusifbəylinin qətlində də erməni əli olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyski, Parlamentin sədr müavini Həsən bəy Ağayev Tiflisdə, daxili işlər naziri Behbud xan Cavanşir İstanbulda erməni qatillər tərəfindən öldürülmüşdür. Bir faktı demək kifayətdir ki, 1918-ci ildə ermənilərin Bakıda və Azərbaycanın digər bölgələrində törətdiyi soyqırım zamanı xalqımızın tanınmış ziyalılarının bir hissəsi özünü və ailəsini müdafiə üçün İrana keçmək, bir müddət orada yaşamaq məcburiyyətində qalmışdır. Əhməd bəy Ağaoğlu da ermənilərin hədəfində olmuş, dəfələrlə ASALA onun barəsində ölüm hökmü çıxarılmışdır. Zənnimizcə, Əhməd bəyin Atatürklə isti münasibətləri bu qətlin qarşısına sədd çəkmişdir. Sovet hakimiyyəti illərində də, SSRİ-nin süqutu ərəfəsində, ondan sonra da ermənilər çirkin niyyətlərindən əl çəkməmişlər. Onların törətdiyi cinayətləri, qətlləri, vəhşilikləri saymaqla, sadalamaqla bitməz. Məhəmməd Əmin bəy Azərbaycan Xalq Cümhuriyyəti qurucularından Məhəmməd Bağır Şeyxzamanlının qətli ilə bağlı məqaləsində yazırdı ki, Məhəmməd Bağır "düşmənlərə qarşı canla və imanla mücadilə apardığı üçün xaincəsinə onu pusur və ilk növbədə onu aradan götürməyə çalışırdılar(Rəsulzadə Məhəmməd Əmin. Məhəmməd Bağır Şeyxzamanlı "Odlu yurd" (1929-1931), Giriş - tıpkıbasma-indeks. TC Kültür və Turizm Bakanlığı, İstanbul, 2014, iki cilddə, I cild, 742 s.).

Azərbaycan istiqlalının keşiyində duran Nəsib bəy Yusifbəylini nə fərqli müəlliflərin müxtəlif mənbələrdə quldur, bolşevik, qaçaq, bəy adlandırılan Qarxunlu Əşrəf, nə də tamah məqsədi ilə Nəsib bəyin çamadanının (!) izinə düşənlər öldürüb, onun Gəncə üsyanı zamanı qətlə yetirildiyi də inandırıcı görünmür. Çünkü Nəsib bəy Yusifbəylinin üsyandan sonra Kürdəmirdə göründüyünü təsdiq edən mənbələr var. Beləliklə, qəti qənaətdəyik ki, Nəsib bəyin qatili çar hakimiyyəti illərində bəslənərək imperiyanın şıltaq köləsinə çevrilən, sovet dövründə bolşevik donu geydirilərək himayə edilən əzəli torpaqlarımızın, istiqlalımızın və istiqbalımızın düşməni erməni qatil olmuşdur.

SİZƏ MARAQLI OLA BİLƏR