Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

“Həsrətin o üzü” romanının problematikası, janr xüsusiyyəti, bədii obrazları və bədii dili haqqında - Salidə Şərifova

21-01-2022 [ 13:16 ] [ oxunub:64 ]
printerA+ | A-
101877

“Həsrətin o üzü” romanının müəllifi Məmməd Əliyev filologiya elmləri doktoru, professordur. Onun bədii yaradıcılığa maraq göstərməsi təbii hal kimi qəbul edilməlidir. Məmməd Əliyev ədəbiyyat nəzəriyyəsini, bədii əsərlərin təhlilini dərindən bilən insan kimi əsər qələmə alınmasının məsuliyyətini dərindən dərk edir. Ədəbiyyatşünaslıqda əsərlər qələmə alan müəlliflərin iki qrupa, yəni peşəkar və qeyri-peşəkar qrupa ayrılmaları faktının mövcudluğu özünü göstərir. Məsələn, A.Adamoviç peşəkar və ya peşəkar olmayan müəlliflərin qələmə aldığı əsərlərə eyni yanaşmanın əleyhinə çıxaraq, peşəkar adlandırdığı müəlliflərin qələmə aldığı əsərləri başqa, yəni fərqli cəhətdən tədqiq edilməsinin tərəfdarı kimi çıxış etmişdir. “Həsrətin o üzü” romanının təhlili zamanı bu amil nəzərə alınmalıdır.

Romanın problematikası

Əsərdə ictimai, siyasi, sosial və s. problemlərin əksi maraq doğurur. Müəllif hətta romanda eyhamlarla həmin problemlərə aydınlıq gətirməyə cəhd etmişdir. Məsələn, xalq arasında birliyin olmaması amilini Həmid kişinin dili ilə belə açıqlamağa cəhd edir: “Ağalar, məni qınama, uşaqlarımız da elə özümüzə oxşayıb, bir yerə yığışa bilmirik...”

Əsərdə İrac Əlizadə və Vazgen arasındakı dialoq əsərin epizodik obrazları arasında təsvir edilən dialoq kimi diqqəti cəlb edir. Biz qısa olan dialoqda bəzi böyük məqamlara aydınlıq gətirilməsinə, yəni ermənilərin Qarabağa gəlmə olmaları faktının açıqlanmasının şahidinə çevrilirik. Bu müəllifin işlətdiyi maraqlı ədəbi priyomlardan biridir. Belə ki, Məmməd Əliyev bədnam qonşularımızın Qarabağa gəlmə olma amilini məhz onların öz dili ilə verməyə qadir ola bilir. Məmməd Əliyev xeyirxahlıq əməllərin insanlıq borcu olmasını belə anlamağa qadir olmayan Vazgenin mənfi surətini İrac Əlizadəylə dialoqunda qabartmağa nail ola bilir:

“- Vallax, İrac can düz deyirsən. Bizim Qarabaxda da elə işlər o cürdür.

İrac dönüb sürücüyə baxdı:

- Vazgen sən Qarabağdansan?

- Ha, İrac can. Yüz illərdi ki, nəslimiz orada məskən salıb.

İrac erməniyə tərəf baxdı, bildi ki, sürücü yalan danışır, özünü ələ aldı:

- Ancaq mən biləni siz oraya 120-130 ildir ki, gəlmisiniz!”

Biz daha sonra İracın Vazgenə dediyi fikirlərdən məhz Vazgenin babalarının Suriyadan gəlmə olma faktının qabardılmasının şahidinə çevrilirik: “...Bir dəfə də işçiləri başına yığıb söhbət edirdin ki, babaların Suriyada yaşayıblar, ruhani olublar, böyük mülkləri, torpaq sahələri olub, oradan İrəvana, sonra da Qarabağa gəlmisiniz.”

Romanda sovet dövrü barədə hadisələrin təsviri tarixi material kimi xüsusi dəyərə malikdir. Müəllifin subyektiv yanaşması yer almışdır. Müəllif əsərdə konkret tarixi faktlara müraciət etməsi ilə çatdırmaq istədiyi hadisələrin tarixi məqamına aydınlıq gətirir: “1954-cü ilin aydın bir may səhəri idi. Səhər-səhər Bakıda yağış yağmış, hava təmizlənmiş, dünənki bürkülü, tozlu, ağır havadan əsər-əlamət qalmamışdı.”

Müəllif sovetlərin hamı tərəfindən eyni qəbul edilməməsi amilinə də toxuna bilmişdir. Romanda Sovetlərin qurulması dövrünün xatırlanması, camaatın sovetlərə etiraz edərək qaçaq düşmələri amili məhz sovetlərin eyni cür qəbul edilməməsinin göstəricisi kimi əksini tapmışdır. Qaçaq Bayramın “Sibirdə ölməkdənsə, öz elimdə ölməyim yaxşıdır” ifadəsində xalqın günahsız yerə Sibirə sürgün edilmələri amili xalqa qarşı aparılmış represiyanı yada salır. Müəllif ədəbiyyat müəllimi olmuş, daha doğrusu tarixi şəxsiyyət olmuş Hüseyn Nuriyevin dili ilə represiya qurbanı olmuş qələm sahiblərinin olması faktını vurğulamasını belə qələmə alır: “dərsin sonunda müəllim bir də onu dedi ki, xalq üçün, millət üçün özünü fəda edən insanlara pantürkist, panislamist damğası vurularaq onlar 30-cu illərdə repressiyaya məruz qaldılar; çoxu fiziki məhv edildi, bəziləri isə ölüm düşərgələrinə sürgün edildilər.”

Romanda ailə başçısını itirmiş qadınların çəkdiyi iztirab və iztirablara sinə gəlməsi ümumiləşdirilərək bir qadının simasında təsvir edilmişdir. Əri İrəci itirmiş Züleyxanın keçirdiyi sarsıntılara dözə bilməyərək intihara qalxması epizodunun təsviri də romanda incə ştrixlərlə təsvir edilmişdir. Bu epizod vasitəsilə müəllif insanın ağır günündə onun arxasında doğmalarının dayandığı faktını qabarda bilmişdir. Züleyxanın həyata küskünlüyü zamanı atasının dediyi ibrətamiz fikirlər onu həyata bağlamağa qadir olur. Atanın “Allahsız iş görmə qızım! Sənin gül kimi iki körpən var, onları kimə qoyub gedirsən! Götür onları da! Bir yerdə od vur! Əri ölən bir sən deyilsən! Gör, müharibədə nə qədər kişilər, cavan oğlanlar geri qayıtmadı” fikirlərində həyat həqiqətləri, onun ağrı və iztirabları əksini tapsa da, həyatın davam etməsinə bir işarədir.

Əsərin problematikasında Böyük Vətən Müharibəsinin xatirələrdə yaşaması müharibənin dəhşətləri ilə bərabər tarixi faktların unudulmamasını əks etdirir. Böyük Vətən Müharibəsinin hələ də yaddaşlarda yaşadığını əks etdirən epizodların təsvir edilməsi romana ağırlıq gətirmir. Əksinə, bəzi hadisə və obrazların açıqlanmasına yardımçı rolunda çıxış edir. Məsələn, “...Ağalar İracın əmisioğlu idi. Yetimliklə böyümüş, müharibə başlayan kimi əsgər getmiş, Mozdokdan Berlinə qədər 416-cı diviziyanın tərkibində rota komandiri kimi vuruşmuş, dəfələrlə yaralanmış, Reyxstağın alınmasında iştirak etmişdi.” Əsərdə müəllif tanıdığı şəxslərin bir çoxunun müharibə iştirakçısı olduğunu açıqlamışdır: Ağalar, Eynulla, Mirqurban, Əliheydər, Şahbalan, Yadulla, Hədi və b. Böyük Vətən Müharibəsində iştirak edən şəxslərin xatırlanması, hələ də bu müharibənin ağrılarının tarixin, həmçinin insanların yaddaşlarında yaşamasına bir işarədir.

Romanın janr xüsusiyyəti

“Həsrətin o üzü” romanı roman-etiraf xüsusiyyətlərinə malik olması ilə diqqəti cəlb edir. Romanda etiraf elementləri özünü qabarıq şəkildə göstərməkdədir. Roman-etirafların konstruksiyası özlüyündə mürəkkəb sintetik matrisanı (özülü) əks edir ki, bu da tədqiqatçılar arasında mübahisələr doğurur. Bu tip romanlarda yalnız roman və etiraf janrların xüsusiyyətləri deyil, həmçinin avtobioqrafik janra xas olan elementlərin nüfuz etməsini müşahidə edirik. “Həsrətin o üzü” əsəri roman-etirafın janr qarışıqlığı yalnız roman və etiraf janrlarının xüsusiyyətlərinin birləşməsində özünü göstərmir, həm də avtobioqrafik janra xas elementlərin nüfuz etməsində özünü büruzə verir. Avtobioqafik xüsusiyyətlərə malik olan əsərdə qəhrəmanın öz adı ilə adlandırılması vacibliyi özünü göstərir. “Həsrətin o üzü” romanında müəllifin öz adı ilə deyil, Murad adlandırılması bizə əsərin janrını avtobioqrafik roman kimi təqdim etməyə imkan vermir. Lakin, roman-etiraflarda avtobioqrafikliyin özünü göstərməsi bizə “Həsrətin o üzü” romanını roman-etiraf kimi təqdim etməyə əsas verir. Qeyd etməliyik ki, etiraf elementləri olan J.J. Russonun “Etiraf”, Anarın “Sizsiz” kimi əsərləri də roman-etiraf nümunələridir. Bu roman növündə, yəni roman-etirafdakı avtobioqrafiklik əsərin qəhrəmanının öz həyat təcrübəsi, dünyaya münasibəti, həmçinin sosial statusuna görə müəllifə yaxın olmasında göstərir. Murad da müəllifin özüdür, onun düşüncələrini, dünyaya baxışlarını, keçdiyi həyat yolunu əks etdirməyə qadirdir. M. Əliyev yazıçı kimi təsvir etdiyi hadisələri ümumiləşdirmələr apararaq təqdim edə bilir.

 “Həsrətin o üzü” roman-etirafında müəllifin süjet xətti müəllifin həyat tarixçəsi əsasında, yəni uşaqlıq və gənclik dövrlərini əhatə edən hadisələr əsasında qurulmuşdur. “Həsrətin o üzü” roman-etirafın kompozisiyası diqqəti cəlb edir. Müəllif romanda kompozisiyanın ünsürlərindən olan peyzaja daha çox müraciət etməsi ilə diqqəti cəlb edir. Əsərin elə peyzaj təsviri ilə başlaması fikrimizə əyani sübutdur: “Ağ ləpələr bir-birini qova-qova sahilə yaxınlaşır, özlərini sahilboyu səpələnmiş neftli daşlara çırpırdı...” M. Əliyev lirik ricət istilahına müraciət etməklə əsərinin müəyyən məqamlarında təsvir etdiyi hadisələrə öz münasibətini də bildirmək istəyir: “Günəşin son şüaları Dübrar dağının ətəklərində, Çobanqalası dağının şimalında əriyib yox olur, ətrafı qaranlıq bürüyürdü.” Müəllif əsərdə Altıağac qəsəbəsində malakanların yaşadığı məkanın peyzajını təsvir edərək canlı təbiət obrazını yaratmağa nail ola bilmişdir: “...Bura səliqə ilə salınmış kiçik bir şəhər idi. Əhalisi xristian olan malakanlardan ibarət idi. Rusiyada dekabristlər hərəkatı yatırıldıqdan sonra ucqarlara sürgün olunmuş rus dilli əhalidən ibarət olan insanlar çox işgüzar, zəhmətkeş idi.” Müəllifin bu qeydləri həmçinin malakanların bu torpaqlara gəlmə olma amilini qabartmışdır.

Maraqlı məqamlardan biri də romanda təsvir edilmiş faktların mütləq həqiqətə uyğun olmasına rəğmən, bəzi məlum faktların müəllif tərəfindən əsərin süjet xəttinin qurulmasında bədii uydurmaya müraciət etməsi də özünü göstərməkdədir. Müəllif gerçək materialdan istifadə edərək, yəni gerçək faktları, gerçəkliyi özünün müəllif təxəyyülünə uyğun şəkildə təqdim etməyə nail ola bilir.

Romanın xronotopunun təhlili zamanı tarixi yaddaş amilinin qabardılması oxucunun diqqətini çəkir. Dördüncü sinif şagirdi Muradın şüurunda formalaşmış tarixi yaddaş müasirliklə keçmişin qovşağında göstərilmişdir. Yuxuda ona deyilən yerə gedərkən orada baş vermiş tarixi hadisələrin real iştirakçısı kimi təqdim edilən Murad reallıqla qeyri reallığın sərhədində dayanır. Murad bunları yaşanmış bir real hadisə kimi qəbul edir. Çünki bu Muradın genetik irsində özünə yer tutmuş tarixi yaddaşdır. Tarixi yaddaşı sinif yoldaşlarına ötürməyi bir missiya kimi üzərinə götürərək bu haqda onlara məlumat verməyi özünə borc bilir. Çəkinmədən olmuş tarixi olayların iştirakçısı olmasını çatdırmağa çalışır. Bu fakt ətrafındakılara qəribə görünsə də, Murad üçün reallıqdır. Müəllif bu amili təsvir etməklə xalqın tarixi yaddaşının məhv olmaması amilini qabarda bilmişdir. Xalqın tarixi yaddaşını müəllif belə təsvir edir: “- Müəllim, o mənim yadıma gəlir, mən də ordaydım! Onların başçısını Nur Məhəmməd öldürdü!” Murad tarixi yaddaş fövqündə ailəsini də təqdim edir: “- Mən, atam, anam, qardaşlarım da orda idik. Bulağın yanındakı uçub-dağılmış evdə yaşayırdıq. Onların qoşun başçısının geyiminin altından qara parçaya bükülmüş büt çıxdı. Onların çoxu bütpərəst idi.”

Müəllif tarixi yaddaş amilini romanda qabartmağa nail ola bilir. O Muradın yaşadığı tarixi faktları məhz tarixi yaddaşla əlaqələndirməyə qadir olur. Keçmişlə bu gün arasında körpü yaratmağa cəhd edir. Cavid müəllimin şagirdi Murada ünvanladığı və aldığı cavabda müəllifin tarixi yaddaş problemini açıqladığının bir daha şahidinə çevrilirik:

“Cavid müəllim mütəəssir olmuşdu....

- Sən bunları hardansa oxumusan, yoxsa baban danışıb?

Oğlan da:

- Yox müəllim, nə oxumuşam, nə də babam danışıb, yadımda qalanlardır!”

“Həsrətin o üzü” romanında İracın ölüm səhnəsinin təsvirində isə müəllif tərəfindən həyatın bitməsinə rəğmən insan ruhunun əbədiliyinə inam əks etdirilmişdir. Bu inamla müəllif tarixi yaddaşların həmin insan ruhları ilə yaşamasına inam özünü göstərir: “...Sonra lap uzaqdan ağ bir işıq nöqtəsi gördü. O, işıqlı nöqtə getdikcə ona yaxınlaşırdı və böyüyürdü... Sonra o ağ bir işıq selinə dönüb onu bürüdü, bu işıq selinə qarışıb səmanın ənginliklərinə qovuşdu...”

Tarixi yaddaşın əsərin xronotopunda açıqlanmasında Xızır Nəbi obrazı xüsusi əhəmiyyət kəsb edir. Xalqın yaddaşlarında xeyirxahlıq rəmzi, yəni aləmə bolluq, bərəkət, istilik, yaşıllıq bəxş edən varlıq kimi həkk olunmuş Xızır Nəbinin Muradın gözünə görünməsinin təsviri tarixi yaddaşın şüurlara həkk olunmasına işarədir: “...bir gün yenə ağ çalmalı, ağ paltarlı kişi yuxusuna girdi. Kənddə, evlərinin yanındakı çəmənlikdə dayanmışdı, səliqə ilə geydiyi ağ gümüşü paltar günün altında bərq vurur, onun parıltısından hərdənbir kişinin nurlu sifəti görünməz olur, sifəti görsənəndə isə o, gülümsəyirdi.” Türk mifoloji təfəkküründə əsasən, ağ çalmalı, ağ paltarlı kişi Qam– şaman və ondan əvvəlki dünyagörüşləri ilə bağlı olan Xızır peyğəmbərdir.

Romanın bədii obrazları

“Həsrətin o üzü” roman-etirafında M. Əliyev təsvir etdiyi hadisələri obrazlar vasitəsilə ifadə edərək oxucuya çatdırmağa qadir ola bilmişdir. M. Əliyevin “Həsrətin o üzü” roman-etirafında obrazlar həm məhdud, həm də geniş mənada işlənilərək təqdim edilmişdir. Romanda məhdud mənada biz Murad obrazı ilə tanış oluruqsa, geniş mənada biz mənfi və müsbət obrazları, əşya surətini və s. də müşahidə edirik. Məsələn, geniş mənada biz romanda əksini tapmış erməni obrazı olan Vazgen obrazının incəliklə işlənilərək oxucuya təqdim edilməsində müşahidə edirik.

Məmməd Əliyev “Həsrətin o üzü” roman-etirafında şəxsi mənafeyini mütərəqqi ideyalara qurban vermiş Vazgenin mənfi surətini kiçik epizodda da olsa verməyə nail ola bilmişdir. Əsərdə Vazgenin azərbaycanlıların, həmçinin də İracın olduqları maşını qəsddən qəzaya uğratması onun məkrli oyunların dalınca getməsinə bir işarədir. Onun əsas məqsədlərindən biri xalqını sevən İrac kimi ziyalıları məhv etməkdir. Vətən, xalq üçün alışıb yanan insanların qətlə yetirilməsi faktı Vazgen kimi məxluqların bilərəkdən həyata keçirdikləri məkrli oyunların bir hissəsi kimi romanda əksini tapmışdır. Ağaların “adə, nə edirsən, meşədə belə maşın sürərlər?” kimi iradı Vazgenin qəzaya hazırlaşma səhnəsinin təsviri kimi diqqəti cəlb edir: “...maşın bir talaya çıxdı, burada meşə seyrək idi, tala üzüaşağı uzanıb uçuruma qədər gedirdi. Erməni sol əlini uzadıb qapını açdı, cəld maşının rulunu sağa döndərib, onu üzüaşağıya yönəltdi, özünü çölə atdı.”

Müəllif Vazgenin tipik obrazını yaratmağa nail ola bilmişdir. Müəllif onun özündən razı, yalan danışmağa alışıq olan tipik surətini yarada bilir. Maraqlı məqam bu amilin, yəni Vazgenin daxili aləmini onun öz dili ilə açıqlanmasıdır: “...Babalarım müqəddəs Qriqorinin nəvə-nəticələri olub. Qriqori Prosvetitelin! Elə Qriqoryanlığı da onlar yaradıblar. Xristian olsalar da Qriqoryanlıq xristianlıqdan çox üstündür!”

Vazgenin daxili aləmi müəllif tərəfindən xırda detallarla açıqlanır. Bu müəllifin qələmə aldığı obrazın daxili aləmini açmaqda istifadə etdiyi bədii priyomdur. Məsələn, Vazgenin daxili aləmini bir cümlə ilə açmağa qadir olan müəllif qələmə almışdır: “...insanın harda günü xoş keçir, elə ora da onun vətənidir.” Vətən anlayışı Vazgen üçün yox dərəcəsindədir. Onun şüurunda millətin varlığının, şüurunun, birliyinin birləşdiyi məkan olan Vətən günün harada xoş keçirsə oradır. Bəllidir ki, Vətən yalnız müəyyən sərhədləri olan coğrafi bir məkan deyil, müqəddəs torpaqdır.

“Həsrətin o üzü” roman-etirafında əsas obrazla yanaşı epizodik surətlərə daha çox yer ayrılması diqqəti cəlb edir. Bu epizodik surətlər romanın əsas surətləri olmasalar da, təsvir edilmə baxımdan yadda qalan surətlərə çevrilə bilmişdilər. Müəllif təsvir etdiyi hadisələr fonunda obrazları sistemləşdirərək ümumiləşdirir. İrəc Əlizadə obrazının romanın mərkəzi xətti ilə birbaşa əlaqəsi olmasada, hadisələrin inkişafına ciddi təsir göstərməməsinə rəğmən belə yadda qalan obrazlardan birinə çevrilmişdir.

Müəllifin atasının adının İrəc olması bizə əsas verir ki, qeyd edək ki, romanda təsvir edilən İrac Əlizadə müəllifin atasının obrazıdır. Məmməd Əliyev bir müəllif kimi xatirəsində iz qoymuş atası İrac Əlizadənin xeyirxahlıqla məşğul olması amilini qabartmışdır. Bu İrəc Əlizadənin dədə-babalarımızdan gələn xeyirxahlıq əməllərinin davam edildiyinin göstəricisidir: “İrac özü trestin rəisindən yük maşını xahiş etmişdi. Kəndə gedəndə hər bir ailə üçün qənd, çay, un, düyü, çit parça, ayaqqabı alıb aparar, müharibə zamanı başsız qalmış ailələrə kömək edərdi.”

Romanda diqqəti çəkən obrazlardan biri də Seyid Mir Möhsün Ağanın obrazının təsvir edilməsidir. Seyid Mir Möhsün Ağanın obrazı epizodik şəkildə təqdim edilsə belə, özünün təsviri ilə yaddaşlara hopa bilir. Müəllif Mir Möhsün Ağanın İçəri Şəhərdə yaşamasını təsvir etmişdir: “Seyid Mir Möhsün Ağa İçəri şəhərin yuxarı məhəlləsində Böyük Qala divarının Şərq hissəsinə yaxın şəxsi evində yaşayırdı.”

Romanda müqəddəslərə inam, yaxud da ki, xalq arasında inandıqları insanlara müraciət özünü əks etdirmişdir. Məsələn, romanda xalqın Həzrət Abbas adı ilə tanındığı axunda yazdırdıqları dua xalqın inanclarından doğan amil kimi dəyərləndirilməlidir. “Həzrət Abbasa ərizə” yazdırmaqla itən, daha doğrusu oğurlanan malın geri qayıdacağına inam real zəmində təsvir edilmişdir. Müəllif buna insanların çarəsiz qalmaları ucbatından sövq edilmələrini açıqlaya bilmişdir: “nahaq, çox nahaq, ona görə də tapılmır avadanlığınız daynan! Onun qələm olan qollarına qurban olum, işi özün gecikdirmisən! Sən, cəddinə qurban olum, Seyid Hüseyn ağaya bir ərizə yazdır, atdır dənizə, sonra tamaşa eylə, bu işdə əli olanların gör necə ittifaqı dağılır.”

Romanda xalq inanclarını təsvir edən epizodlardan biri də müəllifin təsvir etdiyi “Taclı xanım” ziyarətgahıdır. Müəllif xalq inancından irəli gələn fikirləri və camaatın həyata keçirdiyi ayinləri təsvir etmişdir: “bizim kəndin yaxınlığında “Taclı xanım” adlı bir ziyarətgah var. Ev soyulanda ora nəzir qoyurlar. Əgər evi itən adamın qarşısında sağılan heyvan varsa, onun südündən bir butulkaya doldurub gətirib tökürlər qəbir daşının üstünə, bu vaxt üəryindəki niyyətini də unutma! Əgər daşın üstünə tökülən süd çürüsə, deməli, şeylər tapılacaq.”

Müəllif romanda “Taclı xanım” ziyarətgahının kimə aid olmasına da aydınlıq gətirmişdir. Romanda “Taclı xanım” ziyarətgahının məhz Şah İsmayıl Xətainin ən çox sevdiyi qadın olmuş Taclı xanıma aid olması müəllif tərəfindən açıqlanır.

Məmməd Əliyevin “Həsrətin o üzü” romanında şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmaları özünü göstəmişdir. Biz bunu müəllifin məktəbdə təhsil aldığı dövrlərdə Xalq şairləri Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürklə təşkil edilmiş görüşün təsvirində görürük. Məlumdur ki, roman-etirafda dəqiqlik, tarixi həqiqətin gözlənilməsi mühüm amillərdən biri kimi çıxış edir.

Müəllif bəzi obrazları təsvir edərkən yalnız hafizəsinə deyil, mətbu mənbə və arxiv sənədlərinə də əsaslanır. Məmməd Əliyev əsərdə sənədli faktı təqdim edərkən müəllif təxəyyülünə yer ayırmışdır. Bu özünü Azərbaycanın xalq artisti, opera partiyaları ifa edən ilk peşəkar Azərbaycan opera müğənnisi Şövkət Məmmədovanın opera müğənnisi kimi təqdim edilmiş Şəhla obrazında özünü göstərmiş olduğunu gördük. Müəllif fakta istinad edilərək üstünlük təşkil etmiş hadisələri, özünün müəllif təxəyyülü vasitəsilə gerçək hadisələrin mahiyyətinə varmağa nail ola bilmişdir.

Romanda opera müğənnisi kimi təqdim edilmiş Şəhla obrazı Azərbaycanın xalq artisit, opera partiyaları ifa edən ilk peşəkar Azərbaycan opera müğənnisi Şövkət Məmmədovanın prototipi kimi diqqəti cəlb edir. 1910-cu ildə Bakıya gəlmiş Şövkət xanım musiqi təhsilini 1911-ci ildə İtaliyada, Milan şəhərində musiqi məktəbində, daha sonra Tbilisi musiqi məktəbində davam etdirmişdir. Şövkət Məmmədovanın örtüksüz səhnədə mahnı ifa etməsi Bakının müsəlman icmasının qəzəbinə gəlmişdir. Bu səbəbdən də Şövkət Məmmədova, həmçinin də bəstəkar Üzeyir Hacıbəyova ölüm hökmü çıxarılmışdır. Müəllif bu amili də əsərində işıqlandırmağa nail ola bilmişdir: “Hətta onu da bilirəm ki, dahi bəstəkarımızın “Ər və arvad” operettasını ifa etdikdən sonra Bakı qoçularının Sizi öldürmək  üçün necə plan qurduqlarını eşitmişəm. Üzeyir bəylə arxa qapıdan çıxıb faytonla qaçmısınız.”

Müəllif qələmə aldığı Şəhla obrazının da Şövkət Məmmədova kimi Violetta, Cilda ("Traviata" və "Riqoletto", Cüzeppe Verdi), Rozina ("Sevilya bərbəri", Coakkino Rossini), Lakme ("Lakme", Leo Delib), Olimpiya ("Hofmanm nağılları", Jak Offenbax), Qar qız ("Qar qız", Nikolay Rimski-Korsakov), Marqarito ("Qugenotlar" Coakomo Meyerber), Antonida ("İvan Susanin", Mixail Qlinka), Nərgiz ("Nərgiz", Müslüm bəy Maqomayev), Gülzar ("Şahsənəm", Reynqold Qlier), Gülçöhrə ("Arşm mal alan" Üzeyir bəy Hacıbəyov) obrazlarda çıxış etməsini vurğulaması fikrimizə əyani sübutdur. Bu bir daha təsdiq edir ki, əsərdəki Şəhla obrazı Şövkət xanım Məmmədovanın proobrazıdır.

Əsərdə Mirzə İbrahimovun obrazının epizodik də olsa təsvirinə rast gəlirik. Belə ki, Şəhla xanımın İracın övladları üçün yardım almaq məqsədilə millət vəkili kimi Ali Sovetin Rəyasət Heyətinin sədri ilə görüşməsi epizodunun təsviri zamanı biz sədrin Mirzə İbrahimov olduğunu bilmirik. Daha sonra müəllif görüşün sonunda bu haqda qısa məlumat verir: “Şəhla xanım sədrlə görüşüb ayrıldı. O, ilk dəfə idi ki, sədrlə - hələ gənc ikən müdirlik çağlarına qədəm qoyan Mirzə İbrahimovla təkbətək görüşürdü...”

“Həsrətin o üzü” roman-etirafda qeyri-insani varlığın obraz səviyyəsində təqdiminə də rast gəlinir. Müəllif tərəfindən insan həyatı ilə bağlı olan atın obraz səviyyəsinə yüksəldilməsi ilə rastlaşırıq. Bilirik ki, türk xalqlarının mifologiyasında at bəşəriyyətin keçdiyi çətin inkişaf yolunda əvəzsiz xidmət göstərmiş canlılardandır. At haqqında mövcud olan əfsanə, rəvayət, nağıl, dastan və s. əsərlərdəki epizodların təsviri atla bağlı inancları əks etdirir. At kultu ilə bağlı mifik-totemistik baxışlar sistemi bir çox xalqlarda mövcud olmuşdur. “Həsrətin o üzü” romanında atın xalq arasında xüsusi sevgiyə layiq olması əksini tapmışdır. Bu atın türklərdə totem olması ilə də əlaqəlidir. Müəllif atı insanın xilaskarı, başa düşən dost səviyyəsində təqdim etməyə nail ola bilmişdir. Ağaların əlindən Qara day adlı atı almağa gələn Qədirin “Ağalar, at şahə qalxıb vurdu özünü çayın qırağındakı böyük daşa, o saat da canını tapşırdı!” kimi fikirlərində Qara day atlı atın etibarlığı, sədaqəti əksini tapmışdır. Öz sahibi Ağalara sədaqətini ölümü ilə göstərən atın etibarlığı insan şüurunda sual doğurur. Heyvanlar sədaqətli və etibarlı ola bilirlərmi? Məmməd Əliyevin “Həsrətin o üzü” roman-etirafında atın təsadüf xarakter daşımaması, əsərin ideya -məzmununun açıqlanmsına yardımçı olmasının da şahidinə çevrilirk.

Romanın bədii dili

 “Həsrətin o üzü” romanında müəllif az sözlə dərin məna ifadə etməyə nail ola bilmişdir. M. Əliyev romanda bədii dilin tərkibinə aid neologizmlərə, arxaizmlərə, varvarizmlərə, terminlərə və s. müraciət edərək ifadə etmək istədiyi fikirləri, yaratdığı obrazların təhkiyəsini zənginləşdirməyə nail ola bilmişdir.

M. Əliyevin bir yazıçı kimi romanda işlətdiyi terminlər diqqəti cəlb edir. Müəllif ayrı-ayrı sənət sahələrinə aid sözləri işlətməklə yanaşı, bəzən bu terminlərə də aydınlıq gətirmişdir. Məsələn, “Altıağac” sözünün etimologiyasını açıqlamağa cəhd edən müəllif qeyd edir: “Altıağac sözünün mənası məsafə ölçüsünü bildirir. Köhnə hesaba görə hər ağac 7 km-ə bərabər tutulurdu. Altı ağac isə 42 km məsafə demək idi. Deməli, Şamaxıdan buraya qədər yolun uzunluğu nəzərdə tutulurdu.”

Müəllifin romanda arxaizmlərə tez-tez müraciət etməsi də diqqətdən yayınmır. Məsələn, “Raykom katibi eyvana çıxdı, başından furajkasını götürdü, gur saçlarını barmaqları ilə geri daradı. Gimnastyorkasının yaxasını açdı.” Daha sonra romanda “gimnastyorka” kimi arxaizmindən başqa “qalife şalvar”, “xrom çəkmə” və s. kimi söz birləşmələrində arxaizmlərin işlədilməsinin şahidi oluruq. Müəllifin romanda istifadə etdiyi köhnəlmiş sözlər bu gün dildə işlənilməyən sözlərdir ki, müəllif onları əsərində məqamında istifadə etməklə əsərin dilinə əlvanlıq qatır: “Bax, indiki qızlar daha xaradan, zərxaradan, güllü satindən gəlinlik tikdirmirlər. İndi dəbdə “Şahnaz”, “Gülməxmər”, “Küçə mənə dar gəldi” kimi parçalar dəbdədir.”

Müəllif tərəfindən əsərdə qələmə aldığı surətin özünəməxsus xüsusiyyətlərini göstərmək üçün varvarizmlərə müraciət etməsi ilə diqqəti cəlb edir. Əcnəbi sözlərə tez-tez müraciət edən müəllif bunu qaçılmaz olmasını göstərmişdir. Malakan ruslarının qonaqpərvərliyini göstərəkən müəllif “çobanyastığı” sözünü onların ana dillərində “romaşka” kimi ifadə etməklə obrazın dilində danışan şəxsin milli mənsubiyyətinə işarə edə bilir: “...görürəm qonağımız var, içəri keçək, təzə may balı götürmüşəm, “romaşka” çayı da dəmləyəcəyəm, dadına baxın!”

Əsərdə varvarizmlərdən istifadə edilmə məqamı ilə tez-tez rastlaşmaq olur: “Elə səhərin gözü açılmışdı ki, nemesler tökdülər üstümüzə yağışı”, “Mən cəld ayağa durub cest (hərbi təzim) verdim” və s.

Ədəbi dildə işlənməyən söz və ifadələrin işlənməsinə müraciət edən M. Əliyev bununla əsərə xələl gətirmir, əksinə təsvir etdiyi hadisələrin mahiyyətini və obrazların xarakterini açmağa cəhd edir. Vulqarizmlərdən istifadə edən müəllif açıqlamaq istədiyi obrazın daxili aləmini, başqaları ilə rəftarını, dövrün mühitini, insanların mədəni səviyyəsini və s. aydınlaşdıraraq təsəvvür yaratmağa nail ola bilir: “Köpək uşağı bu vaxt üstümüzə tank göndərdilər,” “...mən onu dartıb səngərə saldım, qulağından tutub dartdım, yaxşı bir kök şillə çəkdim üzünə, dedim ki, qoduğ br də buralarda görünmə!”, “...heç Hitler köpək oğlu da bacarmadı!”, “bu keçəl qurumsağın işi-gücü yoxdur?”, “hə, nə olar, Allah köməyiniz olsun, amma Hitlernən bir qədər ehtiyatlı olun, çox kəmfürsət köpək oğludur!”, “Adə, Məşədi Əli, görürsən bu höküməti, buna dovşanı araba ilə tutan sovet höküməti deyərlər” və s.

Müəllif əsərin ədəbi dilində məhəlli sözlərə də müraciət etmişdir. M. Əliyev bir müəllif kimi dialektizmlərdən istifadə etməklə təsvir etdiyi obrazı fərqli təqdim etmək məqsədi güdmüşdür. Bununla da qələmə almış olduğu obrazın aid olduğu regiona nəzər salmaqla yanaşı danışıq tərzini də göstərməyə nail ola bilir: “Həmid dayı, qağam (atası) tapşırıb ki, Qara dayı Qaranohur bulağından sulayım, oranın suyunu içən at güclü olur...” Qeyd edək ki, “qağa” sözü hörmət üçün yaxın adama (böyük qardaşa, əmiyə, dayıya) deyilir.

Müəllifin bədii təsvir vasitələrinin növlərindən biri olan bənzətmələrdən, yəni təşbehlərdən istifadə etmə məqamı da maraq doğurur. Əsərdə müəllifin istifadə etdiyi bənzətmələrdən məqamında istifadə etməsinə sənətkarlıqla nail ola bilir: “Qudni bizim MTS-in ən yaxşı mexanizatorudur. Əlləri qızıldır.” Romanda istifadə edilmiş “əlləri qızıldır” söz birləşməsi təşbehdir. Bu təşbehdə əllərin qızıldan olması deyil, bacarıqlı olmasını ifadə edir. Təşbehin əsasını müqayisə təşkil etdiyi üçün, “əlləri qızıldır” söz birləşməsində fərqlik deyil, oxşarlıq axtarılmışdır.

Romanda təşbehlərə müəllif tərəfindən tez-tez müraciət edilmişdir. Məsələn, “...beş -on günə ərazilərdə taxıl biçimi başlayacaq, maşın və traktorların çoxu böyrü üstədir, ehtiyat hissələri çatmır, yeni texnika, xüsusən maşın və traktorlar alınmalıdır.” Burada “böyrü üstədir” söz birləşməsində də oxşarlıq axtarılmış, yəni fəaliyyətsizliyini açıqlamışdır.

Müəllifin romanda “...Xırman yerində bir daşın üstündə oturub sakit-sakit ürəyi boşalıncaya qədər ağladı”, “Mən gedirəm o taya (çayın o tayındakı meşəliyə), Məşədi Əli ağanın balağlarını, buzovlarını axtarmağa. Tapılmasa ağam məni çubuqdan keçirəcək (çubuqla döyəcək)” kimi cümlələrdə “ürəyi boşalıncaya”, “çubuqdan keçirəcək” kimi söz birləşmələrində də fərqlik deyil, oxşarlıq axtarılmışdır.

Həm yazılı, həm şifahi ədəbiyyatda geniş istifadə olunmuş rəmzlərə müəllifin müraciət etməsi də diqqətdən yayınmır. Müəllif məhz simvolla fikrini üstüörtülü şəkildə ifadə edilməsini açıqlaya bilir. Romanda müəllifin hamıya bələd olan və Atikə qarının dili ilə təqdim edilən

...Keçəl qızı evdə qoy

Saçlı qızı götür çıx...

misralarında rəmzin gizlədilməsi özünü göstərmişdir. Bu misralarda rəmzi məna daşımasına müəllif oxucunun diqqətini yönəldir. Belə ki, “ağ çal saçları üzünə tökülən bu qadın”ın dili ilə müəllif məhz dərdi qəmi qoyub, sevinci götürməyi simvolizə edir. Belə ki, mərasim nəğməsi kimi bildiyimiz bu şeirin özü əslində keçəl qız deyiləndə qış, saçlı qız deyiləndə yazın gəlişi simvolizə edilmişdir. Müəllif isə bu misralarla xeyirlə şəri göstərməyə cəhd etmiş, Züleyxanın kədərli keçmişindən yeni həyata addım atmasını simvollaşdırmışdır.

Maraqlı məqam romanda müəllifin ironiyaya müraciət etmə məqamıdır. İroniyaya müraciət edən müəllif buna çox asan yolla nail ola bilməsi ilə diqqəti cəlb edir. Məsələn, N.S. Xruşşovun apardığı siyasətə münasibətini bildirərək, onun soyadını dəyişməklə ironik münasibətini bildirməyə nail ola bilir: “- Adə bu Quduşov (o, N.S. Xruşşovu belə adlandırırdı) nə oyun çıxardır, siz öləsiz, o bu ölkəni elə içəridən dağıdacaq!..” Müəllifin hətta soyadı belə dəyişməsi sarkazm yaradır. Müəllif əsərdə fikirlərini ironiya ilə verməyə nail ola bilir. Məsələn, Sovetlərin apardığı iqtisadi siyasətinə sarkazmla yanaşan müəllif bu amili belə açıqlamağa nail ola bilir: “Kəndə səs düşdü ki, ölkə rəhbəri yeni qərar verib. Ya bir inək saxlamalısan, ya üç qoyun. “Kəndlərdə mədəni həyat qurulmalıdır.” Odur ki, kəndlərdən eşşəklər yığışdırılmalıdır.”

Romanda diqqəti cəlb edən məqamlardan biri də poeziya nümunələrindən istifadə edilməsidir:

Aləmlərə nur saçan

Zülmətlərə yol açan

Bir günəş bəs edirkən

Bizə altısı düşdü.

Poetik nümunələrin istifadəsi zamanı müəllifi bəlli olan poeziya nümunələrinə müraciət edilmə məqamı təqdirəlayiqdir. Romanda Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün şeirlərindən nümunələrin verilməsi ədəbiyyata olan müəllif sevgisindən doğur. Xalq şairi Bəxtiyar Vahabzadənin “Ağ saçlar, qara saçlar” şeirindən

Saçlarıma dən düşür, dən düşür, yaman düşür,

Hər baxanda anamın, ürəyinə qəm düşür...

olan misranın əsərin qəhrəmanı Murad tərəfindən Bəxtiyar Vahabzadənin hüzurunda səsləndirilməsi faktı romanda əks etdirilmişdir. Muradın məktəbdə Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürklə keçirilən görüşdə səsləndirdiyi bu şeirin müəllifinin Bəxtiyar Vahabzadənin olması faktı tarixi reallıq kimi əksini tapmışdır.

Müəllif əsərində Xəlil Rza Ulutürkün “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!” şeirindən də istifadə etmişdir:

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!

“Həsrətin o üzü” romanında konkret bir şəxsdən, yəni Muraddan bəhs edilməməsi, onunla bərabər bir çox talelərə və obrazlara diqqət yetirilməsi, ictimai və sosial aspektdən təqdim edilməsi təqdirəlayiqdir. Bu əsərin janrından irəli gəlir. Roman-etirafda bir şəxsi təsvir etmək məhdudiyyətinin olmamasından irəli gəlir. Faktiki həyat materialları əsasında qələmə alınmış “Həsrətin o üzü” romanında müəllif hafizəsində saxlanan faktların, ayrı-ayrı şəxslərin səciyyəvi xüsusiyyətləri əks etdirilir.

Sonda müəllifin qələmə almağı planladığı tetralogiyanın, yəni ideya cəhətdən bir vəhdət təşkil edən dörd əsərini başa çatdırıb ictimaiyyətə təqdim etməsini arzu edərək, ona bu çətin yolda uğur diləyirəm. Məmməd Əliyev “Həsrətin o üzü” romanının davamını qələmə alsa, yəni müəllif planlaşdırdığı tetralogiyanı yekunlaşdıra bilsə, ədəbiyyatımızda nadir rast gəlinən tetralogiya nümunəsi kimi maraq doğuracaq.

SİZƏ MARAQLI OLA BİLƏR