Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Mehman Həsənli. "İlin alimi" mükafatına layiq görülən türkoloqlar

29-12-2020 [ 09:59 ] [ oxunub:80 ]
printerA+ | A-
100425

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən 2014-cü ildən etibarən ədəbiyyatşünaslıq sahəsində fərqlənən alimlərə, o cümlədən, ölkə xaricindən Azərbaycan ədəbiyyatının tədqiqi, təbliği və qarşılıqlı ədəbi əlaqələrin inkişaf etdirilməsində xidmətləri ilə seçilən elm adamlarına "İlin alimi" mükafatı təqdim edilməkdədir.

2020-ci ilin dünyada pandemiya ilə yadda qalmasına baxmayaraq, Azərbaycan bu ili tarixinin ən şanlı dövrü olaraq yaşadı. Otuz ilə yaxın işğal altında olan əzəli və əbədi torpağımız Qarabağ Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən düşməndən azad edildi. 8 noyabrda Qafqazın incisi sayılan Şuşa şəhərinin azad olunması ilə düşmən diz çökdürüldü və Azərbaycanın Zəfər bayrağı qaldırıldı. Buna görə də 2020-ci il Azərbaycanın tarixində Zəfər ili, 8 noyabr isə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Zəfər bayramıdır.

Azərbaycanın Zəfər ilində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu "İlin alimi" mükafatını məhz bu amili nəzərə alaraq elan və təqdim etdi. Bu xüsusda savaş müddətində bizə ən böyük mənəvi və siyasi dəstəyi göstərən, hər zaman yanımızda olan qardaş Türkiyə Cümhuriyyəti birinci gəlir. 2020-ci ilin göstəricilərinə görə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Türkiyə Cümhuriyyətindən Bursa Uludağ Universitetinin Fənn Ədəbiyyat fakültəsi Türk dili və Ədəbiyyatı bölümünün başqanı, professor-doktor Cengiz Alyılmazı və Kastamonu Universitetinin Fənn Ədəbiyyat fakültəsinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölümünün başqanı, professor Orhan Söylemezi "İlin alimi" mükafatına layiq görüb. Eyni zamanda, Azərbaycanın təbliğində fəal iştirak edən, Cənubi Koreya Respublikasının Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, Dongduk Qadınlar Universitetinin professoru Oh Eunkyung bu mükafatla təltif edilib. Xatırladaq ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2020-ci il üzrə "İlin alimi" mükafatı İnstitutun Elmi şurasının 9 dekabr 2020-ci il tarixli onlayn iclasının 6 saylı qərarı ilə elan edilib.

İnstitutun "İlin alimi" mükafatının qalibi, Bursa Uludağ Universitetinin Fənn Ədəbiyyat fakültəsi Türk dili və Ədəbiyyatı bölümünün rəhbəri, professor-doktor Cengiz Alyılmaz Türkologiya sahəsində qırx ilə yaxındır zəngin fəaliyəti ilə seçilib. Onun geniş həcmə malik olan "Qobu"stanın sirri" monoqrafik tədqiqatı Qobustan qayaüstü rəsmlərinə dair fundamental elmi araşdırmadır. Altaydan başlayaraq Qafqaza qədər geniş türk coğrafiyasında öz tədqiqatlarını aparan professor-doktor Cengiz Alyılmaz soykökü baxımından da bağlı olduğu Azərbaycana hər zaman xüsusi diqqət göstərmişdir. Prof. Cengiz Alyılmaz "Qobu"stanın sirri" monoqrafiyasını qələmə almaq, Azərbaycanın qayaüstü rəsmlərini tədqiq etmək üçün iyirmi ildən artıq müddətdə ardıcıl şəkildə Azərbaycana səfərlər etmişdir. 

Professor-doktor Cengiz Alyılmaz Monqolustandakı türk abidələrindən başlayaraq Orta Asiyada, Qafqazda türk dili, tarixi, mədəniyyəti və daş abidələri ilə bağlı on beşdən çox layihəyə rəhbərlik etmiş, Türkologiya üzrə bir sıra mərkəzlərin qurulmasında iştirak etmişdir. Qırxdan çox kitabın, yüzdən çox məqalə və məruzənin müəllifi olan prof.dr. Cengiz Alyılmaz "Türkiyə türkçəsi - Azərbaycan türkçəsi türk hərbi terminologiyası" kitabının, "Türkiyə türkçəsi - Azərbaycan türkçəsi türk hərbi terminologiyası" və "Azərbaycan türkçəsi - Türkiyə türkçəsi türk hərbi terminologiyası" sözlüklərinin hazırlamış (həmmüəlliflərlə birgə), İsa Həbibbəylinin, Mədəd Çobanovun, Gülafət Davudovanın, Təhmasib Fərzəliyevin, Məhərrəm Qasımlının, Nəbi Xəzrinin, Əzizə Cəfərzadənin əsərlərini türk dilinə tərcümə edərək Türkiyədə çap etdirməklə Azərbaycan ədəbiyyatının təbliğinə əhəmiyyətli töhfələr vermişdir. Türk dünyasına, onun zəngin ədəbiyyatının tədqiqi və təbliğinə uzun illər boyu yorulmadan, şərəflə xidmət edən prof. Cengiz Alyılmazın  ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatına layiq görülməsi onun böyük əməyinə qiyməti ifadə etməkdədir.



"İlin alimi" mükafatının digər qalibi, Kastamonu Universitetinin Fənn Ədəbiyyat fakültəsinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölümünün professoru Orhan Söylemez türk xalqlarının ədəbiyyatlarını tədqiqi istiqamətində mühüm xidmətlər göstərmişdir. Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun Türkiyədə ən tanınmış tədqiqatçılarından biri olan professor-doktor Orhan Söylemez Azərbaycan ədəbiyyatı, xüsusən də romanı ilə bağlı bir sıra tədqiqatlar aparmışdır. Onun qələmə aldığı "Türk Dünyasında Tarihi Roman ve Milli Kimlik" kitabında Azərbaycanın Xalq yazıçıları Anar, Elçin, Kamal Abdullanın romanlarına dair tədqiqatlar öz əksini tapmışdır. Akademik İsa Həbibbəylinin də həmmüəllifi olduğu, türk xalqlarının müstəqillik dövrü ədəbiyyatlarının araşdırmaya cəlb olunduğu "Türk Dünyasında Çeyrek Asırlık Edebi Tecrübe: Milli Ruh Ve Edebiyata Yansıması" monoqrafiyasının ərsəyə gəlməsində professor-doktor Orhan Söylemez həm müəllif, həm də layihə rəhbəri kimi əhəmiyyətli xidmət göstərmişdir.

İnstitutun "İlin alimi" mükafatının qalibi, Cənubi Koreya Respublikasının Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, Dongduk Qadınlar Universitetinin professoru Oh Eunkyung türk xalqları ədəbiyyatının tədqiqi, təbliği işində Cənubi Koreya Respublikasında mühüm xidmətləri ilə seçilmişdir. Seuldakı Hankuk Xarici Dillər Universitetinin Türkologiya fakültəsində, daha sonra Ankarada Hacettepe Universitetinin Türk dili və ədəbiyyatı bölümündə magistr, doktorantura təhsili alan prof. Oh Eunkyunq türkologiya ilə bağlı 150-dən çox araşdırmanın müəllifidir. O, özbək ədəbiyyatı ilə bağlı tədqiqatlar aparmış, "Alpamış" dastanı ilə bağlı monoqrafiya qələmə almış, Sibir türklərinin folklorunu tədqiq etmişdir. "XX yüzil Türkiyə və Koreya romanlarında qadın (Feminist təhlil)" kitabı (Bakı, "Nurlar" nəşriyyatı, 2020, 240 s.) Bakıda işıq üzü görmüşdür.

Professor Oh Eunkyunq Azərbaycanla Cənubi Koreya arasında elmi-ədəbi əlaqələrin inkişaf etdirilməsində mühüm xidmətlər göstərməkdədir. O, əzəli və əbədi torpağımız Qarabağın uzun illər işğalda saxlanılması ilə bağlı Azərbaycanın haqlı mövqeyinin Cənubi Koreya ictimaiyyətinə çatdırılması üçün fəal çalışmış, Zəfər savaşı müddətində ölkəmizi dəstəkləyən məqalələri ilə Cənubi Koreya mətbuatında çıxış etmişdir. Bir neçə dəfə Azərbaycana səfər edən professor Oh Eunkyung Elmlər Akademiyasında olmuş və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə rəhbəri olduğu Avrasiya Türk Araşdırmaları İnstitutu arasında "Akademik və tədqiqat əməkdaşlığı sahəsində" anlaşma memorandumu imzalanmışdır. O, Bəxtiyar Vahabzadənin şeirlər toplusunu Koreya dilinə çevirərək 2019-cu ildə Seuldakı "Munci" nəşriyyatında nəşr etdirmişdir. Kitaba Bəxtiyar Vahabzadənin "Gülüstan", "İstiqlal", "Atılmışlar", "Şəhidlər" poemaları, habelə müxtəlif illərdə qələmə aldığı şeirlərdən seçmələr daxil edilmişdir.

Azərbaycanın Zəfər ilində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ölkə xaricindən "İlin alimi" mükafatının təqdim etdiyi professorlar Cengiz Alyılmaz, Orhan Söylemez və Oh Eunkyunq ölkəmizin mədəniyyətinin, ədəbiyyatının tədqiqi və təbliğində mühüm xidmətlər göstərmişlər. Onları "İlin alimi" mükafatı münasibətilə təbrik edir, gələcək elmi fəaliyyətlərində uğurlar arzu edirəm!

 

525-ci qəzet, 2020, 28 dekabr

SİZƏ MARAQLI OLA BİLƏR