Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Kiyevdə məşhur yazıçı Qriqori Hüseynovun 70-illiyinə həsr edilmiş tədbir keçirilib

17-12-2020 [ 14:37 ] [ oxunub:80 ]
printerA+ | A-
100401

Kiyevdə xarici ölkə nümayəndəliklərinə xidmət üzrə Baş direktorluğun media mərkəzində Azərbaycan mənşəli görkəmli Ukrayna yazıçısı Qriqori Hüseynovun 70-illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Q.Hüseynov şəxsən Ukrayna Prezidenti tərəfindən mədəniyyət və ədəbiyyat sahəsində Ukraynanın ali dövlət təltifi - Taras Şevçenko adına Ukrayna Milli Mükafatı təqdim edilmiş yeganə azərbaycanlıdır.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilmiş tədbirin təşkilatçısı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçarukdur.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Qriqori Hüseynov tədbirin qonaqlarına “Zoom” platforması vasitəsilə müraciət edib. O deyib: “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdaram ki, bugünkü tədbir onların dəstəyi ilə təşkil edilib. Doğrudur, bu tədbir mənim yubileyimdən bir qədər sonra baş tutub, lakin çox şadam ki, bu, Azərbaycan üçün belə mühüm və şad bir vaxtda – ölkənin ərazi bütövlüyünün bərpa edildiyi və uzun müddət işğal altında qalmış ərazilərin azad olunduğu dövrdə keçirilir. Fürsətdən istifadə edib bu münasibətlə bütün azərbaycanlıları və Azərbaycanı öz qəlbində yaşadan hər kəsi təbrik edirəm. Ümidvaram ki, pandemiya başa çatandan sonra Gəncəyə gedə biləcəyəm. Çox–çox illər bundan əvvəl valideynlərimlə bərabər orada olmuşam. Gələn il oxucularımı yeni kitablarımla sevindirməyə çalışacağam. Bir neçə kitabım artıq hazırdır, bəzi kitablarım çapa hazırlanır, gələn ilin əvvəlində Özbəkistanda bir kitabım çıxmalıdır. Yeni kitablarda, o cümlədən “Əlvida, uşaqlıq. Stansiya pastoralları” kitabının tamamlanmış nəşrində Qarabağ motivləri öz əksini tapıb”.

Tədbirin təşkilatçısı Marina Qonçaruk yazıçının həyat və yaradıcılığı, onun əsərlərinin Ukrayna, Azərbaycan və Özbəkistanda populyarlaşması barədə qonaqlara qısa məlumat verib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Ukrayna-Azərbaycan dialoqunun inkişafında mühüm rolu xüsusi qeyd edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya elmləri namizədi Mehman Həsənli onlayn rejimdə tədbirə qoşulub. O deyib: “Mənim fikrimcə, Ukraynada ədəbi fəaliyyət sahəsində böyük uğurlar qazanmış belə görkəmli azərbaycanlıların olması çox sevindirici haldır. Onların istedadı Ukraynanın yüksək dövlət təltifləri ilə, o cümlədən ölkə Prezidenti tərəfindən qeyd edilib. Qriqori Hüseynovun atasının əslən Gəncədən olduğunu eşitmək mənim üçün çox maraqlı oldu. Qeyd etmək istəyirəm ki, Gəncə Azərbaycanın mühüm mədəni və ədəbi mərkəzlərindən biridir. Ümumiyyətlə, əslən Gəncədən olan görkəmli mədəniyyət və incəsənət xadimləri çoxdur. Qriqori Camaloviç kimi görkəmli şəxsiyyətlər Azərbaycan xalqını ukraynalılara ən yaxşı formada təqdim edirlər, onların istedadına görə ukraynalılar ölkəmizə heyran olur. Şadam ki, Qriqori Camaloviçin əsərlərində, o cümlədən “Əlvida, uşaqlıq. Stansiya pastoralları” və “Şərqdən əsən külək” kitablarında Azərbaycan motivləri çoxdur. Qriqori Hüseynova arzum budur ki, onun kitabları Azərbaycan dilinə də tərcümə edilsin, bu görkəmli həmvətənimiz barəsində Azərbaycanda daha çox bilsinlər və gəncəlilər onunla fəxr etsinlər”.

“Kiyev-Mogilyan Akademiyası” Milli Universitetinin humanitar elmlər fakültəsinin professoru, tarix elmləri doktoru, Ukrayna və Azərbaycan ziyalıları Assambleyasının rəhbəri Fərhad Turanlı Qriqori Hüseynovun istedadlı yazıçı olmasını və Ukraynada azərbaycanlı obrazının formalaşmasında onun rolunu qeyd edərək deyib: “Nizami Gəncəvi kimi, Qriqori Hüseynov da öz kitablarında həm azərbaycanlılara xas olan, həm də ümumbəşəri xarakterli dəyərləri təbliğ edir. Qriqori Hüseynovun əsərlərinin tədris proqramlarına daxil edilməsi barədə məsələ qaldırılması çox aktualdır”.

Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru, Ukrayna Milli Elmlər Akademiyasının akademiki Arif Quliyev öz çıxışında Qriqori Camaloviçə yaradıcılıq ilhamı arzulayaraq deyib: “Qeyd etmək istəyirəm ki, Qriqori Hüseynovun əsərlərini Azərbaycan dilinə tərcümə etmək zəruridir, belə görkəmli həmvətənimiz barəsində Azərbaycanda daha çox bilməlidirlər”.

Taras Şevçenko adına Kiyev Milli Universitetinin Türkologiya kafedrasının dosenti, filologiya elmlər namizədi Zəminə Əliyeva Qriqori Hüseynovun yaradıcılığının Ukraynada populyarlaşdırılması üçün onun kitablarının universitetlərə və kitabxanalara verilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

Ukraynalı şair Yuliya Qupalyuk Qriqori Hüseynovun “Uşaqlıq xatirələri. Stansiya pastoralları” kitabından bir parçanı tədbirin qonaqları üçün oxuyub. Bu kitabda müəllif 50 ildən çox bundan əvvəl Gəncəyə səfəri barədə xatirələrini yazıb.

Marina Vışnevskaya “bandura” deyilən çalğı alətində bir neçə Azərbaycan melodiyasını, o cümlədən “Sarı gəlin” Azərbaycan xalq mahnısını öz interpretasiyasında ifa edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

https://azertag.az/xeber/Kiyevde_meshur_yazichi_Qriqori_Huseynovun_70_illiyine_hesr_edilmis_tedbir_kechirilib_VIDEO-1666933

SİZƏ MARAQLI OLA BİLƏR